Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-613/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 sentyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, 2-2(119)-580/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh 130000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130030 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-cü il 13 dekabr tarixli, 2-2(105)-101/2022 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 30 dekabr tarixli, 2-2(102)-853/2022 nömrəli qərardadı ilə kassasiya şikayətinin qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 23 yanvar tarixli 2-2(105)-101/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh təkrarən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 6 mart tarixli, 2-2(102)-192/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 11 aprel tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
9. Cavabdeh növbəti dəfə qətnamədən kassasiya şikayəti vermiş və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 19 oktyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 11 dekabr tarixli, 2-2(102)-716/2023 nömrəli qərardadı ilə kassasiya şikayətinin qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytar ılmışdır.
14. Cavabdeh növbəti dəfə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 aprel tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
16. Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
18. Cavabdeh yenidən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2024-cü i l 1 avqust tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 sentyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 1 avqust tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı cavabdehin nümayəndəsi, Vəkil elektron kabinetinə 2024-cü il 12 avqust tarixində yerləşdirilmiş, lakin onun tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə 2024-cü il 23 avqust tarixində verilmiş, kassasiya şikayətinə müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Beləliklə, qanunvericilikdə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2, 408.1.4, 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 sentyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 425-ci, Mülki Prosessual Məcəllənin 8.1, 9, 14.1, 71, 76.1, 76.2, 77.1, 386, 376, 402, 408-ci maddələrinin tələbləri pozulmuşdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, qanuni əsas olmadan kassasiya şikayətini geri qaytarmış, cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə işə cavabdehin və ya nümayəndəsinin, o cümlədən qarşı tərəfin iştirakı olmadan baxmış, ədalətli məhkəmə araşdırılması prinsipini pozmuşdur. Cavabdeh kassasiya şikayətində müddətin üzrlü səbəbdən ötürüldüyünü kifayət qədər əsaslandırmış, bundan başqa məhkəmə tərəfindən maddi və prosessual hüquq pozuntularının nədən ibarət olmasını kifayət qədər geniş təsvir etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, cavabdehi faktiki olaraq kassasiya şikayəti vermək hüququndan məhrum etmişdir. Həm çinin, cavabdeh müddəti ötürmədiyi halda cavabdehdən müddətin bərpası barədə ərizənin verilməsini tələb etməklə, kassasiya şikayətini geri qaytararaq kassatorun Avropa Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş ədalətli məhkəmə araşdırılması hüquqlarını pozmuşdur. 2024-cü il 12 avqust tarixində elektron kabinetə yerləşdirilmiş qərardad, 2024-cü il 13 avqust tarixində cavabdeh tərəfindən oxunmuş və qanunla müəyyən edilmiş 10-cu gün, yəni 2024-cü 23 avqust tarixində kassasiya şikayəti verilmişdir. Cavabdeh formal olaraq bir günlük müddətin bərpası barədə ərizə verməmişdir ki, buna da kassasiya şikayətini vaxtında verdiyinə görə lüzum görməmişdir.
25. Kassator məhkəməyə vəsatət verərək, kassasiya şikayətinin dəlillərinin müdafiəsi məqsədi ilə işə məhkəmə iclasında baxılmasını xahiş etmi şdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştir akçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardad larından kassasiya şikayəti verilə bilər. 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddəti ndə kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
29. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 1 sentyabr tarixli qərardadı cavabdehin iştirakı ilə elan olunmuş və qərardadın əsaslandırılmış surəti 2024-cü ilin 12 avqust tarixində onun, habelə vəkilinin Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetlərinə yerləşdirilmişdir.
32. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, həmin qərardaddan cavabdehin kassasiya şikayəti 2024-cü ilin 23 avqust tarixində Sistemə yerləşdirilmişdir. Göründüyü kimi, kassator tərəfindən qərardaddan prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş 10 günlük şikayət müddətinin ötürülməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsa slı olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, bu halı dolayısı da olsa belə, cavabdeh də etiraf edir. Belə ki, onun kassasiya şikayətinin dəlillərindən biri müddətin 1 gün buraxılmasının formal olması və bunun üçün müddətin bərpasına dair ərizənin verilməsinə zərurət olmamasıdır ki, həmin dəlil əsaslı hesab oluna bilməz. Bu səbəbdən ki, prosessual müddətlərə riayət edilməsi qanunvericiliyin tələbidir və belə müddətlərin qısa olsa da belə buraxılması Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş nəticələrə səbəb olur.
34. Kassasiya şikayətinin digər dəlili cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilən qərardadın 2024-cü ilin 13 avqust tarixində oxunmasıdır ki, bu dəlil də əsaslı deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsa sən apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Məcəllənin 135.5 və 135.6-cı maddələrinə əsasən isə məhkəmə sənədləri bu şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirməklə verilmiş hesab olunur. Kassatorun hansı tarixdə qərardadı oxuması müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir.
35. Mübahisələndirilən qərardadın cavabdehin iştirakı olmadan qəbul edilməklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalətli araşdırma hüququnun pozulmasına dair dəlil də açıq-aydın əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 avqus t tarixli qərardadından cavabdehin kassasiya şikayətinin uyğunluğu məsələsinə 2024-cü il 3 sentyabr tarixində cavabdehin və vəkilinin iştirakı ilə məhkəmə iclasında baxılmışdır.
36. Nəhayət, cavabdehin müddətin bərpasına dair ərizəsinin təmini üçün sübutların təqdim edilməsinə dair dəlili mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Müddətin bərpasına dair cavabdehin ərizəyə apellyasiya instansiyası məhkəməsinin 2024cü il 1 avqust tarixli qərardadı ilə hüquqi qiymət verilmiş, hazırkı kassasiya şikayəti isə 2024-cü il 3 sentyabr tarixli qərardaddan verilmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 sentyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.