Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-82/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, tələbin güzəşti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-734/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı i craat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 11 iyun tarixli OnGTC04661LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 8 fevral tarixli 1.0.3 No-li versiyasının şərtlərini qəbul etməsi barədə razılaşmaya əsasən bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir. 2. "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 6 iyul tarixli KTC0053 nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən bank tərəfindən cavabdehə 2021-ci il 11 iyun tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən 290.000 manat kredit illik 11,7% olmaqla 12 ay müddətinə verilmişdir. Kreditin məqsədi K4636 nömrəli kredit öhdəliyinin bağlanmasıdır. 3. "xxxx" ASC və X1 arasında bağlanılmış 2022-ci il 6 iyul tarixli G4062 nömrəli girov müqaviləsinə əsasən girov qoyan “kredit alan”la “girov saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 292.929,29 manat pul vəsaitini girov qoyulmasını və girovla təmin olunmuş pul öhdəliyini “kredit alan” tərəfindən “girov saxlayan”la "xxxx" MMC arasında imzalanmış 2021-ci il 11 iyun tarixli OnGTC-04661LE/2019 nömrəli ümumi şərtlər toplusu və ya onun qəbul edilməsi barəsində Razılaşma çərçivəsində olan 2022-ci il 6 iyul tarixli KTC0053 nömrəli maliyyələşdirmə üçün ərizədə qeyd olunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə “girov saxlayanın” “girov qoyana” qarşı olan tələbinin girov qoyulmuş əşya hesabına akseptsiz qaydada ödənilməsinin hüquqi əsasını,tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
4. Yeni tələbkar İddiaçı MMC ilə tələbkar "xxxx" ASC arasında bağlanmış 2023-cü il 12 iyun tarixli TH001 nömrəli çərçivə müqaviləsinə əsasən tələbkar Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 6 iyul tarixli KTC0053 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2023cü il 27 iyul tarixinə olan əsas borc üzrə 290.000 manat, cərimə borcu 3501,75 manat, faiz borcu üzrə 8261,76 manat olmaqla, cəmi 301.763,51 manat məbəğində pul tələbinə dair irəli sürülə biləcəyi bütün hüquqlarını yeni tələbkara satır, yeni tələbkar isə bunun müqabilində borc qalıqlarının razılaşdırılmış dəyərini tələbkara ödəyir. 5. 2023-cü il 27 iyul tarixinə həmin kredit müqaviləsi üzrə əsas borc üzrə 290.000 manat, cərimə borcu 3501,75 manat, faiz borcu üzrə 8261,76 manat olmaqla, cəmi 301.763,51 manat məbəğində borc yaranmışdır. 6. "xxxx" ASC tərəfindən cavabdehə 2023-cü il 1 dekabr tarixli PB/VB-OUT-04475-2023 nömrəli tələb hüququnun güzəşt edilməsinə dair bildiriş göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2024-cü il 12 fevral tarixində məhkəməyə müraciət edərək, cavabdehdən 301.763,51 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya xərci, 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əvvəlki tələbkar "xxxx" ASC arasında bağlanmış 2023-cü il 12 iyun tarixli NoTH001 nömrəli tələbin güzəşti çərçivə müqaviləsi (tələb hüququnun satılması haqqında) əsasında cavabdehin banka olan borc qalığı yeni tələbkara, yəni iddiaçıya satılmışdır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bütün hüquqlar, vəzifələr və sairə yeni tələbkara keçir. Cavabdehə 2022-ci il 6 iyul tarixli KTC0053 nömrəli maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə 290.000.00 manat pul vəsaitini illik 11.7% olmaqla 12 ay müddətinə "xxxx" ASC tərəfindən kredit verilmişdir. Kredit müqaviləsi və ona əlavə sənədlər Qanununa əsasən əl imzasına bərabər tutulan AsanDoc “Asan İmza” mobil elektron imza ilə imzalanmışdır. Cavabdeh öhdəliyin bir hissəsini icra etdikdən sonra qalan borcu ödəməmişdir. Tələbin güzəşti (tələb hüququnun satılması haqqında) Çərçivə Müqaviləsinə 2023-cü il 27 iyul tarixli Əlavə No 01 əsasında iddiaçı cavabdehin 290.000 manat əsas borcu, 8.261,76 manat faiz borcu və 3.501,75 manat cərimə borcu olmaqla, cəmi 301.763,51 manat borcunu əvvəlki tələbkara ödəyərək kredit müqaviləsi üzrə tələbin güzəşti hüququnu əldə etmişdir.
9. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi etibarsız əqd olduğu üçün onunla bağlı olan bütün müqavilələr etibarsızdır. Belə ki, "xxxx" ASC ilə kredit müqaviləsi imzalamış onların direktoru bu barədə təsisçilərin razılığını almamış, öz səlahiyyətlərini aşaraq kredit götürmüşdür. Bundan əlavə, həmin müqavilə direktorlarının asan imzası ilə imzalanmış, həmin vaxt asan imza isə onların mühasibatlıqla ba ğlı məsələrini həll edən digər şirkətdə olmuşdur. Həmin müqaviləni imza etmiş direktor hazırda işdən azad edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 aprel tarixli e-2-2(113)-1570/2024 nömrəli qərardadı ilə "xxxx" ASC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
11. Birinci instansiya məhkəməsində "xxxx" ASC-nin (bundan sonra – “üçüncü şəxs”) nümayəndəsi bildirmişdir ki, bankla cavabdeh arasında 2022-ci il 6 iyul tarixdə kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində cavabdehin təsisçisi ilə əlavə olaraq girov müqaviləsi imzalanmışdır. Kredit (290.000 manat vəsait) müqavilə bağlanan kimi cavabdeh şirkətin hesabına köçürülmüş, həmin məbləğin bir qismi müqavilənin tələbləri üzrə c avabdehin bankla olan əvvəlki kredit müqaviləsi üzrə yaranmış borca silinmişdir. Bundan əlavə, həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən banka ödənişlər (25.499,83 manat) edilmiş, həmin ödənişlər faiz borcuna silinmişdir. Bankla iddiaçı arasında tələb hüququnun ötürülməsi barədə razılıq əldə edilmiş, həmin razılıq barədə cavabdehə də məlumat verilmişdir. Kredit müqaviləsi cavabdehin həmin vaxt qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən asan imza vasitəsilə imzalanmış, onun cavabdehin direktoru olması tərəflərindən kommersiya qurumlarının dövlət reyestrində olan məlumatlar əsasında öyrənilmişdir. Odur ki, həmin kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas olmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 may tarixli e-2-2(113)-1570/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Ü.Həsənova).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, üçüncü şəxslə cavabdeh arasında bağlanmış kredit müqaviləsi cavabdehin müqavilə bağlanan zaman qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən elektron qaydada imzalanmış, kredit müqaviləsi üzrə vəsait bank tərəfindən cavabdehin hesabına tam şəkildə köçürülmüş, cavabdeh tərəfindən həmin müqavilə üzrə 30.000 manat civarında ödənişlər edilmişdir. Bundan əlavə, cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı qanunla müəyyənləşdirilmiş 1 illik kəsici müddəti ötürmüşdür.
14. Cavabdeh tərəfindən hazırkı günə qədər müqavilənin bağlanması və kreditin ayrılması ilə bağlı üçüncü şəxsə hər hansı irad bildirilməmiş, müqavilə onun tərəfindən hər hansı qaydada ümumiyyətlə mübahisəl əndirilməmişdir. Bu səbəbdən məhkəmə kredit müqaviləsinin bağlanmasına cavabdehin iradə ifadəsinin olmamasına dair dəlilini əsassız hesab etmiş, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsasın olmadığını bildirmişdir.
15. Məhkəmə cavabdehin digər arqumenti olan - kredit müqaviləsinin kənar şəxs tərəfindən cavabdehin qanuni təmsilçisinə məxsus olan asan imza vasitəsilə imzalanmış olması barədə dəlilini də əsassız hesab etmişdir. Belə ki, imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Cava bdeh iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi hallarla bağlı öz izahatından başqa məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
16. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı tələbini irəli sürmək hüququ vermişdir.
17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 301.763,51 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilmə li, göstərilən borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 350, 351.3, 354.2, 739, 741-ci, “Elektron mza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-734/2024 nömrəli qətnaməsi ilə apellyasiya şik ayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V. Baxışova və Z.Şirinov).
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 06 iyul 2022-ci il tarixli KTC0053 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik 11,7% olmaqla 12 ay müddətinə 290.000 manat məbləğində kredit verilmişdir. 27 iyul 2023-cü il tarixinə həmin kredit müqaviləsi üzrə əsas borc üzrə 290.000 manat, cərimə borcu 3501,75 manat, faiz borcu üzrə 8261,76 manat olmaqla, cəmi 301.763,51 manat məbəğində borc yaranmışdır.
22. Məhkəmə qeyd etmişdir ki, cavabdeh borcun məbləğini mübahisələndirmədiyi nə görə qeyd olunan borc məbləği işin mübahisəsiz halı kimi qəbul edilir.
23. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən həmin məbləğdə pul tələbinə dair hüquqlar iddiaçıya keçmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən tələbin iddiaçıya keçməsi "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanan kredit müqaviləsinin mahiyyətinə və şərtlərinə, habelə qanunvericiliyə zidd deyil.
25. Qeyd olunanları nəzərə alaraq və MM-nin 194.1, 194.2, 462.1, 739.1 və 741-ci maddələrinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia tam əsaslıdır.
26. Məhkəmə tələbin güzəştindən məlumatsız olması barədə cavabdehin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, MM-nin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 3
27. Məhkəmə əqdin etibarsızlığı ilə bağlı dəlillərə münasibətdə göstərmişdir ki, MM-nin 350.1-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdu diyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
28. Hazırki işdə isə "xxxx" ASC-nin iddiaçının nizamnaməsindən və iddiaçının istinad etdiyi əqdlərin bağlanması ilə bağlı məhdudiyyətlərdən məlumatlı olması təsdiq olunmur. Çünki cavabdeh bunula bağlı sübutları təqdim etməmiş, "xxxx" ASC-nin nümayəndəsi isə belə məhdudiyyətlərdən məlumatsız olduqlarını bildirmişdir.
29. Bundan əlavə, işin mübahisəsiz hallarına görə kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) elektron imza ilə imzalanmış və həmin müqavilə üzrə verilməli olan kredit məbləği borcalan Cavabdeh MMC-nin hesabına köçürülmüş, cavabdeh t ərəfindən həmin müqavilə üzrə 30.000 manat civarında ödənişlər edilmişdir. Lakin cavabdeh tərəfindən hazırkı günə qədər müqavilənin bağlanması və kreditin ayrılması ilə bağlı "xxxx" ASC-yə hər hansı irad bildirilməmiş, müqavilə onun tərəfindən hər hansı qaydada mübahisələndirilməmişdir. 30. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023- cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmə k vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-i stifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
31. Məhkəmə hesab etmişdir ki, elektron imza ilə bağlı dəlillər də həm qeyd olunanlara əsasən, həm də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 20.3 və 20.6-cı maddələrinə əsasən elektron imzanın saxlanılması və ondan istifadə ilə bağlı məsuliyyət tam olaraq cavabdehin üzərinə düşdüyünə görə əsassızdır.
32. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 194.1, 194.2, 350.1-ci, 2023-cü il 1 oktyabr tarixədə k olan redaksiyada 739.1 və 741-ci maddələrinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 20.3, 20.6-cı maddələrinə istinadla əsaslandırmışdır
34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 337, 340, 739 və 741-ci maddələri üzrə - cavabdehin nizamnaməsinin 9.1.1ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı təsisçilərin ümumi yığıncağıdır. Təsisçi bir şəxs olduqda cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir və ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlara o nun tərəfindən təkbaşına qəbul edilir, yazılı surətdə rəsmiləşdirilir. 9.1.2 və 9.1.2.14-cü bəndlərinə əsasən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə qanunvericilikdə başqa şərtlər müəyyən edilməmişsə aşağıdakılar aiddir: Bank və digər təşkilatlardan kredit və ssudaların götürülməsinə icazənin verilməsi. 9.2.1, 9.2.2 və 9.2.2.4-cü bəndlərinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor: Cəmiyyətin adından əqdlər bağlayır (təsisçilərin ümumi yığıncağının qərarı ilə razılıq verilmiş) və rəsmi sənədləri imzalayır. Bundan başqa iş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən 20 oktyabr 2023-cü il tarixdə arayış verilmişd ir. Həmin arayışdan məlum olur ki, mediasiya təklifi göndərən hazırki iş üzrə iddiaçı olmuş və ilkin mediasiya sessiyasında iştirak etmişdir. Ancaq, "xxxx" ASC tərəfindən cavabdehə tələb hüququnun güzəşt edilməsinə dair bildiriş 01 dekabr 2023-cü il tarixdə göndərilmişdir. Qeyd edilən ziddiyyətləri nə 1-ci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, «"xxxx" ASC-nin nümayəndəsi bildirmişdir ki, cavabdeh ilə əqdlərin bağlanması ilə bağlı məhdudiyyətlərin olması barədə məlumatsız olmuşdur.» Apelyasiya məhkəməsi faktiki olaraq 3-cü şəxs tərəfindən verdiyi dəlilsiz izahatını əsas götürmüşdür.
36. Bundan əlavə işin materiallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 08 iyul 2021-ci il tarixdə K4636 №-li 290.000 məbləğində kredit müqaviləsi və bununla yanaşı girov müqaviləsi bağlanılmışdır. Əgər 08 iyul 2021-ci il tarixli K4636 №-li kredit müqaviləsi ilə yanaşı girov müqaviləsi də bağlanılmışdırsa, hansı səbəblərə görə "xxxx" ASC-i həmin kredit müqaviləsi üzrə olan borcunun ödənilməsi üçün bağladığı girov müqaviləsinə yönəldilməmiş, yenidən həmin məbləğə 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsi bağlamışdır. "xxxx" ASC ilə cavabdeh arasında kredit müqaviləsinin qanun pozuntusu ilə bağlanmasına kifayət qədər sübutlar təqdim olunmuşdur. 37. 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsini bağlamaq üçün cavabdehin nə təsisçilərin razılığı, nə də ki, Cəmiyyətin ümumi yığıncağının protokoldan çıxarış, qərar məhkəməyə təqdim olun mamış, eyni zamanda "xxxx" ASC bununla bağlı açıqlama verməmişdir. Apellyasiya məhkəməsi yalnız kreditin bağlanılması üçün elektron qaydada ərizənin olması və elektron qaydada direktor tərəfindən həmin kredit müqaviləsinin təsdiq olunmasını əsas götürmüşdür. Cavabdehə məxsus olan «ASAN» imza "xxxx" MMCnin məsuliyyətli işçisində saxlanılmış və qeyd edilən kredit müqaviləsinin alınması üçün elektron qaydada ərizə və həmin kredit müqaviləsinin elektron qaydada təsdiq olunması üçün cavabdehin ümumiyyətlə məlumatı olmadan "xxxx" MMC-nin məsuliyyətli işçisi tərəfindən təsdiq edilmişdir. Kredit müqaviləsinin olması barədə cavabdehin hazırki məhkəmə mübahisəsi başlayarkən məlumatı olmuşdur. Beləliklə, "xxxx" ASC ilə cavabdeh arasında kredit müqaviləsi qanun pozuntusu ilə bağlanılarkən etibarsız he sab olunmalıdır və həmin kredit müqaviləsi üzrə olan hüquqi nəticələr də etibarsız hesab edilməlidir.
38. MPM-in 14.1, 88 və 174.1-ci maddələri üzrə-cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinin qanun pozuntusu ilə bağlanılmasına, iş üzrə də kifayət qədər ziddiyyətin olunmasına baxmayaraq, məhkəmə həmin ziddiyəti aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir. Bununla apellyasiya məhkəməsi işin tam hallarını araşdırmamış, işdə olan ziddiyyətləri aradan qaldırmamış, bu da məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamasını təsdiq edir. Apellyasiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim etdiyi sənədləri nəzərə almış, tərəflərindən təqdim edilən sübutların heç birini nəzərə almamış, yalnız sadalamaqla kifayətlənmiş, onları hərtərəfli və tam tədqiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
40. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələri baxımından bütövlükdə yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qan ununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur....” “Maddə
350. Əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.” “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyət i... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər....” Aşağıdakı maddələri 2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada “739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqu qunu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 43. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
20. İmza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti... 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən ist ifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.... 20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.”
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərə kətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmən in fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiy i hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 21-33). 48.Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM, 407.2). 49.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 50.MPM-in 416, 4 17-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 22(103)-734/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.