Məhkəmə qərarları › İş №2-2(102)-70/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-70/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-70/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı kommersiya işi üzrə QƏRARİ İş № 2-2(102)-70/2024 (Açar sözlər: kredit borcunun qaytarılması tələbi, kredit müqaviləsinin təqdim olunmaması, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası ilə bağlı kommersiya işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-846/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən, 18 sentyabr 2015-ci il tarixində Cavabdeh hesabına 15.000 manat kredit məbləği köçürülmüş və həmin kredit üzrə müəyyən ödənişlər edilmişdir.

2. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 04/k3407a saylı, 15 sentyabr 2015-ci il tarixli billdiriş ünvanlanaraq göstərilmişdir ki, “xx.xx.2015-ci il tarixində Sizin adınıza SKMF-in xətti ilə 15.000 (on beş min) manat məblə ğində vəsait daxil olmuşdur. Bu vəsait xx.xx.2015-ci il tarixində Sizin hesabınıza köçürülmüşdür. Vəsaitdən istifadə edə bilərsiniz”. Həmin məktubda “Bildirişin əslini aldım öz imzamla təsdiq edirəm. İmza Cavabdeh”.

3. İddiaçı ASC tərəfindən işin materiallarına mübahisəli kredit müqaviləsinin əsas şərtlərinin əks olunduğu, hər iki tərəfin imzası ilə təsdiq edilmiş Əlavəsi, eləcə də cavabdeh tərəfindən 2015-2019-cu illərdə kredit üzrə ödənişlərə dair qəbzlərin əslləri təqdim edilmişdir.

4. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə şifahi müraciətlər olunmasına və 18 iyun 2021-ci il tarixli **********98 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaç ı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.407,12 manat olmaqla, cəmi 13.726,55 manatın və iş üzrə ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat xərcin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqavil əsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 6% hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməmiş və Banka tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması saytından (pk.cbar.az) əldə olunmuş məlumata əsasən, cavabdehə 15.000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu (10.319,15 manat) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına daxil edilib.

7. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmiş, eyni zamanda iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi, eyni zamanda cavabdehin qeyd edilən pul vəsaitini götürməsini təsdiq edən sənədlər mövcud deyil. İddiaçı yalnız hesabdan çıxarış və 2016-cı il ərzində edilən ödəniş qəbzləri təqdim etməklə kifayətlənmişdir. Kredit müqaviləsinin olmaması qeyri-müəyyənlik yaratmaqla, pul vəsaitinin nə qədər olması, hansı müddətə götürülməsi, hansı şərtlərlə qaytarılması, faizlərin miqdarı, dərəcəsi və tərəflər arasında razılaşdırılmış digər məsələlərin müəyyən edilməsində çətinlik yaradır.

8. Bakı Kommersiya Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2-2(113)-700/2022 nömrəli 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia rədd olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 15.000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır. İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, məhkəməyə yalnız hesabdan çıxarış təqdim etmiş, istinad etdiy i 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsini və 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderi təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı tələbində kredit müqaviləsinə əsasən cavabdehə 2015-ci il 18 sentyabr tarixində 36 ay müddətinə illik 6% ilə 15.000 manat məbləğində kredit verilməsini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibətdə isə qeyd etmişdir ki, iddia müddəti təqbiq etmək üçün kredit müqaviləsinin bağlandığı tarix və qüvvədə olma müddəti bəlli olmalıdır. Hazırkı işdə isə sözügedən müddətləri əks etdirən mötəbər sübut olan müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir.

11. Beləliklə, iddiaçı tərəfindən tələbin əsasını təşkil edən hallar (kredit müqaviləsi və kassa məxaric orderi təqdim edilməyib) sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 405.1, 406.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəf indən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 405.1 və 406.3-cü maddələrinə istinad edilmişdir. Lakin məhkəmə tərəfindən nərəzə alınmamışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.2015-ci il tarixli, ******************** nömrəli kredit müqaviləsini məhkəməyə təqdim edə bilməsə də, işin hallarından məlum olur ki, həqiqətən də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-xx.xx.2019-cu il tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Yuxarıda qeyd edilən Cavabdeh bank hesabı çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə onun hesabına 15.000 manat bank tərəfindən kredit verilib. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər etmişdir (qəbzlər iş materiallarında möcuddur). Bundan başqa Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması saytından (pk.cbar.az) əldə olunmuş məlumata əsasən Cavabdeh 15.000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu (10.319,15 manat) Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına daxil edilib. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və əsaslı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2015-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 75 manat, xx.xx.2015-ci il tarixli qəbzlərə əsasən 40 manat və 75 manat, xx.xx.2016-cı il tarixli qəbzlərə əsasən 125 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 125 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 125 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 75 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 250 manat, xx.xx.20 16-cı il tarixli qəbzə əsasən 250 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 250 manat, xx.xx.2016-cı il tarixli qəbzlərə əsasən 200 manat, xx.xx.2016- cı il tarixli qəbzə əsasən 250 manat, xx.xx.2016cı il tarixli qəbzə əsasən 250 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 225 manat, 18 yanvar 2017-ci il tarixli qəbzə əsasən 200 manat, 16 fevral 2017-ci il tarixli qəbzə əsasən 250 manat, 03 aprel 2017-ci il tarixli qəbzə əsasən 250 manat,13 aprel 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 15 may 2017-ci il tarixli qəbzə əsasən 400 manat, 08 iyun 2017-ci il tarixli qəbzə əsasən 300 manat, 19 iyul 2017-ci il tarixli qəbzə əsasən 300 manat, 2 1 avqust 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 03 oktyabr 2017-ci il tarixli qəbzə əsasən 250 manat, 18 oktyabr 2017-ci il tarixli qəbzə əsasən 350 manat, 17 noyabr 2017-ci il tarixli qəbzə əsasən X4 tərəfindən 400 manat, 20 dekabr 2017-ci il tarixli qəbzə əsasən Zaur Əliyev tərəfindən 150 manat, 15 fevral 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 250 manat, 19 mart 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 150 manat, 27 aprel 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 150 manat, 22 may 2018-ci il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən 100 manat, xx.xx.2019-cu il tarixli qəbzə əsasən 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-ci il tarixədək olan dövr üzrə müvafiq ödənişlər edilmiş, son olaraq xx.xx.2019cu il tarixdə 50 manat məbləğində ödəniş həyata keçirilmişdir. Maliyyə arayışından görünü r ki, Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsas borc məbləğindən 4.680,44 manat, faiz borcundan 1.994,56 manat olmaqla, ümumilikdə 6.675 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan əlavə ödəniş qəbzlərindən görünür ki, ödənişlərin böyük hissəsi cavabdehin özü tərəfindən həyata keçirilmiş, ayrı-ayrı vaxtlarda digər şəxslər tərəfindən də ödənişlər edilərək, ödəniş qəbzləri sözügedən şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş olan, yəni xx.xx.2019-cu il tarixli qəbzlə borcu etiraf etməsini göstərən hərəkətlər etməsi səbəbindən iddia müddətinin axımı kəsilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2-2(103)-607/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli q ətnaməsi ilə (hakimlər Raqub Qurbanov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri 15.000 manat pulun cavabdehə verilməsi halını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il ta rixli ******************** nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir. Həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz.

17. Kredit müqaviləsinin bağlanılması və cavabdehə 15.000 manat məbləğində borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. İddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil.

18. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372, 375, 377, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

20. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da görünür ki, 2015-ci il 18 sentyabr tarixində Bank tərəfindən cavabdehin hesabına 15.000 manat m əbləğində köçürülmşüdür. Həmçinin hesabdan çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir. Bundan başqa, cavabdehin nümayəndəsi qeyd edilən ödənişlərin cavabdeh tərəfindən edilmədiyini və kredit məbləğinin götürülmədiyini bildirsə də, cavabdehin özü heç bir məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin cavabdehin qardaşı X2 fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialında filial müdiri vəzifəsində işləmiş, Bank ləğv prosesinə keçdikdən sonra Bankın İcra Şöbəsinə baş mütəxəssis vəzifəsinə keçmiş, 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən Bankın İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmişdir. Bu hallar məhkəmə prosesində bildirilsə də, qətnamədə işin bu halına heç bir münasibət bildirilməmişdir. Kredit müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 2015-ci il 30 yanvar tarixindən 2019-cu il 27 fevral tarixinədək olan dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, həmin ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bi r məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımi səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Apellyasiya instansiya məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddianı rədd etmiş, iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmiş, qeyd olunan məlumatlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmamış və bu hissədə məhkəmə qətnaməsində heç bir hüquqi münasibət bildirilməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 22(102)-702/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Bəhram Məmmədli (məruzəçi), Bəhman Qəribov və İlqar Dadaşov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

23. Kassasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya m əhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, qətnaməsində iddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminə iş hələ birinci instansiya məhkəməsində olarkən - 2022-ci il 5 yanvar tarixində yüklənmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata ümumiyyətlə istinad etməmiş, o cümlədən həmin portalın fəaliyyətinə məsul olan müvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilib-edilməməsini aydınlaşdırmamışdır. Halbuki, iddia ərizəsində, habelə apellyasiya şikayətində bununla bağlı konkret dəlillər irəli sürülümüşdür. Həmin elektron dövlət portalı məlumatından aydın şəkildə görünür ki, cavabdehə verilmiş kredit üzrə restrukturizasiya olunmalı məbləğ 1 0.319,56 manat göstərilmişdir. Hazırkı iş üzrə verilmiş iddia ərizəsində də məhz həmin məbləğ mübahisə predmeti olan kredit üzrə əsas borc kimi göstərilmişdir. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyrimümkündür. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-138/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mirzə Tağızadə (sədrlik edən və məruzəçi), Səadət Bektaşi və Kamran Əkbərov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, kassasiya məhkəməsinin göstərişləri ilə əlaəqdar qeyd etmişdir ki, məhkə mənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 2023-cü il 27 iyul tarixli, 6-1-16/2-410/2023 saylı məktubla bildirilmişdir ki, “... Mərkəzi Bankda kredit təşkilatları ilə onların müştəriləri arasında bağlanmış kredit müqavilələri toplanılmır. Həmçinin, qeyd olunur ki, yuxarıda qeyd edilən sənədlərin ısilləri kredit təşkilatlarında saxlanıldığından həmin sənədlərlə bağlı məlumatların sorğu edilməsi üçün müvafiq kredit təşkilatlarına müraciət oluna bilər.” Göründüyü kimi, Mərkəzi Bank da kredit müqaviləsinin əslinin iddiaçı kredit təşkilatında saxlandığını bildirmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

26. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18 sentyabr 2015-ci il tarixli, ******************** nömrəli kredit müqaviləsinin arxivdən tapılmasında çətinlik yarandığına görə Bank tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Qeyd olunan kredit müqaviləsi imzalanarkən həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filailının müdiri Cavabdeh qardaşı Ümüd Ümüdov olmuşdur. Belə ki, əlavə olunan sənədlərdən də görünür ki, X1 15.000 manat kredit məbləği ayrılmış və bu barədə bildirişə Cavabdeh tərəfindən imza edilmişdir. Lakin bu gün məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmin kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaranır. Həmçinin, 2015-ci il 18 sen tyabr tarixində İddiaçı ASC-nin İnam filialı ilə həm Cavabdeh, həm də qardaşı Ümüd Ümüdova eyni təyinat üzrə X3 vasitəsilə hər birinə ayrılıqda 15.000 manat məbləğində kredit ayrılmışdır. Hazırda nə Cavabdeh verilən kredit müqaviləsinə dair sənədlərin, nə də qardaşı Ümüd Ümüdova verilən kredit müqaviləsinə dair sənədlərin arxivdə tapılmasında çətinlik yaranmaqdadır. İşin qeyd olunan halları apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmalı və həmin hissənin araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 22(102)-330/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Kəmalə Abiyeva (məruzəçi), Elşanə Vəliyeva və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin e dilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Kassasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, idiaçının kassasiya şikayətinin dəlillərində göstərilmişdir ki, cavabdeh, sözügedən kredit müqaviləsi imzalanarkən Bankın həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filialının müdiri Cavabdeh qardaşı olmuşdur. Məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmin kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaransa da, həmin kredit müqaviləsinin əlavəsi və X3 vasitəsilə pulun ayrılmasına dair bildiriş apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

30. Kollegiya bu dəlillərə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi (i.v 126, 178) Bank tərəfindən cavabdehə 04/k3407a saylı, 2015-ci il 15 sentyabr tarixli billdiriş ünvanlanaraq göstərilmişdir ki, “xx.xx.2015-ci il tarixində Sizin adınıza SKMF-in xətti ilə 15.000 (on beş min) manat məbləğində vəsait daxil olmuşdur. Bu vəsait xx.xx.2015-ci il tarixində Sizin hesabınıza köçürülmüşdür. Vəsaitdən istifadə edə bilərsiniz”. Həmin məktubda “Bildirişin əslini aldım öz imzamla təsdiq edirəm. İmza Cavabdeh”.

31. Bundan əlavə, iddiaçı tərəfindən iş materiallarına mübahisəli kredit müqaviləsinin əsas şərtlərinin əks olunduğu, hər iki tərəfin imzası ilə təsdiq edilmiş əlavəsi, eləcə də cavabdeh tərəfindən 2015-2019-cu illərdə kredit üzrə ödənişlərə dair qəbzlərin əslləri təqdim edilmişdir (i.v 127, 180). Lakin işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən əvvəlki kassasiya baxışı zamanı Ali Məhkəmənin müvafiq qərarında ifadə olunan hüquqi mövqelər də nəzərə alınmaqla, qeyd olunan sənədlərin MPM-in 372.2-ci maddəsinin tələbi baxımından sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməmiş, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.

32. Həmçinin, yeni apellyasiya baxışı zamanı məhkəmə cavabdehin heç bir kredit münasibətlərində olmadığı banka ödənişlər aparmasının səbəblərinə də aydınlıq gətirməmiş, etiraz etdiyi hallara münasibətdə sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh kassasiya şikayətinə dair yazılı etirazında da iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə istinad etsə də, tərəfindən həmin ödənişlərin aparılmasının məntiqli izahını verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kolle giyasının 2-2(103)-846/2023 nömrəli, 06 okatyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kreditin qaytarılmasının qət edilməsi üçün əvvəlcə kreditin verildiyi müəyyən olunmalıdır. Ona görə də Mülki Məcəllənin 739.1-ci maddəsinin göstərişinə əsasən birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

35. Sonradan iddiaçı məhkəməyə “bildiriş” adlı sənəd (iş v. 126, 178) və “kredit müqaviləsinə əlavə” adlı sənəd (iş v. 127, 180) təqdim etmişdir ki, həmin sənədlər işə bir dəfə apellyasiya qayadasında baxıldıqdan sonra – kassasiya şi kayəti verilərkən təqdim edilmişdir. Belə ki, işə bundan əvvəl iki dəfə apellyasiya qaydasında baxılmışdır, hazırkı apellyasiya baxışı üçüncü baxışıdır. MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin özündən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Ona görə də həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

36. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verilərək, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-xx.xx.2019-cu il tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, xx.xx. 2019-cu il tarixdə edilən ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımi səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Apellyasiya məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddianı rədd etmiş, bununla da iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. 38. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin arxivdən tapılmasında çətinlik yarandığına görə Bank tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Qeyd olunan kredit müqaviləsi imzalanarkən həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filailının müdiri cavabdehin qardaşı Ümüd Ümüdov olmuşdur. Belə ki, əlavə olunan sənədlərdən də görünür ki, X1 15.000 manat kredit məbləği ayrılmış və bu barədə bildirişə cavabdeh tərəfindən imza edilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə Bankın İnam filialı ilə həm cavabdeh, həm də qardaşı Ümüd Ümüdova eyni təyinat üzrə X3 vasitəsilə hər birinə ayrılıqda 15.000 manat məbləğində kredit ayrılmışdır. Hazırda həm cavabdehə verilən, həm də qardaşı Ümüd Ümüdova verilən kredit müqaviləsinə dair sənədlərin arxivdə tapılmasında çətinlik yaranmaqdadır. İşin qeyd olunan halları məhkəmə tərəfindən nəzərə alınmalı və həmin hissənin araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:

39. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, kassasiya şikayətində qeyd olunan dəlillər, maddi və prosessual hüquq normalarının pozuntusuna dair mövqeyi əsaslı deyil. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15.000 manat pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqaviləni, o cümlədən 15.000 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmə li idi. Lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə istinad edilməmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir.

40. Digər tərəfdən, hazırkı işlə oxşar münasibətləri təşkil edən mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq 2-2(102)- 575/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarla birmənalı aydınlıq gətirmişdir. Odur ki, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 399.1 müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

43. Maddə 405.2 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqav ilə bağlanmış sayılır.

44. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklind ə borc verənə qaytarmağı öhdəsinə götürür.

48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununu.

49. Maddə 39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.

50. Maddə 39.2. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanı lmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

62. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

63. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etməklə bütövlüklə mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan əvvəl kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi tərəfindən icra olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində iddiaçı apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkə məsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hal larını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-846/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar