Məhkəmə qərarları › İş №2-2(102)-922/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-922/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-922/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3 və Müşkiyev Ilqar Gəray oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3 və Müşkiyev Ilqar Gəray oğluna qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Müşkiyev Ilqar Gəray oğlu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı ASC ilə cavabdeh3 arasında 2023-cü il ## ###### tarixli *-SME-*-**-** saylı Kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşmaya əsasən cavabdeh3 120 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. Həmin razılaşmanın təminatı kimi eyni tərəflər arasında 2023-cü il ## ###### tarixli DA/*****/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka qoyan cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı kimi Iddiaçı ASC ilə Müşkiyev Ilqar Gəray oğlu (zamin) arasında 2023-cü il ## ###### tarixli, Z/*****/** saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür.

4. Kredit limitinin ayrılmasına dair razılaşma çərçivəsində Iddiaçı ASC ilə cavabdeh3 arasında 2023-cü il ## ###### tarixli 6-SME-1-32-23/1 kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən bank tərəfindən borcalana illik 16 faizlə 36 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir.

5. Daha sonra həmin kredit müqaviləsinə 2023-cü il ## #### tarixli Əlavə sazişlə dəyişiklik edilərək, ödəniş qaydası annuitet müəyyən edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “iddiaçı”) cavabdehlər cavabdeh3 və Müşkiyev Ilqar Gəray oğluna (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh3”, “İ.Müşkiyev”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2023-ci il 26 yanvar tarixli kredit müqaviləsi üzrə banka 168.197,15 manat əsas, 11.764,73 manat faiz və 89,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180.051,20 manat borcun və 470,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 112,50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. cavabdeh3 kredit müqaviləsi üzrə 2024-cü il ## #### tarixinə banka 168197,15 manat əsas, 11764,73 manat faiz və 893,19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180855,07 manat borcu vardır.

8. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişlər.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, 2023-cü il ## ###### tarixli 6-SME-1- **-**/* saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 168.197,15 manat, faiz borcu üzrə 11.764,73 manat, cərimə borcu üzrə 89,32 manat olmaqla, cəmi 180.051,20 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 2023-cü il ## ###### tarixli *-SME-*-**-**/* saylı kredit müqaviləsi üzrə tutmanın cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 282.200 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq 470,05 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 manat və xidmət haqqının əvəzi olaraq 120 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Kənan Hüseynov).

10. 2024-cü il ## #### tarixli maliyyə arayışına istinadən məhkəmə qeyd etmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

11. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, əsas borc üzrə 168.197,15 manat, faiz borcu üzrə 11.764,73 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, işin hallarına əsasən müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 89,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

13. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən “xxxx” MMC tərəfindən verilən 2025-ci il ## ###### tarixli hesabata əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,50 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 332.000, likvid dəyəri 282.000 manat dəyərində müəyyən edilmişdir.

14. Belə olan halda məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə tutma cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 282.200 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməzsə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 269.5, 317.1, 425, 462.1, 470.1, 472.1, 472.2, , 739.1, 741, 470.1, 472.1,472.2, 462.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. İ.Müşkiyev apellyasiya şikayəti verərək həmin qətnamənin ona münasibətdə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər T.Mahmudova və L.Əliyeva).

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdeh İ.Müşkiyev borclu olan cavabdeh cavabdeh3 ilə birgə məsuliyyət daşıyır.

20. Belə olan halda İ.Müşkiyev zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

21. Məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onların məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldıqları aydın olur, məlumatlı olduqları məhkəmə iclasına getməmələrinin məsuliyyətini isə onlar özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 470.1, 472.1 və 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. İ.Müşkiyev kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ona münasibətdə iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunması xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Insan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsi və * saylı Protokolu üzrə - iş üzrə əsas borclunun təminat kimi göstərdiyi ipoteka predmetinin borcu ödəməsi üçün kifayət etdiyi halda, borcun müştərək qaydada ondan tutulması Konvensiya ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu hal mülkiyyət hüququna birbaşa və qeyri-proporsional müdaxilədir. Konvensiyanın * saylı Protokolunda nəzərdə tutulan mülkiyyət hüququ yalnız əmlaka sahib olmaqla məhdudlaşmır, həm də şəxsin iqtisadi maraqlarının və sərvətinin qorunmasını nəzərdə tutur. Bundan əlavə, bu hüquq pozuntusu, Konvensiyanın 6-cı maddəsi ilə də ziddiyyət təşkil edir. Belə ki, şəxs hər hansı bir hüquqi məsuliyyətə cəlb edilərkən, onun işinə müstəqil və ədalətli məhkəmə tərəfindən, açıq şəkildə və qanuni prosedurlar çərçivəsində baxılmalıdır.

25. Apellyasiya şikayətində irəli sürülmüş arqumentlərin “formal mülahizələr” kimi qiymətləndirilməsi əsassızdır və iş üzrə mübahisənin mahiyyətinə uyğun gəlmir. Çünki apellyasiya şikayətində qaldırılan məsələlər prosessual xarakterli ümumi iradlar deyil, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, habelə iş üzrə müəyyən edilmiş faktiki halların yanlış hüquqi qiymətləndirilməsi ilə bağlıdır ki, bu da birbaşa olaraq məhkəmə qətnaməsinin qanuniliyinə və əsaslılığına təsir edən hallardır. Məhkəmənin qətnaməsinin ləğvi üçün yalnız prosessual pozuntular deyil, eyni zamanda maddi hüquq normalarının səhv tətbiqi və ya ümumiyyətlə tətbiq edilməməsi də kifayət edən əsasdır. Bu baxımdan, apellyasiya şikayətində irəli sürülmüş dəlillərin “formal” adlandırılması hüquqi baxımdan düzgün yanaşma hesab edilə bilməz. MM-in ipoteka və zaminlik institutlarını tənzimləyən müddəalarının mahiyyətindən açıq şəkildə görünür ki, borc öhdəliyinin icrası üzrə əsas və birinci dərəcəli məsuliyyət bilavasitə borcalanın üzərinə düşür. Borcun icrası üçün təqdim edilmiş təminatlar isə məhz bu məqsədə, yəni əsas borcun ödənilməsinə xidmət edir. Məhkəmə qətnaməsinə əsasən, ipoteka predmeti kimi təqdim edilmiş qeyri-yaşayış obyektinin bazar dəyəri 282.200 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ ümumilikdə 180.051,20 manat təşkil edən borc öhdəliyini tam şəkildə ödəmək üçün kifayət olmaqla yanaşı, onu təxminən 100.000 manat məbləğində üstələyir. cavabdeh3 borcun ödənilməsi üçün əsas məsuliyyət daşıyır və bu öhdəliyi yerinə yetirmək üçün təminat olaraq mülkiyyətindəki qeyri-yaşayış obyektini ipoteka predmetinə çevirmişdir. Qanunvericilik, xüsusilə MM, zaminlik institutunu əsas borclunun öhdəliyini icra edə bilmədiyi və ya onun təqdim etdiyi təminatın borcun ödənilməsi üçün kifayət olmadığı hallarda aktivləşdirilməsini nəzərdə tutur. Lakin cari işdə ipoteka predmeti, borcun tam şəkildə ödənilməsi üçün kifayətdir. Buna görə də, təqdim olunan ipoteka predmetinin kifayət etməsi şəraitində zaminin məsuliyyətə cəlb edilməsi qanunvericilik prinsiplərinə uyğun deyil. Ipoteka ilə təmin olunmuş borcun ödənilməsi zamanı prioritet hüquq məhz ipoteka predmetinə verilmişdir. Məhkəmə qərarında bu fakt nəzərə alınmamış, ipoteka predmetinin kifayət etməsi ilə bağlı mövcud hüquqi prinsiplərə zidd olaraq zaminin məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bu fakt, məhkəmə qətnaməsində əsas borclu ilə yanaşı ondan tutulmasına qərar verilməsi hüquqi baxımdan əsassız edir. MMin tələbləri nəzərə alınmadan, borcalanın təqdim etdiyi təminatın borcu tam ödəmə gücünə malik olması şəraitində zaminin məsuliyyətə cəlb edilməsi qanunla müəyyən edilmiş prinsip və normalara ziddir. Ipoteka predmetinin kifayət etməsi halda zaminin məsuliyyətə cəlb olunması, həm də mülki hüquq münasibətlərində zaminlik institutunun mahiyyətinə və məqsədinə uyğun deyil. Məhkəmə qətnaməsində ipoteka predmetinin kifayət etməsi kimi faktiki hallar nəzərə alınmamışdır. Bu səbəbdən onun müştərək qaydada borca görə məsuliyyətə cəlb edilməyi barədə qərar ədalət prinsipinə, hüquqi əsaslara və mövcud faktiki hallara ziddir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən ipoteka predmetinin dəyərinin kifayət etməsi faktı diqqətə alınmalı, onun üzərinə heç bir əlavə öhdəlik qoyulmamalıdır.

26. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bütün qeyd edilən diqqətəlayiq hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, məhkəmə öz qətnaməsini mötəbər, təkzibedilməz halları nəzərə almadan və əsaslandıra bilmədən qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 470. Zaminlik müqaviləsi

470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.”

“Maddə 472. Zaminin məsuliyyəti

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.”

“Maddə 477. Zaminliyə xitam verilməsi

477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”

“Maddə 500. Birgə borclular və birgə öhdəliklər

500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.”

“Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ

Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

33. Kassasiya şikayətində göstərilən maddi hüquq normalarının pozulması ilə bağlı dəlillər isə əsaslı hesab edilə bilməz.

34. Belə ki, öhdəlik münasibətlərində birgə məsuliyyət, yəni birgə borclular (öhdəlik) anlayışına MM-in 500 və 501-ci maddələrində aydınlıq gətirilmişdir. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

35. Zaminlik müqaviləsi üzrə zaminin məsuliyyəti isə ondan ibarətdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (MM-in 472.1-ci maddəsi).

36. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə zamin İ.Muşkiyevin borclu ilə birlikdə məsuliyyət daşıması razılaşdırılmış (4.1-ci bənd), kreditorun (iddiaçının) isə həm borcalan, həm də zamindən öhdəliklərin icrasını və onların pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları müəyyən edilmişdir (3.1-ci bənd). Həmçinin, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış 2023-cü il ## ###### tarixli kredit verilməsinə dair razılaşma üzrə öhdəliklər borcalan tərəfindən tam icra edilməmişdir.

37. Qeyd olunan halların hüquqi nəticəsi isə ondan ibarətdir ki, zamin İ.Muşkiyevin öhdəlikləri qüvvədədir.

38. Eyni zamanda, hazırkı işdə MM-in 477-ci maddəsində nəzərdə tutulmuş zaminliyə xitam verilməsi əsasları müəyyən edilməmişdir.

39. Cavabdeh İ.Muşkiyevin istinad etdiyi hallar, yəni ipoteka predmetinin mövcudluğu və ya onun dəyərinin borcu ödəməyə kifayət etməsi isə qanunvericilikdə zaminin məsuliyyətdən azad olunması əsası kimi nəzərdə tutulmamışdır.

40. Kollegiya qeyd edir ki, ipoteka və zaminlik müxtəlif təminat üsulları olmaqla kreditorun tələbinin təmin edilməsinə paralel şəkildə xidmət edir. Bu səbəbdən kreditorun tələbi həm ipoteka predmetinə yönəldilə, həm də eyni zamanda zaminə qarşı irəli sürülə bilər. Bu, kreditorun seçim hüququndan irəli gəlir və qanunla məhdudlaşdırılmamışdır.

41. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır.

42. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

44. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPMin 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Müşkiyev Ilqar Gəray oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar