Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-867/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2022-ci il ## ### tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, diametri 219 mm olan orta təzyiqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş diametri 57 mm olan dəmir boruyla 2020-ci il # ###### tarixindən 2021-ci il ## #### tarixinədək olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 115.920 m3 və 2021-ci il # ###### tarixindən 2022-ci il ## ###### tarixinə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 107.520 m3 həcmində cəmi 223.440 m3 təbii qaz istifadə olunmuşdur.
2. Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmündən müəyyən edilir ki, cavabdeh2 və cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar.
3. Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmdə göstərilənlərə görə, “təqsirləndirilən şəxslər cavabdeh2 və cavabdeh1 verilmiş ittihamın əsasını təşkil edən İddiaçı ASC-yə dəymiş maddi ziyanın məbləğinə dair hissəyə məhkəmə hüquqi qiymət verərək qeyd etmişdir ki, sonuncu dəfə ekspertiza təyin edildikdən sonra tərəflərin iştirakı və ittihamın verildiyi şərtlər nəzərə alınmaqla, qazın mümkün sərfiyyatı ilə bağlı keçirilmiş məhkəmə eksperimentində müəyyən olunmuş, ümumilikdə itirilmiş təbii qazın həcmi 114912 m3 itirilmiş təbii qazın dəyəri 24.088,32 manat təşkil etmişdir. Məhkəmə bu eksperimentin nəticələrini əsaslı, ittihamı isə qalan hissədə əsassız hesab etmişdir. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla bu resursun talanmış məbləği 24.088,32 manat kimi nəzərə alınmalıdır”.
4. Sözügedən hökmdə sübut kimi qiymətləndirilən İddiaçı ASC-nin 2023-cü il ## ##### tarixli məktubundan görünür ki, ekspertiza rəyində 2020-ci il # ###### tarixindən 2021-ci il ## #### tarixinədək 23 ədəd dəmir sobada istifadə edilə biləcəyi 59.616 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il ## ###### tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan, itirilmiş qazın dəyəri 11.923,20 manat (59.616 m3 x 0,20 m = 11.923,20 m), 2021-ci il # ###### tarixindən 2022-ci il ## ###### tarixinədək 40 ədəd dəmir sobada istifadə edilə biləcəyi 55.296 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il ## ####### tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan, itirilmiş qazın dəyəri 12.165,12 manat (55.296 m3 x 0.22 m = 12.165,12 m), ümumilikdə isə 114.912 m3 həcmində (59.616 m3 + 55.296 m3 = 114.912 m3) itirilmiş təbii qazın dəyəri 24.088,32 manat (11.923,20 + 12.165,12 = 24.088,32) təşkil etmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Istehsalat Birliyi (bundan sonra – “iddiaçı”) 2024-cü il ## ###### tarixində cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qazdan qeyri-qanuni istifadəyə hesablanmış 36.833,40 manat əsas borc və 200,50 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 37.033,90 manat borcun (pulun) məcburi qaydada tutularaq iddiaçının xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Ağdaş sahəsinin xidməti ərazisində qaz təsərrüfatında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, Zaqatala RQII-nin Ağdaş xidməti sahəsində Ağdaş şəhəri, Məşəd küçəsində cavabdehlərə məxsus istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. 2022-ci il ## ###### tarixində iddiaçı tərəfin nümayəndələri tərəfindən əraziyə baxış keçirilən zaman Ağdaş QPS-dən qidalanan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkilərək istixanada təbii qazdan istifadə edildiyi müəyyən olunmuşdur. Ağdaş şəhəri, Məşəd küçəsində cavabdehlərə məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla “təbii qazın alqı-satqısı barədə” müqavilə mövcud olmamışdır. Bu yolla Istixana sahibi cavabdehlər tərəfindən təbii qazdan qeyri qanuni istifadə edilməsinə nail olmuşlar. Belə ki, həmin istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş diametri 57 mm-lik qaz xətindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyristandart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı toplanmış materiallarla tədbirin görülməsi üçün Ağdaş rayon prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında açılmış ********* nömrəli cinayət iş üzrə aparılan araşdırmada cavabdehlərin istixanada 2020-ci il # ###### tarixindən 2021-ci il ## #### tarixinədək 23 ədəd dəmir sobada və 2021-ci il # ###### tarixindən 2022-ci il ## ###### tarixinədək 40 ədəd dəmir sobada qeyri qanuni qazdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Araşdırmaya təqdim olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il ## ### tarixli **/**** nömrəli ekspert rəyi ilə ümumilikdə dəymiş ziyanın həcmi 46.838,40 manat müəyyən olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərin cinayət əməlləri törətməsi faktı öz təsdiqini tapdığından, Ağdaş rayon prokurorluğu ********* nömrəli cinayət iş üzrə tərtib edilmiş ittiham aktını baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş *(***)-*/**** nömrəli cinayət işi üzrə hazırkı işdəki cavabdehlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 2222.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsi öz təsdiqini tapdığından, barələrində 2023-cü il ## ### tarixli məhkəmə hökmü çıxarılmış, verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Cinayət icraatı zamanı hazırkı iş üzrə cavabdehlər tərəfindən maddi zərərin 10.005 manat hissəsi əvvəlcədən ödənilmişdir (2022-ci il ## ######). Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər maddi zərərin 36.833,40 manat hissəsini tələbkarın hesabına ödəməmişdir.
7. Iddiaçı tərəf iddianın həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 24.088,32 manat əsas borc və ödənilmiş 200.50 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.
8. Cavabdeh cavabdeh2 izahatında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, “Ağdaş zonasında noyabr, dekabr aylarında yox, fevral, mart aylarında xiyar əkilir. Qaz Idarəsinin işçiləri parnikə baxış keçirən zaman parniki ot basmışdı. Ot olan yerdə məhsuldarlıq olmur. Noyabr ayında xiyar parnikdə 17-18 sm idisə, fevral ayında 1.80 metrə yaxın olmalı idi. Qaz Idarəsinin işçiləri sobaları görüblər, lakin həmin sobaların yanaraq qaz işlətdiyini necə sübut edə bilərlər. Parnikin hər tərəfi açıqdır. Qaz olmasa da parnikdə 25 dərəcə istilik olur. Iddiaçının əvvəlki tələbi üzrə 36.833,40 manat əsas borcun çox olduğunu bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24.088,32 manat borcu olduğunu etiraf etmişdir”.
9. Cavabdeh cavabdeh1 həmin izahata əlavəsinin olmadığını bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24.088,32 manat borcu olduğunu etiraf etmişdir.
10. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Hüseynova).
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında hazırkı mübahisə cinayət əməli ilə vurulmuş maddi ziyanın tələb edilməsindən irəli gəlmişdir. Belə ki, cavabdehlər tərəfindən Ağdaş şəhəri, Məşəd küçəsində onlara məxsus istixanada təbii qazdan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkməklə qeyri-qanuni istifadə edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində cavabdehlərə məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Nəticədə istixana sahibi olan cavabdehlər təbii qazdan qeyri qanuni istifadə edərək iddiaçıya maddi zərər vurmuşlar.
12. Iddiaçının hazırkı tələbinin hüquqi əsası kimi cavabdehlər tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunması faktı Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmünə əsasən müəyyən edilmişdir. Belə ki, iş üzrə cavabdehlərin qeyd olunan ərazidə təbii qazdan qeyri-qanuni istifadə etmələri faktı istintaq orqanı tərəfindən sübuta yetirilmiş və bu hal qeyd olunan hökmdə öz əksini tapmışdır. Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmü isə qanuni qüvvəsini almışdır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
13. Cavabdehlərin təbii qazdan qeyri-qanuni istifadələri nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin müəyyən olunması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya dəymiş ziyan Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmündə 24.088,32 manat müəyyən olunmuşdur. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəməyə ünvanlanan iddia həcminin azaldılması barədə ərizədə də cavabdehlərdən 24.088,32 manat pul tələb edilmişdir. Həmçinin cavabdehlər sonuncu məhkəmə iclasında iddiaçıya 24.088,32 manat borclarının olduğunu etiraf etmişlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmündə sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il ## ### tarixli **/**** nömrəli ekspertiza rəyi əsasında cavabdehlərdən tələb olunan borc əsaslı olmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 21.1, 21.3, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 3.5, 3.5-1, 3.5-2, 6-4, 13.6, 13.8, 13.8-1 və 13.9-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11- 2, 3.1.10, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 5.5, 6.1, 6.1.4, 6.1.5-1, 6.5-1, 6.5-1.1, 6.5- 1.2, 6.5- 1.3, 6.5-2, 6.5-3 və 6.5-4-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın qismən – “14.088,32 manat borcun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsində təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 10.000 manat borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv olunmaqla, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin olunmamış, cavabdehlərin iddiaçıya ödəməli olduğu borcun məbləği 14.088,32 manat müəyyən edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 132,26 manatı cavabdehlərə aid olunmuş, cavabdehlərdən 132,26 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunmuşdur (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlərin iddiaçıya ziyan vurmaları barədə qənaəti ilə razılaşsa da qeyd etmişdir ki, məhkəmə ödənilməli ziyan (borc) məbləğinin müəyyən edilməsində yanlışlığa yol vermişdir. Belə ki, iş materialında olan 2022-ci il ## ###### tarixli BPM************ nömrəli mədaxil qəbzi, eyni zamanda 2025-ci il # #### tarixli debit haqqında bildirişdən görünür ki, təbii qazdan qanunsuz istifadəyə görə iddiaçı tərəfə dəymiş zərərdən 10.000 manat ödəniş edilmişdir.
18. Kollegiyanın sorğusuna iddiaçının nümayəndəsi tərəfindən verilmiş məktubda (ərizədə) göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tutulmalı olan borc məbləğinin 24.088,32 manat müəyyən edərkən Ağdaş Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmünün maddi zərərlə bağlı mövqeyini və cavabdehlərin həmin həcmdə olan borcla bağlı etirafını nəzərə almaqla düzgün qənaətə gəlmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsindən yalnız cavabdeh1 şikayət vermiş, cavabdeh2 isə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən apellyasiya şikayəti verməmişdir. Ağdaş Rayon Məhkəməsinin icraatında cinayət işinə baxılarkən X1 adından 10.005 manat cavabdeh2 münasibətdə ödənilmişdir. Ödəniş bildirişindən də göründüyü kimi, hazırkı şikayət verən cavabdeh1 adından hər hansı zərərin ödənilməsindən söhbət belə getmir. Ona görə də nə qədər ki, cavabdeh1 adından maddi zərərlə bağlı hər hansı ödəniş həyata keçirilməyib, ona görə də cavabdeh1 münasibətdə Şəki Kommersiya Məhkəməsinin qətnaməsi və orada yer alan borc məbləği mübahisələndirilə bilməz. Bundan əlavə cavabdehlərin fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi (istixana) istehlakçı kimi abonent bazasında qeydiyyata alınmamış və hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Ona görə də cavabdehlərin adına ünvan 1 ünvanında istixana üzrə 2020-2025-ci illərə dair təbii qazın sərfiyyatına dair abonent saldoları mövcud olmamışdır.
19. Verilmiş iddia ərizəsində də cinayət icraatı zamanı cavabdehlər tərəfindən maddi zərərin 10.005 manat hissəsinin əvvəlcədən ödənildiyi göstərilmişdir.
20. Göründüyü kimi, iddiaçının nümayəndəsi cavabdehlərin adına 2020-2025-ci illərə dair abonent saldosunun olmamasını və cavabdehlər tərəfindən vurulmuş ziyandan 10.005 manatının ödənildiyini etiraf etmişdir. Lakin həmin məbləğin apellyasiya şikayəti verən cavabdeh cavabdeh1 deyil, apellyasiya şikayəti verməyən cavabdeh2 adından ödənildiyini göstərmişdir.
21. Ilk növbədə kollegiya vurğulamışdır ki, iddiaçının nümayəndəsi hansı səbəbdənsə 10.005 manatın cavabdeh cavabdeh1 anası X1 tərəfindən ödənildiyini “unutmuşdur”. Ikincisi, qanuni qüvvəsini almış hökmdən və birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, 24.088,32 manat məbləğində ziyanı cavabdehlər bir yerdə vurmuşlar və hər ikisindən tələb olunur. Belə olan halda kollegiya 10.000 manat məbləğin cavabdehlərdən hansının adından ödənilməsindən asılı olmayaraq ümumi ziyandan (borcdan) çıxılması qənaətinə gəlmişdir.
22. Eyni zamanda işdə olan 2022-ci il ## ###### tarixli mədaxil qəbzi və həmin tarixli debut haqqında bildirişdən görünür ki, iddiaçının ABB-nin Ağdaş filialındakı hesabına cavabdeh2 adından 10.000 manat qaz pulu borc məbləği ödənilmiş, yerdə qalan 5 manat isə xidmət haqqı kimi ödənilmişdir.
23. Cavabdehlərin birinci instansiya məhkəməsində 24.088,32 manat ziyan vurulmasının etirafına gəldikdə isə onlar ödəməli məbləği deyil, vurulmuş ziyanı etiraf etmişlər.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 15.2, 21.1, 21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 və 3.1.10-cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə 14.2, 42, 77.1, 82.4, 88 və 180.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən – birinci instansiya məhkəməsinin qətnaməsi tələbin “təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 10.000 manat borcun tutularaq iddiaçıya ödənilməsi”nə dair rədd edilmiş hissəsində ləğv olunması, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Kassator şikayətində “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsi üzrə bildirir ki, cavabdehlərin təqsirli olmaları və ödəməli olduğu zərərin həcminin 24.088,32 manat olması Ağdaş Rayon Məhkəməsi 2023-cü il ## ### tarixli *(***)-*/**** nömrəli hökmü ilə sübut olunduğundan, iddiaçı hazırkı tələbində haqlı olmuşdur.
27. Kassator MM-in 14.1, 21, 1096 və 417.1.3-cü maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə həmin normaların məzmununu sadalamaqla istinad edir.
28. MPM-in 14.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsi hazırkı işi araşdırarkən tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmişdir. Prosessual qanunvericiliyin tələblərin görə, səs və video yazılar, işdə iştirak edən şəxslərin izahatları məhkəmə tərəfindən qiymətləndirilən sübutlar hesab olunur. Cavabdehlərin 24.088,32 manat borcu olması ilə bağlı etirafı (yazılı və şifahi izahatı) məhz bu kateqoriyadan olan sübutların dairəsinə aiddir. Lakin apellyasiya məhkəməsi bu sübutlara düzgün qiymət verməmişdir.
29. MPM-in 77-ci maddəsi üzrə - iddiaçının təqdim etdiyi sübutlar və cavabdehin etirafları işin mübahisəsiz təmin olunmasına qeyd şərtsiz əsasdır və birinci instansiya məhkəməsi bu əsasdan çıxış edərək tələbi təmin etmişdir.
30. MPM-in 52.2-ci maddəsi üzrə - hazırkı iş üzrə birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehlərin 24.088,32 manat borcu etiraf etməsi həm iclas protokollarında, həm məhkəmə iclaslarının audio yazısında, həm də iclasda verilən yazılı ərizələrlə də təsdiq olunmuşdur.
31. MPM-in 106.3-cü maddəsi üzrə - birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehlərin 24.088,32 manat borclarının olduğunu etiraf etməsi iclas protokolları və məhkəmə iclaslarının audio yazısında öz əksini tapmaqla yanaşı, eyni zamanda cavabdehlər məhkəmə iclasında verdiyi yazılı ərizələri ilə də təsdiqini tapır. Ona görə də birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehlərin iddia tələbini etiraf etməsi iddiaçını gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsinin mübahisəsiz hallardan kənara çıxması düzgün olmamışdır.
32. MPM-in 191.3-cü maddəsi üzrə - birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehlərin verdiyi izahatlarda (iddiaçıya 24.088,32 manat borcun olduğu etiraf edilmişdir), məhkəmənin mövqeyində (sonuncu məhkəmə iclasında da borc etiraf olunmuşdur) iddia tələbinin qəbul edilməsi mübahisəsizdir. Apellyasiya məhkəməsi göstərilənləri nəzərə almamış, bu da prossesual qanunvericiliyin pozulması ilə nəticələnmişdir.
33. MPM-in 220.4-cü maddəsi üzrə - birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində işin halları ilə yanaşı göstərilmişdir ki, cavabdehlər sonuncu məhkəmə iclasında iddiaçıya 24.088,32 manat borclarının olduğunu etiraf etmişlər. Məhkəmənin sonda gəldiyi qənaət eyni zamanda cavabdehlərin etirafı ilə də formalaşmışdır. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaətini yanlış olaraq qiymətləndirmiş, yanlış olaraq cavabdehlərin yalnız maddi ziyan vurduğunu etiraf etməsini əsas göstürmüşdür. Çünki iş materiallarından da göründüyü kimi, cavabdehlərin maddi ziyanla bağlı etirafı məchulda deyil, konkret rəqəm olaraq 24.088,32 manat ziyan vurması öz əksini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. ...”
“Maddə 15. Mülki hüquqların həyata keçirilməsi ... 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. ...”
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ...”
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. ...”
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi ... 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”
“Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ...”
38. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“2. Qaz qurğularının istismarı ... 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. ...”
“3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri ... 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: ... 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; ...”
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin yalnız təmin olunan hissədə əsaslı olması, tələb edilən borcdan 10.000 manat məbləğin ödənilmiş olduğu apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla ilə uzlaşmış, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
42. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPMin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
43. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
44. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.