Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-37/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 9 avqust tarixli 2- 2(104)-168/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borcverən İddiaçı BOKT MMC tərəfindən borcalan Cavabdeh2 illik 7 faizlə 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilməsinə dair 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilməsi haqqında 2016-cı il 3 avqust tarixli ipoteka müqaviləsi bağlanmışdır.
2. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əml akın dövət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış»a əsasən, Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. 3. 2020-ci il 1 iyul tarixli GF-005/07/21 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan borcu 2021-ci il 1 iyul tarixə 39.400 manat əsas borc, 6.503,34 manat faiz borcu, 5.642,42 manat cərimə olmaqla cəmi 51.527,76 manat təşkil edir.
4. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 yaranmış borcla bağlı 2020-ci il 1 iyul tarixli GF-008/07 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsindəki icraat
5. İddiaçı BOKT MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) və Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39.400 manat əsas borc, 6.503,34 manat faiz borcu, 5.642,42 manat cərimə borcu, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu, 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 51.968,76 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ilkin satış qiyməti 75.000 manat müəyyən edilməklə 2016-cı il 3 avqust tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə (0.20 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün iddiaçının hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan Cavabdeh2, Cavabdeh1, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda göstərilən halları (bax yuxarıda § 1-5) ilə əsaslandırılmışdır.
7. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 9 iyun tarixli e-2-2(115)-1003/2022 nömrəli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 4 avqust tarixli ƏQ203/2022 nömrəli ekspertiza rəyinə əsasən, Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən 0.20 ha torpaq sahəsində inşa edilmiş, 157.3 kv.m ümumi sahədən, 52.1 kv.m yaşayış sahəsindən, 105.2 kv.m yardımçı sahədən ibarət, birmərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 0.20 ha torpaq sahəsi ilə birlikdə 2022-ci il 4 avqust tarixinə likvid dəyəri 78.000 manat, bazar dəyəri 84.500 manat müəyyən edilmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli e-2-2(115)1003/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 22 fevral tarixli 9/780 nömrəli rəyinə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitləri üzrə çıxarış məlumatları, 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh2 2020-ci il 1 iyul tarixinə 40.020,55 manat əsas borc, 2.894,82 manat faiz borcu, 2021-ci il 4 iyul tarixinə 40.020,55 manat əsas borc, 5.719,60 manat faiz borcu olması müəyyən edilmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 mart tarixli e-2-2(115)-21/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39.400 manat əsas b orc, 5.719,60 manat faiz borcu, 642,42 manat cərimə borcu olmaqla, cəmi 45.762,02 manat borc və 400 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 78.000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə 1 ay ərzində tərk etmə dikləri halda, cavabdehlərin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması, Cavabdeh2 227.29 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 50.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq 2016-cı il 3 avqust tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
12. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcə lləsinin (bundan sonra-“MM”) 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 59.3-cü maddələrinə istinad etməklə iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakın boşaldılması hissələrində də əsaslı hesab etmiş, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 739.1, 739.2-ci, “İpoteka haqqında” Az ərbaycan Respublikası Qanununun 34, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəfindən təqdim edilmiş X3 tərəfindən yazılmış ərizədən görünür ki, qohumu Cavabdeh2 iddiaçıdan 2016cı il 4 iyul tarixdə 50.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit vəsaiti isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmuşdur. Cavabdeh2 2018-ci ilin avqust ayına qədər ödənişləri iddiaçının Bərdə filiaİı vasitəsilə həyata keçirmişdir. Lakin 2018-ci ildən iddiaçı Bərdə də fəaliyyətini dayandırmışdır. İddiaçının əməkdaşları tərəfindən Cavabdeh2 ödənişlərin ya Bakı şəhərində ödənilməsi, ya da hər hansı bankda açılmış cari hesab vasitəsilə birbaşa AKİA-nın hesabına köçürülməsi yolu ilə həyata keçirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra, qohumu Cavabdeh2 ondan kömək etməsini xahiş etmiş, o da cavabdeh tərəfindən ona verilən pul vəsaitlərini iddiaçıdan götürülmüş kreditin ödənilməsi məqsədilə “AccessBank”ın Bərdə filialında olan hesabı (cari hesabdan) vasitəsilə birbaşa AKİA-ya ödəmişdir. “Access Bank”da olan hesabından AKİA-ya ümumilikdə 35.978,55 manat pul vəsaiti ödəmiş, ödədiyi həmin vəsaitin 22.378,44 manatını ona Cavabdeh2 vermişdir. O da həmin vəsaiti Cavabdeh2 2016-cı il 4 iyul tarixli kredit müqaviləsi üzrə borcundan birbaşa AKİA-ya ö dəmişdir. Qalan hissəsini isə iddiaçının müştəriləri olan qohumları X4, Rzayev Zahid Əli oğlunun kredit ödənişlərinə köçürmüşdür.
16. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 2023-cü il 7 avqust tarixli 2-22-2/2- 1446/2023 nömrəli məktubu ilə bildirmişdir ki, X3 tərəfindən iddiaçının adından 38.489,55 manat vəsait Agentliyin hesabına köçürülmüş, daxil edilmiş vəsaitlər iddiaçının ümumi borcu üzrə öhdəliklərin icrasına yönəldilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli 2-2(104)-168/2023 nömrəli qərardadı ilə Cavabdeh1 2020-ci il 10 aprel tarixdə öldüyünə görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 evdən çıxarılması hiss əsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli 2-2(104)-168/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 23.383,58 manat əsas borc və 400 manat mediasiya xərcinin tutularaq tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 78.000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 ot aqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 fərdi yaşayış evini 1 ay ərzində tərk etmədiyi halda, cavabdehin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması, Cavabdeh2 227.29 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit vəsaitini vaxtında ödənilməsi ilə bağlı kredit müqaviləsi bağlamaqla üzərinə götürdüyü öhdəliklərin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğinin qalıq hissəsi mübahisələndirildiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasaibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə cavabdehin borcunun qalıq hissəsi 2021-ci il 4 iyul tarixinə 40.020,55 manat əsas borc, 5.719,60 manat faiz borcu kimi müəyyən edilmişdir.
20. Məhkəmə həmin rəyin faiz borcunun 5.719,60 manat təşkil etməsi hissəsi ilə razılaşsa da, əsas borcun 40.020,55 manat təşkil etməsinə dair hissəsi ilə razılaşmamışdır. Çünki iddiaçı iddia ərizəsində cavabdehin əsas borcunun 39.400 manat olduğu nu göstərmişdir.
21. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə və məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış 2023-cü il 7 avqust tarixli məktubu ilə müəyyən olunmuşdur ki, X3 tərəfindən iddiaçının adından Agentliyin hesabına 38.489,55 manat vəsait köçürülmüşdür. X1 işdəki ərizəsindən görünür ki, iddiaçının adından Agentliyin hesabına köçürülmüş 38.489,55 manat vəsaitdən 22.378,44 manat hissəsi Cavabdeh2 iddiaçıya 2016-cı il 4 iyul tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə olan borcundan edilmiş ödəniş olmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin müəyyən olunan 45.762,05 manat məbləğdə (39.400 manat əsas borc + 5719.60 manat faiz borcu) olan borcundan X1 adından ödənilmiş 22.378,44 manat çıxılmalı, cavabdehin qalıq borcu 23.383,58 manat müəyyən edilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
22. Apellyasiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə yönədilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
23. İddia tələbinin cavabdehin ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaları hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan həmin hissədə tələb təmin edilə bilməz.
24. İddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
25. MM-in 385.1, 442, 739.1 və 739.2-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında, Cavabdeh2 isə müqavilə üzrə iddiaçı qarşısında öhdəlik daşımaqdadır. Borc müqaviləsi hazırkı iş üzrə cavabdehlə iddiaçı arasında bağlanmışdır. Cavabdehin borc müqaviləsi üzrə öhdəliyi iddiaçıya borcun qaytarılmasıdır. Cavabdeh isə iddia edir ki, müqavilə üzrə tərəf olmayan şəxs (Vasif Əsgərov) müqavilə üzrə tərəf olmayan başqa bir şəxsə (Agentlik) hazırkı müqavilə üzrə ödəniş etmişdir. Apellyasiya məhkə məsi müəyyən etdiyi halları düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən də açıq aşkar görünür ki, X3 tərəfindən 38.489,55 manat ödənilmiş olsa belə, həmin ödəniş iddiaçının adından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilmişdir. Başqa sözlə, həmin ödənişlər iddiaçı ilə Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasına aiddir. Tərəflər arasında bağlanmış 2016-cı il 4 iyul tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına həmin ödənişlərin heç bir aidiyyatı ola bilməz. Bundan başqa, Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış məktubdan da görünür ki, 38.489,55 manat vəsait iddiaçının adından Agentliyin hesabına köçürülmüşdür. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
26. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (bax bu qərarın 24-cü bəndi).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istina d etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldı qlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiy a instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirilmə aparılmasını zəruri hesab edir.
32. İşin mübahisələndirilməyən hallarına görə hazırki iş üzrə tərəf olmayan X3 tərəfindən iddiaçının adından Aqrar Kredit və İnkişaf Agentliyinə 38.489,55 manat ödənilmişdir. Həm ödənişə dair qəbzlərə, həm də V.Əsgərovun məhkəməyə ünvanladığı ərizəyə əsasən hə min ödəniş təkcə baxılan iş üzrə cavabdehin adından deyil, işdə iştirak etməyən başqa şəxslərin də (X4, Rzayev Zahid Əli oğlunun) kredit ödənişlərinə köçürülmüşdür.
33. Apellyasiya instansiyası məhkəməsi V.Əsgərovun məhkəməyə ünvanladığı izahatına və işdə olan ödəniş qəbzlərinə əsasən belə qənaətə gəlmişdir ki, ödənilən həmin vəsaitin 22.378,44 manatı, baxılan iş üzrə cavabdehin borcu üçün ödənilmişdir. Ona görə də, məhkəmə cavabdehin iddia olunan borcundan həmin məbləği çıxmışdır.
34. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədlərinə əsasən, X3 tərəfindən 38.489,55 manat ödənilmiş olsa belə, həmin ödəniş iddiaçı ilə Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağ lanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasına aiddir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasına həmin ödənişlərin heç bir aidiyyatı yoxdur.
35. Kollegiya şikayətin həmin dəlilləri üzrə qeyd edir ki, işin materiallarında B.Əsgərov tərəfindən aparılan ödənişlərin məhz 22.378,44 manatının kredit müqaviləsi üzrə borcalanı fərdiləşdirən rekvizit (kredit və ya müştəri kodu) üzrə ödənilməsinə dair hər hansı sübut mövcud deyildir. Məhkəmənin qətnaməsində ümumi şəkildə istinad etdiyi, işin materiallarında olan bütün ödəniş qəbzlərində də belə fərdiləşmə mövcud deyildir. Məsələn işdə olan (İİ cild i.v 61, 136) müəyyən ödəniş qəbzlərində V.Əsgərov tərəfindən aparılan ödənişin iş üzrə cavabdehlə yanaşı, Banu Rzayevanının kredit öhdəliyi üzrə də aparıldığı qeyd ed ilmişdir. Həmin ödəniş qəbzlərindən ödənilən məbləğin nə qədər hissəsinin cavabdehin, nə qədər hissəsinin isə B.Rzayevanının öhdəliyi üçün ödənildiyi müəyyən deyildir.
36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin miqdarının işdə tərəf olmayan şəxsin izahatına, eləcə də cavabdehdən başqa, digər şəxslərə də aid olan qəbzlər əsasında müəyyən edilməsi MPMnin 81-ci maddəsinə zidd olmuşdur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).
37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borcun miqdarı ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən, b u qərarın 34-cü bəndində qeyd edilənlər nəzərə alınmamaqla, MPM-nin 14.1, 77.3, 184.1, 372-ci maddəsinin tələblərinə əməl etməmişdir.
38. Göstərilənlərə əsasən işin yeni apellyasiya baxışı zamanı, X3 tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilmiş 38.489,55 manat məbləğində borcun məhz nə qədər hissəsinin cavabdehə aid müştəri kodu üzrə, cavabdehin borcu üçün aparıldığı mötəbər sübutlarla müəyyən edilməklə, hər iki tərəfin dəlillərinə MPM-nin 81,88 və 89-cu maddələrinin tələbləri baxımından qiymət verilməlidir.
39. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflə rə təklif edə bilər. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə h əqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir».
41. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində ipoteka predmetinə tutma yönədilməsi tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu qeyd etsə də, heç bir səbəb göstərmədən nəti cədə iş üzrə qətnaməni həmin hissədə də ləğv etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-nin 385.2-ci maddəsi).
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
43. MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli, 22(104)-168/2023 saylı qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytar ılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov E.R.Vəliyeva