Məhkəmə qərarları › İş №2-2(102)-497/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-497/2024

11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-497/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı verilmiş “elektron qaimənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: başqa məhkəmə mübahisəsi üzrə sübut əhəmiyyəti olan sənədin ayrı icraatda mübahisələndirilməsinin yolverilməzliyi, iş üzrə icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 iyul tarixli, 22(103)-732/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2020-ci il 29 sentyabr tarixli 017 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəyəri 198240 manat təşkil edən EBAQ 665616 saylı elektron qaimə göndərilmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilməklə, İddiaçı MMC-dən ƏDV daxil 198.240 manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC apellyasiya şikayəti ve rmiş və Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat hazırkı iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 30 sentyabr tarixli, EBAQ seriyalı, 665616 nömrəli elektron qaimənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 29 sentyabr tarixli müqaviləyə əsasən mallar (mebel əşyaları) dəyəri ödənilmədən iddiaçıya satılmışdır. Müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya 2020-ci il 30 sentyabr ta rixdə ƏDV daxil 198.240 manat məbləğində elektron qaimə vurulmuşdur. Sonradan, cavabdeh tərəfindən faktiki iddiaçıya verilməyən mebel əşyalarının dəyəri tələb olunmuşdur. Əgər elektron qaimədə qeyd edilən mebel əşyaları iddiaçıya verilsəydi, bu barədə alqı-satqı müqaviləsinin 3.1.1-ci bəndinə uyğun olaraq müvafiq təhvil-təslim aktı tərtib olunardı. Dəfələrlə cavabdehə elektron qaimə ilə bağlı müraciət olunsa da, formal qaimə olmasını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş elektron qaimənin geri götürülməsi barədə pretenziya məktubu ilə ona müraciət olunsa da, həmin elektron qaimə geri götürülməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 may tarixli, e-2-2(113)-2013/2024 nömrəli qərardadı ilə (hakim K.H.Hüseynov) iş üzrə icraata xitam verilmişdir.

6. Birinci instansi ya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf elektron qaimənin etibarsızlığını məhz onda əks olunan malların ona verilməməsi ilə əsaslandırmışdır ki, bu – yəni elektron qaimədə göstərilmiş malların verilib-verilməməsi, verilmiş olan mallara görə borcun olubolmamasının və bir növ elektron qaimənin həqiqiliyin müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan işin predmeti olduğundan, həmin iş üzrə sübutlardan biri kimi nəzərdən keçirilən elektron qaimənin etibarsızlığa ayrıca müstəqil iddia şəkilində baxıla bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı MMC qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 iyun tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 iyul tarixli, 2-2(103)-732/2024 nömrəli qərardadı ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və Z.A.Şirinovdan ibarət tərkibdə) iddiaçının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 may tarixli, e-22(113)-2013/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 017 saylı alqı-satqı müqaviləsi üzrə verilmiş mallara görə pulun tələb etməsi, Gəncə Apellyasiya Məhkəməsinin i craatında olan işin predmetidir və qeyd olunan elektron qaimə, həmin işdə sübutlardan biridir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn mübahisə üzrə hər hansı sübutun ayrıca müstəqil şəkildə mübahisələndirilməsi yolverilməzdir. Çünki, mülki iş və ya kommersiya mübahisəsi üzrə təqdim edilmiş sübutun mübahisələndirilməsi ayrıca icraatda deyil, həmin mülki iş və ya kommersiya mübahisəsinə baxılan icraatda (hazırkı halda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 22(104)-5/2024 saylı işə baxılanda) həyata keçirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 iyul tarixli, 2-2(103)-732/2024 nömrəli qərar dadının ləğv edilməsi və mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, Mülki Prosessual Məcəllənin 26.1-ci maddələrinin tələbləri pozulmuşdur.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının pre dmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

21. Belə ki, kassasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilə üzrə sonuncunun öhdəliyinin icrasını və cavabdeh tərəfindən verilən elektron qaiməni əsaslılığını mübahisələndirmişdir.

22. Halbuki, tərəflərin bağlanmış müqavilə üzrə öhdəliklərini qarşılıqlı olaraq icra edib-etmələri Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan mübahisənin predmetidir. Hazırda mübahisələndirilən qaimə müst əqil əqd olmamaqla, qeyd olunan mübahisə üzrə məhkəməyə təqdim olunan sübutdur.

23. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, hər hansı mülki və ya kommersiya işi üzrə sübut qismində təqdim olunmuş sənədin müstəqil şəkildə mübahisələndirilməsi yolverilməzdir. Belə ki, həmin sübut Mülki Prosessual Məcəllənin 88ci maddəsinə əsasən məhkəmə tərəfindən konkret mübahisə üzrə qiymətləndirilməlidir.

24. Məhz bu nöqteyi-nəzərdən məhkəmə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı mübahisələndirdiyi sübuta (elektron qaiməyə) qarşı dəlillərini tərəflər arasında müqavilədən irəli gələn mübahisəyə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edə bilər və bu dəlillər həmin məhkəmə tərəfindən araşdırılmaqla, sübutun mötəbərliyi və mübahisəyə aidiyyəti məsələlərinə hüquqi qiymət veriləcəkdir.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisəyə müstəqil iddia qaydasında baxılmasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mümkün olmamasına dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 iyul tarixli, 2-2(103)-732/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar