Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-919/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Iddiaçı MMC-nin cavabdeh “X1 Ürünleri” A.Ş.-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisə, dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı MMC-nin cavabdeh “X1 Ürünleri” A.Ş-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Iddiaçı Iddiaçı MMC və cavabdeh “X1 Ürünleri” A.Ş-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi heyvanlar arasında çiçək, nodulyar dermotit, qarayara və bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin satın-alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən açıq tenderdə iştirak etmişlər və qiymətləndirmənin nəticələrə əsasən “xxxx” LLC şirkəti qalib elan edilmiş, iddiaçı ilə cavabdeh isə tenderdə uduzmuşlar.
2. Bundan sonra “X1 Ürünleri” A.Ş-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tender üzrə satınalan təşkilat olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə şikayətlər ünvanlanaraq qiymətləndirmənin nəticələrinə yenidən baxılmasını xahiş edilmişdir. 2023-cü il # ####### və 6 oktyabr tarixli həmin məktublarda cavabdeh tender komissiyasının yol verdiyi pozuntular arasında iddiaçının komissiyaya təqdim etdiyi “Satınalma prosedurlarının başlamasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə “sənədin” həqiqətə uyğunluğunun yoxlanılmamasını qeyd etmiş və məktuba Iddiaçı MMC barədə mediada yayılan məlumatlarla bağlı internet saytlarından linkləri əlavə etmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı Iddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X1 Ürünleri” A.Ş-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə göndərilən sənədlərdə iddiaçıya dair ifadə olunmuş fikirlərin həqiqətə uyğun olmamasına dair təkzib verilməsi və cavabdehdən iddiaçının işgüzar nüfuzuna vurduğu zərərə görə 10.000 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı 2023-cü il # ####### və 6 oktyabr tarixli məktublarda əks olunmuş məlumatların cavabdeh tərəfindən işgüzar nüfuzunu ləkələyən həqiqətəuyğun olmayan məlumatlar olmasını əsas göstərərək cavabdeh tərəfindən yayılmış həmin məlumatların təkzib edilməsi və məlumatların yayılması nəticəsində dəymiş zərərin ödənilməsini tələb edir.
5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, dövlət orqanına iddia ərizəsində qeyd edilən müraciət ümumiyyətlə cavabdeh tərəfindən edilməmişdir. Dövlət orqanlarının cavab məktublarından görünür ki, müraciətlər Şirkətin özü tərəfindən edilmiş, hazırda isə cavabdeh qismində Şirkətin Nümayəndəliyi qoyulmuşdur. Şirkət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyatı dövlət orqanlarına müraciət edilmiş, istinad edilmiş məlumatlar kütləvi informasiya vasitələrində yayılmış məlumatlar olmuş, məlumatların əks edildiyi informasiya saytları Respublikada iqtisadi və biznes mühitində mövcud olan ən mötəbər informasiya mənbələridir. Şirkət tərəfindən verilmiş şikayət zamanı qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunun 55-60-cı maddələrində mal göndərən tərəfindən şikayət verilməsi nəzərdə tutulmuşdur. Şirkət tərəfindən müraciət edildikdə artıq dövlət orqanı tərəfindən keçirilmiş olan satınalmanın nəticəsi bəlli idi və verilmiş şikayət bu nəticələrdən narazı qalındığı üçün edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə ünvanlanmış 2023-cü il # ####### və 2023-cü il # ####### tarixli məktublarında dolayı yolla iddiaçı barəsində sadalanmış məlumatların həqiqətə uyğun olmaması barədə məktubun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hər iki məktubun məzmununa nəzər yetirildikdə görünür ki, cavabdeh tərəf Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə iddiaçı hüquqi şəxs və onun əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, onun əməkdaşlarının peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilibedilməməsi ilə bağlı ritorik suallar ünvanlamış, qeyd edilmiş ritorik suallar özüözlüyündə neqativ (mənfi) ritorik suallardır. Yəni, bu növ ritorik suallar cavab verilməsi mümkün olmayan və yaxud cavab gözləmədən verilən suallardır. Burada əsas niyyət və məqsəd, qarşı tərəfdə, indiki halda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində iddiaçı barəsində tənqidi və narazı fikrin formalaşmasına istiqamətlənmişdir. Dövlət orqanına ünvanlanan ərizə, şikayət və müraciətlər hər hansı bir məsələnin həllinə istiqamətlənir, ancaq indiki halda, cavabdehin hər hansı bir hüququnun iddiaçı tərəfindən pozulmadığı, iddiaçı tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətin edilmədiyi, hər iki hüquqi şəxsin tenderdə uduzması halında, sadalanmış məzmunlu məktubların müvafiq quruma ünvanlanması, məhz iddiaçını etibarsız kontragent kimi tanıtdırmaq, onu fəaliyyət göstərdiyi sahədə nüfüzunun zəiflədilməsinə yönəlmişdir.
8. Həmçinin, cavabdehin qeyd edilmiş hərəkətləri ilə, iddiaçının işgüzar nüfuzuna zərər dəydiyindən, dəymiş zərərin əvəzi olaraq ağlabatan məbləğ olaraq 500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 21.1, 21.2, 23.1, 23.2, 23.4, 23.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 1999-cu il ## ### tarixli, * nömrəli qərarına istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Qeyri-əmlak hüququnun (işgüzar nüfuza olan hüququn) müdafiəsi ilə bağlı olduğundan “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 23-cü maddəsinə əsasən mübahisəyə hüququn həyata keçirildiyi ölkənin, yəni hazırkı halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.
13. Məhkəmə göstərmişdir ki, satınalan təşkilatın elektron poçt vasitəsilə iddiaçıya ünvanladığı məktubdan görünür ki, iddiaçıya həmin dövrdə qüvvədə olmuş “Dövlət Satınalmaları haqqında” Qanunun 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərilmişdir. Göstərilən hal ona dəlalət edir ki, satınalan təşkilat tərəfindən də mübahisəli məktublar tenderin nəticələrindən narazı qalan mal göndərən tərəfindən yuxarıda göstərilən qanunun 55.1 və 56.1-ci maddələrinin tələblərinə əsasən verilmiş şikayətlər kimi qiymətləndirilmişdir. Cavabdeh sözügedən şikayətləri satınalan təşkilata ünvanlamaqla tender iştirakçısı (mal göndərən) kimi tenderin komissiyasının qərar və hərəkətlərindən satınalan təşkilatın rəhbərinə şikayət etmək hüququnu realizə etmişdir. Şəxsin müvafiq dövlət orqanları və qurumlara öz hüquqların müdafiə edilməsi və ya bərpa edilməsi məqsədilə ünvanladığı şikayətlərdə əks etdirdiyi məlumatların həqiqiliyinin öz təsdiqini tapmaması faktı özü-özlüyündə MM-in 23-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olmur. Belə hallarda müraciətlərdə qanun pozuntuları barədə əks olunmuş informasiya işgüzar nüfuzu ləkələyici məlumatların yayılması kimi qiymətləndirilərkən şəxsin müraciət hüququ ilə müraciətdə adıçəkilən şəxsin işgüzar nüfuz hüququ arasında ədalətli balans qorunmalı, şəxsin müraciət hüququnu realizə edərkən hüquqdan suiistifadəyə yol verib-verməməsinə diqqət edilməlidir. Sözügedən sualların verilməsi birbaşa olaraq iddiaçının işgüzar fəaliyyəti barəsində mənfi rəy yaradılmasına deyil, satınalan təşkilatın rəhbərinə tender komissiyasının yol verdiyi pozuntular barədə məlumat verilməsinə yönəldilmişdir. Digər tərəfdən şikayətlərdə əks olunmuş informasiyanın təsdiqedici formada deyil, sual formasında ifadə olunması həmin informasiyanın ehtimal xarakteri daşımasını, yəni müraciət edən şəxsdə informasiyanın həqiqiliyinə dair əminliyin olmamasını göstərir. Məlumatların məhz ehtimal formasında əks edilməsi də həmin məlumatın şikayətdə göstərilməsində məqsədin məhz tender komissiyasının hərəkət və qərarlarının qanuniyilinin yoxlanılması, qiymətləndirmənin nəticələrinə yenidən baxılması və son nəticədə cavabdehin pozulduğunu hesab etdiyi hüquq və qanuni maraqlarının bərpa edilməsinin olmasına dəlalət edir.
14. Iddiaçının dəlillərindən biri ondan ibarət olmuşdur ki, cavabdehin şikayətlərdə əks olunmuş məlumatların satınalan təşkilat tərəfindən nəzərə alınmış və nəticədə onlar növbəti tenderlərdən kənarlaşdırılmışlar. Kollegiya tərəfindən dəfələrlə qeyd olunan halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi xahiş edilsə də, sözügedən sübutlar məhkəməyə təqdim edilməmişdir.
15. Işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilmiş hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən qəsd edilməsi öz təsdiqini tapmadığından zərər ödənilməsinin tələbi də əsassızdır.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə, MM-in 23.1, 23.2, 23.4, 23.6, 560.1,, MPM-nin 77.1, 119.1, 119.5, 440.1, 443.0, 443.0.1, 443.0.11-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 23-cü, Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Dövlət Satınalmaları haqqında” Qanunun 55.1, 56.1-ci maddələrinə, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il ## ### tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli Qərarına istinadla əsaslandırmışdır.
17. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 14, 1097.1, 1097.3-cü və “Dövlət satınalmaları haqqında” Qanunun 6.7, 11.2, 50-6.2-ci maddələri üzrə - cavabdeh iddiaçı barədə həqiqətə uyğun оlmayan yanlış məlumatlar yayaraq haqsız rəqabət üsul və vasitələrindən istifadə etmiş və bununla da iddiaçının işgüzar nüfuzuna qəsd edərək, iddiaçının tenderdən kənarlaşdırılmasına səbəb оlmuşdur. Cavabdeh iddiaçı barədə həqiqətə uyğun оlmayan yanlış məlumatlar yayaraq haqsız rəqabət üsul və vasitələrindən istifadə etməsi və beləliklə də, həm iddiaçının özü barəsində həqiqətə uyğun оlmayan məlumatları yayma və həm də оnun təklifi barədə mənfi fikirlər yaymaqla iddiaçının işgüzar nüfuzuna qəsd edərək, iddiaçının tender pоsedurunun qiymətləndirilməsinə dair ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh tərəfindən göstərilən məlumatarın yayılması nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği kifayət qədər yüksək məbləğ təşkil etsə də, iddiaçı işgüzar nüfuza vurulmuş ziyana görə 10.000 manat ödənilməsinə dair tələb irəli sürür. Оdur ki, cavabdeh həmin təkzib verməklə yanaşı iddiaçının işgüzar nüfuzuna vurduğu 10.000 manat məbləğində zərəri də tam həcmdə ödəməlidir.
19. MPM-in 14.1, 76.1, 77.1, 88, 217.3-cü maddələri üzrə - iddiaçı tərəfindən iddia tələbinin əsasları məhkəmədə təhqiq edilən sənədlərlə, izahatlarla, ifadələrlə təsdiq olunmasına, lakin cavabdehlərin iddiaya etirazlarının əsasları kimi istinad etdiyi halların sübut olunmamasına baxmayaraq sözügedən qətnamənin qəbul edilməsi ilə MPM-in 88-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işin həqiqi hallarına düzgün hüquqi qiymət vеrilməmiş, mübahisənin xaraktеri, mahiyyəti, tərəflərin hüquq və vəzifələri düzgün müəyyən еdilməmiş, nəticədə əsassız olaraq iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair nəticəyə gəlinmiş və ədalətli, qanuni qərar qəbul edilməsi üzrə formalaşmış məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli məktublar publik yayım üçün deyil, yalnız satınalan təşkilata ünvanlanmış və tender proseduru çərçivəsində qiymətləndirməyə yenidən baxılması məqsədi daşımış müraciətlər olmuşdur. Apellyasiya instansiyası haqlı olaraq müəyyən etmişdir ki, cavabdeh tender iştirakçısı kimi satınalan təşkilata müraciət etmək hüququnu həyata keçirmişdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi ilə təmin olunur və şəxsin dövlət orqanına etdiyi müraciətin sonradan təsdiqini tapmaması öz-özlüyündə mülki məsuliyyət yaratmır. Bundan əlavə xüsusi vurğulanmalıdır ki, cavabdeh tərəfindən həyata keçirilən hərəkətlər mahiyyət etibarilə yalnız satınalan təşkilata ünvanlanmış müraciətdən ibarət olmuş, həmin müraciətdə isə müstəqil şəkildə yeni faktların yayılması deyil, açıq mənbələrdə yerləşən məlumatlara istinad edilərək müvafiq linklər təqdim edilmişdir. Bu isə məlumatın yayılması deyil, mövcud məlumatların yoxlanılması xahişi kimi qiymətləndirilməlidir. Şəxsin şikayət etmək hüququnun məhkəmə qətnamələri ilə həddindən artıq məhdudlaşdırılması hüquqi dövlət və vətəndaş (bürün hüquqi və fiziki şəxslər) iştirakçılığı prinsipləri ilə uzlaşmır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə vurğulandığı kimi, dövlət idarəçiliyində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Tender kimi publik prosedurlarda iştirak edən şəxslərin şübhə doğuran hallarla bağlı satınalan təşkilata müraciət etməsinin məsuliyyət riski ilə üzləşdirilməsi faktiki olaraq ictimai nəzarət imkanlarını zəiflədə və hüquqi müdafiə vasitələrinin effektivliyinə mənfi təsir göstərə bilər. Bu baxımdan cavabdehin davranışı hüquqdan sui-istifadə deyil, qanunla qorunan müraciət hüququnun vicdanlı realizasiyası kimi qiymətləndirilməlidir. Işgüzar nüfuzun müdafiəsi üzrə formalaşmış məhkəmə təcrübəsinə görə məsuliyyətin yaranması üçün məlumatın yayılması, onun həqiqətə uyğun olmaması və bunun nəticəsində nüfuza real zərər vurulması sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən bu elementlərin heç biri lazımi sübutlarla təsdiq edilməmişdir. Beləliklə, kassasiya şikayəti mahiyyətcə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşmamaqdan ibarət olub, məhkəmə aktının ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasları özündə ehtiva etmir.
Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 23.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 24.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 25.Əlavə olaraq kollegiya qeyd edir ki, “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il ## ###### tarixli Qərarının 2.2.14-cü bəndində qeyd edilmişdir ki, özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, digər hal qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır. 26.Apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, cavabdehin müraciəti səlahiyyətli aidiyyəti orqana ünvanlanmış, həmin müraciət cavabdehin pozulduğunu hesab etdiyi hüquq və qanuni maraqlarının bərpa edilməsi ilə bağlı olmuş və onun məzmunu ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamışdır. Eyni zamanda, müraciətdə təhqiredici cümlələrdən istifadə edilməsi də müəyyən edilməmişdir. 27.Belə müraciətlər isə qeyd edilən Qərarda ifadə olunmuş hüquqi mövqeyə görə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə kimi qiymətləndirilə bilməz. 28.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır.Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 29.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 30.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 31.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 32.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının tinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir. 33.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 34.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.