Məhkəmə qərarları › İş №2-2(102)-879/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-879/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-879/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və İbrahimov Eyvaz Azad oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1 və İbrahimov Eyvaz Azad oğluna qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (“bank”) və cavabdeh1 (“kredit alan”) və İbrahimov Eyvaz Azad oğlu (“zamin”) arasında bağlanmış 2022-ci il ## ######## tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 80.000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır.

2. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür; -2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır; -4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir; -11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır; -11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. İddiaçı QSC (“bank”) və cavabdeh1 (“kredit alan”) olmaqla bağlanmış 2023-cü il ## ### tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15.000 manat olan biznes kreditini illik faiz dərəcəsi 23 % olmaqla 24 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ**ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 15000 manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.

4. 2023-cü il ## ### tarixli ödəniş planında borcalan cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2025-ci il ## ### olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

5. 2024-cü il ## #### tarixli maliyyə arayışına əsasən 2023-cü il ## ### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdeh1 2024-cü il ## #### tarixinə İddiaçı QSC-yə 11.320,73 manat məbləğində əsas borc, 1.187,60 manat faiz borcu və 362,26 manat cərimə olmaqla, ümumilikdə cəmi 12.870,59 manat məbləğində borcu vardır.

6. İddiaçı QSC tərəfindən 2024-cü il ## #### tarixində ünvanlanmış xəbərdarlıq məktubunda, 11.320,73 manat məbləğində əsas borc, 1.187,60 manat faiz borcu və 362,26 manat cərimə olmaqla, ümumilikdə cəmi 12.870,59 manat məbləğində borcun 2024-cü il # #### tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh1 və İbrahimov Eyvaz Azad oğluna (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh1”, “E.İbrahimov) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ***R********** saylı kredit razılaşması üzrə 11.320,73 manat məbləğində əsas borc, 1.187,60 manat faiz borcu və 362,26 manat cərimə olmaqla, ümumilikdə 12.870,59 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,60 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, borclu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 2024-cü il ## ###### tarixdən ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh1 götürdüyü kredit borcundan 3.679,27 manat ödəmiş, onun 11.320,73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2024-cü il ## #### tarixə 160 gün üçün hesablanmış faiz borcu 1.187,60 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 2024-cü il ## #### tarixə 160 gün üçün hesablanmış cərimə 362,26 manat təşkil edir.

9. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 2023-cü il ## ### tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdeh1 2024-cü il ## #### tarixə Banka olan əsas borcu 11396,55 manat, faiz borcu 1164,98 manat, 2025-ci il ## ###### tarixə olan əsas borcu 11396,5 manat, faiz borcu 2650,33 manat kimi müəyyən edilmişdir

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-2-2(119)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 11320,73 manat məbləğində əsas borcun, 1164,98 manat məbləğində faiz borcunun və 362,26 manat məbləğində cərimənin və ödənilmiş 128,54 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12976,51 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim İ.Əliyev)

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh cavabdeh1 2023-cü il ## ### tarixli ***R********** nömrəli kredit razılaşmasına dair öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan həmin müqavilə üzrə yaranmış əsas borc, borcalan cavabdeh1 tutulmalıdır.

12. İş üzrə verilmiş ekspert rəyində cavabdehin sözügedən müqavilə üzrə əsas borcu 11396,55 manat olması müəyyən edilsə də, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 11.320,73 manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 11.320,73 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir.

13. Məhkəmə qeyd etmişdir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər

14. Faiz borcuna münasibətdə məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, 2023-cü il ## ### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 2024-cü il ## #### tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəylə müəyyən edilmiş 2023-cü il ## ### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 2024-cü il ## #### tarixinə hesablanmış 1.164,98 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə cərimə borcuna münasibətdə MM-in 462.1, 465.2-ci maddələrinə istinadla, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 362,26 manat məbləğində cərimənin tutulması qənaətinə gəlmişdir.

16. Məhkəmə, həmçinin hesab etmişdir ki, 2022-ci il ## ######## tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən E.İbrahimov “zamin” olaraq kredit alanın həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığından iddianın E.İbrahimova münasibətdə də təmin olunması üçün əsaslar mövcud olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 421.2, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, 739.1 və 739.2-ci (zamana görə qüvvədə olan) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il ## #### tarixli Qərarına və MPM-in 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər M.Hüseynov və İ.Dəmirov).

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasında iştirakının təmin olunmadığından ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməməsini, həm əsas, həm də faiz borcunun düzgün hesablanmadığını, cərimə borcunun şişirdildiyini göstərsə də, bu halları təsdiq edən hər hansı sübutları təqdim etməmiş, o cümlədən iş üzrə ekspertiza rəyinin mötəbirliyini şübhə altına alan hər-hansı hallara istinad etməmişdir.

21. Bundan əlavə, iş üzrə keçirilmiş 2024-cü il ## ###### tarixli hazırlıq iclasında cavabdeh özü iştirak etmiş, təqdim edilməli heç bir sübutunun olmadığını bildirməklə işin məhkəmə baxışına təyin edilməsini xahiş etmiş, 2025-ci il ## ###### tarixli məhkəmə baxış iclasında isə onun nümayəndəsi və vəkili iştirak etməklə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

22. Cavabdeh iddia tələbində göstərilən məbləğin düzgün hesablanmaması ilə bağlı sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.

23. İş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan və 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyindən isə birinci intansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan məbləğin düzgün hesablanması müəyyən olunmuşdur.

24. Şikayətin digər dəlillərinə gəldikdə isə kollegiya hesab etmişdir ki, həmin dəlillər cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinə haqq qazandırmır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 399.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 470.1, 470.2, 472.1, 472.2 və 739-741-ci maddələri və MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 385.1, 399.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 467, 470.1, 470.2, 472.1, 472.2 və 739-741-ci maddələri üzrə-işin materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyi ilə razı deyil. Belə ki, banka ödədiyi ödənişlər tam olaraq nəzərə alınmamışdır. Ekspert düzgün hesablama aparmamışdır. Məhkəmə iclasında iştirakı təmin olunmadığından ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. Həm əsas, həm də faiz borcu düzgün hesablanmamışdır. Bundan əlavə cərimə borcu da şişirdilmişdir. Banka olan borcu düzgün hesablanmadığından hesab edir ki, iş üzrə təkrar olaraq ekspertiza təyin olunmalı və verilən rəy obyektiv olmalıdır. İşə baxan məhkəmə onun iştirakını təmin etmədən, apellyasiya şikayətini təmin etməmişdir. Şikayətdə qeyd etdiyi halları araşdırmamışdır.

28. MPM-in 9.1, 9.2, 9.3, 14.1, 88-ci maddələri üzrə - Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsiplərini və faktlar əsasında həyat keçirilən prinsipləri pozmuşdur. Məhkəmə cavabdehin iştirakını təmin etmədən mülki işə baxmış və bununla da cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, tərəflərin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

30. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416cı maddələri baxımından bütövlükdə yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 739. Borc müqaviləsi (zamana görə qüvvədə olan redaksiyası) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.”

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin iddia olunan borcun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 18-ci maddəsi).

36. Hazırki halda, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 2025-ci il # #### tarixli, */**** saylı rəyinin məhkəmələr tərəfindən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən sübutlar işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiymətləndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir. 37.Cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmamasına gəldikdə, işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə və onun nümayəndəsi (vəkilinə) işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada bildiriş və sms xəbərdarlıq göndərilmiş, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdehin vəkili isə birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak edə bilməyəcəyi və iclasın təxirə salınması barədə ərizə göndərsə də, iştirak edə bilməməsinin üzürlü səbəblərinə dair heç bir sübut təqdim etməmişdir. Bu baxımdan, cavabdehin kassasiya şikayətinin həmin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilmir .

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar