Məhkəmə qərarları › İş №2-2(102)-596/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-596/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-596/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-596/2023 Açar sözlər: öhdəliklərin ötürülməsi, müqavilə üzrə borc tələbi, müqavilədən imtina ilə müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı müqavilələrin ləğvi və borcun tutulması tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 21 iyun tarixli 2-2(103)-53 7/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 10 noyabr tarixli Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, "xxxx" MMC 270.000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir. Cavabdeh MMC isə borcu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. 2. 2020-ci il 1 dekabr tarixli Cavabdeh MMC ilə “X1” MMC arasında bağlanmış borc müqaviləsindən görünür ki, “X1” MMC 50.000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir. Cavabdeh MMC isə borcu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsin ə götürür. 3. 2021-ci il 14 iyul tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinin 2.1-ci maddəsinə əsasən vəsaiti ödəyən kreditorun müştəriyə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn müştərinin pul borcunu kreditora ödəyir (müştərini maliyyələşdirir), müştəri isə bunun qarşılığında vəsaiti ödəyənə sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik komissiyası, əməliyyat komissiyası və digər komissiyaları ödəyir. 4. 2021-ci il 14 iyul tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli sazişdən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin “X1” MMC qarşısında olan 50.000 manat borc öhdəliyini icra etməyi öz üzərinə götürür. Həmçinin İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin öhdəliyinin icra edilməsi əvəzində 50.000 manat məbləğində borcu Cavabdeh MMC 18,4% öhdəlik komissiyası ilə, gecikdirilən hər gün üçün 0,2% məbləğində dəbbə pulu ilə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sazişin 4-cü maddəsinin a bəndində ödənişlərin aparılma ardıcıllığı cərimə 1) cərimə məbləği (yəni dəbbə pulu) 2) komissiya 3) əsas borc məbləği kimi qeyd olunmuşdur. 5. 2021-ci il 14 iyul tarixli E-38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli sazişdən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında olan 270.000 manat borc öhdəliyini icra etməyi öz üzərinə götürür. Həmçinin İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin öhdəliyinin icra edilməsi əvəzində 270.000 manat məbləğində borcu Cavabdeh MMC 18,4% öhdəlik komissiyası ilə, gecikdirilən hər gün üçün 0,2% məbləğində dəbbə pulu ilə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sazişin 4-cü maddəsinin a bəndində ödənişlərin aparılma ardıcıllığı cərimə 1) cərimə məbləği (yəni dəbbə pulu) 2) komissiya 3) əsas borc məbləği kimi qeyd olunmuşdur. 6. 2021-ci il 30 iyul tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC “X1” MMC-nin bank hesabına 50.000 manat məbləğində pul köçürmüşdür. 7. 2021-ci il 30 iyul tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC "xxxx" MMC-nin bank hesabına 270.000 manat məbləğində pul köçürmüşdür. 8. 2022-ci il 6 sentyabr tarixli maliyyə arayışından görünür ki, 2021-ci il 14 iyul ta rixli E38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə Cavabdeh MMC-nin 50.000 manat əsas, 6.800,56 manat komissiya, 2.918,89 manat cərimə, cəmi 59.719,46 manat məbləğində borcu vardır. Həmçinin həmin tarixli hesab çıxarışından görünür ki, cavabdeh hazırkı müqavilə üzrə ümumilikdə 2.708,67 manat məbləğində ödəniş etmiş, borcun 2.399,52 manatı komissiya borcuna, 309,15 manatı cərimə borcuna silinmişdir. 9. 2022-ci il 6 sentyabr tarixli maliyyə arayışından görünür ki, 2021-ci il 14 iyul tarixli E38/21 saylı İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış öhdəliklərin verilməsi müqaviləsinə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə Cavabdeh MMC-nin 270.000 manat əsas, 28.044,11 manat komissiya, 13.317,81 manat cərimə, cəmi 311.361,92 manat məbləğində borcu vardır. Həmçinin həmin tarixli hesab çıxarışından görünür ki, cavabdeh hazırkı müqavilə üzrə ümumilikdə 24.791,33 manat məbləğində ödəniş etmiş, borcun 21.635,89 manatı komissiya borcuna, 3.155,44 manatı cərimə borcuna silinmişdir. 10. 2022-ci il 2 sentyabr tarixli MŞB/11-00650 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. 11. 2022-ci il 31 oktyabr tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 261,08 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci in stansiya məhkəməsindəki icraat

12. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) iddiaçının xeyrinə 2021-ci il 14 iyul tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsini, həmin müqavilə və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişə əsasən iddiaçı qarşısında 50.000 əsas, 2.918,89 cərimə borcu, 6.800,56 manat komissiya borcu, 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı sazişə əsasən iddiaçı qarşısında 270.000 əsas, 13.317,81 cərimə borcu, 28.044,11 manat komissiya borcu olmaqla ümumilikdə 371.081,38 manat borcun, 661,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı öhdəliklərin verilməsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə olunan 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişə əsasən iddiaçı cavabdehin “X1” MMC qarşısında olan 50.000 manat öhdəliyini icra etmişdir. Əlavə olaraq 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı sazişə əsasən iddiaçı cavabdehin "xxxx" MMC qarşısında olan 270.000 manat öhdəliyini icra etmişdir. Qeyd olunan sazişlərə əsasən cavabdeh iddiaçı tərəfindən kreditorlara ödənilmiş ümumi 320.000 manat məbləği 18,4% komissiya ilə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşd ür. Lakin göstərilmiş öhdəliklərin verilməsi müqaviləsi və həmin müqaviləyə əlavə olunmuş sazişlər üzrə öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilməmişdir və nəticədə cavabdehin iddiaçı qarşısında 2022-ci il 6 sentyabr tarixinə 371.081,38 manat icra edilməmiş öhdəliyi yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 14 iyul tarixli e-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsinin 2.1-ci maddəsinə əsasən “vəsaiti ödəyən, kreditorun müştəriyə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn müştərinin pul borcunu kreditora ödəyir (müştərini maliyyələşdirir), müştəri isə bunun qarşılığında vəsaiti ödəyənə sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik komissiyası, əməliyyat komissiyası və digər k omissiyaları ödəyir“. Həmin müqavilənin 6-cı maddəsinin (b) bəndinə əsasən “müştəri borc məbləğini, öhdəlik komissiyasını, əlavə komissiyanı və digər komissiyaları vaxtında ödəməzsə, vəsaiti ödəyən qarşısında bu məbləğlər və sazişdə qeyd olunan dərəcədə hesablanmış dəbbə pulu dəyərində məsuliyyət daşıyır”. Eyni zamanda həmin müqaviləyə əlavə edilmiş 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərə əsasən müştəri borcu vaxtında ödəmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.2% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin 2022-ci il 6 senty abr tarixinə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişə əsasən iddiaçı qarşısında 50.000 əsas, 2.918,89 cərimə borcu, 6.800,56 manat komissiya borcu, 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı sazişə əsasən iddiaçı qarşısında 270.000 əsas, 13.317,81 cərimə borcu, 28.044,11 manat komissiya borcu olmaqla ümumilikdə 371.081,38 manat borc məbləği yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həlli üçün vaxt verilmişdir. Lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 522.1, 442, 445.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci maddəsinə istinad etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 fevral tarixli e-2-2(113)-315/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2021-ci il 14 iyul tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsinin və ona əlavə edilmiş 2021-ci il 14 iyul tarixli E-xx/xx0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi, cavabdehdən 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50.000 manat əsas, 6.800,56 manat komissiya borcunun və 699,44 manat cərimə, cəmi 57.500 manat, 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28.044,11 manat komissiya və 5.955,89 manat cərimə, cəmi 304.000 manat, ümumilikdə 361.500 manat məbləğinin, həmçinin 400 manat mediasiya xərcinin, 261,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

16. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, 2020-ci il 10 noyabr tarixdə cavabdeh ilə "xxxx" MMC arasında, daha sonra 2020-ci il 1 dekabr tarixdə isə cavabdeh ilə “X1” MMC arasında borc müqaviləsi bağlanmış, 2021-ci il 14 iyul tarixli E38/21 saylı müqaviləsinə əsasən isə iddiaçı hər iki borc müqaviləsi üzrə cavabdehin borcunu ödəmiş, bunun nəticəsində "xxxx" MMC və “X1” MMC cavabdehə olan tələb hüquqlarını iddiaçıya güzəştə getmişdir. 17. 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəl i və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli sazişlərə əsasən isə müvafiq olaraq 270.000 və 50.000 manat məbləğində əsas borcla yanaşı, cavabdeh iddiaçıya əsas borca görə hesablanmış sabit olan 18,4% komissiya borcunu və sözügedən borcu ödəmədiyi təqdirdə dəyişən cərimə borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. 18. 2022-ci il 6 sentyabr tarixli iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarına əsasən cavabdehin 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50.000 manat əsas, 6.800,56 manat komissiya, 2.918,89 manat cərimə, 2021-ci il 14 iyul tarixli E-xx/xx0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28.044,11 manat komissiya, 13.317,81 manat cərimə borcu hesablanmışdır.

19. Göründüyü kimi, cavabdeh hər iki saziş üzrə götürdüyü öhdəliyi vaxtında və müəyyən edilm iş həcmdə yerinə yetirməyərək müqavilə və sazişlərin tələblərini pozmuş, bu isə müqavilənin və sazişlərin ləğv edilməsi üçün əsas olmuşdur. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, hər iki saziş üzrə əsas və komissiya borc hissədə iddiaçının tələbi əsaslıdır, belə ki, hər iki sazişin “qeydlər” hissəsində (cavabdeh sazişi imzalamaqla bu şərtlə razılaşmışdır) borc məbləği ödənildiyi halda ilk öncə silinmələr cərimə, daha sonra komissiya, sonda isə əsas borcdan aparılması nəzərdə tutulur. Cavabdeh tərəfindən isə 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə ümumilikdə cəmi 2.708,67 manat məbləğində ödəniş edilmiş, həmin borcdan 2.399,52 manatı komissiya və 309,15 manatı cərimə borcuna silinmiş, 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə isə ümumilikdə 24.791,33 m anat məbləğində ödəniş edilmiş, həmin borcun 21.635,89 manatı komissiya borcuna və 3.155,44 manatı cərimə borcuna silinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən borc ödənişi kifayət qədər olmadığı üçün əsas borcdan silinmə olmamış, komissiya borcu isə sabit borc məbləği olduğundan aylıq ödənilən ödənişlərin həcminə görə sözügedən borcda mütənasib azalma olmuşdur.

20. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, iddia 2021-ci il 14 iyul tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50.000 manat əsas, 6.800,56 manat komissiya borcu, 2021-ci il 14 iyul tarixli E-xx/ xx-0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28.044,11 manat komissiya borcu, həmçinin 400 manat məbləğində mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı hissədə əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı tərəfindən hər iki saziş üzrə silinmələr olsa da, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablanmış, bu səbəbdən 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli sazişə əsasən cərimə azaldılaraq 699,44 manat, 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 5.955,89 manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə bu qənaətini MM-in 196, 421.1, 467, 655.1, 739.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə istinad etməkl ə əsaslandırmışdır.

23. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 fevral tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli 2-2(103)-537/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 fevral tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddiaçının cavabdehə qarşı 2021-ci il 14 iyul tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi tələbi üzrə icraata xi tam verilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

25. Hazırkı halda iddiaçı 2022-ci il 27 sentyabr tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 2022-ci il 6 sentyabr tarixədək yaranmış borc ödənilməzsə müqavilələrə iddiaçı tərəfindən xitam verilməklə borcun tutulması üçün məhkəmədə iddia qaldırılacağını bildirmişdir.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarındakı mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçının müqavilələrin ləğvi ilə bağlı tələbinə məhkəmədə baxılmalı olmadığından (iddia qaldırılanadək iddiaçı müqavilədən imtina etməklə onu ləğv etdiyinə dair iradə ifadəsini qarşı tərəfə bildirdiyindən) mübahisələndirilən qətnamə qismən ləğv edilərək müqavilələrin ləğv ed ilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir.

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli 2-2(103)-537/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 fevral tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi cavabdehdən 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50.000 manat əsas, 6.800,56 manat komissiya borcu və 699,44 manat cərimə, cəmi 57.500 manat məbləğinin, 2021-ci il 14 iyul tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28.044,11 manat komissiya və 5.955,89 manat cərimə, cəmi 304.000 manat, ümumilikdə 361.500 manat məbləğinin, həmçinin 400 manat mediasiya xərcinin, 261,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 14 iyul tarixli E-38/21 saylı müqavilə hüquqi təbiətinə görə 3-cü şəxsin (cavabdehin kreditorlarının) xeyrinə bağlanmış müqavilə növünə uyğun gəlir. MM-in 522.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin verilməsi barədə müqavilənin kreditorla öhdəliyi qəbul edən üçüncü şəxs arasında bağlanması və ya 522.2-ci maddəyə əsasən borclu və öhdəliyi qəbul etmiş üçüncü şəxs arasında bağlandığı halda kreditorun icazəsi ilə etibarlı olması nəzərdə tutulur. 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərdə isə iddiaçı tərəfindən cavabdehin əvəzinə onun kreditorlarına ödənilmiş pul vəsaitinin qaytarılması və faizlərin ödənilməsi nəzərdə tutulduğundan həmin sazişlər arasında tərəflər arasında yaranmış münasibətlərə borc müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normalar tətbiq olunmalıdır.

29. Apellyasiya şikayətində cavabdeh 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin iddiaçının xüsusi niyyəti ilə bağlanmış etibarsız müqavilələr olması məsələsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin etibarsızlığı ilə bağlı istinad etdiyi halları sazişlər bağlandığı gündən bildiyi halda bir il ərzində mübahisələndiril mədiyindən və əqdlərin mübahisələndirilməsi üçün bir illik kəsici müddət bitdiyindən cavabdehin mübahisələndirilən sazişlərin etibarsız əqdlər hesab edilməsinə dair tələbi əsassızdır.

30. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, borc məbləğinin hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təyin edilməmişdir. Ekspertiza ilə bağlı vəsatət işə apellyasiya qaydasında baxılarkən yenidən təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin borcunun hesablanması xüsusi bilik tələb edən məsələ olmadığından ekspertiza təyin edilməsinə zərurət yoxdur. Hesablanması xüsusi bilik tələb etməyən məbləğlərin hesablanması üçün ekspertiza təyin edilməsi p rosessual qənaət və mübahisənin məhkəmə tərəfindən ağlabatan müddət ərzində həlli prinsiplərinə uyğun deyil. Sadə riyazı hesablama ilə müəyyən olunmuşdur ki, cavabdeh E-xx/xx-0001 saylı saziş üzrə 9.200 (50.000/18.4 %) manat komissiya haqqı, Exx/xx-0002 saylı saziş üzrə 49.680 manat (270.000/18.4%) komissiya haqqı ödəməli idi. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən hər iki saziş üzrə cəmi 27.500 manat ödənilmiş, bu məbləğin 2.399,52 manatı E-xx/xx-0001 saylı saziş üzrə komissiya haqqından silindikdən sonra qalıq komissiya haqqı 6.800,56 manat, 21.635,89 manatı Exx/xx-0002 saylı saziş üzrə komissiya haqqından silindikdən sonra qalıq komissiya haqqı 28.044,11 manat təşkil etmişdir. Maliyyə arayışlarından müəyyən olunmuşdur ki, müqavilə şərtlərinə uyğun olaraq cavabdehdən ödənişləri n gecikdirilməsinə görə cavabdehdən ödənişlər qrafik üzrə həyata keçirilmədiyinə görə cəmi 3.461,59 manat cərimə tutulmuşdur. Göstərilənlərə əsasən əsas borc və komissiya haqqı məbləğlərinin tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilmişdir.

31. Cərimə məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, sazişlərdə öhdəliyin icrasının gecikdirilməsinə görə hər gün üçün 0,2% ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ödənişlərin qrafik üzrə həyata keçirildiyinə dair sübutlar təqdim edə bilmədiyindən iddiaçının xeyrinə cərimə tutulması hissəsində qətnamə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən MM-in 467-ci maddəsinə əsasən azaldılaraq tutulmuş Exx/xx-0001 nömrəli saziş üzrə 699,44 manat, E-xx/xx-0002 nömrəli saziş üzrə 5.955,89 manat cərimə məbləğləri əsas borca mütəna sib olduğundan, cərimə hissəsində iddianın rədd edilməsi üçün qanuni əsaslar olmadığından bu hissədə də qətnamə qanuni və əsaslı hesab edilmişdir.

32. Dövlət rüsumu və digər xərclərin tam həcmdə cavabdehdən tutulmasının prosessual pozuntu olduğuna dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, MPM-in 119.3-cü maddəsi müqavilə qaydalarının pozulması ilə bağlı yaranan mübahisələrdə məhkəmə xərclərini cavabdehdən tam tutmağa imkan verdiyindən birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyi müəyyən olunmur.

33. Mübahisələndirilən qətnamə müqavilələrin (sazişlərin) ləğv edilməsinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli qərardadı ilə ləğv edilərək həmin hissədə iddia tələbi üzrə icraata m əhkəmədə baxılmalı olmaması əsası ilə xitam verildiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 354.2, 385.1, 403.1, 403.2, 463.1, 467, 522.1, 522.2, 739.1, 740.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, MPM-in 97.1, 119.1, 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi 2023-cü il 4 iyul tarixdə tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

36. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən 2023-cü il 23 avqust tarixdə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli 2-2(103)-537/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. MM-in 337.1, 522.2-ci maddələrinin tələbləri pozulmuşdur. 2021-ci il 14 iyul tarixli E38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş 2021-ci il 14 iyul tarixli Exx/xx-0002 saylı və 2021-ci il 14 iyul tarixli E-xx/xx-0001 saylı sazişlərin formalaşmasınd a cavabdehin təsisçisi ilə iddiaçının aid olduğu “X2” QSC-nin rəhbərliyi arasında işgüzar dostluq münasibətlərinin mühüm rolu olmuşdur. Belə ki, iş üzrə iddiaçı “X2” QSC-yə daxildir. Göstərilən kredit müqavilələri bağlanan dövrdə iş üzrə cavabdehin maliyyə mühasibatlıq işləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC də öz növbəsində “X2” QSC-nin tərkibinə daxildir. Yəni adları çəkilən sazişlərin hazırlanması və cavabdeh tərəfindən pul və maliyyə məsələlərinin idarə olunmasının "xxxx" MMC tərəfindən həyata keçirilməsi və "xxxx" MMC-nin iddiaçı ilə eyni qrupun törəmə şirkətləri olması mübahisələndirilən müqavilələr ilə cavabdehin borclandırılmasının əslində iddiaçının xüsusi niyyəti ilə həyata keçirildiyini sübut edir. Bu səbəbdən hazırkı iddiaçı və cavabdehin maliyyə mühasibat lıq işlərini aparan şirkətin eyni tərəfə aid olması səbəbindən mübahisələndirilən tələb üzrə müqavilələrin etibarlılığı bağlandığı andan şübhəli hesab olunur. Göstərilən məsələ həm birinci instansiya məhkəməsində mübahisələndirilmiş, həm də apellyasiya şikayətində qeyd olunmuşdur. Apellyasiya Məhkəməsi MM-in 354.2-ci maddəsinə istinad edərək müqavilənin etibarsızlığı ilə əlaqədar məsələni mübahisələndirmək üçün 1 il kəsici müddətin nəzərdə tutulduğuna istinad edərək şikayətin həmin hissəsini təmin etməmişdir. İstinad olunan müqavilə 2021-ci ilin iyul ayında bağlanmış tərəflər arasında müqavilənin etibarsızlığı ilə əlaqədar mübahisələr isə 2022-ci ilin əvvəllərində başlamışdır. Buna müvafiq olaraq iddiaçı 2022-ci ilin sentyabr ayında iş üzrə məhkəmə icraatına başlamışdır. Bu baxımdan cavabd eh hesab edir ki, məhkəmə müqavilənin etibarsızlığı ilə əlaqədar nüansa düzgün hüquqi qiymət verməmişdir.

38. İddianın əsasını təşkil edən və əsas sübutlar hesab edilən 2021-ci il 14 iyul tarixli E38/21 saylı öhdəliklərin verilməsi haqqında müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş E-xx/xx-0001 və E xx/xx-0002 saylı əlavə sazişlərə əsasən iddiaçı cavabdehin "xxxx" MMC-yə olan 270.000 manat, “X1” MMC-yə olan 50.000 manat borcunu ödəməyi öz öhdəsinə götürür. Mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin 3-cü şəxsə ötürülməsinə dair razılaşmanın etibarlı hesab edilməsi üçün kreditorun icazəsi tələb edilir. Hazırkı iş üzrə nə 2021-ci il 14 iyul tarixli E-38/21 saylı öhdəliklərin verilməsi haqqında müqavilədə, nə əlavə sazişlərdə, nə də iş materiallarında kreditorlar hesab edilən "xxxx " MMC və “X1” MMC-nin icazəsi əks olunmamışdır. Bu baxımdan hazırkı öhdəliklərin ötürülməsi haqqında müqavilə və əlavə sazişlər etibarlı hesab edilməməlidir.

39. MPM-in 119.1-ci maddəsinin tələbi pozulmuşdur. Göründüyü kimi məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, ödənilmiş dövlət rüsumunun tam məbləğinin cavabdehdən tutulması qət edilmişdir. Apellyasiya məhkəməsi göstərilən məsələyə hüquqi qiymət verərkən MPM-in 119.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, bu hissədə prosessual pozuntu yoxdur. Yəni MPM-in bu tələbindən aydın olur ki, burada bütün müqavilə qaydaları deyil, yalnız tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək kimi qaydalar nəzərdə tutulur. Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, həm Bakı Kommersiya Məhkəməsi, həm də Bakı Apel lyasiya Məhkəməsi tərəfindən MPM-in 119-cu maddəsinin tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyas ı məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

403. Üçüncü şəxsin xeyrinə müqavilə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs t ələb edə bilər....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kre ditorun icazəsi ilə etibarlı olur....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

740. Borc müqaviləsi üzrə faizlər... 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir....” “Maddə

741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın ə mlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıqaşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iş də iştirak edən şəxslərə aid edilir.... 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə müqavilənin etibarsızlığı ilə əlaqədar nüansa düzgün hüquqi qiymət verməmişdir. Belə ki, öhdəliyin 3cü şəxsə ötürülməsi nə dair razılaşmanın etibarlı hesab edilməsi üçün kreditorun icazəsi tələb edilir. Hazırkı iş üzrə isə öhdəliklərin verilməsi haqqında müqavilələrdə və əlavə sazişlərdə kreditorlar hesab edilən "xxxx" MMC və “X1” MMC-nin icazəsi əks olunmamışdır. Həmçinin, iddia tələbi qismən təmin edilsə də, ödənilmiş dövlət rüsumunun tam məbləğinin cavabdehdən tutulması qət edilmişdir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

48. Həmçinin, 390.1 -ci maddəsinə görə Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

49. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan 2021-ci il 14 iyul tarixli cavabdehin öhdəliklərinin iddiaçıya ötürülməsinə dair müqavilələr bağlanmış və onlara əlavə Sazişlər tərtib olunmuş, göstərilən müqavilə və ya Sazişlərin etibarlılığı isə iddiaçı, cavabdeh və ya hər hansı üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir.

50. Konstitusiya Məhkəməsinin Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında izah etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

51. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

52. Məhkəmə kollegiyası buradan çıxış edərək, həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilə və sazişlərin etibarsızlığına dair dəlillərinin əsassız olması qənaətinə gəlir.

53. Kassasiya şikayətinin MPM-in 119.1-ci maddəsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə görə məhkəmə xərcləri ödənilm iş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, qətnamədən göründüyü kimi iddia tələbi cavabdehin əsas borcu və komissiya borcuna münasibətdə tam təmin edilmiş, məhkəmə tərəfindən yalnız iddia tələbinin daha az həcmini təşkil edən cərimə borcları MM-in 467-ci maddəsinin tələbi baxımından bir qədər də azaldılmışdır. Bu baxımdan da, məhkəmənin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə də düzgün olmuşdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli 2-2(103)-537/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar