Məhkəmə qərarları › İş №2-2(102)-449/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-449/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-449/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Nümayəndə2 və vəkili Nümayəndə1 iştirakları ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli, 2-2(103)-421/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 2017-ci il 2 may tarixli 48 saylı, 2017-ci il 26 dekabr tarixli 35 saylı, 2018-ci il 19 yanvar tarixli 38 saylı, 2018-ci il 15 noyabr tarixli 78 saylı və 2019-cu il 18 mart tarixli 109/010 saylı müqavilələrə əsasən, Cavabdeh MMC (bundan sonra mətndə MMC) İddiaçı Firmasına (bundan sonra mətndə Firma) məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin təchizatını və liftlərin quraşdırılaraq təhvil verilməsini, İddiaçı Firması isə müqavilələrin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi və liftlərin şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi öz öhdələrinə götürmüşdürlər. 2. 2018-ci il 1 sentyabr tarixli CCİ/ULS-08-18-29 saylı "xxxx" müqaviləsinə əsasən, MMC 4 ədəd “Schindler” və 1 ədəd “Otis” şirkətinin istehsalı olan "xxxx" markalı s ərnişin liftinin texniki xidmət işlərini təmin etməyi, Firma isə müqavilədə nəzərdə tutulmuş qiymətlə və şərtləri ilə razılaşaraq xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. 3. 2018-ci il 16 yanvar tarixli, 2018-ci il 22 yanvar tarixli, 2018-ci il 25 yanvar tarixli, 2018-ci il 27 sentyabr tarixli kassa məxaric orderlərinə əsasən, Firma tərəfindən liftin alınması və quraşdırılması üçün müvafiq olaraq 3000 manat, 12.750 manat, 12.250 manat, 10.000 manat olmaqla ümumilikdə 38.000 manat MMC-yə ödənilmişdir. 4. 2020-ci il 14 aprel tarixli bank hesabından çıxarışlara, 2019-cu il 4 mart tarixli və 2019-cu il 29 mart tarixli ödəniş tapşırıqlarına əsasən, Firma tərəfindən cavabdehin hesabına 2017-ci il 21 iyun tarixdə 10.510 manat, 2017-ci il 12 may tarixdə 10.510 manat, 2018-ci il 7 mart tarixdə 2500 manat, 2019-cu il 4 mart tarixdə 5000 manat, 2019-cu il 29 mart tarixdə 5000 manat olmaqla ümumilikdə 33.520 manat pul vəsaiti köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Firma cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2017-ci il 2 may tarixli 48 saylı, 2017-ci il 26 dekabr tarixli 35 saylı, 2018-ci il 19 yanvar tarixli 38 saylı, 2018-ci il 1 sentyabr tarixli CCİ\ULS-08-18-29 saylı, 2018-ci il 15 noyabr tarixli 78 saylı, 2019-cu il 18 mart tarixli 109\010 saylı müqavilələrə əsasən Firmaya məxsus obyektlərdə, ümumilikdə 5 (beş) ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi barədə öhdəliklər MMC tərəfindən yerinə yetirilmədiyindən 71.520 manat ödənilmiş əsas vəsai t və 30.000 manat əldən çıxmış fayda, ümumilikdə 101.520 manat və 30 manat ödənilmiş dövlət rüsumunun MMC-dən tutularaq Firmaya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış liftlərin quraşdırılması və texniki xidmətin göstərilməsi barədə müqavilələrin həyata keçirilməsi üçün Firma tərəfindən MMC-yə 33.520 manat ödəniş edilmiş, həmçinin kassa mədaxil orderlərinə əsasən mal-material alınması məqsədilə 38.000 manat vəsait MMC tərəfindən götürülmüşdür. Vəsaitlərin götürülməsinə baxmayaraq, MMC müqavilə şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq, MMC tərəfindən götürülmüş vəsait geri qaytarılmadığından Firma əldən çıxmış faydaya görə MMC-dən 30.000 manat m əbləğin də tutulmalı olduğunu iddia etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, e-2-2(113)-1752/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən - 2017-ci il 2 may tarixli 48 saylı, 2017-ci il 26 dekabr tarixli 35 saylı, 2018-ci il 19 yanvar tarixli 38 saylı, 2018-ci il 1 sentyabr tarixli, CCİ\ULS-08-18-29 saylı, 2018-ci il 15 noyabr tarixli 78 saylı, 2019-cu il 18 mart tarixli 109\010 saylı müqavilələrə əsasən 71.520 manat ödənilmiş pulun MMC-dən tutularaq Firmaya ödənilməsi hissəsində təmin edilmiş, ödənilmiş 30 manat dövlət rüsumunun 21,13 manat hissəsi MMC-yə, 8,87 manat hissəsi Firmaya aid edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir (hakim Zaur Pirverdiyev).

8. Həmin məhkəmə bildirmişdir ki, tərəflər arasında müqavilələrdən irəli gələn öhdəlik münasibət ləri yaranmış, həmin öhdəliyə görə iddiaçı müqavilədə nəzərdə tutulmuş xidmətin dəyərini cavabdehə ödəmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək iddiaçı qarşısında müqavilədən irəli gələn mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, əldən çıxmış faydanın 30.000 manat olması iddia olunsa da, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəninin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 76.1, 76.2, 77.1-ci maddəsinə istinad etmişdir.

10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilm əsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli, 2-2(103)-421/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).

12. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, müqavilə şərtlərinə əsasən lift avadanlıqlarının ümumi təchizat dövrünün 3 həftə və ya ən çoxu 1 aydan çox olmamasına baxmayaraq, Firmaya məxsus obyektlərin liftlərlə təchiz olunması və onların quraşdırılaraq Firmaya təhvil verilməsini təsdiq ed ən sübutetmə vasitələri mövcud olmamış, bununla bağlı MMC-nin hər hansı bir arqumenti və ya istinad edə biləcəyi mötəbər əsaslandırması olmamışdır. MMC-nin direktoru X1 məhkəmə iclasında liftlərin gətirildiyini, lakin quraşdırılmadığını, 1 liftin tam şəkildə anbarda olduğunu, 4 liftin isə elektron hissələrində çatışmazlıq olduğunu etiraf etmişdir.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 752.1, 765-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 31 may tarixdə cavabdehin nümayəndəsinə məxsus elektron kabinetdə yerləşdirilmiş və iddiaçıya göndərilmişdir.

15. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul ol unmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Firmanın pretenziya məktubunda yalnız quraşdırılma məsələləri ilə bağlı tələb qoyulmuş, hər hansı qüsurla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Mübahisəyə tərəflər arasında mövcud alğı-satqı müqaviləsinin şərtləri üzrə müddəalar tətbiq edilməli olduğu halda apellyasiya məhkəməsi qüsurla bağlı normaya istinad etmişdir. Pretenziya məktubunda 2019-cu il 18 mart tarixli 109/010 saylı müqaviləyə istinad olunmuş, lakin məhkəmədə iddia qaldırılarkən digər müqavilələr üzrə ödənilmiş məbləğlər də tələb edilmişdir. Halbuki, həmin müqavilə üzrə iddiaçı cavabdehdən yalnız 8500 manat tələb edə bilərdi. b) Kassasiya şikayətlərinə qarşı et irazın dəlilləri

17. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən gətirilmiş liftə aid ehtiyat hissələri anbarda qalmışdır və onun tərəfindən müqavilə üzrə icra etməli olduğu işlərin qismən belə olsa yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən icra edilməli olan iş daha sonra "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Cavabdehin kassasiya şikayətinin hər hansı qanuni əsasları yoxdur və sadəcə formal mülahizələrdən ibarətdir. Tərəflərin izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

19. Cavabdeh məhkəmə icla sının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə və vəkil ilə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəbinin olması barədə məlumat verməmişdir. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəmə iclasının cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün saymışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəs i), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması v ə araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsin ə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü ş əxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

24. Kassasiya instansiyası məhkəməs i tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

25. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı pretenziya məktubunda yalnız quraşdırılma məsələləri ilə bağlı tələb qoymuş, hər hansı qüsurla bağlı heç bir rəsmi məlumat verməmişdir. Mübahisəyə tərəflər arasında mövcud alğı-satqı müqaviləsinin şərtləri üzrə müddəalar tətbiq edilməli olduğu halda apellyasiya məhkəməsi qüsurla bağlı normaya istinad etmişdir.

27. Məhkəmə kollegiyası şikayətin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.

28. İş materiallarında aydın olduğu kimi tərəflər arasında bağlanmış müqavilələrə əsasən, cavabdeh iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin təchizatını və liftlərin quraşdırılaraq təhvil verilməsi öhdəliklərini öz üzərinə götürmüşdür (bax §1).

29. Həmin müqavilələrdə iddiaçı “Sifarişçi” cavabdeh isə “icraçı” olaraq göstərilmiş, 2018-ci il 15 noyabr tarixli müqavilənin başlığı isə “podrat müqaviləsi” olaraq göstərilmişdir.

30. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.1, 762.2-ci maddələri).

31. İstinad olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, podrat müqaviləsi sifarişçi və icraçı arasında olan münasibətləri tənzimləyir. Podratçı sifarişçi üçün işi qüsursuz icra etməli, işin keyfiyyəti müqavilə ilə şərtləndirilməyibsə onun nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsursuz sayılır.

32. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı tərəfindən cavabdehə liftin alınması və quraşdırılması üçün müvafiq olaraq 3000 manat, 12.750 manat, 12.250 manat, 10.000 manat olmaqla ümumilikdə 38.000 manat ödənilmiş, həmçinin cavabdehin hesabına 2017-ci il 21 iyun tarixdə 10.510 manat, 2017-ci il 12 may tarixdə 10.510 manat, 2018-ci il 7 mart tarixdə 2500 manat, 2019-cu il 4 mart tarixdə 5000 manat, 2019-cu il 29 mart tarixdə 5000 manat olmaqla ümumilikdə 33.520 manat pul vəsaiti köçürülmüşdür (bax §3,4).

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəli yin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərd və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Aydın olduğu kimi iddiaçı tərəfindən cavabdehə müvafiq qaydada ödənişlər edilsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektləri liftlərlə təchizatı və onların quraşdırılıb iddiaçıya təhvil verməsini təsdiq edən sübutetmə vasitələri mövcud olmamışdır.

35. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir və tərəflər arasında bağlanmış müqavilələr icraçı və sifarişçi arasında yaranan münasibətlərlə bağlı ol duğundan, cavabdehin apellyasiya məhkəməsi tərəfindən qanunvericilyin alğı-satqı müqavilələri ilə bağlı yaranan münasibətləri tənzimləyən normaların tətbiq edilməli olmasına dair dəlilləri əsaslı olmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 2-2(103)-421/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

37. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Şərh olunanlara və MPM-in 417-419-cu ma ddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 2-2(103)-421/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar