Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-383/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Kooperativin cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkili X1-in iştirakı ilə, iddiaçı MTK-nın cavabdeh MMMC-nə qarşı “MMMC-nin təsis yığıncağının qərarının etibarsız hesab edi lməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli 2-2(103)-343/2021 saylı qərardadından iddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – MTK) 2020-ci il 16 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (bundan sonra - MMMC) təsis yığıncağının 2019-cu il 1 iyul tarixli qərarının və onun əsasında verilmiş 2019-cu il 22 avqust tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli 2-2(113)- 1712/2020 saylı qərardadı ilə MTK-nın MMMC-yə qarşı 2019-cu il 22 avqust tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim – E.Əliyev).
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli 2-2(113)-1712/2020 saylı qətnaməsi ilə MTK-nın MMMC-yə qarşı 2019-cu il 1 iyul tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir (hakim – E.Əliyev).
4. MTK 2020-ci il 24 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarıımasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhk əməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 22(103)-343/2021 saylı qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli 2-2(113)-1712/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
6. Həmin qətnamə 2021-ci il 21 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixdə tərəflərə məktubla göndərilmişdir.
7. MTK 2021-ci il 29 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli 22(103)-343/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-343/2021 saylı qətnəməsindən MTK tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin 217-218-ci vərəqələrində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(103)-343/2021 saylı qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 21 aprel tarixdə saat 16:16-da iddiaçının nümayəndə və vəkilləri X1 və X2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qayd ada çatdırılmışdır. İddiaçının kassasiya şikayəti isə 2021-ci il 29 iyun tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti iddiaçıya münasibətdə 2021-ci il 21 iyun tarixdə bitdiyi halda, kassasiya şikayəti 29 iyun tarixdə verilmişdir.
10. MTK 2021-ci il 8 iyul tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilən kassasiya şikayətinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
11. Əvvəla iş üzrə tərəf vəkillər deyil, MTK-dır v ə onun heç bir elektron kabineti yoxdur. Bundan başqa, iddiaçı uzun müddət apellyasiya instansiyası məhkəməsinin qətnaməsini gözləsə də, ona qətnamə göndərilməmişdir.
12. İddiaçının vəkili X1 2021-ci il 24 iyun tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində olan hesabına daxil olaraq, hesabında olan işlərin arasından müvafiq işi seçərək açmış və qətnamənin orada yerləşdirildiyini görmüşdür. Dərhal həmin gün tərəflə müqavilə bağlanmış və yeni order əsasında 2021-ci il 29 iyun tarixində qətnamədən kassasiya şikayəti verilmişdir. Qanunvericilikdə kassasiya şikayətinin tərtibi üçün nəzərdə tutulmuş 2 aylıq müddəti isə 5 gün ərzində icra etmək məcburiyyətində qalmışdır.
13. Həmçinin X1 Elektron Məhkəmə İnformasiya Sistemində olan hesabında qətnamə yerləşdirilsə də, həmin qətnamənin nə vaxt yer ləşdirilməsindən xəbəri olmamışdır. Belə ki, bu barədə ona həmin sistem vasitəsilə nə xəbərdarlıq, nə e-mail, nə də SMS gəlmişdir.
14. Qətnamənin vəkillərin şəxsi kabinetində yerləşdirilməsi məsələsinə gəldikdə isə, iddiaçı ilə arasında bağlanan müqaviləyə əsasən MTK-nı apellyasiya instansiya məhkəməsində yalnız o, təmsil edə bilərdi. Sözügedən qərardan şikayət verilməsi aralarındakı razılaşmada nəzərdə tutulmamışdır. Aralarında (kassasiya şikayətinin verilməsini nəzərdə tutan) müqavilənin bağlanması isə iddiaçının təşəbbüsü və istəyi nəticəsində baş tuta bilərdi. Məhz buna görə də aralarında 2021-ci il 24 iyun tarixdə kassasiya şikayətinin verilməsi üçün yeni müqavilə bağlanmışdır.
15. X2 həmin iş üzrə ümumiyyətlə apellyasiya məhkəməsində vəkil kimi iştirak etməmişdir. Onun belə səlahiy yəti olmamışdır. Ona verilmiş etibarnamə isə vəkil olduğundan hüquqi şəxsi birinci instansiya məhkəməsində təmsil etmək üçün verilmişdir.
16. Kassasiya şikayətini MPM-in 135.2, 135.3, 135.5, 135.6, 135.8 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən MTK nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qərardadın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilən kassasiya şikayətinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndər ilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq MMMC tərəfindən məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. MTK-nın nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
22. Kassasiya instansiyas ı məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
23. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqı nda” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakimtərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdə n sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə i şdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şik ayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, kassatorun izahatını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 11-15) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.
25. İş materiallarından görünür ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın Vəkil3 elektron poçt, SMS və s. vasitəsilə çatdırılması təmin edilməmişdir.
26. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e- mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.
27. İşin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan (i/v 217) isə görünür ki, X1 sistemdə təsdiq edilmiş elektron ünvanına (e-mail) malik deyildir.
28. Bununla belə, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, qətnamə X1 ilə yanaşı, həmçinin 2021-ci il 21 aprel tarixində, saat 16:16-da MTK-nın digər nümayəndəsi olan X2-yə məxsus elektron kabinetə də yerləşdirilmişdir. Vəkil2 sistemdə təsdiq edilmiş elektron ünvanına (e-mail) malikdir.
29. İşin materiallarından (i/v 20 və 165) görünür ki, MTK tərəfindən Vəkil2 2020-ci il 24 avqust tarixində bütün məhkə mə instansiyalarında nümayəndəlik funksiyalarının yerinə yetirilməsi məqsədilə 1 illik etibarnamə verilmişdir.
30. Həmin etibarnamənin ləğv olunması işin materialları ilə müəyyən edilmir.
31. Göründüyü kimi, X2 qətnamənin elektorn sistemə yerləşdirildiyi tarixdə (2021-ci il 21 aprel) rəsmi olaraq MTK-nın nümayəndəsi olmuşdur.
32. Belə olan halda, məhkəmə kollegiyası o qənaətə gəlir ki, qətnamə iddiaçı tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 23) tələblərinə uyğun şəkildə rəsmi qaydada çatdırılmış hesab edilməlidir. Odur ki, iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı 2021-ci il 21 aprel tarixindən hesablanmaqla 2021-ci ilin 21 iyun tarixində bitmişdir.
33. Məhkəmə kol legiyasının qənaəti belədir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul olunarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
34. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli 22(103)-343/2021 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.