Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-410/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 03 aprel il tarixli, 2-2(106)-11/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2020-ci il 21 sentyabr tarixli 4-MGZ2-2-0-1604-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə ilə İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 30 faiz dərəcəsi ilə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. Həmçinin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 2021-ci il 21 sentyabr tarixli 4-MGZ2-2 -0-1604-20 nömrəli ipoteka müqaviləsi ilə sonuncunun mülkiyyətində olan Sabirabad şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 45000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka hüququ daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyata alınmışdır. 4. 2021-ci il 10 noyabr tarixli 4-MGZ2-2-0-1604-20/2 nömrəli kredit verilməsinə dair razılaşma ilə İddiaçı ASC tərəfindən Cavabdeh3 faktiki illik 21,52 faiz dərəcəsi ilə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 43102,25 manat əsas borc, 4673,56 manat faiz borcu və 394,74 manat cərimə olmaqla, cəmi 48170,55 manat məbləğində borcun, 200 manat mediasiya ödənişinin, 26 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, Füzuli küçəsi, Dalan 2, ev 22A (Yeni qaydalarla AZ5400 Sabirabad şəhəri, Məhəmməd ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 279,6 kv.m ümumi, 103,2 kv.m yaşayış sahəsindən, 176,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğdə borcları qalmışdır. Ona görə də, həmin b orc cavabdehlərdən müştərək qaydada tutularaq, bankın hesabına ödənilməlidir.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 mart tarixli rəyinə əsasən, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 10 noyabr tarixli 4-MGZ2-2-0-1604-20/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 2023-cü il 3 mart tarixə əsas borcu üzrə 43215,62 manat, faiz borcu üzrə 4197,14 manat borcunun olması müəyyən olunmuşdur.
8. Birinci instansiya məhkəməsinə təqdim olunan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair 2023-cü il 10 aprel tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh1 məxsus, Sabirabad şəhəri, M.Füzuli küçəsi 221A-da, 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 279,6 kv.m, yaşayış 103,2 kv.m, yardımçı sahə 176,4 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin 2023-cü il 4 mart tarixə bazar dəyəri 80804 manat, likvid dəyəri 70300 manat məbləğində olması müəyyən olunmuşdur.
9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli, e-2-2(121)-444/2023 nömrəli qərardadı ilə iddianın “Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi” hissəsi üzrə iş üzrə icraata xitam verilmişdir.
10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli, e-2-2(121)-444/2023 nömrəli qətnaməsi ilə (hakim Z.V.Abbasov) iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2021-ci il 10 noyabr tarixli kredit müqaviləsi üzrə 43102,25 manat əsas borcun, 4197,14 manat faiz borcunun, 50 manat cərimənin, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğin, 26 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 47620,39 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ilkin satış qiyməti 70300 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılmas ı və satışdan əldə edilən vəsaitdən 47620,39 manat məbləğində borcun İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Tələb olunan əsas, faiz və cərimədən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin, Cavabdeh1 vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini əsas borca münasibətdə qəbul etdiklərini bildi rmiş, digər cavabdehlər isə iddiaya qarşı etiraz verməmişlər və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Bu halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlmiş və hesab etmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır.
12. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə faiz borcu hissəsini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, iddia ərizəsi və maliyyə arayışında göstərilən 2023-cü il 3 mart tarixə cavabdehin faiz borc üzrə borcunun 4197,14 manat olması müəyyən edilmişdir. Məhkəmə faiz borcunun hesablanması ilə əlaqədar ekspertin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, faiz borcunun hesablanmasında iddiaçı tərəfindən yanlışlığa yol verilərək faiz borcunun məbləği olduğundan artıq göstərilmişdir. Bununla yanaşı məhkəmə, əsas borc məbləğinin iddia ərizəsində göstərilən məbləğdə qəbul edilməli olmasını belə əsaslandırmışdır ki, iddiaçı tələbində həmin məbləğin 43102,25 manat olduğunu qeyd etmiş, ekspert rəyi alındıqdan sonra isə əsas borc məbləğinə aid hissədə iddia tələbinin həcminin artırılmasını tələb etməmiş, bununla da iddia ərizəsində qeyd olunan əsas borc məbləği ilə razılaşdığını ifadə etmişdir.
13. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən zi yanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən 394,74 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli hesab olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 307.6, 307.7, 309.1, 317.1, 317.2, 319.4, 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 449.1, 462.1, 465.2, 466.2.1, 467, 470.1, 472.1-472.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.3, 39.3.3, 41.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh3 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli, e-2-2(121)-444/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 9 fevral tarixli rəyinə əsasən, Cavabdeh3 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesab dan çıxarış məlumatları, kredit müqaviləsi və 26 may 2022-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla 18 oktyabr 2022-ci il tarixə müəyyən edilmiş banka olan 45161.54 manat məbləğində əsas və faiz borcundan 2022-ci il 15 noyabr tarixdə ödənilmiş 1000 manat çıxıldıqda, cavabdehin 18 oktyabr 2022-ci il tarixə banka olan faiz borcu tam ödənilmiş, əsas borcu isə 44161,54 manat məbləğində müəyyən edilir. Cavabdehin krediti üzrə banka 2023-cü il 21 avqust tarixindən sonra 2023-cü il 30 dekabr tarixədək 920 manat məbləğində ödəniş aparılmışdır. Hazırkı tədqiqatla kredit müqaviləsi üzrə borc qalığının hesablanması 2023-cü il 21 avqust tarixədək aparıldığından, sonradan ödənilən 920 manat məbləğində kredit ödənişi hazırkı hesablamada nəzərə alınmamışdır.
17. Şirvan Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 aprel tarixli, 2-2(106)-11/2024 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər C.F.İmanovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli, e-22(121)-444/2023 nömrəli qətnaməsinin cavabdehlərdən 43102,25 manat əsas borc, 4197,14 manat faiz borcu, 50 manat cərimənin müştərək qaydada tutulması hissədə dəyişdirilməsi, cavabdehlərdən müştərək qaydada 44161.54 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gə lən öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə kreditor borc alana 2022-ci il 18 oktyabr tarixində verdiyi bildirişində müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan edərək borcun qalıq məbləğinin tam olaraq ödənilməsini tələb etdiyindən, kredit müqaviləsi kreditor tərəfindən həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur və belə olan halda bildirişin verildiyi tarixdən sonra faiz borcunun və cərimənin kredit müqaviləsindəki faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər.
19. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almadan təyin etmiş olduğu məhkəmə-mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borc məbləğlərini müəyyən etmişdir. Halbuki, kreditor borc alana xx.xx.2022-ci il tarixində verdiyi bildirişində müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını bəyan edərək borcun qalıq məbləğinin tam olaraq ödənilməsini tələb etmişdir ki, belə olan halda kredit müqaviləsi kreditor tərəfindən həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunur.
20. Odur ki, qətnamə borc məbləğinin müəyyən olunması hissədə dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada tutulacaq kredit öhdəliyinin məbləği apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixədək edilmiş ödəniş nəzərə alınmaqla 44161,54 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixdən sonra edilən ödəniş isə qətnamənin icrası zamanı nəzərə alınmalıdır.
21. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, kredit müqaviləsinin təyinatın a əsasən Cavabdeh3 biznes məqsədi üçün verilməli olan 50000,00 manat məbləğində kredit vəsaitinin 35808,34 manatının ayrı kredit ödənişinə silinməsi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn bir hal olmuşdur. Belə ki, borc alanın özünün tanış olaraq təsdiq etdiyi şərtlər toplusuna əsasən onun razılığı və sərəncamı olmadan bankda olan istənilən hesablarındakı pul vəsaiti öhdəliyi həcmində bank tərəfindən silinə bilər.
22. Bundan başqa, əgər bank kredit müqaviləsi əsasında borc alana verməli olduğu 50000 manat kredit məbləğinin 35808.34 manat hissəsinin ayrı kreditin ödənişinə silinməsi halı ilə borc alan razılaşmış, bununla bağlı kreditora qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmiş, yalnız kreditor hazırkı iddianı qaldı ran zaman əks arqument olaraq səsləndirmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində iştirak etmiş cavabdehin vəkili, eyni zamanda nümayəndəsi iddianı əsas borc məbləği hissədə etiraf etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. Cavabdeh3 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 03 aprel il tarixli, 2-2(106)-11/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur. 24.1. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1, 421, 470, 442, 448.1, 477 və 739-cu maddələri üzrə - kredit müqaviləsinin təyinatına əsasən kassatora biznes məqsədi üçün 50000 manat məbləğində kredit vəsaiti verilməli idi. Lakin, bank tərəfindən təqdim edilmiş cari hesabından çıxarış məlumatlarına əsasən 50000 manat məbləğində kredit vəsaiti bank tərəfindən cavabdehin hesabına köçürülmüş və həmin məbləğin 35808,34 manatı ayrı kredit ödənişinə silinmiş, 13802,00 manatı nağd olaraq borcalana verilmiş və qalan 388,02 manatı isə komissiya haqlarına tutulmuşdur. Lakin kredit razılaşması üzrə 35808,34 manatın ayrı kredit ödənişinə silinməsinə dair cavabdehin ödəniş tapşırığı və ya razılıq ərizəsi təqdim edilməmişdir. Göründüyü kimi kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehə bank tərəfindən 13802,00 manat məbləğində kredit vəsaiti verilmişdir. 24.2. Mülki Prosessual Məcəll ənin 14.1, 77.1, 88-ci maddələri üzrə - məhkəmə kreditin ödənişinə silinməsinə dair cavabdehin ödəniş tapşırığı və ya razılıq ərizəsinin olmasını araşdırmamış və aydınlaşdırmamışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh krediti üzrə banka 2023-cü il 21 avqust tarixindən sonra 2023-cü il 30 dekabr tarixinədək 920 manat məbləğində ödəniş aparılmış, lakin apellyasiya məhkəməsi qətnamə qəbul edərkən bu ödənişi nəzərə almamış və ümumi məbləğdən çıxmamışdır.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən idd iaçı kassasiya şikayəti vermədiyindən və kassator həmin qətnaməni iddianın təmin olunan hissəsində mübahisləndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərd ə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələbləri nə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəl lənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymə t verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır (bax 18-22).
33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu müvafiq ekspertizanın rəyinə əsasən müəyyən etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğinin tam olaraq ona verilməməsi göstərsə də, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, bu müqavilənin şərti olmuş, cavabdeh bu şərtlə razılaşmış və krediti aldıqdan sonra qanunvericiliklə müəyyən olunan qaydada mübahisələndirməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müqavilə üzrə müəyyən borcun bir hissəsinin kassatorun özünün başqa bir borcunun ödənilməsinə yönəldilməsi onu hazırkı öhdəliyin icrasından azad etmir.
34. Kassasiya şikayətinin digər dəlili həmçinin əsassızdır. Belə ki, apellyasiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə banka 2023-cü il 21 avqust tarixindən sonra 920 manat məbləğində ödəniş aparmasını müəyyən etmiş və həmin ödənişin qətnamənin icrası zamanı nəzərə alınmalı olmasını göstərmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 03 aprel il tarixli, 2-2(106)-11/2024 nömrəli qətnaməsi iddianın Cavabdeh3 münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.