Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-410/2025 27.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)52/2025 nömr əli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC (bank), Cavabdeh2 (kredit alan), Cavabdeh1 (zamin) olmaqla imzalanmış 2022-ci il 7 oktyabr tarixli 006L**********10 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən kredit alana uzunmüddətli kredit xəttinin məbləği 100.000 manat olmaqla, 120 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50.000 manat (aylıq ödənişin yuxarı həddi) məbləğində krеdit xətti açılmışdır.
2. Qoşulma barədə 2023-cü il 17 aprel tarixli 006S**********01saylı sazişə əsasən Cavabdeh3 (zamin) tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında kredit alanla birlikdə cavabd ehlik daşımağı öhdəsinə götürmüşdür.
3. İddiaçı QSC (bank) və Cavabdeh2 (kredit alan) arasında imzalanmış 2023-cü il 9 oktyabr tarixli 006R********** saylı kredit sazişinə (biznes krediti və girov barədə qarşılıqlı razılaşma) əsasən aylıq faiz dərəcəsi 2.1667% olmaqla 17 ay müddətinə 10.000 manat kredit verilməsi nəzərdə tutulmuşdur.
4. İddiaçı QSC tərəfindən verilmiş 2024-cü il 13 iyun tarixli borc haqqında arayışda Cavabdeh2 2023-cü il 9 oktyabr tarixli kredit sazişi üzrə 9.020,23 manat əsas, 1.022,33 manat faiz və 281,45 manat cərimə borcu olmaqla cəmi 10.324,01 manat borcu hesablanmışdır. 5. 2024-cü il 27 sentyabr tarixli ödəniş qəbzinə əsasən Cavabdeh2 tərəfindən 198 manat İddiaçı QSC-nin hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İd diaçı QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il 11 sentyabr tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”, birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 2023-cü il 9 oktyabr tarixli krеdit razılaşması üzrə 8.822,23, manat krеdit bоrcu, 1.022,33 manat faiz bоrcu və 281,45 manat cərimə borcu olmaqla cəmi 10.126,01 manat bоrcun, ödənilmiş 120,98 manat dövlət rüsumunun cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, Cavabdeh2 kredit müqaviləsinin 2.7-ci bəndini p ozaraq ödəmələri dəfələrlə gecikdirmiş, 2024-cü il 9 yanvar tarixindən etibarən kredit və faiz borcundan ibarət ödəmələri banka geri qaytarmamışdır. Cavabdeh2 kredit borcundan cəmi 979,77 manat ödəmiş, 9.020,23 manat borcu qalmış və 156 günlük gecikmə ilə əsas borca 1.022,33 manat faiz borcu, həmçinin 281.45 manat cərimə borcu yaranmışdır. 8. 2024-cü il 1 noyabr tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, qeyd olunan krediti sahibkarlıq fəaliyyəti ilə bağlı götürüb və işdə ziyan etdiyi üçün borcunu ödəyə bilməmişdir. Həmçinin əsas borc məbləği ilə bağlı heç bir etirazının olmamasını da qeyd etmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 11 dekabr tarixli e-2-2(115)1773/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2023-cü il 9 oktyabr tarixl i müqavilə üzrə 8.822,23 manat əsas, 1.022,33 manat faiz və 281,45 manat cərimə borcu olmaqla cəmi 10.126,01 manat məbləğində borcun və ödənilmiş 120,98 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim - G.Quliyeva).
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia əsas və faiz borclarının, həmçinin cərimənin tələb edilməsi hissələrində əsaslıdır və Cavabdeh2 iddiaçıya olan borcunun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İşin faktiki hallarına istinad etməklə məhkəmə bildirmişdir ki, Cavabdeh2 müqaviləyə uyğun olaraq üzərinə düşən öhdəliyi icra etməmişdir.
11. Məhkəmə icraatı zamanı Cavabdeh2 tərəfindən iddiaçının hesabına 198 manat məbləğində pul ödənildiyindən, həmin məbləğ əsas borcdan silinmişdir. Buna görə də cavabdehlərdən tutulmalı olan əsas kredit borcu 8.822,23 manat kimi müəyyən edilmişdir.
12. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müqavilə üzrə daşıdıqları öhdəliyə münasibətdə bildirmişdir ki, onlar qeyd olunan müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından kredit məbləğinin və həmin məbləğə görə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.2, 739.1 və 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Ca vabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-cü il 26 fevral tarixli 2-2(104)-52/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – R.Məcidov və L.Süleymanov).
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmış, apellyasiya şikayətinin müqavilədə olan imza nümunələri, eyni zamanda pulun depozitdən kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması dəlilinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsində göstərilmiş məbləğdə pulu aldığını, müqavilə bağladığını, müqavilədəki imzanın ona məxsus olduğunu inkar etmir və həmin müqaviləni birinci instansiya məhkəməsində mübahisələndirməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər olunmuş, həmçinin sonuncu ödəniş birinci instansiya məhkəməsindəki icraat zamanı edilmişdir.
17. Məhkəmə kollegiyası çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehlərdən Cavabdeh2 məhkəmə bildirişi göndərmiş və onun tərəfindən həmin bildiriş poçt xəbərnaməsinə imza etməklə alınmışdır. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, məhkəmə iclasında iştirak etməmişlər.
18. Apellyasiya məhkəməsi cərimə və faizin yüksək miqdarda müəyyən edilməsi haqqında dəlilə münasibətdə hesab etmişdir ki, apellyasiya şikayətinin növbəti dəlili cərimə və faizin yüksək miqdarda müəyyən edilməsi ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlilini də cavabdehin formal mülahizəsi saymışdır. Çünki iddia ərizəsindən göründüyü kimi Cavabdeh2 2024-cü il 9 yanvar tarixindən ödənişləri dayandırmış, iş birinci instansiya məhkəməsinin icraatında olarkən 198 manat ödəniş etmiş, edilmiş ödənişlər tam nəzərə alınmış, cavabdeh edilmiş hansısa ödənişin nəzərə alınmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına da gələməmişdir. Digər tərəfdən, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə, MM-in 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 467, 472.1, 472. 2, 739.1, 739.2-ci və MPM-in 9, 14.2, 77.1, 78.1, 185.2, 185.5, 217.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh2 kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv edilməsini və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60-cı maddələri üzrə Məhkəmə tərəflərin iştirakını təmin etmədən, onların vəsatət və tələblərini araşdırmadan, maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Tərəfin vəsatətlərindən biri məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı olmuş, bu ekspertizala r vasitəsilə banka olan qalıq borcun, həmçinin artıq hesablanmış faiz, cərimə və dəbbə pullarının müəyyən edilərək silinməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi işi bir iclasda araşdırmaqla yekunlaşdırmış, apellyasiya instansiyası isə ekspertiza təyin etmədən və ödənişləri nəzərə almadan, əsassız olaraq borc məbləğini artıraraq ciddi prosessual pozuntuya yol vermişdir.
22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 17 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2013-cü il 22 yanvar tarixli Qərarı üzrə Apellyasiya instansiyası məhkəməsi çəkişmə və ədalətli araşdırma prinsipinin tələblərinə əməl etməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən ekspertizanı təyin etməmişdir.
23. MPM-in 82.3, 88, 389-cu maddələri üzrə - Məhkəmə iclası yalnız bir dəfə keçirilmiş, iş üzrə təqdim olunan qiymətləndirmə və ekspertiza təyin olunması barədə vəsatət müzakirə edilmədən qətnamə çıxarılmışdır. Həmçinin qətnamə kassatora bildiriş göndərilmədən qəbul edilmiş və bu günə qədər də ona təqdim olunmamışdır ki, bu da kobud prosessual hüquq pozuntusudur.
24. Birinci instansiya və apellyasiya məhkəmələri iş üzrə mübahisə mövcud olduğu halda müstəqil məhkəmə əmtəəşünaslıq ekspertizasını və ya mütəxəssis rəyi təyin etmədən, sübutları qiymətləndi rmədən, yalnız şəxsi mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Eyni zamanda, kassator tərəfindən təqdim olunmuş şahidlər dindirilmədən və məhkəmə iclas zalına buraxılmadan qətnamə çıxarılmışdır ki, bu da açıq şəkildə MPMin tələblərinin pozulmasıdır. Bundan başqa, apellyasiya məhkəməsi təqdim edilmiş sübutları qiymətləndirməmiş, şəxsi mülahizələrə əsaslanaraq qərar vermiş və Ali Məhkəmənin Plenum qərarlarının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin əsassız qətnaməsini ləğv etməmişdir. Bu hallar iş üzrə ədalətli və obyektiv araşdırmanın aparılmadığını və kobud prosessual pozuntulara yol verildiyini göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçiv əsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyası müvafiq müddəsında aşağıdakılar nəzərdə tutulur: “Maddə
127. Ha kimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri... Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir....”
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. B orclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqa vilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sist em vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız və formal xarakterli hesab edir.
32. Apellyasiya instansiyası məhkəməsinin ekspertiza təyin etmədən və ödənişləri nəzərə almadan, əsassız olaraq borc məbləğini artırmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, əvvəla, iş üzrə ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur (MPM-in 97.1-ci maddəsi – bax § 30). Digər tərəfdən, mübahisələndirilən qətnamədə qeyd o lunmuşdur ki, Cavabdeh2 2024-cü il 9 yanvar tarixindən ödənişləri dayandırmış, iş birinci instansiya məhkəməsinin icraatında olarkən 198 manat ödəniş etmiş, edilmiş ödənişlər tam nəzərə alınmış, cavabdeh edilmiş hansısa ödənişin nəzərə alınmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına da gələməmişdir. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini heç bir tutarlı təkzib edə bilmədiyindən kassasiya məhkəməsi bu mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
33. Apellyasiya instansiya məhkəməsinin çəkişmə və ədalətli araşdırma prinsipinin tələblərinə əməl etməməsinə, məhkəmə iclasının yalnız bir dəfə keçirilməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş materiallarına əsasə n, Cavabdeh2 (kassator) apellyasiya instansiyası məhkəməsi iclasının vaxtı və yeri barədə SMS xəbərdarlıq göndərilməklə və onun “Elektron Məhkəmə” informasiya sistemindəki elektron kabinetinə bildiriş yerləşdirilməklə (i/v 143 və 145) MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax § 30) tələblərinə uyğun şəkildə məlumat verilmiş, lakin o, hər hansı üzrlü səbəb gətirmədən məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda işin mahiyyəti üzrə mövqeyini yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Qanun işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəfin məhkəmə iclasına gəlmədiyi hallarda apellyasiya instansiyası məhkəməsinin üzərinə iclası təxirə salmaq vəzifəsini qoymamışdır (MPM-in 376.2-ci maddəsi – bax § 30).
34. Şahidlərin dindirilməməsinə və məhkəmə iclas zalına bura xılmamasına dair dəlillərə gəldikdə isə, qeyd olunur ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmır.
35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 30) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)-52/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)-52/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.