Məhkəmə qərarları › İş №2-2(102)-855/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-855/2025

09.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-855/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı MMC-nin cavabdehlər “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdehlər “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və cavabdeh1 QSC BOKT-a qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən verilmiş 2024-cü il tarixli 5 dekabr *** nömrəli bildirişə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il ## #### tarixli *-*(***)-***/****-*** nömrəli icra sənədinə əsasən cavabdeh İddiaçı MMC-dən 2013-cü il ## ###### tarixli **** saylı müqavilə üzrə 71 023 749,20 manat əsas borc, 46 505 656,37 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50 000 manat məbləğində pul tutularaq iddiaçı cavabdeh1 QSC BOKT-a ödənilməli, qeyd edilən icra vərəqəsinin icra edilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayon İcra şöbəsinin 2024-cü il ## ###### tarixli məktubu ilə ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32 653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasının satışının təmin olunması məqsədilə hərracın keçirilməsinin təşkil edilməsi xahiş edilmişdir. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 120 000 000 manat təşkil edir.

2. “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC Bakı şəhəri, Səbail rayon icra şöbəsinin icra məmurundan 2024-cü il ## ###### tarixli məktubla sifarişi aldıqdan sonra 30 təqvim günündən gec olmayaraq 2024-cü il ## ###### tarixində, saat 18:41də “Elektron hərrac” portalında ilkin hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana 5 iş günü ərzində, 2024-cü il # ###### tarixli bildiriş göndərmiş və “herrac.gov.az” internet səhifəsi, hərrac portalının sosial şəbəkələri, habelə “Market” qəzetində elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilmişdir. İlkin hərrac iştirakçı olmadığı üçün baş tutmamışdır.

3. “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC eyni qaydada ipoteka saxlayana və ipoteka qoyana elan və bildiriş (30 dekar 2024-cü il tarixli *** nömrəli bildiriş) verilməklə 2025-ci il # ###### tarixində, saat 18:41-də “www.herrac.gov.az” elektron hərrac portalında, açıq auksion formasında təkrar hərrac təşkil etmişdir. Təkrar hərrac da iştirakçı olmadığı üçün baş tutmamışdır.

4. Təkrar hərrac baş tutmamış elan edilmiş, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, 0,33793 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32 653,75 m2 təşkil edən, 21 mərtəbəli qeyri-yaşayış binasının ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan QSC və hərracın təşkilatçısı MMC arasında 30 təqvim günü ərzində, yəni 2025-ci il ## ###### tarixində ***************** nömrəli protokol imzalanmışdır.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçıxxxx“iddiaçı”) 2025-ci il ## ###### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İxtisaslaşdırılmış Hərrac Mərkəzi”xxxx“MMC”) tərəfindən keçirilmiş hərracın nəticəsində tərtib olunan 2025-ci il ## ###### tarixli ***************** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, 2025-ci il ## ###### tarixli ***************** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokol əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Həmin protokol iddiaçı tərəfə rəsmi qaydada təqdim olunmamış və 2025-ci il ## ###### tarixində iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə “İcra məmurunun hərəkətlərindən” verilmiş şikayətə baxılarkən elektron məhkəmə sistemin əlavə olunduğu zaman iddiaçı tərəfindən əldə olunmuşdur. Ona görə də protokol etibarsız hesab olunmalı və hərracın nəticələri ləğv olunmalıdır. Belə ki, hərrac prosesləri zamanı iddiaçı tərəfindən bir neçə dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Çünki hərrac keçirilən zaman bir çox kütləvi informasiya vasitələrində hərracı keçirən Cəmiyyət barəsində bəzi məlumatlar ictimaiyyətə çatdırılmışdır. Həmin məlumatlardan görünürdü ki, MMC əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olaraq adlandırılmış, sonradan adı dəyişdirilmişdir. Cəmiyyətin adının dəyişməsinə səbəb isə barəsində cinayət xarakterli araşdırmanın aparılması olmuşdur. Həmçinin qeyd olunan cinayət xarakterli araşdırma ilə əlaqədar Cəmiyyətin uzun müddət fəaliyyətinin dayandırılması da öz əksini tapmışdır. Bundan başqa, hərrac prosesində qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2013-cü ildə müəyyən edilmiş “Qiymətləndirici rəyi” əsasında müəyyən olunmuşdur. Dəfələrlə şikayətlər olunaraq ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi və real likvid dəyərinin müəyyən olunması tələb olunsa da, buna əməl olunmamışdır. Tərəflər arasında bağlanmış 2013-cü il ## ###### tarixli ipoteka müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri borc məbləğindən az olmamalıdır. Həmin müqavilədə isə ümumi borc məbləği 73 000 000 ABŞ dolları müəyyən edilsə də, ipoteka predmetinin bazar qiyməti həmin vaxtkı manatın məzənnəsi ilə müəyyənləşdirilmişdir. Dolların məzənnəsinin sonradan qalxmağını nəzərə aldıqda isə 73 000 000 ABŞ dolları 125 000 000 manat edir. Belə olan halda, tələbkar niyə yeni müqavilə bağlamamışdır. Çünki ipoteka müqaviləsinin 3.2-ci bəndindəki müddəa artıq pozulmuş hesab olunmalı idi. Buradan da belə nəticəyə gəlinir ki, tələbkar sənəd üzərində ipoteka predmetinin bazar qiymətini müəyyən etsə də, reallıqda həmin predmetin bazar qiymətinin dəfələrlə yüksək olmağını qəbul etmişdir ki, dolların məzənnəsi dəyişəndə ipoteka müqaviləsini yeniləməyi zəruri hesab etməmişdir. Eyni zamanda həmin rəydə ipoteka predmetinin yerləşdiyi torpaq sahəsi istifadədə olduğu üçün qiymətləndirilmədiyi əks olunsa da, sonradan həmin rəydə torpaq sahəsinin qiymətə təsir edən amil kimi nəzərə alındığı göstərilmişdir. Bu da öz növbəsində qiymətləndirmə məqsədilə ekspert rəyinin kobud səhvlərlə tərtib olunmasına dəlalət edir.

7. MMC iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, istər Mülki Məcəllədə təsbit edilmiş hərracın keçirilmə qaydasında (maddə 415), istərsə də, “İpoteka Haqqında” Qanunda təsbit edilmiş hərracın keçirilmə qaydasında (maddə 42) baş tutmuş hərracın nəticəsi barədə protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməsinə dair hərracı təşkil edən hərrac mərkəzinin vəzifəsi olmasına dair hər hansı bir müddəa qeyd edilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən hüquq normalarının heç birində hərracın baş tutmasına dair protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməməsi, baş tutmuş hərracın etibarsız hesab edilməsi üçün əsas olmasına dair imperativ maddi hüquq norması qanunvericilikdə təsbit edilməmişdir. Yəni hərracın baş tutmasına dair protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməməsi baş tutmuş hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hərrac prosesləri zamanı iddiaçı tərəfindən bir neçə dəfə Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Demək ki, iddiaçının hərracın keçirilməsi tarixlərindən və yekunundan lazımi qaydada məlumatı olmuşdur, yəni iddiaçı istəsəydi, hərracın yekunlarına dair protokolun surətini özü əldə edə bilərdi. İddiaçı tərəfindən MMC-nin barəsində aparılan və nə vaxtsa aparılmış cinayət işi ilə əlaqədar fəaliyyətinin dayandırılması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Əgər iddiaçı hərrac mərkəzi barəsində KİV-də hər hansı bir məlumatın dərc edilməsini hərrac mərkəzinin fəaliyyətinin dayandırılmasını sübut kimi məhkəməyə təqdim edirsə, bu hala məhkəmə qaydasında mötəbər sübut kimi istinad edilə bilməz. Hər hansı bir hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə istər mülki, istər inzibati, istərsə də cinayət işi üzrə mütləq qaydada müvafiq məhkəmə qərarı olmalıdır, lakin MMC-nin fəaliyyətinin dayandırılmasına dair belə bir qərar olmayıb. “Xəzəryanı Əmtəə və Xammal Birjası” 2006-cı il # #######da, ****-P***-***** saylı qeydiyyatla yaradılmaqla, həmin hüquqi şəxsin təsisçiliyi ilə “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC 2006-cı il ## ####### tarixində, ********** saylı VÖEN-lə təsis edilib və qanunvericiliyin tələblərinə əsasən qeydiyyatdan keçərək ixtisaslaşdırılmış hərrac təşkilatı olaraq uzun müddətdir ki, fəaliyyət göstərir. Lakin buna baxmayaraq imperativ normada da qeyd edildiyi kimi daimi 5 il fəaliyyətinin olması ilə bağlı ardıcıl son 5 il, yəni 2019/2024-cü illərə aid olan hərracların keçirilməsinə dair müqavilələrin və protokolların mövcud olması bunun birbaşa isbatıdır. Bunu təsdiq edən hal olaraq hərrac mərkəzi tərəfindən son beş il, yəni 2019/2024-cü illər ərzində müvafiq sifarişlər əsasında təşkil edilmiş hərracların hər il üzrə ayrı-ayrılıqda müqavilə və protokollarının olmasıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh cavabdeh1 QSC BOKT iddia tələbinə qarşı etirazında vurğulamışdır ki, iddiaçı iddia ərizəsində qanuni qüvvəsini almış qətnamə üzrə müəyyən edilmiş halları mübahisələndirir. Bu, hazırkı iş üzrə heç bir əhəmiyyət kəsb etmir. Belə ki, tərəf nə birinci instansiya məhkəməsində, nə də yuxarı instansiya məhkəməsində ekspertizanın keçirilməsi üçün şərait yaratmamışdır. Həmçinin qanunamüvafiq qaydada ipoteka predmeti əldə edilmiş, hər hansı qanunsuzluğa yol verilməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd rədd edilmişdir (hakim - K.Hüseynov).

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı MMC-nin cinayət xarakterli əməllərinə görə uzun müddət fəaliyyətinin olmadığını qeyd etmiş, lakin sonuncunun hərracın təşkili ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması və barəsində qanuni qüvvəyə minmiş hökm olması barədə məhkəməyə sübut təqdim etməmişdir. X1 Xidmətindən əldə edilmiş məlumatdan MMC-nin 5 ildən artıq fəaliyyət göstərdiyi və fəaliyyətini dayandırdığı vaxtlarda cinayət işi ilə bağlı deyil, öz xahişi ilə dayandırdığı müəyyən olunmuşdur.

11. Bundan başqa iddiaçı iddia tələbinin digər əsası kimi ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini göstərmişdir. Halbuki ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

12. Göründüyü kimi MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac keçirilmiş, hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi faktı, MMC-nin cinayət məsuliyyətinə cəlb olunması və buna görə fəaliyyətini dayandırmasını sübut edə bilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 416-cı, “İpoteka haqqında” Qanununun 41.1, 41.2, 42, 43, 44cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2, 77.1, 82.3, 217.1, 218.3 və 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov).

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, MMC barəsində cinayət işi başlandığını və həmin cinayət işi üzrə istintaqın davam etdirildiyini iddia etsə də, bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından aydın olur ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə başlanılmış cinayət işinə cinayət tərkibi olmaması əsasına görə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə 2024cü il ## ######## tarixində xitam verilmişdir. Həmçinin Cinayət Məcəlləsinin 213.1-ci maddəsilə başlanmış cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə 2024-cü il ## #### tarixində dayandırılmışdır.

17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikası Konstitusiyasının 25 və 60-cı, Mülki Məcəllənin 1.1, 1.2, 11.1, 11.2, 11.5, 16.1, 17.1, 337.1, 339, 416.1 və 560-cı, “İpoteka haqqında” Qanunun 41.2 və 44-cü maddələri ürə - 2025-ci il ## ###### tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokol əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Həmin protokol iddiaçı tərəfə rəsmi qaydada təqdim olunmamış və 2025-ci il ## ###### tarixində iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə “İcra məmurunun hərəkətlərindən” verilmiş şikayətə baxılarkən elektron məhkəmə sisteminə əlavə olunduğu zaman iddiaçı tərəfindən əldə olunmuşdur. Ona görə də protokol etibarsız hesab olunmalı və hərracın nəticələri ləğv olunmalıdır. Belə ki, hərrac prosesləri zamanı iddiaçı tərəfindən bir neçə dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Çünki hərrac keçirilən zaman bir çox kütləvi informasiya vasitələrində hərracı keçirən Cəmiyyət barəsində bəzi məlumatlar ictimaiyyətə çatdırılmışdır. Həmin məlumatlardan görünürdü ki, MMC əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olaraq adlandırılmış, sonradan adı dəyişdirilmişdir. MMC-nin adının dəyişməsinə səbəb isə barəsində cinayət xarakterli araşdırmanın aparılması olmuşdur. Həmçinin qeyd olunan cinayət xarakterli araşdırma ilə əlaqədar MMC uzun müddət fəaliyyətinin dayandırılması da öz əksini tapmışdır.

19. Məhkəmə prosesi zamanı təqdim edilmiş sorğular və alınmış cavablardan da göründüyü kimi 2023-cü il ## ######## tarixindən 2028-ci il ## ######## tarixinədək MMC-nin fəaliyyətinin dayandırılması barədə ərizə təqdim edilmiş və MMC-nin fəaliyyəti rəsmi qaydada dayandırılmışdır. Fəaliyyətin dayandırılması ilə bağlı ərizə təqdim edilərkən Cəmiyyətin adı "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC olmuşdur. Fəaliyyət dayandırıldıqdan sonra Cəmiyyətin adı dəyişdirilmiş və hazırkı MMC olmuşdur. Bir müddət MMC-nin aktiv fəaliyyəti olmamışdır. Bundan sonra MMCnin direktoru S.Əliyev təyin olunmuş və 2025-ci il ## ###### tarixinədək rəsmi qaydada orada direktor olmuşdur. 2025-ci il ## ###### tarixindən isə MMC-nin direktoru R.Ələkbərov təyin olunmuşdur. Daxili İşlər Nazirliyindən alınmış 2025-ci il ## ###### tarixli sorğuya cavab məktubundan görünür ki, MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1ci maddəsi ilə 2023-cü il ## ###### tarixində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* saylı cinayət işi başlanmışdır. Məhz bu cinayət işindən də görünür ki, MMC-nin fəaliyyəti rəsmi qaydada 2023-cü il ## ######## tarixində 5 il müddətinə dayandırılmışdır. Sonradan MMC-nin fəaliyyəti 2023-cü il ## ###### tarixində aktivləşdirilsə də, barəsində cinayət işinin istintaqı davam etdirilmiş və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ödənilməsi təmin olunduqdan sonra cinayət işinə 2025-ci il ## ###### tarixində xitam verilmişdir.

20. Kassator “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə istinadla qeyd etmişdir ki, qüvvədə olan qanunvericilikdə fəaliyyətini dayandırmış və barəsində cinayət təqibi aparılan subyektlərin qiymətləndirmə rəyi vermək və hərrac təşkil etmək səlahiyyəti olmadığı əks olunmuşdur. Bundan başqa, hərrac prosesində qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2013-cü ildə müəyyən edilmiş “Qiymətləndirici rəyi” əsasında müəyyən olunmuşdur. Dəfələrlə şikayətlər olunaraq ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi və real likvid dəyərinin müəyyən olunması tələb olunsa da, buna əməl olunmamışdır. Bu da özlüyündə tamamilə absurd bir yanaşmadır. Əvvəla ipoteka predmetinin 2013-cü il tarixindəki bazar qiymətinin 2023-2024-cü illərdə likvid dəyər kimi götürülməsi mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması hesab olunmalıdır. Çünki 2013-cü il ipoteka predmeti qiymətləndiriləndə həmin vaxt ipoteka predmeti ilə bağlı likvid dəyər anlayışı yox idi, yalnız bazar qiyməti anlayışı var idi. Hazırda yüksək gəlirliliyi olan biznes mərkəzinin 11 il ərzində likvid dəyərinin artmaması və 2013-cü ildəki bazar qiymətinin qüvvədə qalması sual yaradır. Hətta tərəflər arasında bağlanmış 2013-cü il ## ###### tarixli ipoteka müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri borc məbləğindən az olmamalıdır. Həmin müqavilədə isə ümumi borc məbləği 73 000 000 ABŞ dolları müəyyən edilsə də, ipoteka predmetinin bazar qiyməti həmin vaxtkı manatın məzənnəsi ilə müəyyənləşdirilmişdir. Dolların məzənnəsinin sonradan qalxmağını nəzərə aldıqda isə 73 000 000 ABŞ dolları 125 000 000 manat edir. Belə olan halda, tələbkar niyə yeni müqavilə bağlamamışdır? Çünki ipoteka müqaviləsinin 3.2-ci bəndindəki müddəa artıq pozulmuş hesab olunmalı idi. Buradan da belə nəticəyə gəlinir ki, tələbkar sənəd üzərində ipoteka predmetinin bazar qiymətini müəyyən etsə də, reallıqda həmin predmetin bazar qiymətinin dəfələrlə yüksək olmağını qəbul etmişdir ki, dolların məzənnəsi dəyişəndə ipoteka müqaviləsini yeniləməyi zəruri hesab etməmişdir. Qeyd olunan xüsusatlarla bağlı dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunsa da, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin satılması üçün hərrac proseslərinin təşkil olunmasından öncə əmlakın yenidən qiymətləndirilməsi və real likvid dəyərinin müəyyən olunması həyata keçirilməmişdir. Bu da absurd yanaşma olmaqla hazırkı iddia üzrə iddiaçının əmlak hüquqlarının itirilməsinə və əlverişsiz vəziyyətə salınmasına şərait yaratmışdır.

21. İpoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi məqsədilə alınmış 2013-cü il ## ###### tarixli ekspert rəyi də tamamilə əsasız olmuşdur. Belə ki, həmin rəydən görünür ki, ipoteka predmetinin 20 və 21-ci mərtəbələri ofis məqsədilə istifadə olunur. Reallıqda isə binanın 20 və 21-ci mərtəbələrində yüksək keyfiyyətlə və standartlarla təmir olunmuş və istifadədə olan restoran fəaliyyət göstərir. Həmçinin həmin rəydən görünür ki, ipoteka predmetinin gəlir yanaşması baxımından dəyəri 136 000 000 manat, müqayisə yanaşması baxımından dəyəri isə 134 000 000 manat göstərilmişdir. Bu da tamamilə absurd bir yanaşmadır və heç bir qiymətləndirmə fəaliyyətində belə bir yanaşmanın tətbiqi təcrübədə görülməmişdir. Əlavə olaraq həmin rəydən görünür ki, ipoteka predmetinin bazar dəyəri 135 000 000 manat, likvid dəyəri 135 000 000 manat, likvid dəyəri isə 120 000 000 manat olaraq müəyyən edilmişdir. Belə bir yanaşmaya isə heç bir normativ aktda və təcrübədə rast gəlinməmişdir. Çünki həmin yanaşma ilə bazar qiyməti ilə likvid dəyər arasında təxminən 11-12 % fərq müəyyən edilmişdir ki, bu da tamamilə absurd bir yanaşmadır və ekspert belə bir nəticəyə hansı normativ akt və ya qaydalar əsasında gəlidiyinə dair heç bir mənbə göstərməmişdir. Eyni zamanda, həmin rəydə ipoteka predmetinin yerləşdiyi torpaq sahəsi istifadədə olduğu üçün qiymətləndirilmədiyi əks olunsa da, sonradan həmin rəydə torpaq sahəsinin qiymətə təsir edən amil kimi nəzərə alındığı göstərilmişdir. Bu da öz növbəsində qiymətləndirmə məqsədilə ekspert rəyinin kobud səhvlərlə tərtib olunmasına dəlalət edir. Həmçinin kredit müqaviləsi ABŞ dolları ilə olduğu üçün həmin rəydə də ipoteka predmetinin dəyəri ilə bağlı da ABŞ dolları ekvivalenti öz əksini tapmalı idi. Ekspert rəyində ipoteka predmetinin likvid dəyəri 2013-cü il üçün müəyyən olunmuş və kredit müqaviləsinin qüvvədə olduğu müddətin sonunadək olan dövr üzrə müəyyən edilməmişdir. Çünki kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün müəyyən olunacağı təqdirdə rəsmi statistik məlumatlar əsasında il ərzində 12-13 % inflyasiya nəzərə alınmalı idi. Lakin göründüyü kimi bu xüsusatlara rəydə qiymət verilməmiş, nəticədə etibarsız bir ekspert rəyi tərtib olunmuş və həmin rəy əsasında müəyyən edilmiş likvid dəyər əsasında da hərrac keçirilmişdir. Qeyd olunanqiymətləndirmə rəyinin əsassız olmasını eyni zamanda iddiaçı tərəfindən 2024-cü il ## ###### tarixində alınmış “xxxx” MMC tərəfindən verilmiş “Hesabat”da əks olunan ipoteka predmetinin likvid dəyəri də bir daha sübuta yetirir. Həmin “Hesabat”dan görünür ki, ipoteka prdemetinin hazırda likvid dəyəri 220 000 000 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qanunla qorunan bütün hüquqları pozulmuş, apellyasiya instansiya məhkəməsi də qanunsuz olaraq həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarmışdır.

22. 2013-cü il bazar qiymətinin 2024–2025-ci illərə tətbiqi Mülki Məcəllənin 1, 6, 14 və 17-ci maddələrini ciddi şəkildə pozmuşdur. Hərrac prosesində 11 il köhnə qiymətləndirmə rəyi əsasında məcburi satışın aparılması və həmin rəydəki qiymətlərin real bazar dəyəri ilə uyğun gəlməməsi 2024-cü ilin iqtisadi reallıqlarına uyğun qiymətləndirmə aparılmamasını göstərir. Bu, mülkiyyətçinin iqtisadi maraqlarına ağır zərər vurur və Mülki Məcəllənin 1-ci maddəsinin məqsədlərinə birbaşa ziddir. Mülki qanunvericiliyin məqsədi subyektlərin əmlakını qorumaqdır, onların əmlakını süni olaraq aşağı qiymətlə satmaq deyil. Mülkiyyətin toxunulmazlığı mülki hüququn baza prinsipidir. Mülkiyyətin məcburi satışı (hərrac vasitəsilə) yalnız o halda qanuni sayıla bilər ki, əmlakın konsensus əsasında müəyyən olunmuş, real bazar qiymətinə uyğun, likvid dəyəri dəqiqliklə müəyyən edilmiş qiymətlə satılması təmin olunsun. Lakin iş üzrə əmlak 2013-cü ilin qiymətləri ilə hərraca çıxarılıb. 11 il ərzində iqtisadi, maliyyə və əmlak bazarında baş vermiş dəyişikliklər nəzərə alınmayıb və likvid dəyərin artması barədə sübutlar məhkəmə tərəfindən qiymətləndirilməyib. Belə hal mülkiyyətçi olan iddiaçının əmlakının dəyərdən aşağı bir qiymətlə məcburi əlindən alınmasına gətirib çıxarır ki, bu da mülkiyyətin toxunulmazlığı prinsipinin açıq və birbaşa pozulmasıdır.

23. MPM-in 9, 14, 77.1, 82.1, 88, 104.1, 106.1, 217.3, 218.1 və 385-ci maddələri üzrə - məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması hallarına yol verilmiş, iddiaçı tərəfindən verilmiş vəsatətlər tam təmin olunmamış, zəruri sorğuların verilməsi həyata keçirilməmiş, araşdırılması məcburi olan məsələlərin tədqiqinə şərait yaradılmamışdır. “İpoteka haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulan “daimi fəaliyyət” anlayışı yalnız cinayət işinin istintaqı ilə bağlı əlaqələndirilmiş, mülki qaydada tətbiq edilməli hallar baxımından zəruriliyi araşdırılmamışdır.

24. Məhkəmə qərarı yalnız tərəflərin müzakirə etdiyi sübutlara əsaslanmalıdır. Halbuki iddiaçı tərəfindən təqdim edilən 2013-cü il qiymətləndirmə rəyindəki absurdluq, 2024-cü il yeni ekspert hesabatı, Ədliyyə Nazirliyinə şikayətlər, hərrac mərkəzinin legitimliyinə dair ciddi suallar, ipoteka müqaviləsinin 3.2 maddəsinin pozulması, likvid dəyər və bazar dəyəri arasındakı uyğunsuzluq apellyasiya instansiyasında müzakirə edilməmişdir. Bu isə birbaşa MPM-in 9.3-cü maddəsinin pozulmasıdır. Çünki məhkəmə “öz hüquqi qənaəti” ilə qərar verərək çəkişməni təmin etməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetmə yükü və sübutların qiymətləndirilməsi düzgün aparılmamışdır. Belə ki, apellyasiya məhkəməsi cavabdeh hərrac təşkilatının hərracın düzgün keçirildiyini sübut etmək öhdəliyini ona yükləməli idi, çünki tələb olunan hüquqi faktı doğuran hərəkət məhz cavabdehin sferasındadır (hərracın təşkili və protokolun verilməsi). MPM-in ümumi prinsipləri sübutetmə yükünü hansı tərəfin faktı doğurduğuna görə müəyyən edir. Bu işdə isə hərracın şəffaf keçirilməsi, ekspert rəyi, qiymətin düzgün müəyyən edilməsi, protokolun tərəfə vaxtında təqdim edilməsi cavabdehin sübut etməli olduğu hallardır. Apellyasiya məhkəməsi isə cavabdehin heç bir sübut təqdim etmədiyi halda, iddiaçının çoxsaylı əks-sübutlarını araşdırmadan nəticəyə gəlmişdir. Bu hal isə sübutların qeyri-tam araşdırılmasına və MPM 9.3 və 88-ci maddələrinin pozulmasına səbəb olmuşdur. Protokolun iddiaçıya təqdim olunmaması faktı hüquqi tərəfdən qiymətləndirilməmişdir. İddiaçı protokolu yalnız başqa iş üzrə elektron sistemə yüklənəndə təsadüfən əldə etmişdir. Bu isə göstərir ki, hərracın nəticəsi qanuni qaydada iddiaçıya təqdim olunmayıb, belə hal isə MPM-in 4.1 və 5.1-ci maddələrində təsbit edilən müdafiə hüququnun pozulmasına səbəb olur. Lakin apellyasiya məhkəməsi bu faktı, ümumiyyətlə, qiymətləndirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur”.

30. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun müvafiq müddəalarında (müvafiq hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur:

“Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

“Maddə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. ...”

“Maddə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. ... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. ...”

“Maddə 44. Hərracın etibarsız sayılması

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur”.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, hərracın keçirilməsi prosesində MMC tərəfindən hər hansı pozuntuya yol verilmədiyindən protokol etibarsız hesab oluna bilməz.

34. İpoteka predmetinin qiyməti ilə bağlı dəlilləri də əsassız hesab edən Kollegiya bildirir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur.

35. Həmçinin Kollegiya kassasiya şikayətinin MMC barəsində cinayət xarakterli araşdırma aparılması barədə dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilləri qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

36. Kassasiya şikayətində sübutlara düzgün qiymət verilməməsi və bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozulmasına istinad edilməsi isə əsassızdır.

37. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı).

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar