Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-872/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Borcverən İddiaçı ASC Borcalan cavabdeh4 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli **Y/** saylı kredit müqaviləsinə əsasən borcverən tərəfindən cavabdeh4 MMC-yə 12 ay müddətinə, 2024-cü il ## ###### tarixinədək, illik 18 faiz ödəmək şərtilə 30000 manat məbləğində kredit verilir.
2. Hesabdan çıxarışa əsasən, 2023-cü il ## ###### tarixdə 30000 manat məbləğində kredit cavabdeh4 MMC-yə məxsus hesaba köçürülmüşdür.
3. İddiaçı ASC (kreditor) cavabdeh1 (zamin), cavabdeh3 (zamin), cavabdeh2 (zamin) və cavabdeh4 MMC (borclu) arasında bağlanmış 2023-cü il ## ###### tarixli, **YZ/** saylı zaminlik müqaviləsinə görə zaminlər kreditor qarşısında 2023-cü il ## ###### tarixli **Y/** saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət götürmüşlər.
4. İddiaçı ASC tərəfindən təqdim edilmiş arayışa əsasən 2023-cü il ## ###### tarixli **Y/** saylı kredit müqaviləsi üzrə 2024-cü il ## ###### tarixə olan əsas borc 29999,14 manat, faiz borcu 1080 manat, cərimə borcu 600,12 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2, cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2023-cü il ## ###### tarixli, **Y/** saylı kredit müqaviləsi üzrə (bundan sonra – “müqavilə”) əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat və dövlət rüsumu kimi ödənilmiş 185,59 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri və bu müqavilə ilə müəyyən edilir. Lakin cavabdeh cavabdeh4xxxx“MMC”) müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh MMC-nin 2024-cü il ## ###### tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 29999,14 manat, faiz üzrə 1080 manat, cərimə üzrə 600,12 manat, cəmi 31679,26 manat məbləğində banka borcu vardır.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Hüseynova).
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 30000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit verilmiş, digər cavabdehlərlə cavabdeh3, cavabdeh2, cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, göstərilən şəxslər kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və mülki qanunvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 29999,14 manat məbləğində əsas bоrc, 1080 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində kredit müqaviləsinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 600,12 manat dəbbə pulunun cavabdehlərdən tutulmasını tələb etmişdir. İş üzrə müəyyən olunan hallarla cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi təsdiqləndiyindən və müqavilədə gecikməyə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının cərimənin tutulmasına dair tələbi əsaslı hesab edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1, 470.1, 472.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin MMC-yə aid hissədə ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, */**** saylı ekspert rəyinə əsasən İddiaçı ASC borcalan cavabdeh4 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli **Y/** saylı kredit müqaviləsi üzrə cavabdeh4 MMC-nin 2024-cü il ## ###### tarixə banka əsas borcu 29999,14 manat faiz borcu isə 4169,87 manat, 2025-ci il ## ###### tarixə banka əsas borcu 29999,14 manat faiz borcu 8234,75 manat təşkil edir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova, Z.Şirinov).
15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq ekspert rəyinə istinadən qeyd etmişdir ki, cavabdehin borcun düzgün müəyyən edilməməsi barədə təqdim etdiyi dəlillər öz təsdiqini tapmamışdır. Əksinə, kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsinə əsasən tələb ediləndən daha yüksək məbləğdə olduğu müəyyən edilmişdir.
16. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməklə cavabdehdən kredit müqaviləsi üzrə əsas borcu 29,999.14 manat, faiz borcunu isə 1080 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 442, 443.1, 448.1, 462.1, 467, 740.1, 740.2, 742.1, 743.1, 743.2-ci maddələrinə, xxxx-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin cavabdeh MMC-yə münasibətdə ləğv edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri:
19. xxxx-in 14.1, 102.3-cü maddələri üzrə - İş üzrə həm birinci, həm də apellyasiya məhkəməsində təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində göstərilən hesablamalar real vəziyyəti əks etdirmədiyindən borc məbləğinin müəyyən edilməsi ilə bağlı əsaslı mübahisələr mövcuddur. Bu mübahisələrin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Belə olan halda, birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri qanunvericiliyin tələblərinə zidd olmaqla hüquq və qanuni mənafelərin pozulmasına səbəb olmuş, buna görə də həmin qərarlar ləğv edilməli və iş yenidən baxılmaq üçün göndərilməlidir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
21. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (xxxx-in 403 və 416-cı maddələri).
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. ...”
“Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. ...”
“Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. ...”
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (xxxx-in 416.1- ci maddəsi).
26. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
28. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh MMC apellyasiya şikayətində də əsas və faiz borcu məbləğini mübahisələndirdiyi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və nəticə etibarı ilə ekspert rəyinə əsasən də cavabdehin borcun düzgün müəyyən edilməməsi barədə təqdim etdiyi dəlillər öz təsdiqini tapmamış, əksinə, kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsinə əsasən tələb ediləndən daha yüksək məbləğdə olduğu müəyyən edilmişdir.
29. Kollegiya bildirir ki, kassasiya şikayətində də cavabdeh MMC tərəfindən ekspert rəyi mübahisələndirilsə də, bu arqumentinin yoxlanılmasına əsas verən sübutlar təqdim olunmamış, ümumi sözlərlə ifadə edilmişdir. Kifayət qədər əsaslandırılmış ekspert rəyini şübhə altına almağa əsas verən hallar müəyyən olunmamışdır.
30. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə xxxx-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
31. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (xxxx-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
33. xxxx-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.