Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-908/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ######## tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış 2013-cü il ## ### tarixli **L********* saylı uzunmüddətli kredit müqaviləsi ilə 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır.
2. 2019-ci il ## ####### tarixli 06L000005493S sazişlə kredit xətti müqaviləsinə dəyişiklik olunaraq kredit xəttinin müddəti 181 ay, məbləğ isə 500000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
3. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 2019-cu il ## ####### tarixli ipoteka müqaviləsi ilə xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, * nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzili ipoteka ilə yüklü etmişdir.
4. cavabdeh1 uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 2021-ci il ## #### tarixli ***R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür.
5. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi məqsədi ilə bağlanmış 2021-ci il ## #### tarixli zaminlik müqaviləsi ilə zamin cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir.
6. Tərəflərin imzaladıqları 2022-ci il ## ###### tarixli ***R**********S saylı, 2022-ci il ## ###### tarixli ***R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
7. 2023-cü il ## ######## tarixli xəbərdarlıqla cavabdehlərə 2023-cü il ## ######## tarixə gecikdirilmiş 3427,56 manat əsas, 1052,38 manat faiz, 295,42 manat cərimə borcunun olduğunu bildirmiş və 2023-cü il # ####### tarixədək 9468,27 manat əsas, 1074,19 manat faiz, 295,42 manat cərimə borcunun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilərək, əks halda müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi və borcla bağlı məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il ## #### tarixində cavabdeh1 və cavabdeh2 (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh1”, “cavabdeh2”, birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində krеdit bоrcu, 1111,92 manat məbləğində faiz bоrcu və 516,66 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8831,69 manat məbləğində bоrcun, iddia qaldırmaq üçün ödənilmiş 112,28 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, * nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və tələb edilən məbləğin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2023-cü il ## #### tarixdən banka qaytarmamışdır. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir.
10. “xxxx” MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, * nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzilin bazar dəyəri 74700 manat, likvid dəyəri 63600 manat təşkil edir.
11. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103,65 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, * nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış (likvid) qiyməti 63600 manat həddində müəyyən edilməklə, həmin mənzilin açıq hərraclar vasitəsilə satılması, mənzil satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada 300 manat məbləğində ekspertiza xərcinin tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, ödənilmiş 8,63 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim: R.Qələndərzadə).
12. Məhkəmə qeyd etmişdir ki, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Zamin cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.
13. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsi qənaətinə gəlmişdir.
14. Həmçinin əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yarandığından məhkəmə hesab etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 6.2, 269.4, 269.5, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 470.1 və 472.1, 739.1 və 739.2-ci maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya), “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 39.3.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.1, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi – cavabdehlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc tutulması – hissəsində dəyişdirilməklə, cavabdehlərdən müştərək qaydada 7.203,21 manat məbləğində əsas bоrc, 1.052,38 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.305,49 manat məbləğində bоrcun tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: R.Məcidov – sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və S.Əzizov).
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
19. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, yalnız faiz borcunun məbləği düzgün müəyyən edilmədiyindən həmin hissədə qətnamənin dəyişdirilməsi qənaətinə gəlmişdir.
20. Kollegiyanın mövqeyinə görə iddiaçı qalıq əsas borcun və faiz borcunun tələbi ilə cavabdehlərə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini 2023-cü il ## ######## tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən həmin tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Müqaviləyə xitam verildiyi tarixədək hesablanmış borc məbləği – o cümlədən faiz öhdəliyi yalnız 2023-cü il ## ######## tarixli bildirişdə qeyd olunmuş məbləğ çərçivəsində hüquqi qüvvəyə malikdir, odur ki, həmin məbləğ 1052,38 manat həddində təsdiq edilməlidir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd etmişdir ki, iş materiallarının 127-ci səhifəsində olan xəbərnamədən görünür ki, cavabdeh ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin, 2024-cü il # ###### tarixdə keçirilən məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə yaşadığı ünvana bildiriş ünvanlanmış və istifadəsində olan əlaqə nömrəsinə də “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə sms xəbərdarlıq göndərilmişdir.
22. Apellyatorun maddi imkanının olmamasından krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.
23. Digər bir dəlillə bağlı məhkəmə göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən məhkəmə aktı poçt vasitəsi ilə cavabdehlərə məxsus ünvan 1 ünvanına göndərilmiş və poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Iş materiallarının 127-ci səhifəsində olan xəbərnamə təsdiq edir ki, eyni ünvana daha öncə göndərilmiş məhkəmə sənədləri ünvan sahibləri tərəfindən alınmış və məhkəmə aktı da məhz həmin ünvana göndərilmişdir ki, məhkəmə icraatı gedən dövrdə proses iştirakçısı ünvanının dəyişməsi ilə bağlı məhkəməyə məlumat verməyə borcludur (MPM maddə - 146).
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60.1, Insan Hüquqlarının və X1 X2 6.1, MM-in 5.3, 16.1, 269.1, 270.1, 279, 295, 317, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 447.1, 448.1, 448.2, 739.1, 739.2 (zamana görə qüvvədə olan), “Ipoteka haqqında” Qanunun 1.0.6, 34.1, 39.3, 59, MPM-in 14.1, 14.2, 77.1, 88, 217.3, 218.1, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. “Ipoteka haqqında” Qanunun 36-ci maddəsi üzrə - maddənin məzmunu əks olunmuşdur.
27. MPM-in 372.7, 387.2, 385-ci maddələri üzrə - Bank tərəfindən onun ünvanına pretenziya eləcə də mediasiya təklifi göndərilməmişdir. Iddiaçı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin surətlərini ona göndərməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, onun asan (elektron) imzası yoxdur, ümumiyyətlə asan imza açdırmamış və ondan istifadə etmə qaydasını da bilmir. Gəncə Kommersiya Məhkəməsinin icraatında işin olubolmaması barədə ümumiyyətlə xəbəri olmamış, bu barədə nə şifahi, nə də ki yazılı formada heç bir məlumat verilməmişdir. Məhkəmədə tərəf kimi iştirakı təmin edilmədiyi üçün mülki hüquqlarını müdafiə edə bilməmiş, məhkəmənin qəbul etdiyi qətnamə onun ünvanına göndərilməmiş və çatdırılmamışdır: ümumiyyətlə rəsmi ünvanına qətnamə, mobil telefonuna isə bildiriş daxil olmayıb. Eyni zamanda asan elektron imzası olmadığı üçün elektron məhkəmə sistemi ilə də ona məlumat göndərilməmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra məmurunun sifarişi üzrə mənzili hərrac vasitəsilə başqa şəxsə satılmışdır: yəni 8000 manat pulun müqabilində 100000 dəyəri olan mənzili satılaraq mənimsənilmişdir. Işə apellyasiya məhkməsində baxılan zaman məhkəməyə hazır pulla gəlmiş və iddiaçın tələb etdiyi məbləği dərhal ödəmək niyyətində olduğunu bildirmiş, lakin, apellyasiya məhkəməsi, eləcədə iddiaçı pulu qəbul etməkdən imtina etmişlər.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi ipotekaya aid hissədə cavabdeh cavabdeh1 şikayətinə münasibətdə MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. ...”
“Maddə 317. Ipoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. ...”
“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...”
32. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur:
“Maddə 34. Ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. ...”
“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”
“Maddə 59. Ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi ... 59.3.Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. ...”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).
35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
37. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
38. Əlavə olaraq Kollegiya qeyd edir ki, kassasiya şikayətində “Ipoteka haqqında” Qanunun 36-ci maddəsinin məzmunu əks olunmuş, lakin bununla bağlı hər hansı konkret dəlil göstərilməmişdir.
39. Kassasiya şikayətində göstərilən Gəncə Kommersiya Məhkəməsinin icraatında işin olub-olmaması barədə ümumiyyətlə xəbəri olmaması, bu barədə nə şifahi, nə də ki yazılı formada heç bir məlumat verilməməsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh cavabdeh1 məhkəmənin 2024-cü il # ###### tarixli hazırlıq iclasında iştirak etmişdir, yəni cavabdeh məhkəmə icraatında olan iş barədə məlumatlı olmuş, məhkəmə iclasları barədə yaşadığı ünvana bildiriş ünvanlanmış və istifadəsində olan əlaqə nömrəsinə də “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə sms xəbərdarlıq göndərilmişdir.
40. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ######## tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.