Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-482/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “x” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 22(103)-546/2021 sa ylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" QSC-nin "xxxx" ASC-nin X4 ünvanlanmış məktubundan görünür ki, "xxxx" QSC Moskva vilayətində çoxmərtəbəli evlərin layihələndirilməsi və tikintisi, eləcə də əvvəlki borclarının ödənilməsi məqsədilə 3 il müddətinə, illik 12 faiz dərəcəsi ilə 12.000.000 ABŞ dolları məbləğində kredit xəttinin ayrılması üçün banka müraciət etmişdir. 2. "xxxx" ASC-nin X2 2015-ci il 16 yanvar tarixli 2 saylı Qərarına əsasən "xxxx" QSCyə borc ödənişi üçün 18 ay möhlət müddəti verilməsi şərtilə, 36 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə, 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti ayrılmışdır. 3. "xxxx" ASC (kreditor) ilə "xxxx" QSC (borc alan) arasında bağlanılmış 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən kreditor borc alana 12.000.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir, kreditin əsas məbləğini və ona hesablanan faizləri ödəyir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 3 il müddətinə açılır. Kreditin ödənilməli olduğu son tarix 22 yanvar 2018-ci ildir. Müqavilənin 2.2-ci bəndinə görə kredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc alanın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Müqavilənin 2.3-cü bəndinə ə sasən borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 12% məbləğində faiz ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 2%-i miqdarında cərimə ödəyir.
4. LPO "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" QSCnin 2020-ci il 12 mart tarixə ödənilməmiş əsas borcun məbləği 6.786.131,78 ABŞ dolları təşkil etmişdir. 5. 2015-ci il 22 yanvar tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 6.447.048,25 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin ö hdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 6. 2015-ci il 22 fevral tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 10.000 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 7. 2015-ci il 26 fevral tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 64.570,79 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 8. 2015-ci il 31 mart tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 65.096,98 ABŞ dollar ı məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 9. 2015-ci il 22 aprel tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 65.672,16 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 10. 2015-ci il 22 may tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 66.524,18 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. 11. 20 15-ci il 22 iyun tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, "xxxx" QSC 67.189,42 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 3 noyabr tarixli, 9/4020 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2015-ci il 22 yanvar tarixli, KXM HŞ 001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" QSC-nin 2018-ci il 22 yanvar tarixə banka olan faiz borcu 3.442.764,38 ABŞ dolları məbləğində və 2019-cu il 13 sentyabr tarixə banka olan əsas borcu 6.786.131,78 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 2019-cu il 13 sentyabr tarixə 10.228.896,16 ABŞ dolları məbləğində borc müəyyən edilmişdir.
13. Məcburi ləğv prosesində olan "xxxx" ASC-də saxlama müddəti başa çatmış sənədlərin ləğvedici tərəfindən məhv edilmək üçün seçilib ayrılması barədə 2018-ci il 21 may tarixli aktla müəyyən edilir ki, 2006-2012-ci illər üçün kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borc alanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təlimatın qiymətləndirilməsinə dair sənədlər, kredit istifadəsinə nəzarətin nəticələri, kredit ödənilməsi barədə bank sənədləri və digər sənədlərin (cəmi 207 sayda işin) saxlanma müddəti bitdiyindən məhv edilmək üçün ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icra at
14. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə-iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən 6.786,131,78 ABŞ dolları məbləğində əsas borcun, 4.763.864,70 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 11.549.996,50 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-dən tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank fəaliyyəti göstərdiyi dövrdə tərəflər arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli, №KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 müddətinə, illik 12 faiz dərəcəsi olmaqla, 12.000.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Borclu, hazırkı iş üzrə cavabdeh 2015-ci il 22 yanvar tarixli, KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsasən öz üzərinə götürdüyü kredit xətti öhdəliklərini tam icra etməmiş və bunun nəticəsində də cavabdehin banka əsas borc üzrə 6.786.131,78 ABŞ dolları, faiz borcu üzrə 4.763.864.70 ABŞ dolları, ümumilikdə isə 11.549.996,50 ABŞ dolları məbləğində borcu qalmışdır. 2015-ci il 22 yanvar tarixli, №KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin 3.1.10-cu bəndinin tələbinə görə kreditorun borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanılmış faizləri və digər ödən işləri borc alanın sərəncamı olmadan silmək hüququ vardır.
16. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsini təqdim edərək (sonradan qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında imzalanmış 2008-ci il 28 noyabr tarixli, 2009-cu il 31 mart tarixli, 2009-cu il 20 iyul tarixli, 2009-cu il 25 sentyabr tarixli, 2010-cu il 25 yanvar tarixli, 2015-ci il 22 yanvar tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 2015-ci il 22 yanvar tarixli kredit xətti müqaviləsinə əsasən əsas borcu və faizi tələb edir. Lakin həmin müqavilə əhəmiyyətsizdir və etibarsızdır, mülki qanunvericiliyin tələblərini pozmaqla imzalanmışdır. Hesab edir k i, müqavilə və tərəflər arasında imzalanmış digər kredit müqavilələri etibarsız hesab edilməlidir. Qeyd edir ki, tərəflər arasında bir müqavilə deyil, 6 kredit müqaviləsi imzalanmışdır. Tərəflər arasında ilk olaraq 2008-ci il 2 oktyabr tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 8 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin həmin kredit müqaviləsi üzrə QSC tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında yeni 2008-ci il 28 noyabr tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə illik 17% ilə 6 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə əsas borc cavabdeh tərəfindən ödənilməmiş, borcun ödənilməsi məqsədilə tərəflər arasında növbəti müqavilə ola n 2009-cu il 31 mart tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 7 il müddətinə 400.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə əsas borc da cavabdeh tərəfindən ödənilməmiş, bu məqsədlə tərəflər arasında 2009-cu il 20 iyul tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 7 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə tərəflər arasında növbəti müqavilə olan 2009-cu il 25 sentyabr tarixli müqavilə inzalanmışdır. Qeyd olunan müqaviləyə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 7 il müddətinə 500.000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə üzrə ödənilməli 500.000 ABŞ dolları cavabdeh tərəfindən ödənilmədiyindən tərəflər arasında növbəti müqavilə olan 2010-cu il 25 yanvar tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən QSC-yə illik 17% dərəcəsi ilə 5 il müddətinə 950.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edilmədiyinə görə tərəflər arasında son olaraq 2015-ci il 22 yanvar tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank cavabdehə 3 il müddətinə 12% dərəcəsi ilə 12.000.000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında 7 kredit müqaviləsi imzalanmışdır ki, onlardan yalnız birinci müqavilə ona uyğun hüquqi nəticələr yaradan müqavilədir, yəni həmin müqavilə əsasında cavabdehə bank tərəfindən kredit ayrılmış, kredit vəsaiti QSC-nin hesabına köçürülmüşdür. Lakin digər müqavilələr ona uyğun hüquqi nətic ələr, başqa əqdi pərdələmək üçün imzalanmış müqavilələrdir. Belə ki, birinci müqavilədən başqa QSC-nin digər müqavilələr üzrə yaranmış borcunun bağlanması üçün imzalanmış, yəni formal olaraq bağlanmış, başqa əqdi pərdələmişdir. Həmin müqavilə üzrə cavabdehə nə nağd qaydada, nə də QSC-nin hesabına pul vəsaiti bank tərəfindən ödənilməmişdir. Belə olan halda həmin müqavilələr əhəmiyyətsizdir və etibarsızdır.
18. Bundan əlavə, qeyd olunan kredit müqavilələri qanunvericiliyin və cavabdehin nizamnaməsinin tələblərini pozmaqla imzalanmışdır. Belə ki, kredit müqavilələri cavabdehin baş direktoru V.İ.Korotkov tərəfindən imzalanmışdır. Halbuki, Korotkovun həmin kredit müqavilələri imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, QSC-nin Nizamnaməsinin 11.5-ci bəndinə görə məbləği 100.000 ABŞ dollarından çox olan müqavilələr imzalanarkən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının razılığı tələb olunur. Mübahisəli müqavilələr bağlanarkən isə cavabdehin səhmdarlarının ümumi yığıncağının razılığı alınmamış, onların məlumatı və razılığı olmadan kredit müqavilələri bağlanmışdır.
19. İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinə qarşı verilmiş etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12.000.000 (on iki milyon) ABŞ dolları miqdarında kredit xətti açılmışdır və bu kredit xətti müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra olunmadığı üçün tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Kredit xətti müqaviləsinin bağlanılmasından uzun müddət keçmişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsində bir xüsusat d a vuqğulanır ki, guya mübahisələndirilən kredit müqaviləsini QSCnin İdarə Heyətinin sədri X3 səhmdarların razılığı olmadan imzaladığı üçün səhmdarlarının ümumi yığıncağının 2020-ci il 27 fevral tarixli qərarı ilə onun səlahiyyətlərinə xitam verilmiş, cəmiyyətin İdarə heyətinin sədri vəzifəsinə X5 təyin olunmuşdur. Səhmdarların ümumi yığıncağının razılığı olmadan X1 sözugedən kredit müqaviləsini imzaladığı üçün işdən azad olunması şübhə doğurur. Belə ki, sözügedən müqavilə 2015-ci il 22 yanvar tarixində imzalanmış və guya 5 il keçdikdən sonra V.l.Korotkov bu işlə əlaqədar vəzifəsindən azad olunmuşdur. Kredit xətti müqaviləsinin bağlanılmasından uzun müddət keçdiyindən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilməz. Belə ki, cavabdeh əqdin etibar sız sayılmasına əsas verən halları hələ 2015-ci ilin əvvələrində bilirdi və ya bilməli idi. Digər tərəfdən də, səhmdarların ümumi yığıncağın qərarı olmadan külli miqdarda kreditin alınması üçün kredit müqaviləsinin idarə heyətinin sədrinin imzalaması da inandırıcı görünmür. 20. 2021-ci il 3 fevral tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş 6.786.131,78 ABŞ dolları əsas borcun, 6.976.143,75 ABŞ dolları faiz borcunun, 1.017.919,77 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% məbləği olmaqla kredit borcunun, ümumilikdə 14.780.195,30 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan iddiaçının xeyrinə tutu lması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 fevral tarixli, e-2-2 (113)-83/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək cavabdehdən 6.786.131,78 ABŞ dolları məbləğində əsas borc, 3.442.764,38 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi vaxtdan sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış 1.017.919,77 məbləğində faizlər, cəmi 11.246.815,9 məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Leyla Əliyeva).
22. Birinci insta nsiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdehin etibarsız hesab edilməsini tələb etdiyi tərəflər arasında bağlanmış 2008-ci il 28 noyabr tarixli, 2009-cu il 312 mart tarixli, 2009-cu il 20 iyul tarixli, 2009-cu il 25 sentyabr tarixli, 2010-cu il 25 yanvar tarixli kredit müqavilələrinin bağlanması (mövcud olması) hər iki tərəfin qəbul etdiyi işin mübahisə edilməyən halıdır. Lakin məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, sözügedən müqavilələr işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi həmin müqavilələrin saxlama müddəti bitdiyindən, onların məhv edildiyini və g östərilən səbəbdən müqavilələrin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. 23. 2008-ci il 28 noyabr tarixli, 2009-cu il 31 mart tarixli, 2009-cu il 20 iyul tarixli, 2009-cu il 25 sentyabr tarixli, 2010-cu il 25 yanvar tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair hissədə qarşılıqlı iddia tələblərinin əsaslı olub-olmamasının məhkəmə tərəfindən qiymətləndirilməsi üçün zəruri olan sübutlar - mübahisəli kredit müqavilələri QSC tərəfindən məhkəməyə təqdim edilməmişdir.
24. Digər tərəfdən qarşılıqlı iddia ərizəsindən görünür ki, QSC müqavilələrin etibarsız hesab edilməsini əsaslandırmaq üçün iki hala istinad etmişdir. Birinci hal - tərəflər arasında 7 kredit müqaviləsi bağlansa da, onlardan yalnız birinci müqavilə hüquqi nəticələr yaradan müqavilə olmuş dur, belə ki, həmin müqavilə əsasında həqiqətən də QSC-yə bank tərəfindən kredit verilmiş, yəni kredit vəsaiti QSC-nin bank hesabına köçürülmüşdür. Qalan müqavilələr, o cümlədən sonuncu müqavilə olan 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsi üzrə ayrılmış kredit məbləğləri isə kredit alana verilməmiş, kredit alanın əvvəlki kredit borclarının ödənilməsinə yönəldilmişdir. Buna görə həmin müqavilələr uydurma və yalan əqdlər olduğundan əhəmiyyətsizdirlər. Yalan əqd və uydurma əqd anlayışları fərqli anlayışlar olmaqla hər hansı əqdin uydurma əqd olması həmin əqdin yalan əqd olmasını və əksinə yalan əqd olması eyni əqdin uydurma əqd olmasını istisna edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə iddia tələbinə əsas kimi mübahisəli əqdlərin həm uydurma, həm də yalan əqd ol masına istinad etmiş, yəni iddia tələbinin əsasını konkret göstərməmişdir.
25. İkincisi, cavabdeh 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin yalan və ya uydurma əqd olmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş müddətli öhdəliklərdən və QSC-nin banka ünvanladığı məktublardan da göründüyü kimi 2015-ci il 22 yanvar tarixli kredit xətti müqaviləsinə əsasən ayrılmış kredit məbləğindən 6.786.131,78 ABŞ dolları məbləğində vəsait QSC-nin sərəncamları əsasında onun əvvəlki kredit borclarının, eləcə də sonuncu kredit xətti müqaviləsi üzrə faiz borcların ödənilməsinə yönəldilmişdir. Göstərilən hal isə kredit məbləğinin onun sərəncamına verilməməsi barədə QSC-nin dəlillərinin əsassız olmasına dəlalət edir.
26. Cavabdehin müqavilələrin e tibarsız hesab edilməsinin əsası kimi istinad etdiyi ikinci hal mübahisəli kredit müqavilələri bağlanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmasından və belə olan halda həmin əqdlərin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasından ibarətdir. Əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələrini müəyyən edən MM-in 350-ci maddəsinə görə əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunu n sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Cavabdehin baş direktorunun əqdi imzalaması səlahiyyətinin QSC-nin nizamnaməsində səhmdarların ümumi yığıncağının razılığının olması ilə şərtləndirilməsi, yəni hüquqi şəxsin orqanının səlahiyyətlərinin aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılması barədə digər tərəfin məlumatlı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
27. Belə olan halda isə cavabdehin istinad etdiyi dəlillər mübahisəli müqavilələrin MM-in 350-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün əsas vermir.
28. Bundan əlavə, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahi sələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Beləliklə, cavabdehin hazırkı qarşılıqlı iddianı 2020-ci ildə, yəni sonuncu müqavilənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu vaxtdan 5 ilə yaxın müddət keçdikdən sonra qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdləri mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir.
29. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 340, 347, 350, 354.2, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
30. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-2(103)-546/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Vidadi Məmmədov).
32. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək, məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətlərinin dəlillərini formal mülahizə hesab etmişdir.
33. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 340.1, 340.2, 354.2, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi” barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır. 34. 2021-ci il 26 avqust tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
35. Apellyasiya məhkəməsi iş üzrə maddi və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında 7 kredit müqaviləsi imzalanmışdır ki, onlardan yalnız birinci müqavilə-ona uyğun hüquqi nəticələr yaradan kredit müqaviləsidir, yəni həmin müqavilə əsasında həqiqətən cavabdehə iddiaçı tərəfindən kredit ayrılmışdır, kredit vəsaiti cavabdehin bank hesabına köçürülmüşdür. Lakin digər müqavilələr ona uyğun hüquqi nəticələr yaratmayan, başqa əqdi pərdələmək üçün imzalanmış müqavilələrdir.
36. Birinci müqavilədən başqa, sonradan imzalan mış digər kredit müqavilələri cavabdehin digər müqavilələr üzrə yaranmış borcunun bağlanması üçün imzalanmış, yəni formal olaraq bağlanmış, başqa əqdi pərdələmişdir. Həmin müqavilələr üzrə pul vəsaiti cavabdehə nağd qaydada ödənilməmiş, habelə QSC-nin bank hesabına bank tərəfindən köçürülməmişdir. Halbuki, borc (kredit) müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlansa da, yalnız birinci müqavilə üzrə bank mülkiyyətində olan pulu cavabdehə borc vermişdir. Sonradan bağlanmış digər müqavilələr üzrə isə banka məxsus pul vəsaiti cavabdeh QSC-yə hər hansı şəkildə ödənilməmiş, bu pul vəsa itləri bankın kassasından məxaric edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilələr əhəmiyyətsiz və etibarsızdır.
37. Mübahisələndirilən kredit müqavilələrinin uydurma və yalan əqd olması, formal xarakter daşıması həmin müqavilələrin şərtlərinin icra edilməməsi ilə təsdiqlənir. Çünki, həmin müqavilələrin 2.1 -ci bəndinə əsasən kredit bu müqavilə qüvvəyə mindiyi tarixdən 3 gündən gec olmayaraq-“Kreditor” tərəfindən “Borc alan”ın hesabına köçürülür. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit xətti layihə-tikinti işlərinin aparılması üçün açılır. Həmin kredit xəttinin təyinatı layihə-tikinti işlərinin aparılması olsa da, əslində təyinatı üzrə istifadə edilməmiş, müqavilənin 2.1-ci bəndinin tələbləri pozularaq kredit məbləği QSC-nin hesabna köçürülməmişdir. Belə ki, əslində k redit müqavilələrin təyinatı əvvəlki kredit müqaviləsi üzrə götürülmüş kreditin ödənilməsi olmuş və kredit məbləği QSC-nin hesabına köçürülmədən birbaşa digər kreditlərin ödənilməsinə yönəldilmişdir. Bu fakt bir daha təsdiq edir ki, kredit müqavilələri formal olaraq imzalanmış, başqa əqdi pərdələmək üçün bağlanmışdır, kredit müqaviləsinin şərtlərinə uyğun hüquqi nəticələr yaratmamışdır. Kredit müqaviləsi üzrə kredit məbləği borc alanın hesabına köçürülməli və ya nağd şəkildə QSCnin səlahiyyətli nümayəndəsinə ödənilməli idi. Lakin hazırkı halda həmin pul vəsaiti cavabdehin hesabına köçürülməmiş, kredit məbləği QSC-yə verilməmişdir.
38. Apellyasiya məhkəməsinin “tərəflər arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin bağlanmasında QSC-nin iradə ifadəsi olmuş, bağlanılmış əqdlər hüquqi şəxs tərəfindən bəyənilərək kredit vəsaitlərindən istifadə edilmiş, nə sonuncu kredit müqaviləsi, nə də tərəflər arasında əvvəllər bağlanmış digər kredit müqavilələri qanunla nəzərdə tutulmuş bir illik müddət ərzində mübahisələndirilməmişdir. Müqavilələrin olmasından, borcun olmasından qarşı bank tərəfindən iddia qaldırılanda xəbərləri olmuşdur.
39. Kredit götürülməsi barədə QSC-nin səhmdarlarının ümumi yığıncağının qərarı yoxdur. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən səhmdarların ümumi yığıncağının qərarı tələb olunur. Odur ki, qeyd olunan kredit müqavilələri qanunvericiliyin və cavabdehin nizamnaməsinin tələblərini pozmaqla imzalanmışdır. Çünki, kredit müqavilələri cavabdehin baş direktoru V.İ.Korotkov tərəfindən imzalanmışdır. Halbuk i V.İ.Korotkovun həmin kredit müqavilələrini imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, QSC-nin Nizamnaməsinin 11.5ci bəndinə əsasən qiyməti 100.000 ABŞ dollarından çox olan müqavilələr imzalanarkən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının razılığı tələb olunur. Kredit müqavilələrinin məzmunundan müəyyən olunur ki, verilən kreditlərin məbləği 400.000 ABŞ dollarından yuxarıdır. Lakin bu müqavilələr imzalanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmamış onların məlumatı və razılığı olmadan kredit müqavilələri bağlanmışdır. Buradan belə müəyyən olunur ki, kredit müqavilələri səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Yalnız 2008-ci il 2 oktyabr tarixli müqavilənin bağlanmasına QSC-nin səhmdarları razılıq vermişlər.
40. Cavabdehin iddiaçı qarşısında icra edilməm iş öhdəlikləri yoxdur. İş materiallarında cavabdehin 11,246.815,9 ABŞ dolları məbləğində borcunun olmasını yalnız iş üzrə verilmiş ekspert rəyi olmuşdur. Halbuki, ekspert rəyindən başqa, QSC-nin banka borcunun olmasını təsdiq edən başqa sübutlar mövcud deyil. İşdə bankın cavabdehə sonuncu müqavilə üzrə pulun ödənilməsi barədə heç bir sübut yoxdur (kassa məxaric orderi, ödəniş tapşırığı).
41. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 49-1, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 340, 358, 385.1, 739.1, 739.2, Azərbaycan Respublikası MPM-in 14.1, 14.2, 102.3,103.1, 106-1.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. b) Məhkəmə icraatı iştirakçısının izahatı
43. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
44. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. İş üzrə cavabdeh kassasiya şikayətinin nəticə hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, cavabdeh tərəfindən məhkəmə aktı ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ilkin iddianın təmin olunmayan hissəsində məhkəmə aktı mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən h üquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
48. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir...” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağla nmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzi ndə əqdi mübahisə edə bilər....” “Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zə rərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə a yrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği o lduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
49. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “… mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunver icilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.” IV. Kassasiya insatnsiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, tərəflər arasında 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmçinin, cavabdehin etibarsız hesab edilməsini tələb etdiyi tərəflər arasında bağlanmış 2008-ci il 28 noyabr tarixli, 2009-cu il 31 mart tarixli, 2009-cu il 20 iyul tarixli, 2009-cu il 25 sentyabr tarixli, 2010-cu il 25 yanvar tarixli kredit müqavilələrinin mövcud olması hər iki tərəfin qəbul etdiyi işin mübahisə edilməyən halıdır.
53. Cavab deh qarşılıqlı tələbində qeyd etmişdir ki, tərəflər arasında 7 kredit müqaviləsi imzalanmışdır ki, onlardan yalnız birinci müqavilə ona uyğun hüquqi nəticələr yaradan müqavilədir, yəni həmin müqavilə əsasında cavabdehə bank tərəfindən kredit ayrılmış, kredit vəsaiti QSC-nin hesabına köçürülmüşdür. Birinci müqavilədən başqa QSC-nin digər müqavilələr üzrə yaranmış borcunun bağlanması üçün imzalanmış, yəni formal olaraq bağlanmış, başqa əqdi pərdələmişdir. Həmin müqavilə üzrə cavabdehə nə nağd qaydada, nə də QSC-nin hesabına pul vəsaiti bank tərəfindən ödənilməmişdir. Belə olan halda həmin müqavilələr əhəmiyyətsizdir və etibarsızdır. Bundan əlavə, kredit müqavilələri imzalamış baş direktoru V.İ.Korotkovun həmin kredit müqavilələri imzalamağa səlahiyyəti olmamışdır.
54. İşə baxmış məhkəmələr t ərəfindən qarşılıqlı iddia tələbi əsassız hesab edilərək göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış kredit müqavilələrini mübahisləndirmək üçün qanunla nəzərdə tutulmuş bir illik müddət keçmişdir, həmçinin qarşılıqlı iddiada istinad edilmiş dəlillər əsassızdır.
55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu, apellyasiya şikayətinin dəlillərinə (bax yuxarıda §§35-40) apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə uyğun qiymət verilmişdir
56. Belə ki, cavabdeh qarşılıqlı iddia tələbinin əsas kimi mübahisəli əqdlərin həm uydurma, həm də yalan əqd olmasına istinad etmiş, yəni iddia tələbinin əsasını konkret göstərməmişdir. Halbuki, yalan əqd və uydurma əqd anlayışları fərqli anlayışlar olm aqla hər hansı əqdin uydurma əqd olması həmin əqdin yalan əqd olmasını və əksinə yalan əqd olması eyni əqdin uydurma əqd olmasını istisna edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə iddia tələbinə əsas kimi mübahisəli əqdlərin həm uydurma, həm də yalan əqd olmasına istinad etmiş, yəni iddia tələbinin əsasını konkret göstərməmişdir.
57. Eyni zamanda, məhkəmələr nəzərə almışlar ki, cavabdeh 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin yalan və ya uydurma əqd olmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş müddətli öhdəliklərdən və QSC-nin banka ünvanladığı məktublardan da göründüyü kimi 2015-ci il 22 yanvar tarixli kredit xətti müqaviləsinə əsasən ayrılmış kredit məbləğindən 6.786.131,78 ABŞ dolları məbləğində vəsait QSC-nin sərəncamları əsasında onun əvvəlki kredit borclarının, eləcə də sonuncu kredit xətti müqaviləsi üzrə faiz borcların ödənilməsinə yönəldilmişdir. Göstərilən hal isə kredit məbləğinin onun sərəncamına verilməməsi barədə cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir.
58. Kassasiya şikayətində cavabdeh həmçinin göstərmişdir ki, mübahisəli kredit müqavilələri bağlanarkən QSC-nin səhmdarlarının ümumi yığıncağının razılığı alınmamış və həmin əqdlər səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır.
59. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli, № KXM HŞ 001 saylı kredit xətti müqaviləsinin bağlanmasında "xxxx" QSC-nin iradə ifadəsi olmuş, bağlanılmış əqdlər hüquqi şəxs tərəfindən bəy ənilərək kredit vəsaitlərindən istifadə edilmiş, nə sonuncu kredit müqaviləsi, nə də tərəflər arasında əvvəllər bağlanmış digər kredit müqavilələri qanunla nəzərdə tutulmuş bir illik müddət ərzində mübahisələndirilməmişdir
60. Göstərilənlərdən əlavə, işə baxmış məhkəmələr həmçinin onu nəzərə almışdır ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Beləliklə, cavabdehin hazırkı qarşılıqlı iddianı 2020-ci ildə, yəni sonuncu müqavilənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu vaxtdan 5 ilə yaxın müddət keçdikdən sonra qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdləri mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir.
61. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, MM-in “etibarsız əqdlər üzrə müddətlər” adlanan 354-cü maddəsində əqdlərin mübahisələndirilməsi üçün konkret müddət müəyyən edilmişdir. Həmin müddət, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir ildir (bax yuxarıda §48).
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
63. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur (bax yuxarıda §50).
64. Məhkəmə kollegiyası MM-in 354-cü maddəsinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında ifadə o lunmuş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin ötürülməsi barədə düzgün nəticəyə gəlmişdir.
65. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
66. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-2(103)-546/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsı n. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov