Məhkəmə qərarları › İş №2-2(102)-568/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-568/2025

05.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-568/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(103)-382/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında 2019-cu il 23 may tarixli 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya digər mallarla yanaşı, 1 ədəd 330 KVA-lıq generator təqdim etmiş və sonuncu tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49147 manat məbləğində pul vəsaiti satıcıya ödənilmişdir.

2. Cavabdeh MMC "xxxx" MMC ilə aralarında sözügedən müqaviləyə əsasən təqdim ediləcək 330 KVA–lıq generatorun “AKSA” markalı olması barədə razılığa gəldiklərini, sonradan "xxxx" MMC-dən alınmış həmin generatorun tərəflərindən iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə satıldığını, generatorun cəmi 4 saat işlədikdən sonra sıradan çıxdığı nı, generatorda aşkar edilmiş qüsurun aradan qaldırılması üçün servis şirkətinə müraciət etdikdə generatorun “AKSA” markasına aid olmamasının, üzərinə saxta etiketlərinin vurulmasının aşkar edildiyini əsas göstərərək keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürmüş, Bakı Kommersiya Məhkəməsi 2022-ci il 16 mart tarixli, e-2-2(113)253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı Cavabdeh MMC "xxxx" MMC i lə aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır.

3. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(103)550/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2022 nömrəli iş üzrə 2022-ci il 16 mart tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 22(102)-684/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli 2-2(103)550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və onun iddianın dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA” markalı generator saz və işlək vəziyyətdə, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49.147 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, hazırkı iş üzrə iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, hüquqi xidmətə görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında baş vermiş məhkəmə mübahisəsi nəticəsində cavabdehə satılmış 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generatora ödənilmiş pul məbləği hazırkı iş üzrə iddiaçıdan tutulmuş, lakin nasaz olduğu qeyd edilən 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generator iddiaçıya qaytarılmamışdır. Cavabdeh həm iddiaçıdan generatora görə pulunu almış, həm də iddiaçıya məxsus generatoru özündə saxlamışdır.

7. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, onun tərəfindən 2019-cu il alqısatqı müqaviləsi üzrə öhdəliklər tam icra edilsə də, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə satdığı 330 KVA gücündə “AKSA” markalı generator keyfiyyətsiz olmuşdur. Sözügedən generator cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (bundan sonra – “ƏN”) ilə bağlanılan satınalma müqaviləsi əsasında ƏN-ə satılmışdır. Tərəflər arasında yekunlaşmış məhkəmə mübahisəsi nəticəsində müəyyən edilmişdir ki, tərəflər aralarında “AKSA” markalı, m ühərriki “Doosan” markalı, altematoru “AKSA” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh (hazırki iş üzrə iddiaçı) tərəfindən iddiaçıya (hazırki iş üzrə cavabdeh) təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunmuşdur ki, həmin generator real olaraq cavabdehin istifadəsində və sahibliyində deyil, onun özgəninkiləşdirilməsi və bunun qarşısının alınması, üçüncü şəxslərə, o cümlədən iddiaçıya qaytarılması ilə bağlı hər hansı hüquq və səlahiyyətləri mövcud deyil. Sözügedən məhkəmə icraatının gedişində hazırkı iş üzrə iddiaçı generatorun qaytarılması ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmiş, məhkəmə qətnaməsinin çıxarılmasından iki ildən çox vaxt keçdikdən sonra, sadəcə qətnamənin icrasını gecikdirmək məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Habelə, iddiaçı generatorun dəyərinin cavabdehə ödənildiyini iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Çünki məhkəmə qətnaməsi ilə cavabdeh (hazırkı iş üzrə iddiaçı) tərəfindən bu günədək icra edilməmiş və pul vəsaiti iddiaçıya (hazırkı iş üzrə cavabdeh) ödənilməmişdir. Qətnamənin icrası təmin edilmədiyindən iddiaçının direktoru X1 Rayon Məhkəməsinin 2024-cü il 8 may tarixli, 3(005)-999/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 1.200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq e dilmişdir. Bu səbəbdən də dəyəri geri ödənilməmiş generatorun iddiaçıya qaytarılması mümkün deyildir. Digər tərəfdən, iddiaçının generatorun “saz” vəziyyətdə ona qaytarılması ilə bağlı tələbinin əsası da müəmmalıdır. Generatorun istehsal qüsuru olması və bu səbəbdən yararsız vəziyyətdə olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilmişdir. Əks təqdirdə generatorun əvəz edilməsi və ya nasazlığının aradan qaldırılması mümkün olsaydı, onun dəyərinin iddiaçıdan tutulub cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmazdı. Ona görə də, hazırda cavabdeh tərəfindən həmin generatorun saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə iddia tələbinin təmin olunması cavabdehin üzərinə əsassız öhdəlik qoyulması ilə nəticələnəcəkdir. Habelə, iddia tələbinin generatorun qaytarılması mümkün olm adığı təqdirdə onun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsi də qanuni və ədalətli hesab edilə bilməz. Hazırda generatorun dəyərinin iddiaçıdan tutularaq cavabdehə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli, e-2-2(113)4077/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə generatorun iddiaçıya qaytarılması, cavabdehdən 320 manat məbləğində hüquqi yardım xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).

9. Məhkəmə qeyd etmişdir ki, işin hallarına görə, keyfiyyət tələblərinə uyğun olmayan generator üç ün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürülmüş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli generator üçün ödənilmiş 49.147 manat məbləğində pul vəsaitinin hazırkı cavabdehə qaytarılması qərara alınmışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən mübahisəli əmlakın cavabdehdə qalması üçün əsaslar aradan qalxmışdır və cavabdeh qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

10. Qüsurlu əşyaya görə ödənilmiş pul vəsaitinin hazırkı cavabdehə qaytarılmasını qət edən qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarı olduğundan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı həmin əşyanın geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin əşyanı geri qaytarılmaq vəzifəsi daşıdığından iddiaçı h azırkı tələbi irəli sürməkdə qismən (təmin olunan hissədə) haqlıdır.

11. Lakin iddiaçının iddia tələbində əmlakın saz vəziyyətdə geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır. Ona görə də, iddia tələbi göstərilən hissədə təmin edilə bil məz. Həmçinin cavabdehin nümayəndəsi son etiraz ərizəsində generatorun qaytarılmasını mümkün olmadığını bildirməmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən icra edildikdən sonra həmin generatorun olduğu vəziyyətdə qaytarılması ilə bağlı tədbirlər həyata keçirə biləcəyini qeyd etmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 152.1, 157.2, 587.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 82.3, 107, 115.0.6, 119.1, 121.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv və iddia tələbinin təmin olunmaması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bak Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(103)-382/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – E.Həsənov və L.Əliyeva).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mövqeyinə görə, əşyanın geri qaytarılmasından imtina etməyin səbəbi xeyirlərinə qəbul olunmuş qətnamənin icrasının təmin edilməsidir. Halbuki saxlama öhdəliyin icrasının təmini üsuludur. Qətnamənin icrasının təmin edi lməsi üsulu kimi saxlama mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni cavabdehin əşyanın sahibliyini davam etdirməsinə dair hərəkətinin hüquqi əsası yoxdur.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsindən imtina etdiyi üçün əşyanı satıcıya qaytarmağa borcludur. Belə ki, qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya qarşı iddia qaldıraraq əşya üçün ödədiyi pulu tamamilə geri istəmiş və məhkəmələr iddianı təmin etmişlər. Həmçinin cavabdeh qanunvericiliyə əsaslanaraq müqavilədən imtina etmiş və ödədiyi pulu geri istəmişdir. Bu isə cavabdehin müqavilədən imtina etməsini göstərmiş və bu müqavilənin ləğvi deməkdir. Cavabdehin eyni zamanda həm pulu tələb etməsi, həm də əşyanı özündə saxlaması cavabdehin əşya hüququndan imtina etməsini göstərir və hər iki hərəkətin eyni zamanda edilməsi üçün hüquqi əsas mülki qanunvericilikdə nəzərdə tutulmamış və bu hal cavabdehin əsassız varlanması və iddiaçının mülkiyyət hüququnun sahiblikdən məhrum edilməklə pozulmasına səbəb olmuşdur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 157.2, 587.2, 587.2.1, 587.2.2, 587.5-ci və MPM-in 14.2, 77.1, 88, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikası Konstitusiyasının 68, 125 və 127-ci maddələri üzrə məhkəmə cavabdehin etirazında göstərilən əsaslara hüquqi qiymət verməmiş və n əzərə almamışdır ki, qanuni qüvvəyə minmiş, lakin 2 ildən artıq müddətdir icra olunmayan məhkəmə qətnaməsinin mövcudluğu, iddiaçının (satıcının) generatorun dəyərini cavabdehə (alıcıya) ödəməsi kimi şərh oluna və belə tələbin əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi vəzifəsi yerinə yetirilməmiş və iddiaçı tərəfindən qətnamənin icra edilməməsi halına münasibət bildirilməmişdir.

20. MM-in 581.1 və 587.5-ci maddələri üzrə - cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunsa da, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə satılmış 330 KVA gücündə generator “AKSA” markalı olmamış və keyfiyyətsiz olmuşdur. Bu halda, iddiaçı həmin malı yenisi ilə əvəz etməli və ya onun dəyərini cavabdehə ödəməli idi. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edildikdən sonra isə iddiaçı yalnız bundan sonra hazırkı tələblə çıxış edə bilərdi. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində mübahisənin mahiyyəti üzrə tətbiq edilməməli olan maddi hüquq normasının tətbiq edilməsi halı mövcuddur. Məhkəmə MM-in 587.5-ci maddəsinə istinad etsə də, cavabdeh alqı-satqı müqaviləsinin ləğvini və əşyanın yeni əşya ilə əvəz edilməsini tələb etməmiş və bu barədə hər hansı məhkəmə qətnaməsi çıxarılmamışdır. Belə olan halda maddənin dispozisiyasında göstərilən qüsurla əşyanın satıcıya qaytarılması öhdəliyinin yaranması üçün əsas olan şərt mövcud olmadığından həmin maddəyə istinad edilərək hazırki iddia tələbi təmin edilə bilməz.

21. MPM-in 9, 77, 88 və 121 -ci maddələri üzrə - məhkəmə cavabdehin etirazlarının əsasını ümumiyyətlə nəzərə almamış, hazırki mübahisəyə qeyri-ciddi yanaşmaqla iddia tələbinin əsassızlığından yayınmışdır. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən generatorun yenisi ilə əvəz edilmədiyini və məhkəmə qərarına əsasən onun dəyərinin ödənilmədiyini bildirməsinə əhəmiyyət vermədən, yalnız generatorun qaytarılmasının mümkün olmamasına dair mövqe ifadə olunmadığını qeyd etmişdir. Cavabdeh generatorun dəyərinin ona ödənildiyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə həmin halı ümumiyyətlə araşdırmadan, iddiaçının alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinə münasibətdə davranışlarını nəzərə almadan, iddia tələbinə birtərəfli qaydada qiymət verməyə cəhd etmişdir. İddiaçı marka və keyfiyyət tələblərinə cavab verməyən əşyanı yenisi ilə əvəz etməmiş və onun dəyərini cavabdehə ödəməmişdir. Cavabdeh əlavə xərc çəkərək öz hesabına ƏN-i yeni generatorla təmin etmiş, nəticədə generatorun alınmasından ötrü iki dəfə ödəniş etməyə məcbur olmuşdur. Bununla belə, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmiş, hətta icradan yayınmaq məqsədilə şirkətin fəaliyyətini dayandırmış, tələbin yönəldilə biləcəyi yeganə əmlak olan “Jaguar” markalı nəqliyyat vasitəsinin də icra qurumlarına təhvil verilməsindən imtina etmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması iddiaçının cavabdehdən generatorun qaytarılmasını tələb etmək hüququnun olması anlamına gələ bilməz. İddiaçı yalnız cavabdehin pozulmuş hüquqlarını bərpa etdiyi, məru z qaldığı zərərin qarşısını aldığı təqdirdə belə tələb irəli sürmək hüququna malik ola bilərdi. Lakin hazırki iş üzrə belə hal müəyyən edilməmişdir. Məhkəmənin iddiaçının ödədiyi 320 manat hüquqi yardım haqqını və dövlət rüsumunun 50 manat hissəsinin cavabdehdən tutulmasına dair mövqeyi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: ”Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

30. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1 -ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallar ının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

35. Belə ki, məhkəmənin müəyyən etdiyi hallara görə cavabdeh MM-in 587.2.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək tərəflər arasında bağlanmış mübahisəli generatorun alqı-satqı müqaviləsinin icrasından alıcı kimi imtina etmiş və ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun tələbi təmin edilmişdir.

36. Belə olan halda MM-in 587.5-ci maddəsində müəyyən edilmiş imperativ qaydaya görə, o, qüsurlu əşyanı satıcıya (hazırkı işdə iddiaçıya) qaytarmağa borcludur.

37. Cavabdehin etirazında göstərdiyi hallar isə MM-in 587.5-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Eyni zamanda, həmin hallar tərəflər arasında olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin icrası qaydasında həll olunan məsələlərə aid olmaqla hazırkı mübahisənin həllinə tə sir etmir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(103)-382/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar