Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-900/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borc tələbi, faktiki istifadə müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” ASC ilə satıcı X2 arasında bağlanmış 2022-ci il ## ####### tarixli AK-***/** nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini satıcı iddiaçıya satmağı, iddiaçı isə həmin nəqliyyat vasitəsini lizinq obyekti məqsədilə alıb qiymətin 17.850 manat hissəsini avans qaydasında, 53.550 manat məbləğində pulu isə təhvil-təslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür.
2. “xxxx” ASC ilə lizin alan X1 arasında 2022-ci il ## ####### tarixli ***/** nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı lizinq alan tərəfindən seçilmiş və müqaviləyə ** nömrəli əlavədə qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq müddəti 36 ay olması, qiymətin 17.850 manat hissəsinin avans şəklində satıcıya ödənilməsi, qalan 53.550 manat hissənin isə illik 23 faiz dərəcəsi ilə ödənilməsi razılaşdırılmışdır.
3. “xxxx” ASC, X1 və X3 arasında bağlanmış 2022-ci il ## ###### tarixli LM-***-*/** nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən 2022-ci il ## ####### tarixli ***/** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin X3 verilməsi razılaşdırılmışdır.
4. “xxxx” ASC, X3 və cavabdeh cavabdeh2 arasında bağlanmış 2023-cü il # ###### tarixli LM-***-*/** nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən ##.##.2022-ci il tarixli ***/** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin cavabdeh2 verilməsi razılaşdırılmışdır.
5. 2022-ci il ## ####### tarixli ***/** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 2023cü il # ###### tarixli * nömrəli əlavə olan ödəmə cədvəlindən görünür ki, 2023-cü il # ###### tarixdən 2026-cı il # ###### tarixədək 36 ay müddətinə hər ay 2.135,07 manat (sonuncu ay 2134,99 manat) olmaqla ümumilikdə 55.155,87 manat əsas məbləğ, 21.706,57 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
6. 2023-cü il # ###### tarixli LM-***-*/** nömrəli təhvil-təslim aktına əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsi cavabdeh cavabdeh2 tərəfindən təhvil alınmışdır.
7. cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanan 2024-cü il ## ###### tarixli ərizəyə əsasən, 57.072,65 manat məbləğə 36 ay müddətinə yeni qrafikin açılması xahiş olunmuş, 2022-ci il ## ####### tarixli ***/** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 2024-cü il ## ###### tarixli * nömrəli əlavə olan ödəmə cədvəlinə əsasən, 2024-cü il ## ###### tarixdən 2027-ci il ## ###### tarixədək 36 ay müddətinə hər ay 2.209,27 manat (sonuncu ay 2.209,09 manat) olmaqla ümumilikdə 57.072,65 manat əsas məbləğ, 22.460,89 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
8. “xxxx” ASC cavabdeh2 və zamin cavabdeh1 Mirabadulla oğlu arasında bağlanmış 2023-cü il # ###### tarixli ***-*/** nömrəli zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanının ##.##.2023-cü il tarixli ***-*/** nömrəli illik 23 faiz, 55.155,87 manat məbləğdə, 36 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
9. 2024-cü il ## ###### tarixli məktubla “xxxx” ASC cavabdeh2 müraciət edərək müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
10. “xxxx” ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 (bundan sonra – “cavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 2022-ci il ## ####### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında 2023-cü il # ###### tarixli L/M-***-*/** saylı müqaviləyə əsasən 57.072,65 manat əsas borc, 8.605,33 manat faiz borcu, 4.717,87 manat dəbbə pulu olmaqla ümumilikdə 70.395,85 mnat məbləğində pulun və ödənilmiş 302 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Iddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2022-ci il ## ####### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçıya məxsus 2014-cü il buraxılışlı “Porsche” markalı avtomobil lizinq alan X4 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, sonradan 2023cü il # ###### tarixli L/M-***-*/** saylı öhdəliklərin verilməsi haqqında müqavilə ilə həmin müqavilə üzrə hüquq və öhdəliklər cavabdeh cavabdeh2 ötürülmüşdür. Həmin müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən cavabdeh illik 23% olmaqla 36 ay müddətinə aylıq 2209,27 manat, ümumilikdə 79.533,54 manat (o cümlədən 57.072,65 manat əsas borc) ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlərin gecikdirilməsi ilə əlaqədar ##.##.2024cü il tarixdə yeni qrafik müəyyən edilmişdir.
12. Eyni zamanda, 2023-cü il # ###### tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh1 lizinq alanın öhdəliklərinin tam həcmdə icrasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Cavabdehlər öhdəliklərini icra etmədiklərindən 2024-cü il ## ######## tarixinə 57.072,65 manat əsas borc, 8.605,33 manat faiz və 4.717,87 manat dəbbə pulu olmaqla, ümumilikdə 70.395,85 manat borc yaranmışdır.
13. Müqavilə şərtlərinə görə lizinq alan ödənişləri cədvələ uyğun ödəməli, gecikdirilmiş hər gün üçün 0,5% cərimə faizi verməli, əmlakın saxlanılması və təmiri xərclərini daşımalı, əmlakın zədələnməsi və ya məhv edilməsi riskinə görə məsuliyyət daşımalı, habelə öhdəliklərin pozulması nəticəsində lizinq verənin çəkdiyi bütün xərcləri ödəməlidir. Zaminlik müqaviləsinə əsasən isə borclu öhdəliyi icra etmədikdə, lizinq verən tələblərini həm borcluya, həm də zaminə qarşı irəli sürmək hüququna malikdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən - 2022-ci il ## ####### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış 2023-cü il # ###### tarixli L/M-***-*/** saylı müqavilə üzrə 17.968,73 manat əsas borc, 900 manat dəbbə pulu olmaqla ümumilikdə 18.868,73 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdi (hakim – N.Əhmədova).
15. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisənin düzgün həlli üçün əvvəlcə lizinq müqaviləsinin hüquqi mahiyyəti və kredit müqaviləsindən fərqi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 747.1, 748-10.1 və 748- 11-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 747.1, 747-1.3, 747.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il ## ###### tarixli qərarına istinadla göstərilmişdir ki, lizinq müstəqil müqavilə növüdür, lizinq alanın əsas öhdəliyi lizinq obyektindən istifadəyə görə dövri ödənişlərin edilməsindən ibarətdir və mülkiyyət hüququ ödənişlər tam başa çatdıqdan sonra keçir.
16. Məhkəmə müəyyən etmişdir ki, 2024-cü il ## ###### tarixli ödəmə cədvəlinə əsasən 2024-cü il ## ######## tarixədək ödənilməli lizinq ödənişlərinin məbləği 17.968,73 manat təşkil edir. Buna görə də iddiaçının bütün müqavilə müddəti üzrə əsas məbləğin tutulması barədə tələbi əsassızdır və iddiaçı yalnız faktiki istifadə dövrünə uyğun məbləği tələb edə bilər.
17. Zaminliklə bağlı məhkəmə MM-in 470, 471 və 477-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, 2023-cü il # ###### tarixli zaminlik müqaviləsində lizinqin müddəti 36 ay və əsas məbləğ 55.155,87 manat müəyyən edilmişdir. Lakin 2024-cü il ## ###### tarixli əlavə ilə lizinq müddəti uzadılmış və əsas məbləğ 57.072,65 manata artırılmış, bu dəyişikliklər zaminin yazılı razılığı olmadan edilmişdir. Beləliklə öhdəliyin zaminin razılığı olmadan onun məsuliyyətini artıran qaydada dəyişdirilməsi zaminliyə xitam verilməsinə əsasdır. Buna görə də cavabdeh1 qarşı iddia təmin edilə bilməz.
18. Tələbin cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, lizinq müqaviləsinin 11.1-ci bəndinə əsasən gecikdirilmiş hər gün üçün 0,5% dərəcə ilə dəbbə pulu nəzərdə tutulmuş, MM-in 462.1-ci maddəsinə görə isə dəbbə pulu öhdəliyin icra edilməməsi və ya gecikdirilməsi halında ödənilməli olan pul məbləğidir və zərərin sübutu tələb olunmur. Bununla yanaşı, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar uyğun gəlmədikdə, yəni tənasübsüz yüksək olduqda azaldıla bilər. Məhkəmə müəyyən etmişdir ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və məhkəmədənkənar qaydada həll üçün tədbirlər görülmüşdür. Bununla belə, iddiaçının məhkəməyə gec müraciət etməsi də dəbbə pulunun artmasına səbəb olmuşdur. Kreditorun və borclunun davranışları, öhdəliyin pozulma dərəcəsi və tərəflərin mənafeləri nəzərə alınaraq məhkəmə 4.717,87 manat məbləğində tələb edilən cəriməni tənasübsüz hesab etmiş, onu 900 manatadək azaltmış və həmin məbləğin cavabdeh2 tutulmalı olması nəticəsinə gəlmişdir.
19. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ziya Şirinov, hakimlər – Leyla Əliyeva və Təranə Mahmudova). 21.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5, 748-7.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 747.1, 747-1.3, 747.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin olunması ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Iddiaçının kassasiya şikayətinin dəlilləri
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2021-ci il # #### tarixli qərardadının 42-ci bəndi – daxili maliyyə lizinqi müqaviləsində lizinqin ümumi müddəti bitdikdən və son ödəniş, dəbbə pulu, cərimələr ödənildikdən sonra lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçirilməsi qaydası nəzərdə tutulub. Lizinq obyekti lizinq verənə qaytarılmadığına görə, bütün müqavilə üzrə ödənişlərin tələb edilməsi əsaslıdır və iddia tam təmin olunmalı idi.
25. MM-in 748-10.1, 748-13.4-cü maddələri üzrə – lizinq alan ödəniş öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin Məcəllə və müqavilə ilə nəzərdə tutulan təminat xarakterli hərəkətləri həyata keçirmək hüququ var. Avtomobilin lizinq alanın sahiblik və istifadəsində qalmasına istinadla məhkəmələrin yalnız 2024-cü il ## ###### – 2024-cü il ## ######## dövrünü əsas götürməklə iddia tələbini qismən təmin etmələri MM-in 748-10.1 və 748-13.4cü maddələrinin səhv tətbiqi ilə nəticələnmişdir.
26. MPM-in 88, 76, 9, 14-cü maddələri üzrə - birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmiş, təqdim olunmuş maliyyə arayışı və iş üçün əhəmiyyətli digər sənədlərə lazımi qiymət verilməmişdir. Hər hansı ekspertiza təyin edilmədən, həm maliyyə arayışı və digər sənədlər, həm də lizinq predmetinin lizinq verənə qaytarılmaması nəzərə alınmadan, məhkəmə öz hesablamaları ilə yalnız##.##.2024–##.##.2024 dövrü üzrə lizinq ödənişləri həcmində iddianı təmin etmişdir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuş, məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipi əsasında müzakirə etdiyi dəlillərlə əsaslandırmalı olduğu halda, işin araşdırılması bu tələblərə uyğun aparılmamışdır. məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmalı və yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı olduğu halda, iş materialları bu tələblərə uyğun qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...”
“Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri ... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. ...”
“Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri ... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. ...”
31. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli qərarında göstərilmişdir: “... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır. ...”
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş borc tələbinin yalnız təmin olunan hissədə əsaslı olması apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. Kassatorun “ekspertizanın təyin edilməməsinə dair” dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan aşağı instansiya məhkəmələri ekspertiza təyin etməməklə sözügedən hüquqdan istifadə etməmişlər. Kollegiyanın qənaətinə görə, məhkəmələr ekspertizanın keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
36. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
37. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.