Məhkəmə qərarları › İş №2-2(102)-645/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-645/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-645/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X3.Azerbaijan” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 və “X3.Azerbaijan” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmeti nə yönəldilməsi” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 sentyabr tarixli 2-2(105)-131/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında bağlanmış 2015-ci il xx.xx tarixli xnömrəli təminatlı kredit müqaviləsinə əsasən, borcverən 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100.000 ABŞ dolları məbləğində kredit xəttin açılmasını öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında bağlanmış 2015-ci il xx.xx tarixli x nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, X1 “X3.Azerbaijan” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyr.

3. İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında bağlanmış 2015-ci il xx.xx tarixli xnömrəli girov müqaviləsinə görə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq həmin müqaviləyə əsasən, əlavə 1-də qeyd olunan mallar “X3.Azerbaijan” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur.

4. İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında bağlanmış 2015-ci il xx.xx tarixli y nömrəli təminatlı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 350.000 ABŞ dolları məbləğində kredit xəttin açılmasını öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür.

5. İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında bağlanmış 2015-ci il xx.xx tarixli y nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, X1 “X3.Azerbaijan” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyr. 6. “X3.Azerbaijan” MMC ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il xx.xx tarixli Öhdəçilik Müqaviləsindən məlum olur ki, həmin müqavilənin ş ərtlərinə əsasən “X3.Azerbaijan” MMC-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra -“iddiaçı”) 2021-ci il 7 oktyabr tarixində Cavabdeh1, X1 və “X3.Azerbaijan” MMC-yə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2015-ci il xx.xx tarixli y nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üç ün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 2015-ci il xx.xx tarixli xnömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Quba rayon Məhkəməsinin 2022-ci il 9 iyun tarixli 2(027)-162/2022 saylı qətnaməsi ilə iddia müddəti tətbiq olunaraq iddia təmin edilməmişdir (hakim İ.Məmmədov).

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 18 oktyabr tarixli 2(105)-1775/2022 saylı qərardadı ilə həmin qətnamə ləğv edilmiş və iddia mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim L.Məmmədova, hakimlər T.Quliyev və G.Tağızadə).

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 fevral tarixli 2-2(119)-66/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim H.Alıyeva).

11. Məhkəmə qərar qəbul edərkən ona əsaslanmışdır ki, eyni tələbə artıq bir dəfə Quba rayon Məhkəməsi tərəfindən baxılmış və həmin məhkəmənin 2020-ci il 12 fevral tarixli 2(027)-367/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra-“MPM”) 261.0.2-ci maddəsinə istinadla belə qənaətə gəlmişdir ki, iş üzrə icraata xitam verilməlidir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(105)-59/2023 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 2023cü il 8 fevral tarixli 2-2(119)-66/2023 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır.

13. İşə birinci instansiya məhkəməsində baxılarkən, iddiaçı 2023-cü il 28 aprel tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2015-ci il xx.xx tarixli xnömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 31.988,67 ABŞ dolları borc olmaqla, cəmi 171.055,34 ABŞ dolları məbləğində kredit borcunun tutulmasına, tutmanın 2015-ci il xx.xx tarixli xnömrəli girov müqaviləsinə 1 saylı əlavədə qeyd olunan girov predmetinin borc məbləği həcmində hissəsinə yönəldilməsinə, həmin malların açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsinə; 2015-ci il xx.xx tarixli y nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 89.895,52 ABŞ dolları borc olmaqla, cəmi 476.525,52 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rü sumunun tutulmasına, tutmanın 2015-ci il xx.xx tarixli y nömrəli girov müqaviləsinə 1 saylı əlavədə qeyd olunan girov predmetinin borc məbləği həcmində hissəsinə yönəldilməsinə, həmin malların açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 avqust tarixli 2-2(119)-66/2023 saylı qərardadı ilə iş üzrə xitam verilmişdir (hakim H.Alıyeva).

15. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki prosesdə iddianın predmetini iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavi lələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur.

16. Hazırkı iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir:1.İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında 2015-ci il xx.xx tarixli ** nömrəli və 2015-ci il xx.xx tarixli y nömrəli təminatlı kredit müqavilələri bağlanmış; 2.Cavabdehlər həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməmiş; 3.Bunun nəticəsində cavabdehlərin LPO İddiaçı ASCyə kredit borcu yaranmışdır.

17. Hazırkı iddianın predmetini isə cavabdehlər tərəfindən göstərilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində yaranmış kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil edir.

18. Quba rayon Məhkəməsində həmin iddiaya baxılarkən tərəflər LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1, X1 və “X3.Azerbaijan” MMC olmuş, iddianın əsasını İddiaçı ASC ilə “X3.Azerbaijan” MMC arasında 2015-ci il xx.xx tarixli ** nömrəli və 2015-ci il xx.xx tarixli y nömrəli təminatlı kredit müqavilələrinin bağlanması, cavabdehlərin həmin müqavilələr üzrə öz öhdəliklərini lazımınca icra etməməsi və bunun nəticəsində ləğv prosesində olan İddiaçı ASC-yə kredit borcunun yaranması, iddianın predmetini isə kredit borcunun ödənilməsi və tutmanın girov predmetlərinə yönəldilməsi təşkil etmişdir.

19. Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli 2(027)-367/2020 saylı qətnaməsi ilə 2015-ci il xx.xx tarixli xnömrəli və 2015-ci il xx.xx tarixli y nömrəli kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia tələbi kredit müqavilələrinin təqdim olunmaması səbəbindən rədd edilmişdir. Hazırda həmin təminatlı kredit müqavilələrinin iddiaçı tərəfindən təqdim olunması iddianın əsasının dəyişməsi hesab oluna bilməz.

20. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni mübahisə predmeti və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməlidir.

21. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayətdə qərardadın ləğv olunması xahiş edilmişdir.

22. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 25 avqust tarixli 2-2(119)-66/2023 saylı qərardadı ilə iddiaçı nın şikayəti təmin edilməmiş, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim H.Alıyeva). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 25 sentyabr tarixli 2-2(105)-131/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 avqust tarixli 2-2(119)-66/2023 saylı və bununla bağlı 2023-cü il 25 avqust tarixli 2-2(119)-66/2023 saylı qərardadları dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – S.Qafari və G.Cabbarova).

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə (bax yuxarıda bu qə rarın 15-20-ci bəndləri) razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, nəticədə düzgün və əsaslı məhkəmə aktı qəbul edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.2, 357.1, 398.0.1, 400, 402.1, 402.2 və 402.2.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır.

26. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qəra rdadın ləğv olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

27. MPM-in 261.0.2-ci maddəsi pozulmuşdur- Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli 2(027)-367/2020 saylı qətnaməsi üzrə məhkəmə baxışının predmeti olmuş iddia hazırkı iddiadan predmeti və əsasına görə fərqlənir. Lakin buna baxmayaraq məhkəmə eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanıb, iş üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qətnaməsi ilə bankın iddiası kredit və təminat müqavilələri məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməmişdir. Əvvəlki icraat zamanı faktiki əsas olan kredit müqav iləsinə qiymət verilməmişdir. Belə ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə-iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində ək s olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir.

28. MPM-in 400-cü maddəsi pozulmuşdur-ilk dəfə İddiaçı ASC Cavabdeh1 və digərlərinə qa rşı 2019-cu ildə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəməyə müraciət olunan zaman Bank 2015-ci il 30 dekabr tarixli öhdəçilik müqaviləsini məhkəməyə təqdim etsə də, onun əsası olan kredit müqavilələrini məhkəməyə təqdim edə bilmədiyinə görə Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qətnaməsi ilə kredit müqavilələri təqdim olunmadığından iddia təmin olunmamışdır. Tərəfimizdən 2015-ci il xx.xx və xx.xx tarixli kredit müqavilələri aşkar edildikdən sonra yenidən 2021-ci ilin sentyabr ayında Quba rayon Məhkəməsinə müraciət olunmuşdur. Quba rayon Məhkəməsinin 2022-ci il 9 iyun tarixli qətnaməsi ilə bankın iddia tələbi iddia müddəti tətbiq olunaraq rədd edilmişdir. İşin ardıcıllığına baxanda görünür ki, hazırkı işə artıq birinci dəfə Sumqayıt Kommersiya Məhkəməsinin 2023 -cü il 8 fevral tarixli 2-2(119)66/2023 saylı qərardadı ilə MPM-nin 261.0.2-ci maddəsinə əsasən icraata xitam verilmiş və xitamın əsası da Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qətnaməsi olmuşdur. Bu qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmuşdur. Bu onu göstərir ki, hal-hazırki iş eyni əsaslarla ikinci dəfə xitam olunub. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh “X3.Azerbaijan” MMC 2023-cü il 7 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı iş üzrə iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi olduğuna görə Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 avqust tarixli e-2-2(119)-66/2023 nömrəli qər ardadı ilə iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-66/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Kassasiya baxışının hədləri

30. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: … 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə

398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbu l etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;...” “Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.” Kassassiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini qərardadın ləğvi üçün əsas he sab etmir.

34. «Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanı n vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).

35. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi üçün prosessual əsasların olmamasına dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, baxılan iş üzrə iddianın əsasını tərəflər arasında bağlanmış 2015-ci il xx.xx tarixli xnömrəli və 2015-ci il xx.xx tarixli y nömrəli kredit müqavilələri, predmetini isə həmin müqavilələrə əsasən borcun tutulması təşkil e dir. İddiaçının cavabdehlərə qarşı Quba rayon Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qətnaməsi ilə rədd edilmiş iddia tələbinin əsasını da eyni kredit müqavilələri, predmetini isə həmin müqavilələrə əsasən borcun tutulması təşkil etmiş, həmin iddia tələbi müqavilələrin təqdim edilməməsi səbəbindən rədd edilmişdir.

36. Hazırda iddiaçı eyni cavabdehlərə qarşı eyni mübahisə predmeti barəsində yenidən məhkəməyə müraciət etmiş, bu zaman iddia tələbinin əsası dəyişməmişdir. Kollegiya hesab edir ki, əvvəlki məhkəmə icraatı zamanı təqdim edilməsi mümkün olmayan kredit və təminat müqavilələri təqdim edilməklə yenidən iddianın qaldırılması, iddia tələbinin əsasının dəyişməsi kimi qiymətləndirilə bilməz.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.

38. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 25 sentyabr tarixli 2-2(105)-131/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar