Məhkəmə qərarları › İş №2-2(102)-558/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-558/2024

29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-558/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “5.000 manat məbləğində borc” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 21 avqust tarixli 2-2(121)-2694/2024 nömrəli qərardadına əsasən, Biləsuvar Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Biləsuvar Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 27 may tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı XZ kəndində yaşayan və Müdafiə Nazirliyi sistemində hərbiçi işləyən X1 1-2 il bundan əvvəl tanımışdır. Həmin vaxtlarda YY ondan 6.650 manat borc pul almışdır. Sonrakı vaxtlarda həmin pulun 1.500 manatını qaytardı ğından, 5.000 manat iddiaçıya borclu qalmışdır. YY-in qardaşı Cavabdeh onun yaşadığı ünvana gələrək bildirmişdir ki, YY-a verdiyi 5.000 manat borcu o qaytaracaqdır. İddiaçı da onunla razılaşmış və onlar 2023-cü il 28 mart tarixində Biləsuvar ranon Notariat Kontoruna gedərək, orada cavabdeh öhdəlik ərizəsi yazaraq 5.000 manat borcu ondan aldığını və 1 il ərzində həmin borcu ona qaytaracağını bildirmişdir. Notarius tərəfindən 2023-cü il 28 mart tarixli **********889 nömrəli öhdəlik ərizəsi tərtib olunmuş və onlar hər ikisi həmin ərizəyə imza edərək ərizənin bir nüsxəsi ona verilmişdir. Cavabdeh öhdəlik ərizəsində birbaşa göstərmişdir ki, aldığı 5.000 manat borcu 1 il ərzində o qaytaracaqdır. Ötən bir il ərzində o, dəfələrlə cavabdehə mobil telefonla məlumat borcu qaytarmasını tələb etmişdir. Lakin hər dəfə cavabdeh onu aldadaraq yalan vədlər verir və son vaxtlarda isə telefonu açmaq istəmir. O, öhdəliyin vaxtında icra olunması məqsədilə ona 2024-cü ilin may ayında rəsmi xəbərnamə ilə bildiriş göndərərək borcu qaytarmasını tələb etmişdir. Lakin borclu hazırkı vaxta kimi ona cavab verməmişdir.

3. Biləsuvar Rayon Məhkəməsinin 2024-cü il 30 iyul tarixli 2(022)-776/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – N.Mirzəyev).

4. Həmin məhkəmənin mövqeyinə görə iş üzrə həm iddiaçı (VÖEN: **********), həm də cavabdeh (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Mübahisənin subyektlərindən görünür ki, tərəflər fərdi sahibkar statusuna malik olm aqla sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Beləliklə, iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

5. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 21 avqust tarixli 2-2(121)-2694/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – N.Misirzadə).

6. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan aydın olur ki, iddiaçı və cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq onlara VÖEN verilmişdir. İşin materiallarından görünür ki, cavabdeh 2023-cü il 28 mart tarixində notariat qaydasında təsdiq edilmiş öhdəlik ərizəsi imzalamışdır. Qeyd olunan ərizənin surətindən və iddiaçının mövcud iddia ərizəsindən görünür ki, cavabdeh fiziki şəxs kimi, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs kimi öhdəlik ərizəsini imzalamışdır. Öhdəlik ərizəsində və iddia ərizəsində cavabdehin hazırkı pulun məhz sahibkar kimi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilməsinə dair hər hansı qeyd mövcud deyildir.

7. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsində 2024-cü il 30 iyul tarixində keçirilən məhkəmə iclasında iddiaçının verdiyi izahatda bu barədə hər hansı fikir bildirilməmişdir. Göründüyü ki, iddia ərizəsi üzrə tərəflər hər biri ayrı-ayrılıqda vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fərdi sahibkar statusuna malikdirlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh sahibkarlıq subyektləri olmaqla vergi ödəyiciləri olması əsası ilə işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” 9. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xa rakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə d air iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir.

11. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 10 və 11-ci bəndlərinin (bax §§ 8-9 ) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Bununla belə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

12. İş materiallarından məlum olur ki, hazırkı mübahisə borc münasibətlərindən yaranmışdır və mübahisə tərəfləri fərdi sahibkarlardır.

13. Bununla belə, tərəflər arasında borc münasi bətlərinin məhz sahibkarlıq münasibətlərindən əmələ gəlməsi iş materiallarından görünmür. Hətta iddiaçının özü belə nə iddia ərizəsində, nə məhkəmə iclasında verdiyi izahatında bu barədə hər hansı fikir bildirmişdir. Eyni zamanda, iddiaçının öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi notarial qaydada təsdiq edilmiş öhdəlik ərizəsində də borcun sahibkarlıq məqsədilə verildiyi göstərilməmiş, eləcə də tərəflərin VÖEN-ləri qeyd olunmamışdır.

14. İddianın daxil olduğu Biləsuvar Rayon Məhkəməsi isə hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən həmin halların aydınlaşdırılması istiqamətində heç bir araşdırma aparmamış, məsələyə formal yanaşmış, zəruri əsaslandırma həyata keçirmədən işi kommersiya məhkəməsinə göndərmişdir.

15. Bunun nəticəsidir ki, hazırkı vəziyyətdə tərəflər arasında hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

16. Bununla əlaqədar qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd olunan nöqsanların aradan qaldırılması, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün hazırkı iş Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı “5.000 manat məbləğində borc” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar