Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-600/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi və s.”, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” və iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRAR Açar sözlər: müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu v ə Əliyev Zaur Əli oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi və s.”, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi” və iddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli, 2-2(103)-809/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd eh MMC-dən 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin aprel, may və iyun aylarının hər biri üçün 13.000 manat olmaqla, ümumilikdə 39.000 manat məbləğində ödənilməmiş icarə haqqı məbləğinin, 10.500 manat dəbbə pulunun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 39 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manatın onun xeyrinə tutulması, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 2022-ci il 1 oktyabr tarixdən 2023-cü il 1 oktyabr tarixədək icarə haqqı məbləğinin 18.720 manat məbləğində müəyyən edilməsi və müqavilə müddətinin sonunadək hər ilin 1 oktyabr tarixindən etibarən icarə haqqı məbləğinə 20% əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh MMC-yə qarşı, hə mçinin digər bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bununla yanaşı, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 78.232 manat pulun və 325 manat dövlət rüsumunun, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin, ümumilikdə 79.057 manat pulun cavabdehdən tutularaq onun hesabına ödənilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli e-2-2(113)-1132/2023 saylı və 2023-cü il 26 may tarixli e-2-2(113)-2480/2023 saylı qərardadları ilə hazırkı qərarın 1-3-cü bəndlərində qeyd edilən iddia tələblərinə dair işlər bir icraatda birləşdirilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-530/2023 saylı qətnaməsi ilə: - İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə 13.566,7 manat icarə haqqı, 700 manat dəbbə pulu olmaqla, cəmi 14.266,7 manat məbləğində pulun, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun və vəkilə ödənilmiş pulun əvəzi olaraq 211 man at məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi; - İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 148 A) ünvanında yerləşən 506 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi; - Cavabdeh MMC-nin İddiaçı qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim K.Hüseynov).
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-530/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddianın “tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).
7. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MMCyə ünvanlanmış 2022-ci il 5 dekabr tarixli xəbərdarlıq məktubuna əsasən, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçi) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılara q təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 5 dekabr tarixdə cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilmiş hissədə iş üzrə icraata xitam verilməlidir.
8. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli e-2-2(113)-530/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-809/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi R.Qurbanov, hakimlər – V.Baxışova və X.Sarıyev).
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qaydasında MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinə yol verilmir. Bu əsasa görə həmin hissədə iş üzrə icraata xitam verilməsi isə müqavilənin məhkəmədən kənar (MM-in 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi bildirilməklə) qaydada ləğvinin qanuna uyğun olubolmamasına qiymət verilməsi kimi qiymətləndirilə bilməz. Çünki həmin məsələyə müqavilənin ləğvindən irəli gələn tələblərə (hazırkı işdə də iddiaçı tərəfindən icarə obyekti nin boşaldılması tələbi irəli sürülmüşdür) mahiyyəti üzrə baxıldığı zaman qiymət veriləcək.
12. Cavabdeh MMC həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsini, müqavilənin ləğvi tələbinin digər tələblərlə birlikdə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 260.0.1 və 217.2-ci maddələrinin tələbləri pozulmuşdur-belə ki, məhkəmələrin “müqavilənin ləğvi” tələbi üzrə icraata xitam verərkən istinad etdikləri Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarı məhkəmə mübahisəsinin davam etdiyi dövrdə qəbul edilib. Tərəflər iddia tələblərini formalaşdırarkən həmin qərardan əvvəlki tə crübəyə əsaslanıblar. Belə ki, bundan əvvəl müqavilə tərəfləri müqavilənin ləğvi tələbi ilə (MM-in 421.2-ci maddəsinə əsasən) məhkəməyə müraciət edirdilər və məhkəmə həmin iddiaya baxaraq münasibət bildirirdi. İndiki vəziyyətdə yeni təcrübə mövcud mübahisənin davam etdiyi zamanda formalaşdığı üçün məhkəmə həmin tələbə iddianın qaldırıldığı zaman mövcud olan təcrübəyə əsasən qiymət verməli idi. Başqa sözlə, Plenum qərarından əvvəl mövcud olmuş təcrübə, MPM-in 217.2-ci maddəsi baxımından “mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq norması” kimi qəbul edilməlidir.
14. Digər tərəfdən, mübahisələndirilən qərardad nəticəsində hüquq münasibətlərinə müəyyənlik gətirilməsi əvəzinə, qarışıqlıq yaranır. Birinci instansiya məhkəməsinin qərardadından şikayət verilərkən məhkəmənin icraata xita mla bağlı mövqeyinin gələcəkdə hansı hüquqi qeyri-müəyyənliyə və ziddiyyətlərə gətirib çıxaracağını bildirmiş, apellyasiya məhkəməsi həmin məsələlərə natamam cavab vermişdir. Belə ki, həmin şikayətdə icraata xitam verilməsi barədə qərardadla qətnamənin yaratdığı hüquqi nəticələrin, həmçinin hər iki məhkəmə aktının bir-biri ilə üzvi bağlılığına diqqət çəkilmişdir. İcraata xitam verilməsi barədə qərardadın müəyyən mənada qətnaməyə münasibətdə preyudisial əhəmiyyətə malik olması məsələsinə toxunulmuşdur. Apellyasiya məhkəməsi bu məsələyə münasibət bildirərək göstərmişdir ki, “icraata xitam verilməsi barədə qərardad müqavilənin ləğvinin qanuna uyğun olub-olmamasına qiymət verilməsi kimi qiymətləndirilə bilməz, çünki həmin məsələyə müqavilənin ləğvindən irəli gələn tələblərə (hazırkı işdə də id diaçı tərəfindən icarə obyektinin boşaldılması tələbi irəli sürülmüşdür) mahiyyəti üzrə baxıldığı zaman qiymət veriləcək.” Məhkəmənin bu mövqeyi ilə razılaşsaq belə nəticə çıxır ki, mövcud mübahisə üzrə yekun məhkəmə aktı Cavabdeh MMC-nin xeyrinə ola bilər. Yəni iddiaçının icarə obyektini boşaltmaq və pulun ödənilməsi tələbləri rədd edilə bilər. O zaman belə bir mənzərə yaranacaq ki, bir tərəfdən icarə müqaviləsi birtərəfli qaydada ləğv olunmuşdur, digər tərəfdən isə həmin icarə müqaviləsinin ləğvinin nəticələrini qanunsuz hesab edən məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda, icarə müqaviləsinin qüvvədə olubolmaması, əgər qüvvədədirsə, icraata xitam verilməsi barədə qərardadın taleyi, əgər qüvvədə deyilsə, icarəçinin hansı əsasla faktiki olaraq icarə obyektindən istifadə etməyə davam etməsi ilə bağlı suallar meydana çıxacaqdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün apellyasiya instansiy ası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası
19. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə q anunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir, tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materia llarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
25. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. İddiaçı tələbi Cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsi barədədir (bax yuxarıda bu qərarın 1-2-ci bəndləri).
28. Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam vermiş, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin etmişdir (bax yuxarıda bu qərarın 5-6-cı bəndləri).
29. Məhkəmə icraata xitam vermə barədə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 2 9 mart tarixli Qərarına istinadən belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 05 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir (bax yuxarıda bu qərarın 7-ci bəndi).
30. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət vermiş, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlamışdır (bax yuxarıda bu qərarın 8 və 10-cu bəndləri).
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
32. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırmışlar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (bax yuxarıda bu qərarın 23-cü bəndi).
33. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında ümumiyyətlə mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraat ında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (bax yuxarıda bu qərarın 25-ci bəndi).
34. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, İddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə etmişdir.
35. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
36. Birinci i nstansiya məhkəməsi müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi, cavabdeh MMC-də belə təəssürat yaratmışdır ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınmışdır. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət vermişdir (məhkəmə təcrübəsində belə hala bir qayda olaraq rast gəlinmir).
37. Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümk ünlüyü ciddi sual doğuracaqdır. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.
38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi tələbinə xitam verilməsi və bu məsələyə münasibətdə göstərilən ziddiyyətli yanaşmaların sərgilənməsi Mülki Məcəllənin 421-ci və digər aidiyyəti normalarının, eləcə də onların şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin düzgün tətbiq edilməməsindən irəli gəlir.
39. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”.
40. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir.
41. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin m ümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir.
42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir.
43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nə ticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin.
44. Hətta, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı).
45. Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz.
46. Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir.
47. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyri-müəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir.
48. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, anoloji işlər üzrə m əhkəmə qərardadından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılması müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələnə bilər.
49. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı işdə müqavilənin ləğvi tələbinə məhkəmə qaydasında baxılmalı olduğundan, MPMin 261.0.1-ci maddəsi səhv tətbiq edilmiş və həmin hissədə icraata qanuni əsas olmadan xitam verilmişdir. Belə nəticə cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60cı, MPM-in 4.1-ci maddələrində nəzərdə tutulan məhkəmə müdafiəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində əks olunan ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması kimi qiymətləndirilir (bax yuxarıda b u qərarın 18-20-ci bəndləri). Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli, 2-2(103)-809/2023 saylı qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Z.Ə.Əliyev