Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-482/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, sübutların qiymətləndirilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)289/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı ic raat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş 2020-ci il 6 mart tarixli 20/04 saylı mənfi auditor rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin 2017-ci il 1 noyabr tarixindən 2019-cu il 1 may tarixinədək olan dövrə debitor və kreditorlar əməliyyatlarının təqdim olunmuş sənədlər əsasında audit yoxlaması aparılmış və MMC-nin sabiq təsisçi Səidə Əliyevaya 22.889,21 manat məbləğində, direktor İddiaçı isə 77.464,30 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1nə (bundan sonra-“MMC”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cava bdehlərdən 77.464,30 manat məbləğində pul vəsaitinin, həmin məbləğə hesablanmış 48.802 manat faiz məbləğinin, ümumilikdə 126.266 manat məbləğin, ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi kimi 416 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci il 6 noyabr tarixində MMCyə direktor vəzifəsinə təyin edilmiş, direktor təyin edilərkən MMC-nin təsisçisi Cavabdeh2 ilə MMC mənfəətlə işləməyə başladıqdan sonra əldə olunan xalis mənfəətin 80/20 nisbətində, yəni 80 % Cavabdeh2, 20 % isə iddiaçının payı olaraq bölünəcəyi barədə razılaşmışlar. Bu səbəbdən direktor işlədiyi müddətdə MMC-yə 77.464,30 manat məbləğində investisiya yatırmış, həmin məbləğ MMC-də müxtəlif növ xərclərin ödənilməs inə sərf edilmişdir. 2019-cu ilin payız aylarında MMC-nin təsisçisi Cavabdeh2 Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, 2019-cu il 1 sentyabr tarixli audit rəyinə istinadən iddiaçının MMC-nin direktoru işlədiyi müddətdə MMC-də 495.315,13 manat məbləğində mal və pul vəsaitini mənimsədiyini iddia etmişdir. Cavabdeh2 ərizəsi əsasında Bakı şəhər prokurorluğunda araşdırma aparıldığı müddətdə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən MMC üzrə auditor yoxlaması aparılmış və yoxlamanın nəticəsi üzrə 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor aktı və rəyi tərtib edilmişdir. Həmin auditor aktı və rəyi iddiaçı tərəfindən Bakı şəhər prokurorluğuna təqdim edilmişdir. Sözügedən akt və rəylə təsdiq edi lmişdir ki, iddiaçı tərəfindən MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 manat vəsait xərclənmişdir. Bundan sonra sözügedən araşdırma üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin araşdırmaya təqdim edilmiş 2020-ci il 11 iyun tarixli 9/1021 saylı ekspertiza rəyi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edildiyi, həqiqətən direktor işlədiyi müddətdə iddiaçı tərəfindən MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 manat məbləğində vəsait xərcləndiyi təsdiqini tapmışdır. Daha sonra toplanmış materiallar araşdırmanın aparılması üçün Bakı şəhər Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Material üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 2021-ci il 25 fevral tarixli 9/5295 nömrəli rəy ilə də sərbəst auditor Adıgözəl Musayev tərəfindən tərtib edilmiş auditor aktının və rəyinin düzgün tərtib edildiyi təsdiqini bir daha tapmışdır. Beləliklə, iddiaçının direktor işlədiyi müddətdə MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 manat məbləğində vəsait xərcləndiyi faktı Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor aktı və rəyi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 11 iyun tarixli 9/1021 saylı ekspertiza rəyi, habelə 2021-ci il 25 fevral tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyi ilə təsdiq olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
5. Cavabdeh2 nümayəndəsi iddia müddətinin tətbiq olunması haqqında ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının istinad etdiyi hal borc pulun verilməsi kimi, yaxud vaxtaşırı icra edilməli olan öhdəlik kimi qəbul edilərsə, bu zaman pul tələbinə dair iddia ilə bağlı iddia müddətləri hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalı və iddia tələbi rədd edilməlidir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi izahatında iddianı qəbul etmədiklərini, audit rəyi ilə ümumiyyətlə razı olmadıqlarını, rəyin iddiaçının izahatı və digər şəxslərin ifadəsi əsasında tərtib olunduğunu, 2017-ci ildə şirkətin təsisçisinin Cavabdeh2 deyil, onu n həyat yoldaşı olduğunu, iddiaçının hazırda da şirkətin qanuni təmsilçisi olduğunu, iddiaçının tələbini yalnız mütəxəssis rəyinə istinad edərək əsaslandırdığını, şirkətin balansına pul köçürülmüşdüsə, köçürmənin bank hesabına və ya kassa mədaxil formasında həyata keçirilməsini təsdiq edən heç bir sənədin olmadığını, iddiaçı tərəfindən nə MMC-yə, nə də Cavabdeh2 hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli e-2-2(113)-3335/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Hüseynov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ilk növbədə Cavabdeh2 münasibətdə iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməlidir. Belə ki, iddiaçı özü də, tələb e tdiyi pulun Cavabdeh2 deyil, məhz MMC-nin müxtəlif xərclərinin ödənilməsi üçün hüquqi şəxsə verildiyini qeyd etmişdir.
9. Hazırda iddiaçı tərəf MMC-yə müxtəlif növ xərcləri ödəmək məqsədi ilə 77.464,30 manat pul verdiyini bildirərək, qeyd edilmiş pulun geri qaytarılmasını xahiş edir və iddiasını təsdiq edən sübut olaraq 2020-ci il 6 mart tarixli 20/04 saylı sərbəst auditor X1 tərəfindən verilmiş mənfi auditor rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 11 iyun tarixli 9/1021 saylı ekspertiza rəyinə, habelə 2021-ci il 25 fevral tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyinə istinad edir.
10. İşin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş 2020-ci il 6 mart tarixl i 20/04 saylı mənfi auditor rəyində qeyd olunmuşdur ki, MMC-nin 2017-ci il 1 noyabr tarixindən 2019-cu il 1 may tarixinədək olan dövrə debitor və kreditorlar əməliyyatlarının təqdim olunmuş sənədlər əsasında audit yoxlaması aparılmış və MMC-nin sabiq təsisçi Səidə Əliyevaya 22.889,21 manat məbləğində, direktor iddiaçıya isə 77.464,30 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş MMC-nin 2017-ci il 1 yanvar tarixindən 2019cu il 12 mart tarixinədək olan dövrü əhatə edən hesabdan çıxarış məlumatlarına əsasən, MMC-nin bank hesabına Cavabdeh2 tərəfindən 2017-ci il 8 avqust tarixində 58.848,60 ABŞ dolları (100.089,7 manat), X3 tərəfindən 2017-ci il 4 oktyabr tarixində 5.000 manat, 2017-ci il 11 oktyabr tarixində 35.490 manat, X2 tərəfindən 2017-ci il 6 dekabr tarixində 80.000 manat, 2017-ci il 7 dekabr tarixində 13.500 manat məbləğində pul mədaxil edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor rəyi 2017-ci il 1 noyabr tarixindən 2019-cu il 1 may tarixinədək olan dövrü əhatə etdiyindən, cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda əks olunmuş Cavabdeh2 tərəfindən 2017-ci il 8 avqust tarixində 58.848,60 ABŞ dolları (100.089,7 manat), X3 tərəfindən 2017ci il 4 oktyabr tarixində 5.000 manat və 2017-ci il 11 oktyabr tarixində 35.490 manat pulun hesaba mədaxil edilməsi rəydə öz əksini tapmamışdır.
13. Məhkəmə iclasında iddiaçı tərəfindən tələb edilən pulun hansı formada MMC-yə verilməsi soruşulmuş, iddiaçı tərəf də pulun rəsmiləşmə olmadan verildiyini bildirmişdir. 14. 2020-ci il 6 mart t arixli 20/04 saylı auditor rəyinin 54-cü səhifəsindən görünür ki, sərbəst auditor Adıgözəl Musayev hər hansı sənədə deyil, ancaq verilmiş izahatlara əsasən qeyd olunan nəticəyə gəlmişdir. Həmçinin audit rəyinin 5-ci səhifəsindən görünür ki, iddiaçı 2017-ci il 1 noyabr tarixindən 2019-cu il 27 yanvar tarixinədək cəmiyyətin kassir vəzifəsini də icra etmişdir. Qeyd olunan halı həmçinin məhkəmə iclasında iştirak edən tərəflər də təsdiq etmişlər. Cəmiyyətin direktoru və yuxarıda qeyd edilmiş tarixlərdə kassiri vəzifəsini icra etmiş iddiaçının hüquqi şəxsin xərclərini ödəmək məqsədi ilə hüquqi şəxsə verdiyi məbləği bank hesabı vasitəsi ilə və yaxud cəmiyyətin kassasında rəsmi mədaxil qəbzi tərtib etmədən verməsi aydın deyildir. İşin materiallarında olan hesabdan çıxarışdan da görünür ki, cəmiyyə tin hesabına pul vəsaitləri yalnız əvvəlki təsisçilər tərəfindən bank vasitəsi ilə köçürülmüşdür.
15. Audit rəyinin 14-cü səhifəsində isə iddiaçının cəmiyyətdə müxtəlif növ xərcləri ödəmək məqsədi ilə 77.464,30 manat məbləğində pul xərclədiyi qeyd olunmuş, lakin həmin pulun hansı dövrdə verilməsi nə iş materialları, nə də audit rəyində öz əksini tapmamışdır. Bundan başqa, iddiaçı tərəf audit rəyində qeyd edilmiş 77.464,30 pulun, həmin auditor rəyində öz əksini tapmayan hüquqi şəxsə bank hesabı vasitəsi ilə Cavabdeh2 tərəfindən 2017-ci il 8 avqust tarixində mədaxil edilmiş 58.848,60 ABŞ dolları (100.089,7 manat), X3 tərəfindən 2017-ci il 4 oktyabr tarixində mədaxil edilmiş 5.000 manat və 2017-ci il 11 oktyabr tarixində mədaxil edilmiş 35.490 manat pul deyil, hər hansı bir rəsmi sənəd olmada n iddiaçının verdiyi pul olması halını təsdiq edə bilməmişdir.
16. Göstərilənlərə əsasən Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı MMC-yə 77.464,30 manat pulun verilməsini sübut edə bilmədiyindən və iddia qeyd olunan hissədə əsassız olduğundan, iddia tələbi digər-yəni həmin məbləğə hesablanmış 48.802 manat pulun tutulması hissəsində də əsaslı olmamışdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.4, 442, 449.1 və 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunma sı xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-289/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov).
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mülki qanunvericilikdə birgə fəaliyyət və ya investisiya müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab tmişdir ki, MPM-nin 13.4-cü maddəsi və MM-nin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazır ki mübahisə Mülki Məcəllənin borc müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-nin 739.1-ci maddəsi təşkil edir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, iddiaçı onun tərəfindən cavabdeh hüquqi şəxsə 77.464,30 manat pulun verildiyini bildirir və bu halı təsdiq edən sübut kimi 06 mart 2020-ci il tarixli 20/04 saylı sərbəst auditor X1 tərəfindən verilmiş mənfi auditor rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2020-ci il tarixli 9/1021 saylı ekspertiza rəyinə, habelə 25 fevral 2021- ci il tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyinə istinad edir.
22. Cavabdeh2 isə iddiaçının istinad etdiyi hall arı və sübutları mübahisələndirir və bildirir ki, auditor rəyi direktorun izahatı və digər şəxslərin ifadəsi əsasında tərtib olunmuş, MMC-nin hesabına pul köçürülməsini təsdiq edən heç bir sənəd mövcüd deyil, iddiaçı tərəfindən ona və ya MMC-yə hər hansı bir pul vəsaiti verilməmişdir.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 739.1-ci maddəsi və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdehlərə 77.464,30 manat məbləğində pul vəsaitinin verilməsini sübut edə bilməmişdir. İddiaçının istinad etdiyi sübutlar isə həmin halı təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş 06 mart 2020-ci il tarixli 20/04 sa ylı mənfi auditor rəyinə əsasən Cavabdeh1 MMC-nin 01 noyabr 2017-01 may 2019-cu il tarixədək olan dövrə debitor və kreditorlar əməliyyatlarının təqdim olunmuş sənədlər əsasında audit yoxlaması aparılmış və MMC-nin sabiq təsisçi Səidə Əliyevaya 22.889.21 manat məbləğində, direktor İddiaçı isə 77.464,30 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir.
24. Həmin auditor rəyindən müəyyən edilmişdir ki, auditorun iddiaçı ilə bağlı gəldiyi nəticə mühasibat və maliyyə sənədlərinə deyil, iddiaçının özünün və digər şəxslərin izahatlarına əsaslanır. Belə olan halda isə həmin auditor rəyi hazırki məhkəmə üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki onun əsaslığının yoxlanılması qeyrimümkündür.
25. İddiaçının istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2021-ci il tarixli 9/5295 nöm rəli rəyində də ekspert tərəfindən də mühasibat və maliyyə sənədləri əsasında tədqiqat aparılmamış, auditorun rəyinin verilməsinə əsas olmuş məlumatların, o cümlədən izahatların həqiqiliyinin qiymətləndirilməsi isə ekspertizanı təyin edən orqanın üzərinə buraxılmışdır.
26. Məhkəmə qeyd etmişdir ki, hazırki işə baxılan zaman auditorun əsaslandığı izahatları vermiş şəxslər şahid qismində dindirilsəydi, həmin auditor və ekspert rəylərinin əsaslı olub-olmaması və bundan asılı olaraq onların sübut kimi qiymətləndirilməsi mümkün ola bilərdi. Lakin iddiaçı tərəfindən bu barədə vəsatət verilməmişdir.
27. Eyni zamanda, işin apellyasiya baxışı zamanı Yasamal rayon prokurorluğunda İddiaçı barəsində aparılmış araşdırma ilə bağlı 378-C-20 nömrəli material məhkəməyə təqdim edilmiş və həmin materialın öy rənilməsi zamanı da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin fəaliyyəti ilə bağlı 77.464,30 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən hər hansı sənəd mövcüd deyil. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş 77.464,3 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə təmin edilə bilməz.
28. Eyni zamanda, cavabdehlərin iddiaçı qarşısında pul öhdəliyinin olması, habelə cavabdehlər tərəfindən iddiaçıya məxsus pul vəsaitinin qanunsuz saxlamaları, onu qaytarmaqdan boyun qaçırmaları, onun ödənilməsini digər şəkildə gecikdirmələri halları, yəni Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə i ddiaçı tərəfindən irəli sürülmüş 48.802 manat məbləğində faizlərin tutulması barədə iddia da rədd edilməlidir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
31. MM-nin 135.1, 154.1, 157.2, 439.3, 449.1-ci maddələri, “Auditor xidmə ti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8-ci maddələri üzrə - işə baxan məhkəmələr qeyd edilən normaların tələbləri baxımından iddiaya hüquqi qiymət verməmiş, göstərilən maddi hüquq normalarını sadalasa da onları düzgün tətbiq etməmiş və işdə olan auditor rəyini mötəbər sübut kimi qəbul etməmişlər.
32. MPM-nin 14.2, 50.3, 88, 217-ci maddələri üzrə - Aşağı instansiya məhkəmələri prokurorluq orqanlarında aparılmış araşdırmalar zamanı keçirilmiş ilkin və təkrar ekspertizalar nəticəsində verilmiş rəylərə düzgün hüquqi qiymət vermədən, həmin rəylərlə doğruluğu təsdiq olunmuş auditor rəyini və aktını şübhə altına almışlar. Birinci instansiya məhkəməsi iddiaya cavab verməli şəxs olmaması əsası ilə iddianı Cavabdeh2 münasibətdə rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasi ya şikayətinin bu məsələ ilə bağlı dəlilinə hər hansı qiymət verməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, MMC-nin direktoru təyin edilərkən təsisçi Cavabdeh2 ilə MMC mənfəətlə işləməyə başladıqdan sonra əldə olunan xalis mənfəətin 80/20 nisbətində, yəni 80 % Cavabdeh2, 20 % isə onun payı olaraq böləcəkləri barədə razılaşmışlar. Birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış şifahi razılaşmaya hüquqi qiymət vermədən, yalnız iddiaçının pulu MMC-yə yatırdığını deməsi əsası ilə iddianı Cavabdeh2 münasibətdə rədd etməkdə, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə hər hansı qiymətləndirmə aparmadan razılaşmaqda haqlı olmamışlar.
33. İşə baxan məhkəmələr mülki işdə olan sübutların hamısına istinad etməmişlər. Be lə ki, işdə olan Yasamal rayon prokurorluğunun müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2021-ci il 27 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin araşdırmaya təqdim edilmiş 2020-ci il 11 iyun tarixli 9/1021 saylı ekspertiza rəyi, o cümlədən təkrar məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 25 fevral tarixli 9/5295 nömrəli rəyi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edildiyi təsdiqini tapmışdır. Lakin məhkəmələr qətnamələrində təkrar-təkrar 2020-ci il 6 mart tarixli 20/04 saylı auditor rəyinə istinad edilir, həmin auditor rəyi əsasında nətic ələr çıxarılır, lakin həmin auditor rəyinin və aktının doğruluğunu təsdiq edən ilkin və təkrar ekspertiza rəylərinə istinad edilmir. Apellyasiya instansiyası məhkəməsi isə ekspert tərəfindən mühasibat və maliyyə sənədləri əsasında tədqiqat aparılmadığı, auditorun rəyinin verilməsinə əsas olmuş məlumatların, o cümlədən izahatların həqiqiliyinin qiymətləndirilməsinin ekspertizanı təyin edən orqanın üzərinə buraxıldığı kimi nəticə çıxararaq, auditor və ekspert rəylərini mötəbər sübutlar hesab etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən Cavabdeh2 şikayətinin məhz həmin auditor və ekspert rəyləri əsasında əsassız olması qənaətinə gəlindiyini nəzərə almamışdır.
34. Məhkəmələrin 77.464,30 manat məbləğində pulun hansı dövrdə verilməsinin nə iş materialları, nə d ə auditor rəyində öz əksini tapmaması ilə bağlı gəldikləri nəticə əsassızdır. Belə ki, auditor aktının 5-11-ci səhifələrini əhatə edən “Kassanın auditi” üzrə auditor o nəticəyə gəlmişdir ki, kassada 2017-ci il 1 noyabr tarixindən 2019-cu il 1 may tarixinədək olan dövrdə 77.464,30 manat məbləğində artıq gəlmə (krasnı) olmuşdur, 14-cü səhifəsində həmin məbləğin iddiaçı tərəfindən xərcləndiyi, lakin bununla bağlı kassa mədaxil orderlərinin tərtib edilmədiyi, 54-cü səhifəsində isə MMC-nin iddiaçıya həmin məbləğdə borcunun qaldığına dair nəticə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kredito run tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifə si 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 40.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 41.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaş ır (bax yuxarıda bu qərarın 20-28-ci bəndləri) və qeyd edir ki, iddiaçı, Cavabdeh2la arasında olan razılayşmaya əsasən cavabdeh MMC-yə 77.464,3 manat investisiya yatırmasını mühasibat və maliyyə sənədləri əsasında sübut edə bilməmiş, bununla da MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı Yasamal rayon prokurorluğunda iddiaçının barəsində aparılmış araşdırma ilə bağlı 378-C-20 nömrəli materialın öyrənilməsi zamanı da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin fəaliyyəti ilə bağlı 77.464,30 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən hər hansı sənəd mövcüd deyil. 42.Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-289/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.