Məhkəmə qərarları › İş №2-2(102)-894/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-894/2025

17.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-894/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun (məruzəsi ilə), Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X3 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətinə görə, Cavabdeh və X4 müraciətləri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

2. Həmin qərara əsasən İddiaçı izahatında qeyd etmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə Nazim ondan 22.485 manatlıq təsərrüfata aid olan toxum, rezin borular, dərmanlar və s. avadanlıqlar almış və ziyanlıq etdiyini bəhanə gətirərək indiyə qədər ödəməmişdir. 2023-cü ildə Ağcabədi rayonu, Şənlik kənd sakini X4 tanışı vasitəsi ilə tanımışdır. Elmidar Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində müvəqqəti istifadə üçün torpaq sahəsi götürüb soğan əkəcəyini bildirmişdir. Elmidar ondan sadəcə 1.000 manatlıq toxumu nəğd ödəniş edib almışdır. Daha sonra isə yenə Elmidar ondan 9.661 manatlıq toxum, rezin borular, dərmanları nisyə alıb, soğanı çıxarıb satdıqda pulunu verəcəyini bildirmişdir. Lakin soğan məhsulunu yığıb, satışda borcu ödəməmişdir. Elmidar ona soğanın yaxşı olduğunu və kisəni 12 manatdan satdığını ona demişdir. Lakin vədd etdiyi vaxtda heç bir ödəniş etməmişdir. Ondan dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirmişdir. Son vaxtlar isə Nazim ona vatsap vasitəsi ilə yazaraq pulu onun verəcəyini bildirmişdir. O, bununla razılaşmadıqda isə nə Elmidarın, nə də özünün heç bir ödəniş etməyəcəyini bildirib, onu təhqir edib, hədələmişdir. Hazırda isə onun müraciəti ilə tanış olmuş və Elmidara təhqiqata təqdim etdiyi “rocket” adlı dərmanı satmamışdır. Həmin dərmanın zavodu bağlanmışdır. O, həmin dərmandan sonuncu dəfə 2020- 2021-ci illərdə satmışdır. Elmidar və Nazim borclu olduqları pulları istəməsin deyə onu şərləmişdirlər. Nazim və Elmidarın yalnış söylədiyini, onlara həmin dərmanı satmadığını bildirmişdir.

3. Cavabdeh araşdırma zamanı izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisidir. 2021 və 2022-ci illərdə soğan əkən zaman ondan təxminən 22.000 manatdan nisyə boru, toxum, dərman və s. şeyləri almışdır. 2023-cü tarixində X4 ilə Ağcabədi rayonu Kəhrizli kənd ərazisində müvəqqəti təxminən 10 ha yaxın torpaq sahəsi icarəyə götürüb soğan əkmək qərarına gəlmişdirlər. Elmidar İddiaçı 1.000 manatlıq soğan toxumu almışdır. Yerdə qalan toxum, boru və dərman məhsullarını Elmidar nisyə götürmüşdür. Elmidarın hazırda Anara 9.600 manat borcu vardır. 2023cü ilin iyul ayında əkdiyi soğana bit düşmüşdür. Elmidar da Anardan dərman alıb gətirmiş və soğana vurulmuşdur. Təxminən 1 həftə içində soğan məhv olmağa başlamışdır. Onlar elə düşünmüşlər ki, həmin dərman soğana əks təsir göstərmişdir. Onlar bu haqda Anara və başqa şəxsə heçnə deməmişlər. Soğanın bir hissəsini satmışlar. Lakin yenə də ziyan etmişlər. Bundan sonra Elmidarla Bakı şəhərinə gedib, usta işləməyə başlamışlar. Lakin Anar ona olan Elmidarın 9.600 manat borcuna görə onları narahat etməyə başlamışdır. Hətta “onları tutduracaq” sözünü demişdir. Anar onu təhqir etmişdir. Anar “whats app” vasitəsi ilə səslər ataraq hədələmişdir. Bununla bağlı heç kimin məlumatı yoxdur və Elmidar dərmanı tək nisyə almışdır. Onun Anara 22.000 manatdan çox borcu vardır.

4. X4 araşdırma zamanı izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayında Ağcabədi rayonu, Ş.Təzəkənd kənd sakini Cavabdeh ilə şərik olaraq Ağcabədi rayonu, Kəhrizli kənd ərazisində icarəyə torpaq götürüb, soğan əkmək qərarına gəlmişdir. Onlar həmin sahəyə lazım olan toxum, dərman və borunu Ağcabədi rayon Ş.Təzəkənd kənd sakini İddiaçı götürmüşlər. O, həmin vaxt Anardan 1.000 manat ödəniş edib, soğan toxumu almış, qalan malları isə nisyə almışdır. Onun Anara 9.000 manatdan çox pul borcu qalmışdır. 2023-cü illin iyul ayında soğana bit düşmüş, o da Anarın yanına gedib bildirdikdə ona “rocket” adlı dərman vermişdir. O həmin dərmanı soğana vermiş, lakin 1 həftə sonra soğanın saralıb məhv olduğunu görmüşdür. O, bu haqda Anara heçnə deməmişdir. Həmin soğan məhsullardan bir qismini isə yığıb satmışdır. Bundan sonra Nazimlə birlikdə Bakı şəhərinə gedib usta işləmişlər. Həmin vaxtdan Anara borcu olan 9000 manatdan çox pulu verə bilmədiyi üçün Anar mütəmadi olaraq zəng edib onu narahat etmişdir. Şəriki Nazimə isə “onu və Elmidarı tutduracaq” deyə bildirmişdir. Anarın ona verdiyi dərmanın istifadə müddəti bitmişdir. O, dərmanı Anarın mağazasında özündən almış, həmin vaxt yanında heç kim olmamış və bu haqda sadəcə şəriki Nazimin xəbəri olmuşdur. Onlar Anarı şərləmir, onun Anara 9000 manatdan çox borcu vardır və Nazimin isə 22000 manat borcu vardır.

5. X1 araşdırma zamanı izahatında bildirmişdir ki, xeyli müdətdir İddiaçı Ağcabədi rayonu Ş.Təzəkənd kənd ərazisində yerləşən təsərrüfat və bitkiçiliyə aid mallar satılan mağazasında işçi işləyir. X4 adlı şəxs 2023-cü il tarixində müxtəlif vaxtlarda mağazadan 9661 manatlıq nisyə mal almış və hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir.

6. X2 araşdırma zamanı izahatında bildirmişdir ki, 2023-cü ildə Cavabdehla Elmidar Zeynalovun Ağcabədi rayon Kəhrizli kənd ərazisində yerləşən şərik əkdikləri 9 ha soğan sahəsini təxminən 30 dəfə traktoru ilə dərmanlamışdır. 2023-cü ilin may ayında soğana xəstəlik düşmüşdür və 3 ha soğan saralaraq məhv olmuşdur, həmin vaxt onlar soğanın dərman vurulma nəticəsində məhv olması barədə heçnə deməmişlər. Soğana dərman vurulma nəticəsində məhv olduğunu düşünmədiyini, Nazim və Elmidarın yalan dediyini və həmçinin onların ona 250 manat borcu qaldığını, müxtəlif bəhanələr gətirərək indiyə qədər ödəmədiklərini bildirmişdir.

7. “Nisyə dəftəri”ndən çıxarışa görə, həmin dəftərdə cavabdehə toxum, bitki dərmanları və s. avadanlıqların nisyə verilməsinə dair müvafiq qeydlər aparılmışdır.

8. “Whats app” vasitəsi ilə yazılan yazışmalarla bağlı çıxarışlara görə, tərəflər arasında qeyd edilən borcla bağlı yazışmalar aparılmışdır.

9. Iddiaçı tərəfindən cavabdehə 2025-ci il # #### tarixli pretenziya məktub(ları)u göndərilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 22.485 manat məbləğində borcun və ödənilmiş 158 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndində kənd təsərrüfatı bitkilərinə aid olan dərman və digər avadanlıqların satışı mağazası vardır. 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2022-ci ilin iyul ayının axırlarınadək cavabdeh iddiaçının mağazasından ayrı-ayrı vaxtlarda nisyə olaraq, 22.485 manat məbləğində toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar almış, pulunu isə məhsulu yığıb satandan sonra, yəni 2022-ci ilin son aylarında (noyabr-dekabr) ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə mağazadan toxum və ya digər avadanlıqlar götürdükdə mağazada nisyə dəftərində qeydiyyat aparılmışdır. Cavabdeh məhsulu becərib yığmış və məhsulu satandan sonra dəfələrlə ondan götürdüyü malların pulunu ödəməyi xahiş etmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək məhsulu satdığını, lakin ziyanlıq etdiyini, yəni çəkdiyi xərci götürə bilmədiyini bəhanə edərək, pulunun olmamasını və ona bir az möhlət verməyi xahiş edərək, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Lakin hazıradək cavabdeh borcunu ödəməmişdir. Cavabdeh 2024-cü ilin mart ayında onu hədələdiyi ilə bağlı onun barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən guya cavabdehə satılmış bitki dərmanının vaxtı keçdiyinə görə soğan məhsulunun məhv olmasını bildirmiş, ancaq cavabdeh hər dəfə iddiaçıdan aldığı dərmanı aparılan araşdırma zamanı cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını bir daha etiraf etmişdir. Həmçinin cavabdehin ondan nisyə olaraq soğan toxumu və digər zəruri avadanlıqları almasını həmin vaxtı mağazada satıcı işləyən X1, iş üzrə cavabdehin qardaşı X5 və sonradan yaranmış mübahisənin şahidi olmuş çox saylı şahidlər təsdiq edə bilərlər.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı həm yeznəsidir, həm də o, iddiaçının Ağcabədi rayonu, Ş.Təzəkənd kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləmişdir. Belə ki, cavabdeh müxtəlif vaxtlarda ondan 22.485 manat dəyərində nisyə boru, toxum, dərman və s. avadanlıqlar almışdır. Lakin hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Halbuki sezon sonunda, 2022-ci ilin payız ayında pulu tam şəkildə ödəməli idi. Sonuncu dəfə isə 2023-ci ildə şərikli soğan əkən zaman nisyə mal almışdır. Mallar nisyə satılarkən cavabdehə elektron qaimə-faktura göndərilməmiş, həmçinin mallar cavabdehə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilməmişdir.

13. Cavabdehin vəkili vəkil2 məhkəməyə ünvanladığı 2025-ci il # #### tarixli ərizədə bildirmişdir ki, iddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarına görə, iddia müddətinin axımının dayandırılması üçün heç bir səbəb yoxdur, iddiaçı öhdəliyin icra müddətinin bitməsindən sonra, yəni 2019-cu ilin sentyabr ayından 5 il sonra məhkəməyə müraciət etmiş və üç illik iddia müddətini keçirmişdir.

14. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – N.Misirzadə).

15. Məhkəmə işin həqiqi hallarını, iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin izahatlarını, şahid ifadəsini və iş materiallarına əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən etmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmış, lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir.

16. Məhkəmə araşdırma zamanı həmçinin müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) 2021 və 2022-ci illərdə deyil, 2020 və 2021-ci illərdə alınmışdır. Bu hal Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X3 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı, həmçinin qeyd edilən materiallara əlavə edilmiş tərəflərin əlyazma izahatları ilə təsdiq olunur.

17. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı (onun nümayəndəsi və vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X3 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətində bu “2021 və 2022-ci illərdə” kimi göstərilmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı malların sonuncu dəfə alındığı vaxtdan, yəni 2021-ci il tarixdən başlamışdır.

18. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia ərizəsi ilə 2025-ci il # #### tarixində, yəni 4 ildən sonra (malların sonuncu dəfə alındığı vaxtdan, yəni 2021-ci il tarixdən) məhkəməyə müraciət etdiyinə görə, həmin tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

19. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.2-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş və bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.

20. Məhkəmə mövqeyini MM-in 373.2, 375.2 və 376-cı maddələrinə istinadla əsaslandırmışdır.

21. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.Imanov və Q.Əliyev).

23. Məhkəmə bildirmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2021-ci ilin dekabr ayında cavabdehin aldığı malların dəyərini satdığı məhsuldan ödəməli olmasına baxmayaraq, bundan imtina etdiyi vaxtdan üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 2025-ci il # #### tarixində hazırki iddia ərizəsini verməklə, iddia müddətini 2 ay 5 gün ötürmüşdür.

24. Məhkəmə, tərəflər arasında həmin müddətdən sonra da alış-verişin olmasına, cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi hallara birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında sonrakı tarixlərdə alış-verişin mövcud olmasına dair iş materiallarında sübut mövcud deyil. Hətta olmuş olsa belə, həmin münasibətin hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən borcun etiraf edilməsinə yönəlik hərəkətlər (müəyyən hissədə ödəniş, yazılı zəmanət və s.) iş materialları ilə müəyyən olunmamışdır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, MM-in 372.1, 373.2, 375.2, 377.1 və 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edərək işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 377, 380 və 540-cı maddələri üzrə - Məhkəməyə iddiaçının təqdim etdiyi malların nisyə satış dəftərlərin çıxarışlardan və məhkəmədə şahid qismində dindirilmiş satıcı X1 izahatında da müəyyən edilmişdir ki, cavabdehlə iddiaçının arasında 2022-ci il və sonrakı tarixlərdə də razılaşma ilə nisyə alver olmuş, iddiaçı cavabdehə öhdəliyini yerinə yetirmək üçün vaxt vermiş, aralarında nisyə satılmış pulunun verilməsi ilə bağlı heç bir mübahisə olmamışdır. Cavabdeh 2023-cü ilin son aylarından başlayaraq öhdəliyinin icra etməkdən yayınmış, bundan sonra iddiaçı hüquqlarının pozulmasını yəni cavabdehin öhdəliyini ica etmədiyini bilmişdir. Həmçinin cavabdehin nümayəndəsi müddətin keçməsi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizədə iddiaçı ilə 2018-2019-cu illərdə aralarında yaranmış olan borcla bağlı iddia müddətinin keçməsini bildirmişdir. Halbuki iddiaçı tələbində sonrakı tarixlərdə yaranmış borcla bağlı məhkəmədə iddia qaldırmış və sübutlar təqdim etmişdir. Bu xüsusatda məhkəmə tərəfindən nəzərə alınmamış, sübutlar apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Iddiaçının məhkəmədə sübut kimi təqdim etdiyi Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X3 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətinə görə, iş üzrə cavabdeh verdiyi izahatında və bundan əlavə məhkəmədə iddiaçının təqdim etdiyi cavabdehlə 2023-cü və 2024-cü il tarixlərdə aralarında olan vatsap yazışmalarında cavabdeh borcunun olmasını tam olaraq etiraf etdiyi üçün iddia müddəti yenilənmişdir. Bundan əlavə apellyasiya məhkəməsi qeyd etmişdir ki, borcun etiraf olunması ilə bağlı sübut mövcud deyil.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il # #### tarixli Qərarı üzrə - Apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün qiymət verməyərək maddi hüquq normasını düzgün tətbiq etməmiş, maddi hüquq normasını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməlidir.

29. MPM-in 1.3 və 88-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları görməzdən gələrək, əsassız olaraq bu barədə sübut təqdim edilməməsini qeyd etmiş, bununlada maddi və prosessual normaların tələbləri pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 372. Iddia müddəti anlayışı

372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...”

“Maddə 373. Iddia müddətləri

373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə 377. Iddia müddətinin başlanması

377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.”

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

36. Işin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

37. Işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir.

38. Həmçinin Ağcabədi rayon Polis şöbəsi tərəf tərəfindən məhkəməyə təqdim edilmiş materiallara əlavə edilən Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X3 2024-cü il # ##### tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı və həmin materiallara əlavə edilmiş tərəflərin əlyazma izahatları o da müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən mallar (toxum, suvarma üçün rezin borular, bitki dərmanları və s. avadanlıqlar) 2020 və 2021-ci illərdə alınmışdır.

39. Aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbinin əsaslılığı müəyyən edilsə də, iddia müddətin ötürülməsi əsası ilə rədd edilmişdir. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2021-ci ilin dekabr ayında cavabdehin aldığı malların dəyərini satdığı məhsuldan ödəməli olmasına baxmayaraq, bundan imtina etdiyi vaxtdan üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda, # #### 2025-ci ildə hazırki iddia ərizəsini verməklə, iddia müddətini 2 ay 5 gün ötürmüşdür.

40. Kollegiya iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi hissəsində apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

41. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (MM 377.1-ci maddəsi).

42. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM 377.2-ci maddəsi).

43. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM 377.3-cü maddəsi).

44. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi).

45. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

46. Göründüyü kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlasa da, kollegiya qeyd edir ki, hazırkı iş üzrə MM-in 377.3-ci maddəsi tətbiq edilməlidir.

47. Hazırki işin halları baxımından tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən öhdəliyin icra müddəti müəyyənləşdirilməmişdir, odur ki, iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanmışdır. Iş materiallarında olan tərəflər arasındakı “Whatsapp” yazışmalarından müəyyən olunur ki, iddiaçı 2023-cü il # ###### tarixində borcun verilməsini cavabdehdən tələb etmişdir, daha sonra 2024-cü il ## ###### tarixində danışıqları olmuşdur.

48. Lakin Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə iddia müddətinin axımının başlanması anının müəyyənləşdirilməsi üçün tərəflər arasında mövcud olan yazışmalara (danışıqlara) MM-in yuxarıda göstərilən 427.2 və 377.3-cü maddələrində nəzərdə tutulan qaydalara uyğun olaraq qiymət verməmiş və iş üzrə iddia müddətinin axımının başlanması anını müəyyən edərkən səhv nəticəyə gəlmişdir.

49. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81, 88-ci maddələri).

50. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.1, 217.3, 217.4-cü maddələri).

51. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya göstərir ki, apellyasiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə riayət etməmiş, bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

52. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

55. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli, 2-2(106)-197/2025 qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar