Məhkəmə qərarları › İş №2-2(102)-620/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-620/2024

04.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-620/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı audit prosedurlarının aparılmasına dair aktın ləğv edilməsi tələbi barədə iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-22(121)-2810/2024 nömrəli qə rardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Şirvan Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barəsində tərtib etdiyi 2023-cü il 7 noyabr tarixli “Audit prosedurlarının aparılmasına dair akt”ın qanunsuz əsaslarla tərtib olunmasını nəzərə almaqla ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(121)2810/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinə kommersiy a mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin subyekt tərkibi mübahisənin kommersiya işi kimi qəbul edilməsinə uyğun olsa da, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri buna imkan vermir. Belə ki, əvvəla hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında birbaşa müqavilə və ya öhdəlik yaradan digər hüquq münasibətləri mövcud olmamışdır və münasibətlərin yaranmasına səbəb iddiaçının əmək münasibətlərində olduğu sahibkarla sərbəst audit fəaliyyəti göstərən cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən iddiaç ının fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair tərtib etdiyi audit rəyi olmuşdur. İddiaçı həmin rəylə razılaşmayaraq hazırkı tələbi irəli sürmüşdür. Digər tərəfdən, aparılmış audit iddiaçının işçi (menecer) kimi fəaliyyəti üzrə aparılmışdır. Yəni auditin aparılmasının hüquqi və faktiki əsası kimi iddiaçı ilə sahibkar arasında mövcud olan əmək münasibətləri çıxış etmişdir. Əmək münasibətlərindən yaranan mübahisələrin isə (o cümlədən əmək münasibətləri üzrə işçinin fəaliyyətinin audit yoxlamasından yaranan mübahisələr) sahibkarlıq fəaliyyətindən yaranan mübahisə kimi kommersiya məhkəmələri tərəfindən baxılması istisna edilir.

4. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırarkən aparılmış audit əsasında əmək müqaviləsindən irəli gələn münasibətlərin mövcud olduğunu qeyd etməklə tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin olmamasına istinad etmiş və bununla da yanlış nəticəyə gəlmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi audit rəyinin qanunsuzluğunun əsasında iddiaçının sadəcə əmək münasibətlərinə aid dövrün nəzərə alınmaması, əmək münasibətlərindən əvvəlki sahibkarlıq fəaliyyəti ilə bağlı dövrün nəzərə alınması dayanır. İddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi 2023-cü ilin aprel ayında bağlanmışdır. Halbuki audit prosedurları aparılması zamanı auditor bu dövrdən əvvəlki periodu (sahibkarlıq fəaliyyətinin mövcud olduğu dövrü) nəzərə almışdır. Bu da mübahisənin əsa sında iddiaçının sadəcə əmək münasibətlərinin deyil, həm də sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərin mövcud olduğunu təsdiqləyir. Beləliklə tərtib olunmuş audit prosedurlarınn nəticəsinə dair aktda həm əmək, həm də sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərin nəzərə alınması zamanı işin ümumi yoxsa kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı sual ortaya çıxır ki, bu zaman Mülki Prosessual Məcəllənin 30.1-ci maddəsinin tələbinin mahiyyət etibarilə nəzərə alınmalı olduğu düşünülməlidir. Həmin maddəyə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Deməli həm kommersiya, həm də qeyri-kommersiya işlərinə dair kompon entlər mübahisənin əsasında dayanırsa, qanunverici orqan məhz işin kommersiya məhkəməsində baxılmalı olması barədə mövqe nümayiş etdirmişdir. Ali Məhkəmənin plenum qərarında tərəflərin hər ikisinin birlikdə və ya ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti həyata keçirilməsindən irəli gələn mübahisələrin kommersiya məhkəmələrində baxılmalı olması qeyd olunmuşdur. Hazırkı işin faktiki halları mübahisənin əsasında həm iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərin, həm də cavabdehin auditor fəaliyyəti aparması ilə bağlı ayrı-ayrılıqda sahibkarlıq münasibətlərinin mövcud olduğunu, işin kommersiya məhkəməsində baxılması üçün müəyyən olunmuş bütün meyarlara cavab verdiyini təsdiq edir. O da nəzərə alınmalıdır ki, iş üzrə daha əvvəl müvafiq olaraq rayon (şəhər) məhkəməsinə, daha sonra Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Birinci məhkəmə işin aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdisə, sonuncu dövlət rüsumunun ödənilməməsi, iddia ərizəsinin cavabdehə göndərilməməsi və s. kimi əsaslarla iddia ərizəsini geri qaytarmışdır. Göründüyü kimi hər iki məhkəmə işin kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı mövqe nümayiş etdirmişdir.

6. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 4 sentyabr tarixli e-2-2(121)2810/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Abbasov). Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçiril məsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən i rəli gəlməli olması nəzərə alınmalıdır....

16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.

17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür....” Ali Məhkəmənin mövqeyi

9. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(121)-2810/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 7) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi MPM-in 30-cu maddəsi bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilərkən, onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə kommersiya məhkəməsində baxılmasını nəzərdə tutur. Hazırkı iddia tələbi isə mahiyyət etibarilə vahid tələbdir və MPM-in 30-cu maddəsinin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Kommersiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının şikayətinin auditin tərəflər arasında əmək müqaviləsi bağlanmamışdan əvvəlki dövrü də əhatə etməsi heç bir halda iddiaçının iki ayrı və müstəqil fəaliyyəti üzrə araşdırma aparılması kimi qəbul edilə bilməz.

12. Bundan başqa, şikayətdə istinad olunan Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun tarixli qərardadında hazırkı mübahisənin kommersiya xarakterli olmasına dair hər hansı mövqe nümayiş olunmamışdır. X1 Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin məhkəmənin 2024-cü il 22 iyul tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı audit prosedurlarının aparılmasına dair aktın qanunsuz əsaslarla tərtib olunmasını nəzərə almaqla ləğv edilməsi barədə iddia ərizəsi, işə kommersiya mübahisəsi kimi baxılmasının mümkünsüz olması əsası ilə geri qaytarılmış, həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir.

13. Qarışıq məhkəmə tərkibi həmçinin nəzərə alır ki, münasibətlərin yaranmasına əsas hazırkı cavabdeh və iddiaçının işəgötürəni arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair audit rəyi olmuş, digər tərəfdən hazırkı iddiaçı və cavabdeh arasında kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı münasibət mövcud olmamışdır.

14. Plenum Qərarının 11, 12, 16 və 17-ci bəndlərində formalaşdırılmış hüquqi mövqelər (bax § 8) baxımından da hazırkı mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi mümkün hesab edilmir.

15. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbinə kommersiy a məhkəməsində baxıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün hər hansı hüquqi əsas mövcud deyil.

16. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli e-2-2(121)-2810/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar