Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-76/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, Kredit müqaviləsi, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-293/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 2021-ci il 14 oktyabr tarixində kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1nə Bank tərəfindən illik 15 faizlə 36 ay müddətinə 100.000 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən 2022-ci il 14 noyabr tarixinədək borclu tərəfindən hər ay 1.250 manat, növbəti aylarda hər ay 4.848,66 manat olmaqla 2024-cü il 14 oktyabr tarixinədək 31.367,97 manat faiz ödənilməli idi. 2. 2021-ci il 14 oktyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icras ını təmin еtmək məqsədilə bankla Cavabdeh2 arasında 2021-ci il 14 oktyabr tarixli Z/09877/21 nömrəli, bankla Cavabdeh3 arasında 2021-ci il 14 oktyabr tarixli Z/09876/21 nömrəli zaminlik müqavilələri imzalanmışdır. 3. 2023-cü il 20 iyul tarixli maliyyə arayışına əsasən Cavabdeh1nə əsas borc üzrə 85.260,86 manat, faiz borcu üzrə 4.463,4 manat, cərimə borcu üzrə 714,73 manat hesablanmışdır.
4. Müqavilələr, 01 saylı Əlavə tərəflərin imzası və şirkətin möhürü ilə təsdiq olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2023-cü il 28 sentyabr tarixində cavabdehlər Cavabdeh1nə (bundan sonra – “MMC”), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada id diaçının xeyrinə 2021-ci il 14 oktyabr tarixli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) üzrə 85.260,86 manat əsas borc, 4.463.4 manat faiz borcu və 178,68 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 89.902,94 manat borcun və 400 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin halların (bax §§ 1-2) istinadən onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
7. Cavabdeh məhkəməyə şifahi qaydada vəsatət ünvanlayaraq bank tərəfindən kredit müqaviləsi üzrə hesablanmış borc məbləğinin düzgün hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 dekabr tari xli, e-2-2(113)-5199/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, həqiqətən də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Məhkəmə əsas və faiz borcu ilə bağlı qeyd etmişdir ki, iddia kredit müqaviləsi üzrə borcun tələb edilməsi hissəsində əsaslıdır və kredit müqaviləsi üzrə 85.260,86 manat əsas borc, 4.463,4 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
11. Bundan başqa məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin 85.260,86 manat məbləğində əsas borcuna münasibətdə 178,68 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
12. Həmçinin məhkəmə vurğulamışdır ki, cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsə də, bunu yazılı qaydada əsaslandırmamış, bank tərəfindən hesablanmış olan məbləğin nəyə görə və hansı hissədə səhv hesablanmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”), 470.1, 472.1, 472.2, 462.1, 739.1, 741-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 4 iyul tarixli, 9/4116 nömrə li ekspert rəyinə əsasən, MMC-nin kredit müqaviləsinin şərtləri üzrə 2023-cü il 21 iyun tarixinə banka olan borcu 85.265,84 manat əsas borc, 2.971,21 manat faiz borcu olmaqla ümumilikdə 88.237,05 manat müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-293/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək, cavabdehlərdən iddiaçının xeyrinə 2.971,21 manat faiz borcu tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov, Z.Şirinov).
17. Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər in 2023-cü il 21 iyun tarixinə banka olan əsas borcunun məbləğini düzgün müəyyən etdiyindən həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur; mübahisələndirilən qətnamə faiz borcu ilə bağlı hissədə dəyişdirilməlidir. Həmçinin məhkəmə tərəfindən müqavilə şərtlərinə əsasən tutulmuş 178 manat cərimə borcu əsas borca mütənasib olduğundan bu hissədə iddianın rədd edilməsi üçün qanuni əsas yoxdur.
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 462.1, 470.1, 472.1, 472.2, 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 740.4-cü m addəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi məhkəmə ekspertizasında əsas borcun və faizlərin hesablanmasına münasibətdə gəldiyi nəticədə əsaslandırılmış mövqe nümayiş etdirməmiş, sadəcə birinci instansiya məhkəməsinin qənaəti ilə razı olduğunu bildirməklə buna əsaslandırılmış hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdeh MMC-nin dəlillərinə tam münasibət bildirməmiş, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. 21. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 12 və 13-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilən dəlillərin hamısına deyil, iddiaçının xeyrinə əsaslandıra bildiyi hissədə hüquqi qiymət vermişdir.
22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 88 və 384.0.5-ci maddələrinin tələblərinin pozulduğunu bildirmiş və “Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 25657/94 (§282) nömrəli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 1993-cü il 19 aprel tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” 2008-ci il 6 mart tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini xahiş etsə də, hazırkı icraat çərçivəsində həmin məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə və kassasiya şikayətinin dəlillərinə uyğun olaraq yalnı z iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədi yi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür...” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kre ditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya in stansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız və formal xarakterli hesab edir.
29. Kassator apellyasiya instansiyası məhkəməsinin məhkəmə ekspertizasında əsas borcun və faizlərin hesablan masına münasibətdə gəldiyi nəticədə əsaslandırılmış mövqe nümayiş etdirmədiyini, sadəcə birinci instansiya məhkəməsinin qənaəti ilə razı olduğunu bildirməklə buna əsaslandırılmış hüquqi qiymət vermədiyini, cavabdehin dəlillərinə tam münasibət bildirmədiyini, apellyasiya şikayətinə iddiaçının xeyrinə əsaslandıra bildiyi hissədə hüquqi qiymət verdiyini qeyd etsə də, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, məhkəmə tərəfindən cavabdehin konkret olaraq hansı dəlillərinin cavablandırılmadığını göstərə bilməmiş, o cümlədən ekspert rəyi əsasında borcun məbləğini müəyyən edərkən məhkəmənin konkret olaraq hansı hüquq pozuntularına və hesab səhvlərinə yol verdiyini, eləcə də cavabdehin məhz hansı ödənişlərinin nəzərə alınmadığını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
30. Digər tərəfdə n, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhz cavabdehin vəsatətini təmin edərək iş üzrə ekspertiza təyin etmiş və həmin ekspertizanın rəyini nəzərə alaraq cavabdehdən tutulmalı olan faiz borcunun azaldılmasını qət etmişdir.
31. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 27) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 27) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
32. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-293/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 22(103)-293/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.