Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-512/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 may tarixli 2-2(103)-541/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli e-2-2(113)-864/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada 250.000 manat əsas borcun, 6.544,69 manat faiz borcunun, 12.500 manat cərimənin, ödənilmiş 400 manat dövlət rüsumunun, ümumilikdə 269.444,69 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, ödənilmiş 207 manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 may tarixli 22(103)-541/2024 nömrəli q ətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli e-2-2(113)-864/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və pr oses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayə t onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinə vəkilin cavabdehi kassasiya instansiyası məhkəməsində təmsil edilməsini təsdiq edən vəkil orderi əlavə olunmamışdır.
6. Belə ki, kassasiya şikayəti cavabdehin adından “Az L eqal” vəkil bürosunun vəkili Vəkil tərəfindən imzalanmışdır.
7. Lakin, kassasiya şikayətinə (“Elektron məhkəmə” informasiya sisteminə) Vəkil Bakı Apellyasiya Məhkəməsində iştirakı üçün tərtib edilən 2024-cü il 27 mart tarixli ******* nömrəli vəkil orderi əlavə olunmuş, sonuncunun kassatora kassasiya şikayətinin tərtibi ilə bağlı hüquqi yardım göstərməsini təsdiq edən vəkil orderi məhkəməyə təqdim edilməmişdir.
8. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı üçün MPM-in 408.1.3-cü maddəsinin tələblərinə əsasən icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 may tarixli 22(103)-541/2024 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.