Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-67/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi əsasında yaranmış borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil1, Cavabdeh MMC-nin vəkili Vəkil3 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi əsasında yaranmış borc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021 -ci il 6 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2019-cu il 15 yanvar tarixli, 012-OB/19 saylı icarə müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri, Xətai rayonu, 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti 2022-ci il 31 yanvar tarixinədək müəyyənləşdirilmişdir.
2. Müqaviləyə əsasən, 2019-cu il 31 yanvar tarixində tərəflər arasında qeyri-yaşayış icarə sahələrinin təhvil-təslim aktı imzalanmışdır. 3. 2020-ci il 17 fevral tarixli Ç20-005 nömrəli məktubun surətindən görünür ki, müqavilənin icarə müddətinin bitməsinə qədər icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin bütövlükdə Azərbaycan Notarial Palatasına sub-icarəyə verilməsinə iddiaçı tərəfindən razılıq verilmişdir.
4. İddaçının 2020-ci il 7 iyul tarixli 003/Ü saylı saylı əmri ilə karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq 2020-ci ilin iyul ayı üzrə güzəştli icarə haqlarının tətbiq edilməsi məqsədilə həmin aya görə təqdim edilən ofis sahələrinin hər 1 kv/metri üçün icarə haqqı 15 manat (ƏDV-siz) təyin edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 21 oktyabr tarixli 019 say lı məktubla ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı icarə haqqının aşağı endirilməsi xahiş edilmişdir. 6. 2020-ci il 1 dekabr tarixində cavabdeh tərəfindən göndərilmiş 20200112 nömrəli məktubla, icarə müqaviləsinə xitam verilməsi və ofis sahəsində olan inventarların çıxarılmasına şərait yaradılması xahiş edilmişdir.
7. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 21 yanvar tarixli, Ç21-004 nömrəli məhkəməqabağı pretenziya məktubu göndərilərək, borcunun ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12.175,92 manat 2020-ci ilin iyun, iyul, avqust, noyabr aylarının əsas icarə haqqının, 7.37 manat kommunal xərclərin, 6.184,24 manat pul öhdəliklərinin gecikdirilməsinə görə dəbbə pulunun, 1.200 manat vəkil xərclərinin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19.597,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 15 yanvar tarixli, 012-OB/19 saylı icarə müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən, cavabdeh icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanda yerləşən iddiaçıya məxsus binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m olan qeyri-yaşayış sahəsinin icarə müddəti Müqavilənin 4.1-ci bəndinə əsasən 2022-ci il 31 yanvar tarixinədək müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış icarə müqaviləsinə 2020-ci il 1 dekabr tarixdən xitam verilməsinə və ofis sahəsində olan inventarların çıxarılmasına şərait yaradılmasına dair 2020-ci il 1 dekabr tarixli 20200112 nömrəli məktubu və Müqavilənin 11.1-ci bəndini əsas tutaraq 2019-cu il 15 yanvar tarixli, 012-OB/19 saylı icarə müqaviləsinə 2020-ci il 1 dekabr tarixdən xitam verilmiş və cavabdehə bu barədə 2020-ci il 4 dekabr tarixli, Ç20-040 nömrəli məktub göndərilmişdir. Cavabdehə 2021-ci il 21 yanvar tarixli, Ç-21-004 nömrəli məhkəmə qabağı pretenziya göndərilərək, iddiaçıya olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəmə qabağı pretenziyanı almış olsa da, bu günə kimi borc ödənilməmişdir
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 14, 21.1, 21.2, 157.2, 373.2, 385.1, 386.1, 399.1, 399.4, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 700.1, 700.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 2, 7.5-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyun tarixli, e-2-2(113)-2000/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı-8.638,38 manat kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ülkər Həsənova).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri la zımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Tərəflər arasında bağlanmış 2019-cu il 15 yanvar tarixli müqavilə və həmin müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən iddiaçı Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, 2020-ci ilin iyun, iyul, avqust və noyabr ayları üçün icarə haqqını ödəməmişdir.
14. Bundan əlavə, cavabdehin 7,37 manat məbləğində ödənilməmiş kommunal xidmətlərə görə borcu da qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müq aviləsinin 5.7-ci bəndinə əsasən elektrik enerjisi, daxili su təchizatı və istilik xərcləri rəsmi dövlət tarifinə əsasən hesablanır və icarəçi üçün quraşdırılmış sayğaca əsasən icarəçi tərəfindən ödənilməlidir.
15. Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının fəaliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən Qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış 2020-ci il 15 yanvar tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) hallarının mövcudluğundan irəli gələn həmin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni 2020-ci il 23 iyun tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə, bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab etmişdir ki, cavabdeh 2020-ci il 21 iyun tarixindən 2020-ci il 5 avqust tarixinədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir.
16. Tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi nəzərə alınaraq, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğ undan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilmişdir.
17. Vəkilin göstərdiyi yardıma görə cavabdehdən 400 manat məbləğində pulun tutulması əsaslı hesab edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM 386.1, 398.1, 399.1, 442, 448.4, 462, 467, 557.1, 700, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 119.1, 121.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən (iddianın təmin olunmayan hissəsində) ləğv edilməsi və iddianın tam təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində onun qismən ləğv edilməsi və idd ianın qismən (3.230 manat hissəsində) təmin edilməsi, qalan hissədə təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-976/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, cavabdehdən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13,283,29 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Raqib Qurbanov və Aida Hüseyn).
21. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına MM-nin 427.3, 442, 448.1, 448.2 ıə 700.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək hesab etmişdir ki, icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
22. Bu mənada məhkəmə cavabdehin apellyasiya şikayətinin pandemiyada karantin rejiminin tətbiqi ilə əlaqədar icarə haqlarının ödənilməməli olmasına dair dəlilləri ilə razılaşmamışdır. Çünki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur.
23. İddiaçının apellyasiya şi kayətinin gecikdirilmiş günlər üçün 6.184,24 manat məbləğdə cərimə borcunun tam ödənilməsi barədə dəlil ilə bağlı məhkəmə, cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, Müqavilənin 9.2-ci bəndinə istinadən cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, 600 manat məbləğdə müəyyən edilməlidir. 24. 2021-ci il 17 sentyabr tarixdə apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 25. 2021-ci il 29 sentyabr tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən - icarə haqqının 3.230 manat məbləği hissəsində təmin edilməsi, qalan hi ssədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh icarə obyektini iddiaçının razılığı ilə sub-icarəyə vermişdir. İddiaçı icarə obyektinin sub-icarəyə verilməsinə razılıq göstərməklə bununla bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. Yəni “cavabdehin öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməməsi, onun fəaliyyətinin ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olması” faktı özlüyündə iddianın təmin edilməsi, cavabdehdən icarə haqqının tutulması üçün əsas deyil. Cavabdehin sub-icarə münasibətlərinin iddiaçı ilə bağladığı müqavilə ilə tənzimlənmir.
27. Tərəflər arasında ic arə müqaviləsi imzalanmış və həmin müqavilənin şərtlərinə əsasən fors-major hallar öz əksini tapmışdır. Hazırkı iş üzrə fors-major halların olması işin mübahisəsiz halıdır və məhkəmə fors-major halların olmadığını qətnaməsində qeyd etməmişdir. Məhkəmənin gəldiyi əsas yalnız ofisdən cavabdehin deyil, sub-icarəçinin istifadə etməsidir. Halbuki, iş materiallarından da görünür ki, sub-icarəçi Notariat Palatası da ofisdən istifadə edə bilməmiş, onun fəaliyyət növü qeyri-kommersiya təşkilatı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyəti qadağan olunmuş təşkilatlardandır. Digər tərəfdən ölkə ərazisində karantin rejimi tətbiq edilərkən həm icarəçinin, həm də sub-icarəçinin fəaliyyəti qadağan edildiyindən, icarə haqqı ödənilməməsi onlardan asılı olmayan fors- major hallara görə baş vermişdir.
28. İddiaçının tələb etdiyi 12.175.92 manat məbləğində icarə haqqının 4.540.64 manat məbləğində hissəsi əsaslıdır. Belə ki, ölkə ərazisində mövcud olan karantin rejimi ilə əlaqədar olaraq 4.540.64 manat məbləğində icarə haqqı ofisdən istifadə edilmiş günlərə (2020: 1 iyun-20 iyun, 1 noyabr-30 noyabr) görə hesablanmışdır. Lakin aprel may ayları üçün icarə haqqı ödənilməli olmadığı halda 1.310 manat məbləğində icarə haqqı ödənilmişdir. Həmin məbləği də 4.540 manat məbləğdən çıxdıqdan sonra yekun məbləğ 3.230 manat olacaq. Beləliklə, cavabdehin ödənilməmiş cəmi borcu 3.230 manat məbləğindədir.
29. İddiaçının tələb etdiyi qalan 8.945 manat məbləğində icarə haqqı ilə bağlı bildirilmişdir ki, həmin məbləğ bütün dünyada, dövlət rüsumunun ödənilməsi haqqında məlum at eləcə də ölkə ərazisində mövcud olan sərt karantin rejimi dövründə istifadə edilməmiş günlər üçün hesablanmışdır. Belə ki, aprel, may, 20 iyun-01 sentyabr aylarında Nazirlər Kabinetinin qərarlarına əsasən ölkədə bəzi fəaliyyət növləri istisna olmaqla bütün fəaliyyət növlərinə qadağa tətbiq edilmişdir. Cavabdehin və sub-icarə əsasında icarəyə verilmiş (iddiaçının 2020-ci il 17 fevral tarixli razılıq məktubu əsasında) hüquqi şəxs Azərbaycan Notariat Palatasının fəaliyyəti də qadağan olunmuşdur. Belə olan halda nə cavabdeh, nə də sub-icarəçinin icarə obyektindən istifadə etməsi qeyri-mümkün idi. Halbuki, tərəflər arasında imzalanmış müqavilənin 2-ci bəndinə əsasən icarə obyekti yalnız ofis yerləşdirilməsi məqsədləri üçün istifadə oluna bilər. Dövlət orqanı tərəfindən hər iki icarəçinin fəa liyyəti qadağan edildiyi üçün ofisdən istifadə edilməsi qeyri-mümkün olmuşdur. Ona görə də tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndinə və MMin 556, 557-ci maddələrinin tələblərinə əsasən fors-major hallar (karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin qərarları) nəticəsində istifadə edilməyən günlərə görə icarə haqqının ödənilməsi qanunsuzdur.
30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MMin 385, 386, 404.1, 404.2, 556.1, 557.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etm işdir.
33. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmədiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılacaqdır. III. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə ş əxsin razılaşması müqavilə sayılır.... “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
37. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən pandemiyada karantin rejiminin tətbiqi ilə əlaqədar icarə haqqının ödənilməli olmaması ilə bağlı (bax yuxarıda § 26-29) olmaqla, apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 21-26).
40. Cavabdehin kassasiya şikayətinin digər dəlili 2020-ci ilin aprel ayı üçün ödənilmiş1.310 manat məbləğində icarə haqqının hazırda iddia olunan məbləğdən çıxılmalı olması ilə əlaqədardır (bax yuxarıda § 28).
41. Kollegiya hesab edir ki, cavabdehin mübahisəsiz qaydada 2020-ci ili naprel ayı üçün ödədiyi icarə haqqının qaytarılması hazırki iddianın predmetini təşkil etmədiy indən, eləcə də bu barədə qarşılıqlı tələb olmadığından, həmin dəlil məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov