Məhkəmə qərarları › İş №2-2(102)-783/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-783/2025

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-783/2025 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ilə Cavabdeh tərəfindən 2022-ci il ## ###### tarixində imzalanan yazılı qəbzdə qeyd olunmuşdur ki, Cavabdeh 2020-ci ilin may ayında 10 000 ABŞ dolları dəyərində pulu İddiaçı götürüb Binance birjasındakı hesabına dollar şəklində, həmin ilin avqustunda isə 10 000 ABŞ dolları isə bitcoin olaraq yatırıb. 2022-ci il ## ###### tarixinə borc 10 000 ABŞ dolları və bir bitcoindir. Hesabdakı uğursuz əməliyyatlara görə bitcoini 10 000 ABŞ dollara aldığına görə ilk öncə 20 000 ABŞ dolları 30 avqusta qədər bağlayaq. 1 bitcoin isə bugünkü kursu 35 000 ABŞ dolları ilə hesablanır və 2023cü il ## ###### tarixinə qədər ana məbləğdəki 10 000 ABŞ dollarını çıxmaq şərti ilə 25 000 ABŞ dolları ödəyəcək. Ilkin ödəyəcəyi 20 000 ABŞ dollarının qrafiki: 1. Binance birja hesabı - 2022-ci il ## ###### 10 000 ABŞ dolları; 2. 2022 yanvar – 500 ABŞ dollar; 3. 2022 fevral – 1 500 ABŞ dollar; 4. 2022 mart – 2 000 ABŞ dollar; 5. 2022 aprel -2000 ABŞ dollar; 6. 2022 may – 2 000 ABŞ dollar; 7. 2022 iyun – 1 000 ABŞ dollar; 8. 2022 iyul – 500 ABŞ dollar; 9. 2022 avqust – 500 ABŞ dolları.

2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Yasamal Rayon Polis Idarəsinin Istintaq şöbəsinin 2024-cü il # ###### tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, İddiaçı özgənin külli miqdarda əmlakını əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edərək 2022-ci ildən 2023-cü il tarixinədək olan müddət ərzində tanıdığı Cavabdeh onun yaşadığı ünvanda olduğu zaman mobil telefonla zəng edərək ondan 45 000 ABŞ dolları pulu tələb etmiş, Cavabdeh pulu verməyəcəyi halda onu və ailə üzvlərini öldürəcəyini, azyaşlı oğlunu oğurlatdıracağını bildirməklə hədələmişdir. Odur ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

3. İddiaçı tərəfindən təqdim edilmiş mesajlaşlaşmaların surətindən görünür ki, Cavabdeh İddiaçı birja hesabında 10 000 dollar dəyərində 1 ədəd bitcoin aldığını təsdiqləmişdir.

4. İddiaçı tərəfindən təqdim edilmiş fləş kartdakı audio səs yazılarına əsasən Cavabdeh İddiaçı hesabında əməliyyat apararaq 2 ədəd bitkoin alındığını təsdiq etmişdir.

5. Iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus birja hesabından çıxarışlardan görünür ki, onun birja hesabına 2020-ci il ## ### tarixində 10 000 ABŞ dolları, 2020-ci il ## ###### tarixində 6 220 ABŞ dolları, 2020-ci il ## ###### tarixində 700 ABŞ dolları, 2020-ci il ## #### tarixində isə 1 700 ABŞ dolları məbləğində pul məxaric edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) 45 000 ABŞ dolları (məhkəmə qətnaməsinin icra anına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğunlaşdırılmaqla) məbləğində borc pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi tərəflər arasında imzalanmış yazılı sənədə istinadla belə əsaslandırılmışdır ki, ümumilikdə cavabdeh 45 000 ABŞ dolları məbləğində pul borcludur. Bu vaxta qədər göstərilən vəsaitin yalnız 1 500 ABŞ dolları cavabdeh tərəfindən ödənilib.

8. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında dostluq münasibəti olub. Onlar bitkoin alıb və ondan gəlir götürmək məqsədi güdüblər. Əvvəlcə onlar 2020-ci ilin may ayında belə bir işlə məşğul olmaq qərarına gəliblər. Həmin koinin pulunu isə iddiaçı ödəyib. O, iddiaçıya əvvəlcə bildirib ki, düzdür bu sahə gəlirli sahə olsa da, amma müəyyən qədər azalmalar müşahidə oluna bilər. Bu təbii bir hadisədir. Sonra 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində koinin qiyməti kəskin azaldı. Bu barədə iddiaçı ona zəng etdi. O da dedi ki, hələ narahat olmasın artmaq ehtimalı ola bilər. Çünki belə ehtimal edirdi. 2022-ci ilin yanvar ayında onlar həmin müqaviləni, yəni müqavilə demək olmaz, kağızı onun razılığı olmadan imzaladılar. O, iddiaçının heç bir koininə toxunmayıb. Əgər həmin hesabdan pul çıxartsa idi, bundan iddiaçının xəbəri olardı. Çünki hesabdan pul çıxarılanda ona SMS bildiriş gəlir. O, iddiaçıya məxsus hesab üzərindən ancaq müəyyən əməliyyatlar aparıb, həmin əməliyyatlar da koin üzərindən qiymətin artırılması məqsədilə edilib. Qeyd olunanlara əsasən iddia tələbini qəbul etməyən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim – E.Hüseynova).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn işgüzar münasibətlər yaranmışdır. Iddiaçı cavabdehə pulu borc şəklində deyil, 2020-ci ilin may ayında qazanc məqsədilə vermiş, cavabdeh iddiaçının da iştirakı ilə həmin pula 2 ədəd bitkoin almaqla qazanc əldə etmək üçün birjaya yatırmışdır. Bundan sonra 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində bitcoinin qiyməti kəskin azalmış, bu barədə iddiaçı cavabdehə zəng etmiş, cavabdeh isə bitkoinin qiymətinin artmaq ehtimalı da olduğunu bildirmişdir. Bundan sonra cavabdeh bir neçə dəfə bitkoinlərin qiymətini bərpa etməyə çalışsa da, buna nail ola bilməmişdir.

11. Iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izləmiş və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olmuşdur. Iddiaçının istənilən vaxt öz hesabına müdaxilə etmək imkanı olmuş və hesabın idarəsini başqa şəxsə həvalə etmək səlahiyyəti olmuşdur.

12. Ölkədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, yəni 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində internet xidmətlərindən istifadənin məhdudlaşdırılması nəticəsində cavabdeh öz üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəblərə görə icra edə bilməmiş və nəticədə iddiaçıya məxsus hesabda olan bitkoinlərin dəyərində kəskin azalma olmuşdur. Bu faktı iddiaçı tərəf mübahisələndirir və qəbul etmir. Halbuki həmin hesabın parolu iddiaçıda olmuş, o hər gün həmin hesabı izləmiş və baş verən qiymət dəyişikliklərindən məlumatlı olmuşdur. Iddiaçı həmin vaxt öz hesabının idarəçiliyini başqa bir mütəxəssisə həvalə edə bilərdi və bitkoinin stabil qalması üçün lazımı tədbirlər görə bilərdi. Lakin o bu istiqamətdə heç bir tədbir görməmişdir. Tərəflərin izahatlarından da müəyyən edilmişdir ki, cavabdeh bitkoin alqısatqısının

13. riskli gəlir sahəsi olduğunu iddiaçıya izah etmiş, o da bununla razlaşmışdır. Eyni zamanda tərəflər hesabdakı bitkoinlərin qiymətinin artacağı halda əldə olunacaq gəlirdən cavabdehə xidmət haqqı veriləcəyi, həmçinin qiymət enmələrinə görə cavabdehin məsuliyyət daşımayacağı barədə razılığa gəlmişlər.

14. Məhkəmə tərəflərin imzaladığı yazılı razılaşmaya münasibətdə qeyd etmişdir ki, həmin razılaşmada yazılanlar onların arasındakı münasibətin reallığını əks etdirmir. Bu hal iddianın mübahisələndirilən hissəsidir. Belə ki, tərəflərin məhkəmə iclaslarında və istintaq orqanında verdiyi izahatlarına əsasən iddiaçı cavabdehi arvadına məxsus ofisə çağırmış, orada onu ailə üzvlərinin həyatı ilə hədələyərək pulu qaytarmasını tələb etmişdir. Cavabdeh isə qorxduğundan və çətin vəziyyətdən çıxmaq üçün onun dedikləri ilə razılaşmış və borcunu qaytaracağı barədə razılaşmanı imzalamışdır. Göründüyü kimi iddiaçı cavabdehi razılaşmanı imzalamağa məcbur etmişdir.

15. Məhkəmə vurğulamışdır ki, tərəflər bitkoin alqı-satqısı ilə gəlir əldə etmək üçün tapşırıq müqaviləsindən irəli gələn şifahi razılaşma bağlayarkən iddiaçının hesabında olan bitkoinin dəyərinin düşəcəyi halda onun qiymətinin və həmçinin aylar üzrə dəyişən (artan) qiymətinin də cavabdeh tərəfindən iddiaçıya qaytarılacağı barədə onların razılaşmaları olmamışdır. Bu şərt heç bir yazılı sənəddə, yaxud şifahi razılaşmada qeyd olunmamışdır. 2022-ci il ## ###### tarixində imzalanan yazılı razılaşmada qeyd olunan borc məbləği, eləcə də aylar üzrə bitkoinin artan dəyəri iddiaçının təzyiqi ilə yazılmış və cavabdehin həqiqi iradə ifadəsini əks etdirmir. Cavabdeh məhkəmədə verdiyi izahatda da həmin razılaşmanı müqavilə hesab etmədiyini və orada yazılanların reallığı göstərmədiyini bildirmişdir. Bu səbəbdən həmin yazılı razılaşma cavabdehin iradə ifadəsini əks etdirmədiyindən etibarsız hesab edilməlidir.

16. Hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən pulun iddiaçı tərəfindən cavabdehə verilməsini və həmin məbləğin cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus hesabdan silinməsinin sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəf iddia etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, tərəflərin də qeyd etdiyi kimi iddiaçıya məxsus hesaba pulun mədaxil və məxaric edilməsi onun elektron poçt ünvanına təhlükəsizlik kodu gəldikdən və həmin kodun onun tərəfindən təsdiqlənməsindən sonra mümkün olmuşdur. Göründüyü kimi iddiaçının razılığı olmadan onun hesabından pul məxaric etmək mümkün olmamışdır.

17. Habelə iddiaçı tərəfin iddia etdiyi kimi bitkoinin dəyərinin aşağı enməsinin məhz cavabdeh tərəfindən düzgün edilməyən əməliyyat nəticəsində baş verdiyi də öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçıya məxsus birja hesabında edilən əməliyyatlar və bu əməliyyatlar nəticəsində bitkoinin dəyərinin düşməsi riskinin olması barədə onun məlumatı olmuş və qarşısını almaq üçün də heç bir tədbir görməmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 10.1, 10.2, 14.1, 324.1, 324.4, 329.2, 329.3, 337.1, 339.4, 339.5, 351.1, 386.1, 386.4, 389.1, 403-1.1, 403-1.2, 404.1, 404.2, 422.1, 422.2.2, 777.1, 777.2, 779.1, 779.2-ci, “Əmtəə birjası haqqında” Qanunun 6-cı, “Elektron ticarət haqqında” Qanunun 7.1-7.4, 11.1-ci maddələrinə, Mərkəzi Bankın **/* nömrəli, 2021ci il ## ###### tarixli “Marja ticarəti Qaydası”nın 1.1, 1.2 və 7.5-ci bəndlərinə, “Marja ticarəti Qaydası”na * saylı Əlavəyə, Mərkəzi Bankın **/* nömrəli, 2016-cı il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”nın 4.1, 4.2, 4.3.1.6, 7.1 və 8-ci bəndlərinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il # ########, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il # ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ə.Kərimov (sədrlik edən və məruzəçi), V.Musayev və Z.Sadiqov).

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflərin birgə fəaliyyətlə bağlı hər hansı qərar qəbul etməmələri ilə bağlı dəlillərini əsassız saymaqla vurğulamışdır ki, iddiaçı və cavabdeh tərəf bitkoin alqı-satqısı vasitəsilə gəlir əldə etmək məqsədilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə girdiklərini qəbul edirlər. Bu fakt iddianın mübahisələndirilməyən hissəsidir. Iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izləmiş və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olmuşdur. Iddiaçı istənilən vaxt öz hesabına müdaxilə etmək imkanı olmuş və hesabın idarəsini başqa şəxsə həvalə etmək səlahiyyəti olmuşdur.

22. Cavabdeh məhz iddiaçının tapşırığına, yəni ondan alınmış razılıq əsasında əməliyyatlar yerinə yetirmişdir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti isə, vəkalət alanın tapşırığın icrası zamanı nəticə əldə etməsə belə, müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılmasıdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında 2022-ci il ## ###### tarixində yazılı razılaşmanın imzalanması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən tərəflərin iradə ifadəsi əqdin bağlanılmasının zəruri şərtidir. Yəni etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Hazırkı işdən isə görünür ki, cavabdeh tərəfin belə bir iradə ifadəsi olmamışdır. Belə ki, həm cavabdehin, həm də Rəvan adlı şəxsin izahatlarına əsasən cavabdeh birjada müəyyən əməliyyatlar aparan zaman üçüncü şəxslə məsləhətləşmişdir.

24. Lakin bu hal əməliyyatların aparılmasının birbaşa üçüncü şəxsə həvalə edilməsi anlamına gələ bilməz. Iş materialları ilə cavabdehin bəzi əməliyyatlarda üçüncü şəxsdən yalnız texniki dəstək aldığı müəyyən edilir. Ona görə də həmin dəlillər də əsassızdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının birjada olan hesabından iddiaçıya məxsus olan pulun məhz cavabdeh tərəfindən çıxarılması ilə bağlı dəlillərinə münasibətdə vurğulamışdır ki, iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izləmiş və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olmuşdur. Iddiaçı istənilən vaxt öz hesabına müdaxilə etmək imkanı olmuş və hesabın idarəsini başqa şəxsə həvalə etmək səlahiyyəti olmuşdur. Bundan başqa iddiaçı tərəfin ona məxsus birja hesabından cavabdehin onun pulunun götürdüyünü bildirdiyi halda həmin halı sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. Həmçinin iddiaçı hesabında olan pulun məhz cavabdeh tərəfindən götürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

27. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 425.1, 778.3, 779.1, 780.1-ci maddələri üzrə - məhkəmə tərəflər arasında tapşırıq müqaviləsi olduğunu qəbul etsə də, həmin müqaviləyə dair MM-in qeyd olunan normalarının tələblərini mübahisəyə tətbiq etməyib. Işin halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan aldığı, tapşırıq müqaviləsindən irəli gələn öz öhdəliklərini aşağıda göstərilən formalarda layiqincə və vicdanlı icra etməmişdir: a) cavabdeh 2020-ci ilin avqust ayında iddiaçıdan 10 000 ABŞ dolları alsa da, hesaba 6 220 ABŞ dolları yatırtmışdır; b) 2020-ci ilin may ayında iddiaçı cavabdehə birinci 10 000 ABŞ dollarını verdikdən sonra cavabdeh tərəfindən 1 bitkoin alınsa da, 2020-ci ilin avqust ayında iddiaçı cavabdehə ikinci 10 000 ABŞ dollarını verdikdən sonra cavabdeh tərəfindən növbəti bitkoin, ümumiyyətlə, alınmamışdır. Bəlli olmuşdur ki, ümumiyyətlə, pullar dəyərsiz olan koinlərə yatırılmışdır; c) son olaraq cavabdeh ona tapşırılmış öhdəliklərin icrasını iddiaçının xəbəri və razılığı olmadan üçüncü şəxs Rəvan Məmmədova tapşırmış, pullar itdikdə isə bunun təqsirini Rəvan Məmmədovda olduğunu bildirmişdir. Belə olan halda məhkəmə bu mübahisəyə MM-in qeyd olunmuş maddələrini tətbiq etməli idi.

29. MM-in 339.4-cü maddəsi üzrə - məhkəmə qətnaməsində tətbiq edilən normalar arasında MM-in 339.4-cü maddəsinə istinad edir. Eyni zamanda da qətnamədə müəyyənləşdirilmişdir ki, tərəflər arasında 2022-ci il ## ###### tarixində imzalanan yazılı razılaşmanı imzalamağa iddiaçı cavabdehi məcbur etmişdir. Belə ki, belə əqdlər zərərçəkən şəxs tərəfindən mübahisə edildikdə məhkəmə tərəfindən etibarsız sayılır. Lakin cavabdeh tərəflər arasında imzalanan yazılı razılaşmanı heç vaxt mübahisələndirməyib. Üstəlik maraqlı şəxs (cavabdeh) əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilərdi. Belə olan halda həmin razılaşma etibarlıdır və hüquqi nəticə doğurur. Cavabdeh tərəfində həmin razılaşma mübahisələndirilmədiyi üçün adı çəkilən maddə tətbiq edilməməli idi.

30. MPM-in 418.1, 418.3 və 418.4.5-ci maddələri üzrə - iş üzrə son məhkəmə iclası 2025-ci il ## ###### saat 11:00 tarixinə təyin edilmişdi. Həmin vaxt iddiaçının nümayəndəsi Şəki Apellyasiya Məhkəməsinin yerləşdiyi inzibati binada idilər. Saat 11:05-də məhkəmə zalına yaxınlaşsalar da, məhkəmə iclas katibi ona bildirmişdir ki, məhkəmə iclası saat 11:02-də başlamış və artıq yekunlaşmışdır. Nəzərə alınsa ki, iddiaçı tərəf əvvəlki iki iclasda üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Əvvəla ona görə ki, iddiaçının özü barəsində həbs qətimkan tədbiri seçilib və o, Bakı Istintaq Təcridxanasında saxlanılır. Onun məhkəmədə iştirakı üçün vəsatətləri təmin edilməmişdir. Əvvəlki iclaslardan biri onun cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılması ilə eyni vaxta düşdüyü, digər məhkəmə iclası iddiaçının nümayəndəsinin ölkədə olmadığı üçün təxirə salınmışdır.

31. Iddiaçı tərəf üzrlü səbəblərdən son məhkəmə iclasında iştirak etməyəcəyi barədə məhkəməni əvvəlcədən məlumatlandırmışdır. Cavabdeh də öz növbəsində məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verib, iclasın təxirə salınmasını tələb edib. Belə halda, son məhkəmə iclasının da tərəflərin iştirakı olmadan keçirilməsi iddiaçı tərəf üçün hüququnun əhəmiyyətli pozulması anlamına gəlir. Digər tərəfdən saat 11:00-a təyin edilmiş məhkəmə iclasının 11:05-də artıq yekun məhkəmə aktının elan edilməsi ilə başa çatması faktı göstərir ki, apellyasiya məhkəməsi iş üzrə, ümumiyyətlə, araşdırma aparmayıb, məhkəmə prosesinin prosedur hərəkətlərini (məhkəmə iclasının açılması, tərəflərin iştirakının yoxlanması, işə tərəflərin iştirakı olmadan baxılmasına qərar verilməsi və s.) icra etməyib. Ən azı bütün bunların 3 dəqiqəyə edilməsi mümkün deyildi. Bir pozuntu apellyasiya şikayətinin digər dəlillərindən asılı olmayaraq apellyasiya qətnaməsinin ləğvi üçün yetərincə əsasdır.

32. MPM-in 14.2, 77.1, 81, 88 və 218.3-cü maddələri üzrə - birinci instansiya məhkəməsi işə baxılma hədlərini pozaraq cavabdeh tərəfindən onunla iddiaçı arasında imzalanan yazılı razılaşmanı heç vaxt mübahisələndirməsə də, faktiki olaraq məhkəmə həmin razılaşmanın (əqd) etibarsızlığı məsələsinə baxıb. MM-in 337.1-ci maddəsinə əsasən əqdin etibarsızlığının iki növü müəyyən edilib: əhəmiyyətsiz əqdlər və mübahisə edilən etibarsız əqdlər. Məhkəmələr əhəmiyyətsiz əqdlərin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq əgər əqdlərdən yaranan öhdəliklərin icrası mübahisəsindən söhbət gedirsə, belə əqdlərin etibarsızlığına qiymət verə bilər. Belə yanaşma MPM-in 218.3-cü maddəsinin ikinci cümləsinə uyğundur. Konstitusiya Məhkəməsinin Plenumu da 2021-ci il # ##### tarixli Qərarında bununla bağlı öz mövqeyini vurğulamışdır.

33. Mübahisələndirilən əqdin etibarsızlığını məhkəmə yalnız belə tələb irəli sürüldükdə təsbit edə bilər. Belə tələb irəli sürülmədikdə həmin əqd etibarlı olmaqda davam edir. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında bunu belə ifadə etmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əgər birinci instansiya məhkəməsi tərəflər arasında imzalanan yazılı razılaşmanı sübut kimi qiymətləndirməyə çalışmışdısa, o zaman bunu MPM-də müəyyən edilən sübutların qiymətləndirilməsi qaydasında etməli idi.

34. Yazılı razılaşmanın bu mübahisəyə birbaşa aidiyyəti işin mübahisə edilməyən halıdır. Həmin razılaşma hüquqi təbiətinə görə əqddir. Tərəflər arasında razılaşmadan irəli gələn münasibətlərin mövcud olması yalnız əqdlər əsasında müəyyən edilir. Tərəflər arasında belə hüquq münasibətlərinin olmaması və öhdəliklərin yaranmaması hallarının müəyyən edilməsi üçün qanunun əqdlərin etibarsız olması kimi sübut növü müəyyən edib. Tərəflər arasında belə hüquq münasibətlərinin olmaması və öhdəliklərin yaranmaması halının təsdiq edilməsi üçün qanunda başqa vasitə müəyyən edilməyib. Yalnız məhkəmə tərəfindən yazılı razılaşmanın etibarsızlığı müəyyən edildiyi halda bu razılaşmadan öhdəliklərin yaranmadığı halı müəyyən edilə bilər. Belə olan halda yazılı razılaşma mübahisələndirilmədikcə məhkəmə tərəfindən razılaşmadan irəli gələn hüquq münasibətlərinin və öhdəliklərin yaranmaması halının mövcudluğu müəyyən edilə bilməzdi.

35. Üçüncü olaraq, məhkəmə yazılı razılaşmanın məcbur etmə nəticəsində bağlandığı faktını heç bir sübutla təsdiq edilməyən yalnız cavabdehin izahatı əsasında qəbul edib. Baxmayaraq ki, izahat sübut növü olsa da, bu izahatda göstərilən hallar digər sübutlarla təsdiq edildikdə və ya qarşı tərəfin iddialarını təsdiq etdikdə sübut əhəmiyyəti daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisə edilən əqdin etibarsızlığı mübahisələndirilmədən əqdin etibarsızlığı məsələsinə baxaraq iddia tələbindən kənara çıxıb və MPM-in 218.3-cü maddəsinin tələbini pozub; əqdin etibarsız sayılması məhkəmə qərarı olmadan əqddən öhdəliklərin yaranmaması barədə iş üçün əhəmiyyətli hal müəyyən edib. Baxmayaraq ki, mübahisə edilən əqdin etibarsızlığını qanunla müəyyən edilmiş yeganə sübut qanuni qüvvəsini almış məhkəmə qətnaməsidir. Bununla məhkəmə MPM-in 81-ci maddəsinin tələbini pozub; məhkəmə yalnız cavabdehin izahatına istinad edərək bu izahatda iddia olun halları təsdiqləyəcək sübutlara istinad etmədən və bu izahatı işdə olan digər sübutlarla yoxlamadan əqdin məcbur edilməklə bağlanması barədə nəticəyə gəlib. Bununla da MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərini pozub.

36. MPM-in 76.1 və 76.2-ci maddələri üzrə - birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir: “Göründüyü kimi iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izləmiş və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olmuşdur”, - lakin məhkəmənin müəyyən etdiyi bu halların haradan göründüyü bəlli olmur. Çünki işdə iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izlədiyinə və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olduğuna dair heç bir sübut yoxdur. Bu halı təsdiqləyəcək sübut qismində yalnız birbaşa iddiaçının yanında olmuş və bu faktı görmüş və təsdiq etmək imkanı olan şəxsin ifadələri ola bilərdi. Lakin işdə belə şahid ifadəsi yoxdur.

37. MPM-in 14.2, 77.1, 106.1 və 106.3-cü maddələri üzrə - birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur: “tərəflərin məhkəmə iclaslarında və istintaq orqanında verdiyi izahatlarından müəyyən edilir ki, iddiaçı cavabdehi arvadına məxsus ofisə çağırmış, orada onu ailə üzvlərinin həyatı ilə hədələyərək pulu qaytarmasını tələb etmişdir. Cavabdeh isə qorxduğundan və çətin vəziyyətdən çıxmaq üçün onun dedikləri ilə razılaşmış və borcunu qaytaracağı barədə razılaşmanı imzalamışdır. Göründüyü kimi iddiaçı cavabdehi razılaşmanı imzalamağa məcbur etmişdir”.

38. Göründüyü kimi məhkəmə müəyyən etdiyi iş üçün əhəmiyyətli hal, hər hansı sübuta yox, yalnız tərəflərin məhkəmə iclaslarında və istintaq orqanında verdiyi izahatlara istinad edir. Lakin məhkəmə iclaslarında və istintaq orqanında yalnız cavabdehin izahatı vardır. Izahat özü özünün sübutu ola bilməz. Işdə cavabdehin izahatından başqa heç bir sübut yoxdur. Məhkəmə bu halı müəyyən tərəflərin izahatlarına istinad etdiyini qeyd etsə də, iddiaçının hansı izahatını belə qənaətə gəlməyə əsas verdiyini göstərmir. Yalnız iddiaçının cavabdehə qarşı belə məcbur etmə tətbiq etdiyi halda, həmin etiraf cavabdehin iddialarının əsasını təşkil edən sübut ola bilərdi. Lakin işdə iddiaçının belə etirafı yoxdur. Üstəlik cavabdehin çox saylı izahat və şikayətlərinin məzmunlarını müqayisə etdikdə cavabdehin bu məcbur etmənin forması barədə bir-birinə zidd təsvirlər verdiyini görmək olar.

39. MPM-in 88-ci maddəsi üzrə - iddiaçı razılaşır ki, tərəflər arasında bitkoin alqısatqısı vasitəsilə gəlir əldə etmək üçün tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Iddiaçı iki dəfəyə 20 000 dolları cavabdehə verərək ona iki bitkoin alması ilə bağlı tapşırıq vermişdir. Qalan hallarda birinci instansiya məhkəməsi işdə olan sübutları obyektiv, qərəzsiz, tam və hərtərəfli qiymətləndirməmiş, bir-birindən fərqli olan ziddiyyətli nəticələrə gəlmişdir.

40. Məsələn bir yerdə məhkəmə: “...2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində bitkoinin qiyməti kəskin azalmış...”; - digər yerdə isə, - “2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində internet xidmətlərindən istifadənin məhdudlaşdırılması nəticəsində cavabdeh öz üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəblərə görə icra edə bilməmiş və nəticədə iddiaçıya məxsus hesabda olan bitkoinlərin dəyərində kəskin azalma olmuşdur”, - qeyd etmişdir. Bu iki nəticədən birindən belə başa düşülür ki, göstərilən vaxtda bazarda bitkoinin qiyməti düşmüş, digərindən isə belə başa düşülür ki, internet xidmətlərindən istifadənin məhdudlaşdırılması səbəbindən bitkoinin qiyməti düşmüşdür.

41. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan, həmin dövrə aid informasiya mənbələrindən açıq aşkar görünür ki, həmin dövrdə bitkoinin dəyəri nəinki aşağı düşmüş, ümumiyyətlə, əvvəlki 2019-cu ilə münasibətdə bitkoin sıçrayış etmişdir. Buna baxmayaraq məhkəmə işin bu hallarından həmin dövrdə bitkoinin dəyərinin düşməsi barədə yanlış nəticəyə gəlmişdir.

42. Həm cinayət işinin materiallarında, həm kommersiya işinin materiallarında bir mənalı müəyyən edilir ki, iddiaçının hesabında pulların əriməsi 2020-ci ilin məhz sentyabr ayında aşkar edilib. Internet xidmətlərindən istifadənin məhdudlaşdırılması isə məhkəmənin gəldiyi səhv nəticəyə əsasən 2-ci Qarabağ müharibəsinin ərəfəsində deyil, 2-ci Qarabağ müharibəsi başladıqdan sonra, hərbi vəziyyət elan edildiyi 2020-ci il ## ######## saat 00:00-dan tətbiq edilən tədbirlərdən biri olmuşdur. Son üç gündə internetdən istifadənin məhdud olması 20 000 ABŞ dollarının 3000 ABŞ dollarına çevrilməsi mümkün deyildi.

43. Iddiaçı cavabdeh tərəfindən öhdəliklərinin pozulmasının balansında olan məbləğin cavabdeh tərəfindən atılan yanlış addımlar nəticəsində itirilməsi olduğunu iddia edirdi. Məhkəmə işin bu hallarını araşdırmamış və bu hala qiymət verməmişdir. Əvəzində cavabdehin öhdəliyini icra edə bilməməsi ilə bağlı bu nəticəyə gəlmişdir: “məhkəməyə təqdim edilmiş cavabdehə aid səs yazısından, həmçinin mesajlardan da müəyyən edilir ki, cavabdeh internetə girə bilmədiyi üçün bitkoin əməliyyatlarını icra edə bilmədiyini və internetdən istifadə edə biləndə bitkoinin qiymət balansını düzəltməyə çalışacağını iddiaçıya bildirmişdir... 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ərəfəsində internet xidmətlərindən istifadənin məhdudlaşdırılması nəticəsində cavabdeh öz üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəblərə görə icra edə bilməmişdir”, - əslində isə cavabdehin əsas öhdəliyinin icra edə bilməməsi və ya layiqincə icra edə bilməməsi onun vicdansız rəftarı nəticəsində iddiaçının hesabında məbləğin 20 000 ABŞ dollarının 3 000 ABŞ dollarına düşməsində olmuşdur, bu itirilmiş məbləğin bərpa edə bilməməsində deyil.

44. Doğrudan da iş materiallarında olan yazışmalardan görünür ki, cavabdeh internet məhdud olduğu üçün itirilmiş pulları bərpa edə bilmədiyindən danışır. Ola bilərdi ki, pul itdikdən bir müddət sonra müharibə başladığı üçün və internet məhdudlaşdırıldığı üçün cavabdeh hesabda itirilmiş pulları bərpa edə bilməyib. Amma cavabdeh tərəfindən öhdəliklərinin əsas pozulması bu hal deyildi. Baxmayaraq ki, məhkəmə cavabdeh tərəfindən öhdəliklərinin pozulmasını yalnız bundan ibarət olması barədə nəticəyə gəlir və bunu cavabdehdən asılı olmayan səbəblərdən baş verdiyini bildirir, yəni müharibə və internetin məhdud olması ilə əlaqələndirir.

45. Iddiaçı məhkəməyə cavabdehin öz öhdəliyini icra etməməsi və ya vicdanlı icra etməməsi ilə bağlı bir neçə dəlil (bu dəlillər hazırkı şikayətin ilk bəndində göstərilib). Cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi və ya vicdansızca icra etməsi bu hallarda olsa da, məhkəmə işin bu halları ilə bağlı, ümumiyyətlə, hər hansı nəticəyə gəlmir. Əvəzində məhkəmə işin bu hallarından irəli gələ biləcək nəticəni şəraitin dəyişməsi kimi əsaslandırmağa çalışdığı halla gizlətməyə etməyə çalışmışdır. Üstəlik məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin iddia etdiyi kimi bitkoinin dəyərinin aşağı enməsinin məhz cavabdeh tərəfindən düzgün edilməyən əməliyyat nəticəsində baş verdiyi də öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçıya məxsus birja hesabında edilən əməliyyatlar və bu əməliyyatlar nəticəsində bitkoinin dəyərinin düşməsi riskinin olması barədə onun məlumatı olmuş və qarşısını almaq üçün də heç bir tədbir görməmişdir.

46. Işin hallarının obyektiv qiymətləndirilməməsi və bununla MPM-in 88-ci maddəsinin pozuntusuna yol verilməsi apellyasiya məhkəməsində işə baxılan zaman davam etmişdir. Görünür ki, apellyasiya məhkəməsi mübahisənin nədən ibarət olmasını aydınlaşdıra bilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsinin 24-cü səhifəsinin 5-ci və 26-cı səhifəsinin 2-ci abzasında qeyd etdiklərinə münasibətdə vurğulanmalıdır ki, iddiaçı tərəflər arasında borc müqaviləsinin olduğunu iddia etmir. Iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı çıxışında birbaşa tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yarandığını bəyan edir və iddia tələbini əsaslandırmaq üçün MM-in 777-780-ci maddələrinə istinad edir. Üstəlik apellyasiya şikayətində iddiaçı tərəf birbaşa qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmənin işin hallarından irəli gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı və cavabdeh tərəf bitkoin alqısatqısı vasitəsilə gəlir əldə etmək üçün tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə daxil olmuşdur.

47. Ikincisi, apellyasiya məhkəməsi qaldırılan iddianın predmetini belə düzgün müəyyən edə bilməyib. Iddia tələbi tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi və borcun ödənilməməsi ilə bağlı yox, tərəflər arasında öhdəliklərin layiqincə yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməməsi ilə bağlıdır. Bunun sübutu olaraq iddiaçı tərəfin öz tələblərini MM-in 779.1-ci maddəsi ilə əsaslandırmasıdır.

48. MPM-in 385.1, 386, 387.1, 389 və 390-cı maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmayıb, onlara qiymət verməyib, bununla da qeyd olunan normaların tələblərini pozub.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. ...”

“Maddə 403-1. Törəmə maliyyə alətləri 403-1.1. Törəmə maliyyə aləti hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız (investisiya fond payı istisna olmaqla), valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər ( 2022-ci il # ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 403-1.1-ci maddənin ikinci cümləsinə “qiymətli kağız” sözlərindən sonra “(investisiya fond payı istisna olmaqla)” sözləri əlavə edilmişdir). 403-1.2. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü həmin ticarət sisteminin qaydalarına müvafiq olaraq həyata keçirilir (2023-cü il # #### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 403-1.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir). …”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. ...”

“Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. ...”

“Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri”.

“Maddə 780. Vəkalət alanın şəxsi öhdəlikləri. Üçüncü şəxslər üçün məsuliyyət 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər”.

“Maddə 781. Vəkalət verənə informasiya və hesabat vermək vəzifəsi Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir”.

“Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. ...”

Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu ... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...”

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin əsaslı olması aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

56. Apellyasiya məhkəməsi hazırkı şikayətin də dəlillərini təşkil edən iddiaçının arqumentlərinə münasibətdə haqlı olaraq bildirmişdir ki, tərəflər arasında bitkoin alqısatqısı vasitəsilə gəlir əldə etmək məqsədilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır və bu hal tərəflər arasında mübahisə predmeti olmamışdır. Cavabdeh məhz iddiaçının tapşırığı ilə ondan alınmış razılıq əsasında əməliyyatlar yerinə yetirmişdir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti isə vəkalət alanın tapşırığın icrası zamanı nəticə əldə etməsə belə, müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılmasıdır.

57. Bundan başqa, iddiaçı birja hesabında gedən əməliyyatları şəxsən izləmiş və bitkoinin qiymətinin enib-qalxması barədə məlumatlı olmuşdur. Iddiaçı istənilən vaxt öz hesabına müdaxilə etmək, hesabın idarəsini başqa şəxsə tapşırmaq səlahiyyətinə və imkanına malik olmuşdur. Digər tərəfdən iddiaçı aşağı instansiya məhkəmələrinə dəlillərinin əsaslılığını təsdiq edə biləcək mötəbər sübutlarını təqdim edə bilməmişdir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

59. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

60. Bu baxımdan, kassasiya şikayətinin hazırkı qərarın 29-cu bəndində göstərilən dəlilinə gəldikdə də kollegiya vurğulayır ki, hazırkı iş üzrə iddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin (hazırkı iş üzrə cavabdehin) və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il ## #### tarixli *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış və bu qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı isə preyudisial xarakter daşımaqla, kassasiya şikayətinin müvafiq dəlilinin əsassız olduğuna dəlalət edir (MPM-in 82.4-cü maddəsi).

61. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

62. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

63. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar