Məhkəmə qərarları › İş №2-2(103)-837/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-837/2024

26.07.2024 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-837/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “hüquqi şəxsin qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-4730/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqi ünvanı ünvan 1 2023-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "xxxx" MMC-nin qeydiyyatının etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 iyul 2024-cü il tarixli, e-2-2(113)-4730/2024 nömrəli qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. 10 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 4730/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində vəkil kimi şəxsi kabinetdən müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi verərkən, “ərizələr və şikayətlər bölməsində” yeni ərizə hissəsinə daxil olub” məhkəmə” hissəsində Bakı Kommersiya Məhkəməsi, “Ərizənin növü hissəsində” kommersiya mübahisələri üzrə iddia ərizəsi, “kateqoriya” hissəsində sair işlər, “alt kateqoriya” hissəsində müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr bölməsini seçib iddia ərizəsini əlavə edərək müraciətini tamamlamışdır. Məhkəmənin gəldiyi nəticəyə uyğun olaraq inzibati qaydada iddia ərizəsi verməli olsa, elektron məhkəmə sistemində şəxsi kabinetdən daxil olarkən müvafiq bölmələrdə “müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi ilə bağlı” hər hansısa bir hissə nəzərdə tutulmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, AR Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti (keçmiş adı Bakı şəhər Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi) inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddiaların predmeti hüquqi şəxslərin qeydiyyatının etibarsız hesab edilməsindən ibarətdir və mübahisənin mahiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. İş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati orqan olmasını və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini icra etməsini, eyni zamanda mübahisənin əsasının məhz inzibati orqan tərəfindən aparılmış qeydiyyatının etibarsızlığının təşkil etməsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki mübahisə publik hüquq sahəsinə aid olduğundan mübahisəyə kommersiya məhkəməsində deyil, inzibati məhkəmədə baxılmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plennumunun 18 sentyabr 2020-ci il tarixli. 10 nömrəli Qərarına əsasən qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili təqdim etdiyi şikayətdə məhkəməyə iddia ərizəsi təqdim edərkən ərizənin növünə dair olan “alt kateqoriya” hissəsində “müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi” barədə mübahisələr bölməsini seçdiyini və bu mübahisələrin kommersiya mübahisələrinə aid oluğunu iddia edir. Lakin iddia ərizəsinin məzmunundan və iddia tələbindən məlum olur ki, hazırki mübahisənin əsasını təsis sənədlərinin deyil, hüquqi şəxsin qeydiyyatının etibarsız hesab edilməsi təşkil etmişdir və tələb inzibati orqana qarşı yönəlmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən yolverilməzliyə görə geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4730/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar