Məhkəmə qərarları › İş №2-2(102)-898/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-898/2025

24.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-898/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə yaranmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh IB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən 299 841,4 manat məbləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsi, ilk iddia tələbinin 299 841,4 manat borcun silinməsi hissəsində təmin edilməsi, iddiaçı “xxxx” MMC-nin 299 841,4 manat borcun silinməsi öhdəliyinin cavabdeh Cavabdeh IB-ə həvalə edilməsi, müvafiq olaraq qarşılıqlı iddia tələbinin 299 841,4 manat borcun tutulması hissəsində rədd edilməsi, ilk iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarına görə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilkin iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, ilkin iddia tələbinin 2 968,40 manat borcun silinməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın 2 968,40 manat borcun tutulması hissəsində təmin edilməsi, ilkin iddia üzrə iddiaçı “xxxx” MMC-dən ilkin iddia üzrə cavabdeh Cavabdeh IB-nin xeyrinə 2 968,40 manat məbləğində borcun tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. 2019-cu il ## ######## tarixli X1 Cavabdeh IB-nin baş direktorunun əsaslı tikinti üzrə müavininə ünvanladığı ərizəyə əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən “xxxx” MMC-nin qazlaşdırılması üçün Layihə Konstruktor Bürosu tərəfindən hazırlanmış layihə sənədlərinə uyğun olaraq Layihədə dəyişiklik edilməsinə göstərişin verilməsi xahiş edilmişdir. Həmçinin ərizədə tənzimləyicilərin və digər qaz avadanlaqların ölçü cihazından sonraya köçürülməsi üçün LSS-də müvafiq dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.

4. “xxxx” MMC-nin adına tərtib edilmiş abonent saldosunun sərfin məbləği qrafasından görünür ki, 2022-ci il üçün abonentə 334 867,28 manat məbləğində borc hesablanmışdır.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh IB-ə (bundan sonra – “cavabdeh”) həvalə edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 328 374,80 manat borcun silinməsi, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 620 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixanada qaz ehtiyatının təmin edilməsi üçün quraşdırılmış qaz sayğacı ilə yanaşı qaz paylayıcı qurğu da quraşdırılmışdır. Lakin qaz paylayıcı qurğu laboratoriya şəraitində dəyişikliyə məruz qalmışdır və buna görə də lazımından artıq qaz paylayıcı vasitəsilə ötürülmüş, bununla da cavabdeh tərəfindən əsassız olaraq əlavə borc hesablanmışdır. Hesablanan borc qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır.

7. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd etmişdir ki, birincisi qaz paylayıcı qurğu anlayışı yoxdur. Qaz paylayıcı stansiya (QPS) var. Stansiyanı laboratoriyada hər hansı dəyişikliyə uğratmaq absurd fikirdir. Həmin stansiyadan təkcə iddiaçıya deyil, bir çox obyektlərə qaz paylanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 1.2-ci bəndinin 2 və 7-ci abzaslarına istinadla göstərilmişdir ki, qaz paylayıcı elə cavabdehin özüdür. Burada hər hansı qurğu nəzərdə tutulmur. Ikincisi, iddiaçının əsassız hesab etdiyi borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. Iddia ərizəsində borc məbləğinin niyə görə əsassız hesab edildiyi də göstərilməmişdir.

8. Məhkəmənin qərardadı ilə təyin edilmiş 2023-cü il # ###### tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsində olan istixana üçün quraşdırılmış Itron G 1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacı qaz tənzimləyicisindən əvvəl quraşdırılmışdır. “qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə əsasən qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmışdır. “Itron, TZ/FLUXI turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçının istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi, hesablanmış 328 374,80 manat məbləğində borcun silinməsi, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

10. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçının istixana kompleksinə gedən qaz xəttində 2019-cu ildə müəyyən dəyişikliklər edilmiş, tənzimləyicilər və digər qaz avadanlaqları ölçü cihazından (sayğac) sonraya köçürülmüş, əsas kimi X1 razılıq ərizəsi olmuş, halbuki ərizədə də qeyd edildiyi kimi həmin dəyişiklik məhz iddiaçının istixana kompleksinə gedən qaz xəttinin üzərindən aparılsa da, cəmiyyətdən heç bir razılıq alınmamışdır.

11. Göründüyü kimi cavabdeh 2019-cu ildə qazın istehlakçısı olan iddiaçıdan razılıq almadan onun istixana kompleksinə gedən qaz xəttində tənzimləyicini sayğacdan sonraya köçürmüş, bu isə ekspert rəyində qeyd edilən kimi qazın sərfiyyatının düzgün hesablanmamasına gətirib çıxarmışdır.

12. Nəticədə iddiaçı ilk dəfə 2021-ci ildə borcun silinməsi və sayğacın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 2021-ci il ## #### tarixli qətnaməsi ilə 2017-ci il ## ###### tarixindən qaz xəttinə quraşdırılmış qaz sayğacının yenisi ilə dəyişdirilməsi qət edilsə də, cavabdeh tərəfindən sayğacın yenisi ilə əvəz edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu isə o deməkdir ki, dəyişdirilməsi nəzərdə tutulan sayğacda 2022 və 2023-cü illərdə qazın sərfiyyatının düzgün hesablandığı şübhə doğurur. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin yekun məhkəmə aktlarına əsasən iddiaçıya hesablanmış 296 873 manat məbləğində borc silinmişdir.

13. Iddiaçı hazırkı iddia ərizəsində 2022 və 2023-cü illərdə artıq hesablanmış 328 374,80 manat borcun silinməsini xahiş etmiş və borcun yaranmasının səbəbləri kimi 2019cu ildə tənzimləyicinin iddiaçının icazəsi olmadan qaz sayğacından sonra quraşdırılması, həmçinin Bakı Kommersiya Məhkəməsinin adı çəkilən qətnaməsinin icra edilməməsi nəticəsində qaz sayğacın dəyişdirilməməsi qeyd edilmişdir.

14. Məhkəməyə təqdim edilmiş iddiaçının abonent saldosu üzrə təhlil aparılarkən müəyyən edilmişdir ki, sayğacın elektron göstəricilərinə əsasən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi abonentə 2 089 709 m3 qaz sərfiyyatı, həmin dövr üçün mexaniki göstəricilərə əsasən 584 915 m3 qaz sərfiyyatı hesablanmışdır. Yəni göstəricilərin arasında təxminən 3,6 dəfə fərq vardır, bu isə bir daha təsdiq etmişdir ki, elektron göstəricilərə əsasən qazın sərfiyyatının həddən artıq çox yazılması, qaz sayğacının dəyişdirilməməsi və tənzimləyicinin yerinin abonentin icazəsi olmadan dəyişdirilməsi səbəbindən baş vermişdir.

15. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, borc cavabdehin hesabladığı qüsurlu olan elektron göstəricilərə əsasən deyil, mexaniki göstəricilərə əsasən hesablanmalıdır.

16. Belə ki, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi mexaniki göstəricilərə görə sərf edilmiş 584 915 m3 qazın dəyəri 128 681,30 (584 915 x 0,22) manat təşkil edir, bu isə elektron göstəricilərə görə sərf edilmiş 459 735,98 (2 089 709 x 0,22) manat məbləğində qazın dəyərindən 331 054,68 manat azdır, yəni iddiaçıya 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 331 054,68 manat artıq borc hesablanmış, lakin iddiaçı həmin vəsaitdən az 328 374,80 manat məbləğində borcun silinməsini xahiş etmişdir.

17. Buna görə də iddia tələbi həcmi həddində, yəni 328 374,80 manat məbləğində borc silinməlidir. Bununla yanaşı tənzimləyicinin yeri abonentin icazəsi olmadan dəyişdirildiyinə görə tələb həmin hissədə də təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 567-ci maddəsinə, Qaydaların 1.3, 5.2 və 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## #### tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir və ekspertizanın nəticəsi olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin 2025-ci il ## ###### tarixli məktubunda bildirilmişdir ki, 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar, fevral aylarına aid məlumat sayğacın korrektorunun yaddaşında olmadığına görə həmin tarixə aid məlumat verilməsi mümkün olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan cavabdehin “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən qaz sayğacı 2025-ci il # #### tarixində çıxarılmışdır.

23. Göründüyü kimi qanuni qüvvəyə minmiş qətnamələr borcun silinməsi hissəsində icra olunmuş, lakin qaz sayğacı dəyişdirilməmişdir. Aktdan da görünür ki, qaz sayğacı çıxarılsa da, yenisi ilə əvəz olunmamışdır.

24. Qaz sayğacının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən vaxtında yenisi ilə əvəz edilməməsi hal-hazırda iddiaçının iddia etdiyi, onun barəsində hesablanmış 328 374,80 manat borcun artıq sərfiyyat üzrə hesablanması ilə nəticələnmişdir. Bu birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma əsasında məhkəmənin gəldiyi nəticə ilə sübut olunmuşdur.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası vurğulamışdır ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlara əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.

26. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza nəticəsində rəyin verilməsinin mümkün olmaması iddiaçının xeyrinə şərh olunmalıdır.

27. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 567-ci, “Istehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, Qaydaların 1.3, 5.2 və 5.5-ci bəndlərinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Qaydaların 5.2-ci bəndi üzrə - mübahisələndirilən dövr 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan müddəti əhatə edir. Belə ki, ölkə ərazisində təhvil verilən və qəbul edilən qazın həcminin hesabatının dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Bu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2017-ci il ## ##### tarixli, ************ saylı məktubunda da qeyd edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza nəticəsinə istinadla iddiaçının istifadəsində olan qaz sayğacının sərf edilən qazın hesablamasına şübhə ilə yanaşmış və buna görə də sayğacın elektron deyil, məhz mexaniki tablosuna əsasən qazın dəyərini hesablamış və nəticədə 328 374,80 manat borcun silinməsini qət etmişdir. Göründüyü kimi məhkəmə iddiaçının istifadəsində olan qaz sayğacının işləməsinə, ümumiyyətlə, şübhə ilə yanaşdığı halda həmin sayğacın mexaniki göstəricilərinə əsasən hesabatın aparılmasını ədalətli hesab etmişdir.

30. Qaydaların 5.4-cü bəndi üzrə - göründüyü kimi qanunverici qaz sayğacı olmayan və ya işləməyən müddətdə qazın hesablama qaydasını müəyyən etmişdir. Məhkəmənin işləməsinə şübhə ilə yanaşdığı qaz sayğacının bir hesablama mexanizmini şübhəli hesab edərək eyni sayğacın digər hesablayıcı mexanizminə istinad etməsi ədalətli hesab edilə bilməz. Yəni məhkəmə ötən aylarda (mübahisə dövrünə aid olmayan aylar) hesablanmış qaz həcminə diqqət yetirsəydi və həmin qaz həcminə uyğun hesablama aparsaydı, bu daha ədalətli olardı.

31. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə 2023-cü il # ###### tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyinə istinadla qaz sayğacının tənzimləyicidən öncə quraşdırılmasının artıq qaz sərfinə səbəb olduğunu qeyd etmişdir. Qeyd etmək lazımdır ki, sözügedən ekspert rəyində qeyd edilmişdir ki, “qaz sayğacının tənzimləyicidən öncə quraşdırılmasının, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər”. Göründüyü kimi ekspert rəyində “düzgün işləməməsi” ifadəsi nəyi ehtiva etdiyini məhkəmə müəyyən etməmişdir. Qaz sayğacının düzgün işləməməsi sərfin daha az qeyd edildiyi anlamına da gələ bilər. Göstərilənlərə əsasən məhkəmənin sübutlara obyektiv və qərəzsiz qiymət verməsi qeyd edilə bilməz.

32. MPM-in 217-ci maddəsi üzrə - abonent saldosundan (əlavə edilir) və kommersiya işinin materialından aydın olur ki iddiaçı 2018-2019-cu illərdə, yəni mübahisə olmayan illərdə, 2018-ci il ərzində 621 481 manat, 2019-cu il ərzində 786 759,60 manat məbləğində təbii qazdan istifadə etmişdir. Lakin məhkəmə 2022-2023-cü illər ərzində iddiaçı tərəfindən ümumilikdə 501 682,94 manat dəyərində təbii qazdan istifadəni ağlabatan saymamış və bu azmış kimi həmin məbləğdən 328 374,80 manat hissəsinin silinməsini qət etmişdir. Belə olan halda iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Iddiaçı mülahizə təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

37. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur:

“1. Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (HYPERLINK "https://e-qanun.az/framework/21691" \l "n1"* nömrəli əlavə) əlavə edilir.

“5. Qazın dəyərinin ödəmə şərtləri ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. ...”

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

41. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

42. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

43. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

44. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar