Məhkəmə qərarları › İş №2-2(102)-890/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-890/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-890/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi; gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. 2014-cü il ## ####### tarixdə “Nikoyl İKB” ASC (hazırda İddiaçı ASC) və cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, sonradan həmin müqavilədən irəli gələn öhdəlikləri borcalan tərəfindən lazımi qaydada icra edilmədiyindən, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 2018-ci il ## ###### tarixli qətnaməsi ilə cavabdeh2 88.408,4 ABŞ dolları əsas, 15.389,26 ABŞ dolları faiz, 1.500 ABŞ dolları cərimə borcunun tutulması qət edilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh cavabdeh2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2014-cü il ## ####### tarixli kredit müqaviləsi üzrə 2018-ci il ## ###### tarixindən 2023-cü il # ###### tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda üzrə borcun və 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan borcun ümumi məbləği 105.297,66 ABŞ dolları təşkil etmişdir. Lakin, 2023-cü il # ######## tarixli maliyyə arayışına əsasən cavabdehin həmin kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə 2018-ci il ## ###### tarixindən 2023-cü il # ###### tarixinədək illik 5 faizlə hesablanmış 28557 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, qətnamənin icrası ilə bağlı məsələlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-«MM») 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati xətaya dair 2019cu il ## ###### tarixli qərarı ilə məhkəmə qətnaməsinin icrasının cavabdehin təqsiri üzündən baş vermədiyi müəyyən edilmiş, icraata xitam verilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Hüseynov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmamasının nəticəsi ilə bağlıdır. MM-in 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək, bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul olunduqdan sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir.

7. Belə olan halda iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.

8. Bundan başqa, işin materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2019-cu il ## ###### tarixli qərarına əsasən, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il ## ###### tarixli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442 və 445.7-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

10. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq gösərmişdir ki, qətnamə qəbul olunduqdan sonra kreditorun qətnaməni icra etməmiş borcludan MM-nin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın tutulması tələbi o zaman təmin edilə bilər ki, borclunun təqsirli olduğu müəyyən edilmiş olsun.

13. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2019-cu il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarına əsasən, Nizami rayon İcra və Probasiya Şöbəsi cavabdeh barəsində məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməyə görə inzibati xəta törədilməsi barədə protokol tərtib etmiş, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il ## ###### tarixli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir.

14. Məhkəmə MM-in 445.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, qətnamənin icra edilməməsinə görə cavabdehin təqsiri sübut olunmadığından, iddianın rədd olunması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 445.5 və 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat

17. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2024-cü il # ######## tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim E.Şamayev, hakimlər Ə.Xıdırov və E.Vəliyeva).

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-in 445.7-ci maddənin mübahisəyə tətbiq edilməsinin qeyri-mümkünlüyünə dair birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan borc məhz müqavilədən irəli gəlmiş və həmin müqavilə üzrə qətnamədə göstərilən tarixə borcun məbləğini təsbit etmişdir. Qətnamə ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilsə də, bu cavabdehin sonrakı dövrdə də öhdəliyini icra etməməsinə görə iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum etməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur.

19. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

20. Məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi MMin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, pul öhdəliyinin icra etməməsi təşkil edir. Hazırkı halda isə, cavabdehin öhdəliyini tələbdə qeyd olunan dövrdə icra etməməsi işin mübahisəsiz halıdır.

21. Məhz bu nöqteyi-nəzərdən məhkəmə kollegiyası iddianın rədd olunması üçün məhkəmələrin istinad etdikləri ikinci dəlili – cavabdehin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarının mövcudluğunu mübahisənin həlli üçün əhəmiyyətli hesab etməyərək qeyd etmişdir ki, həmin qərarla cavabdehin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması nəticəsinə gəlinmişdir. Həmin maddənin dispozisiyasına görə (məhkəmə qərarı qəbul edilən dövrdəki redaksiyasında) məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda isə, iddia müqavilə üzrə öhdəliyin icra etməməsinə görə zərər tələbidir. Buna görə məsuliyyətin əsası Mülki Məcəllənin 445.1 və 448.1-ci maddələrində nəzərdə tutulmuşdur.

22. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş, bu maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamış və bununla MPM-in 220.4, 392ci maddələrinin tələblərini pozmuşdur.

23. İddiaçı əldən çıxmış fayda olaraq 28.557 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etsə də, iddia ərizəsində həmin məbləğin hansı qaydada hesablanmasını konkret olaraq göstərməmişdir. İddianın məzmunundan belə nəticəyə gəlmək olar ki, həmin borc məhkəmə qətnaməsi ilə müəyyən bütün məbləğə-105.297,66 ABŞ dollarına uyğun 2018-ci ilin ## ###### tarixindən 2023-cü ilin ## ###### tarixədək hesablanmışdır. Halbuki, qeyd olunan məbləğə əsas borcla yanaşı, faiz və cərimə borcu da daxil olmuşdur. İddianın əsasını təşkil edən MM-in 445.7-ci maddəsinin ikinci cümləsinə görə isə faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Məhkəmə kollegiyas gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 445.5, 445.7 və 448.1-ci maddələrinə və MPM-in 76.1, 76.2, 77.1, 88, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il ## ###### tarixli * saylı Qərarına istinadla əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ###### tarixli qərardadı ilə 88.408 ABŞ dolları əsas borca münasibətdə gecikirilmiş vaxt üçün illik 5% faizin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # #### tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, 2024-cü il ## ####### tarixli kredit müqaviləsi üzrə 88.408,4 ABŞ dolları əsas borca dair 2018-ci il ## ###### tarixindən 2023-cü il # ###### tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanan məbləğ 24.029,89 ABŞ dolları təşkil edir.

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 24.029,89 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).

28. Məhkəmə kollegiyası MM-in 445.7-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarlarındakı hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

29. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan, hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.

30. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5% məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 445.5, 445.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli və 2023-cü il ## #### tarixli Qərarlarına, MPM-in 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 445.5-ci maddəsi üzrə- MM-in 445.5-ci maddəsi mübahisəli hala düzgün tətbiq edilməyib. Həmin normya görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. İşə əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati xətaya dair 2019-cu il ## ###### tarixli *(***)-***/**** saylı qərarı ilə məhkəmə qətnaməsinin icrasının cavabdehin təqsiri üzündən baş vermədiyi müəyyən edilmiş, icraata xitam verilmişdir. Qərar hazırda qüvvədədir. Onun xəstəliyini təsdiq edən tibbi sənədlər işə əlavə edilmişdir.

34. MM-in 445.2, 445.7-ci maddələri üzrə- 2014-cü il ## ####### tarixli Əlavə Kredit Müqaviləsinin 3.7, 10.1 və 10.2-ci maddələrinə görə borcalan üzərinə düşən vəzifələri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş fazilərin və gecikdirilmi borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 faizi miqdarında banka dəbbə pulu ödəməlidir. Göstərilənlərə əsasən iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik beş faizinin ödənilməsini tələb edə bilməz.

35. MPM-in 418.1-418.3-cü maddələri üzrə- məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən, qanunda göstərilən 5 faiz əldən çıxmış pulun cərimə deyil, əldən çıxmış fayda olması sübut edilməyib. Qətnaməni qəsdən üzürlü səbəblər olmadan icra etməməsi sübut olunmayıb. Əksinə təqsiri olmadan icra olunmadığını təsdiq edən məhkəmə qərarı vardır. Hər iki halın iş üzrə qanuni qərar qəbul edilməsi üçün mühüm əhəmiyyəti vardır. Beləliklə, məhkəmənin qətnamədə göstərdiyi, istinad etdiyi dəlillər qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlardır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissədə yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarında göstərilmişdir: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ...”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. ...”

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar