Məhkəmə qərarları › İş №2-2(102)-357/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-357/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-357/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(107)-21/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (borcverən) ilə Cavab deh (borcalan) arasında notarial qaydada təsdiq olunmuş 2020-ci il 30 sentyabr tarixli ***nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalana 40.000 manat məbləğində pul verməyi, sonuncu isə 2021-ci il 30 mart tarixinədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini razılaşdırmışlar. Müqavilənin sonunda borcalan borcunu 2021-ci il 31 mart tarixinədək tam ödəyəcəyinə dair öhdəlik götürdüyü ilə bağlı qeyd aparmış və həmin qeydi imzalamışdr. 2. 2021-ci il 1 aprel tarixində tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti 2021-ci il 1 oktyabr tarixinədək uzadılmışdır. 3. 2021-ci il 15 sentyabr tarixində tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşm a bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti 2022-ci il 15 sentyabr tarixinədək uzadılmışdır. Müqavilənin sonunda cavabdeh borcunu 2022-ci il 15 sentyabr tarixinədək tam ödəyəcəyinə dair öhdəlik götürdüyü ilə bağlı qeyd aparmış və həmin qeydi imzalamışdr.

4. X1 Xidmət Mərkəzində notariat ofisində xüsusi notarius tərəfindən vaxtında ödənilməmiş 40.000 manat borcun İddiaçı xeyrinə ödənilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi Cavabdeh tərəfindən mübahisələndirilərək Şəki rayon Məhkəməsinə müraciət edilmiş, Şəki rayon Məhkəməsinin 2023-cü il 25 may tarixli e2(075)-497/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək icra qeydi ləğv edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh ( bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi hazırkı qərarın 1-3-cü bəndlərində göstərilən hallara istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borc məbləği üzrə heç bir ödəniş etməmişdir. Cavabdehə bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 22 noyabr tarixli 2-2(117)-1071/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 40.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (h akim R.Məcidov).

9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında notariat qaydada təsdiq olunmuş 30 sentyabr 2020-ci il tarixli ***nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən borc alana 40.000 manat məbləğində pulu verməyi, sonuncu isə 30 mart 2021-ci il tarixinədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. 01 aprel 2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti 01 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. 15 sentyabr 2021-ci il tarixində tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qa ytarılma müddəti 15 sentyabr 2022-ci il tarixinədək uzadılmışdır

10. İddiaçı müqavilə üzrə 40.000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş və sonuncu borcu aldığını öz imzası və icra qeydi ilə etiraf etmişdir. Lakin buna baxmayaraq cavabdeh öhdəliyini ümumiyyətlə yerinə yetirməmiş və borcunu ödəməmişdir. Nəticədə ödənilməmiş 40.000 manat borcu qalmışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Şəki rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərkən borcu olmadığına istinad etməmişdir. Belə ki, iddia tələbinin əsaslandırılmasında cavabdeh notarius tərəfindən borcun qaytarılıb-qaytarılmamasının araşdırılmadığını göstərmişdir. Belə olan halda iddiaçının iddia tələbi üzrə 40.000 manat pulu cavabdehə verməyi sübut olunsa da, cavabdeh tərəfindən borcun qismən və ya tam qaytarılma sına dair sübutlar mövcud deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.2, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(107)-21/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim G.Cavadova, hakimlər V.Məlikov və E.Hüseynov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində 40.000 manat pulun ona verilmədiyini bildirsə də, sədrlik edənin sualını cavablandıran cavabdehin nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, cavabdeh iddiaçıdan 40.000 manat borc götürmüşdür, borcunu tam qaytarmasa da, müəyyən ödənişlər etmişdir. Lakin edilmiş ödənişlərlə bağlı sübutları yoxdur.

16. Göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış ***reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 40.000 manat pulu cavabdehə vermiş, lakin borc sonuncu tərəfindən ödənilməmişdir. Məhkəmə hesab etmişdir ki, bunun əksini apellyasiya şikayətində iddia edən cavabde hin dəlilləri əsassızdır.

17. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə məhkəmə aidiyyətinin pozulması ilə bağlı olmuşdur. İşin materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı vergi ödəyicisi kimi 2018-ci il 31 oktyabr tarixində qeydiyyata alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmiş, fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” qeyd olunmuşdur. İşin materialları ilə o da müəyyən olunmuşdur ki, cavabdeh 2015-ci il 24 dekabr tarixində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmiş və fəaliyyət istiqaməti kimi “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü qeyd olunmuş, fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.

18. Birinci instansiya məhkəməsinin iclasın da iştirak edən iddiaçının və onun nümayəndəsinin izahatlarından müəyyən edilmişdir ki, cavabdehin Şəki rayonunda müxtəlif yerlərdə dükanları vardır və cavabdeh tərəf iddiaçıya iş birliyi təklif etmiş, iddiaçı isə təklifi qəbul etmiş, cavabdeh tərəflə biznes qurmaq məqsədilə kredit müqaviləsi bağlamış və sonuncuya bu məqsədlə 40.000 manat kredit vermişdir.

19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər sahibkar olmaqla bərabər həmçinin onlar arasında yaranmış hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti də sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan birinci instansiya məhkəməsi hazırkı tələbə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayırılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarına istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

22. MM-nin 739.1-ci maddəsi üzrə - Tərəflər arasında 2020-ci il 30 sentyabr tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 40.000 manat borc verməyi öhdəsinə götürmüşdür. İş materiallarında həmin pulun cavabdehə verilməsini təsdiq edən sənəd mövcud deyil. Borc məbləği barədə müqavilə mövcud olsa da, pulun mədaxil-məxaric sənədləri mövcud deyil. Məhkəmə tərəfindən bu hissədə müvafiq araşdırma aparılmalıdır. Belə ki, borc verilməsi mütləq şəkildə depozit vasitəsilə həyata keçirilməlidir. Bu gün həmin pulun depozitə mədaxil edilməsi və depozitdən məxaric edilməsi üzrə iş materiallarında sənəd yoxdur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 25.1, 26.1, 217.1, 217.3-cü maddələri üzrə - Şəki Kommersiya Məhkəməsində tələbə baxılarkən məhkəmə aidiyyəti pozulmuşdur. Məhkəmə qərar çıxararkən hər iki şəxsin adına VÖEN olmasını əsas götürərək, mübahisəni kommersiya mübahisəsi kimi icraata qəbul edərək qərar çıxarmışdır. Lakin cav abdeh başqa bir şəxsdən də oxşar notarial müqavilə ilə 50.000 manat borc almışdır. Həmin iş üzrə də icra qeydi verilmiş və icra qeydi məhkəmədə mübahisələndirilmişdir. Şəki rayon Məhkəməsi icra qeydini ləğv etməmiş və həmin qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsində icraat zamanı tərəflərin adına VÖEN olması barədə sənəd təqdim edilsə də, məhkəmə bunu nəzərə almamış və mahiyyəti üzrə qərar çıxarmışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında olan müqavilə kredit müqaviləsidir və təyinatı onların sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Buna görə də tələb ümumi məhkəmədə baxılmalıdır. Hazırkı tələb üzrə də tərəflərin adına VÖEN olsa da, aralarında bağlanmış müqavilə kredit müqaviləsi olmuş və borcun verilməsi onların fəaliyyəti ilə bağlı olmamışdır. M əhz buna görə də məhkəmə aidiyyəti pozulmuş və işə ümumi məhkəmədə baxılmalıdır. Artıq qeyd edildiyi kimi, cavabdehin məhkəmədə tərəf kimi iştirak etdiyi oxşar pul tələbləri üzrə iki işi mövcuddur. Digər iş Ali Məhkəmədə baxılmaqdadır (2(102)-1063/2024 nömrəli). İşlərdən birinə ümumi məhkəmədə, digərinə isə kommersiya məhkəməsində baxılması vahid məhkəmə təcrübəsində ziddiyyət yaradır.

24. Tərəflər arasında 2020-ci il 30 sentyabr tarixli kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə 40.000 manat borc vermişdir. İşin materiallarından görünməsə də, borclu cavabdeh götürdüyü kredit məbləğinin böyük bir hissəsini borcverənə qaytarmışdır. Lakin həmin məbləğləri tələbkar faiz borcu olaraq silmişdir. Müqavilədə faiz nəzərdə tutulmadığından və ödəniş etdiyi məbləğlərin faizə si linməsinə etiraz edərək, borclu ödənişləri dayandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıl arı arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququ nu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” 29. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayırılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin komme rsiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarş ı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs k imi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqaviləyə əlavələr imzalanmış, iddiaçı cavabdehə 40.000 manat pulu borc vermiş, ca vabdeh 15 sentyabr 2022-ci il tarixinədək borcunu ödəməyi öhdəsinə götürsə də, həmin borc sonuncu tərəfindən ödənilməmişdir.

34. İddia olunan borcun tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirən cavabdeh, kassasiya şikayətində həm qeyd olunan müqavilə üzrə pulun ona verilmədiyini, həm də almadığını iddia etdiyi kredit məbləğinin böyük hissəsini iddiaçıya ödədiyini göstərməklə, ziddiyyətli mövqe ifadə etmişdir.

35. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini m üəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

36. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin işə mahiyyəti üzrə apellyasiya qaydasında baxılarkən verdiyi izahatını (bax bu qərarın 15-ci bəndi), eləcə də iddia olunan borcun cavabdeh tərəfindən ödəniməsini təsdiq edən sübutların, işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamasını nəzərə alaraq, müqavilə üzrə borcun cavabdehə verilməsini təsdiq edən sübutların olmaması və işə baxılarkən məhkəmə aidiyyətinin pozulmasına dair kassasiya şikayətinin, apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası mə hkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 15-20-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(107)-21/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar