Məhkəmə qərarları › İş №2-2(102)-926/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-926/2025

24.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-926/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin icra edilməməsi (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu il ## ###### tarixdə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

2. İddiaçı Rusiya Federasiyasında yerləşən “xxxx” MMC-dən metal borular almış, bu məqsədlə “xxxx” MMC, “xxxx” MMC və iddiaçı arasında 2020-ci il ## ### tarixli, ***/**-П nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, tədarükçü metal boruları tədarük etməyi, iddiaçı isə malı qəbul edib 1.332.021,32 Rusiya rublu məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Ödənişin tam şəkildə həyata keçirildiyi ödəniş sənədləri və gömrük bəyannamələri ilə təsdiq edilmişdir.

3. 2024-cü il ## ###### tarixli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, metal borular Rusiya Federasiyasının Moskva vilayəti, Dmitrov şəhərindən yüklənmiş və Azərbaycan Respublikasına gətirilməli olmuşdur. Sözügedən CMR-də daşıyıcı qismində Cavabdeh MMC göstərilmiş, nəqliyyat vasitəsi kimi **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Actros 1844 LS” və ona qoşulmuş **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qeyd edilmişdir. Həmin əmtəə-nəqliyyat qaiməsi (CMR) Cavabdeh MMC-nin ştampı ilə təsdiq olunmuşdur.

4. (“Icarəçi”) Cavabdeh MMC ilə (“Icarəyəverən”) X1 arasında bağlanmış 2024-cü il ## ### tarixli, *** nömrəli “Icarə Müqaviləsi”nə əsasən X1 özünə məxsus “Mercedes Aktros 1844 LS yəhərli dartıcı” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və “SCHMITZ yarımqoşqu” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəyə vermişdir. Həmin müqavilənnin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, müqavilə 2024-cü il ## ### tarixindən qüvvəyə minir və icarənin müddəti 3 il təşkil edir.

5. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin buraxılış kartı ilə bağlı məlumat verilməsi barədə məktubuna əsasən, Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə 2024-cü il ## ### tarixində beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmişdir. Sözügedən buraxılış kartı Cavabdeh MMC-nin müraciəti əsasında 2024-cü il # ###### tarixində ləğv edilmişdir.

6. Hadisə ilə bağlı aparılan istintaq zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə edən X4 cavabdeh Cavabdeh MMC-nin işçisi olmamış, cavabdehlə heç bir əmək və ya mülki-hüquqi müqavilə münasibətində olmamışdır. O, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində yükü cavabdeh MMC-nin sifarişi olmadan götürdüyünü, sonradan yükü qanunsuz olaraq satdığını, bu hərəkətlərin cavabdeh MMC-nin xəbəri və razılığı olmadan baş verdiyini bildirmişdir.

7. Avtomobilin mülkiyyətçisi X1 da hüquq-mühafizə orqanlarına etdiyi müraciətdə sürücüyə yalnız avtomobili idarə etmək və yükü aparıb boşaltmaq məqsədilə etibarnamə verdiyini, lakin sürücünün etimadı doğrultmayaraq yükü satdığını və nəqliyyat vasitəsi ilə ölkə ərazisini tərk etdiyini göstərmişdir.

8. Iş materiallarından, həmçinin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Abşeron Rayon Polis Idarəsi tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlandığı və istintaqın davam etdiyi görünür. Cinayət işi üzrə toplanmış sübutlar zərərin birbaşa sürücünün qanunsuz hərəkətləri nəticəsində baş verdiyini göstərmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 1332021.32 rubl maddi ziyanın (günün manat məzənnəsinə uyğun olaraq) və 165 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Rusiya Federasiyasında qeydiyyatda olan “xxxx” MMC arasında metal boruların alqı-satqısı aparılmış, malların ümumi dəyəri olan 1 332 021,32 rubl (25.000 manat) iddiaçı tərəfindən satıcıya tam şəkildə ödənilmişdir. Alqı-satqıdan sonra boruların Azərbaycan Respublikasına daşınması üçün cavabdeh ilə razılıq əldə edilmiş və yük 2024-cü il ## ###### tarixdə cavabdehin tabeliyində olan nəqliyyat vasitəsinə yüklənərək Azərbaycana göndərilmişdir. Lakin yükün göndərilməsindən təxminən 4 ay keçməsinə baxmayaraq, iddiaçıya məxsus mallar təyinat yerinə çatdırılmamışdır. Iddiaçı qeyd etmişdir ki, yükün çatdırılmaması cavabdehin öhdəliklərini icra etməməsi kimi qiymətləndirilməlidir. Bu əsaslarla iddiaçı ona dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

11. Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında yük daşınması ilə bağlı heç bir müqavilə münasibəti yaranmamışdır. Iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda da dəfələrlə cavabdehi tanımadığını, bu vaxtadək bütün yüklərinin “xxxx” MMC tərəfindən daşındığını və mübahisəli yükün daşınmasını da məhz həmin şirkətin təşkil etdiyini bildirmişdir ki, bu da tərəflər arasında yükdaşıma münasibətlərinin olmadığını təsdiq edir. Bundan əlavə, Abşeron rayon Polis Idarəsində istintaqı aparılan cinayət işi üzrə avtomobilin sahibi X1 yükün ona məxsus nəqliyyat vasitəsi ilə, sürücü Bəxtiyar Qarayev vasitəsilə daşındığını və sonuncunun yükü satdığını göstərmişdir. Sürücü də izahatında yükün götürülməsi tapşırığını avtomobilin sahibindən aldığını bildirmişdir. Həm avtomobilin sahibi, həm də sürücü yükün cavabdeh Cavabdeh MMC-nin sifarişi, xəbəri və razılığı olmadan götürüldüyünü təsdiq etmişlər. Cavabdeh qeyd etmişdir ki, mülki hüquq və vəzifələr əsasən müqavilədən və ya zərərin vurulmasından yaranır. Hazırkı iş üzrə tərəflər arasında müqavilə bağlanmamış, cavabdeh tərəfindən hər hansı zərər vurulmamışdır. Yük Rusiya Federasiyası ərazisində təhvil verilmiş, onun gömrük rəsmiləşdirilməsi və daşınması cavabdeh tərəfindən həyata keçirilməmişdir. Yükün qəbul edilməsi, daşınması və çatdırılması öhdəliyi avtomobilin sahibi və sürücü tərəfindən öz üzərlərinə götürülmüşdür. Bu baxımdan, iddiaçının da prosesdə ehtiyatsız davranışı mövcuddur. Iddiaçının istinad etdiyi avtomobilin cavabdehə icarəyə verilməsi faktı məsuliyyətin yaranması üçün əsas sayıla bilməz, çünki avtomobil faktiki olaraq mülkiyyətçisinin istifadəsində olmuş və yükün daşınmasını da o təşkil etmişdir. CMR qaiməsində olan Cavabdeh ştampının cavabdehə məxsus olmadığı, onun kim tərəfindən vurulduğunun məlum olmadığı, əsas hüquqi əhəmiyyət daşıyan imzanın isə cavabdehlə heç bir əlaqəsi olmayan sürücüyə məxsus olduğu bildirilmişdir. Bu halları nəzərə alaraq cavabdeh hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir və buna görə iddia tələbi rədd edilməlidir.

12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük Idarəsindən daxil olmuş 2025-ci il # #### tarixli cavab məktubundan görünür ki, **BC***/**ZB*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məktubda qeyd olunan tarixlər aralığında “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı 2024-cü il ## #### tarixində, saat 16:27 radələrində və 2024-cü il ## ###### tarixində, saat 02:13 radələrində həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin müvafiq buraxılış kartına dair məlumatların əldə olunması mümkün olmamışdır.

13. Cavab məktubuna əlavə edilmiş gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən görünür ki, **BC***/**ZB*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 2024-cü il ## #### və 2024-cü il ## ###### tarixlərində “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılarkən gömrük rəsmiləşdirilməsinə təqdim olunmuş əmtəə-nəqliyyat qaimələrində (CMR) üzərində Cavabdeh LLC” yazıları olan ştempeldən istifadə olunmuşdur.

14. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim R.Nəbiyev).

15. Məhkəmə işin hallarına istinadən hesab etmişdir ki, iddiaçıya məxsus yükün Rusiya Federasiyası ərazisində cavabdehin icarəsində olan və cavabdehin müraciəti əsasında beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmiş nəqliyyat vasitəsinə yüklənməsi və tərəflər arasında yükün daşınmasına dair müqavilədən irəli gələn münasibətlərin mövcudluğu sübutetmə vasitələri ilə tam təsdiqini tapmışdır.

16. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdehin şifahi etirazının əsası kimi istinad etdiyi hallar iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

17. Məhkəmə, ilk növbədə cavabdehin iddiaçı ilə aralarında yük daşınmasına dair müqavilə öhdəliyinin yaranmaması ilə bağlı arqumentinə tənqidi yanaşaraq qeyd etmişdir ki, işdə olan əmtəə-nəqliyyat qaiməsi (CMR) tərəflər arasında beynəlxalq yük daşınmasına dair müqavilə münasibətlərinin mövcud olmasına dəlalət edir. Maddi hüquq normalarının tələbindən göründüyü kimi beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur. Yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.

18. Məhkəmə, eyni zamanda cavabdehin istinad etdiyi digər dəlillərə-iddiaçının yüklərini həmişə daşıyan şirkətin “xxxx” MMC olmasına və mübahisəli yükün daşınmasını “xxxx” MMC-nin təşkil təşkil etməsinə, *********** nömrəli beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsində (CMR-də) əks olunan ştamp cavabdehə məxsus olmamasına, həmçinin yükün daşındığı nəqliyyat vasitəsinin sahibi Tural Qasımovun DIN-nə edilmiş müraciətinə və Abşeron rayon Polis Idarəsində istintaqı aparılan sürücü Qarayev Bəxtiyar oğlunun CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokol”unda göstərilənlərə hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdehin yükün daşınmasına dair tapşırığı bilavasitə iddiaçıdan deyil, üçüncü bir şəxsdən almış olması cavabdehi yükün daşınması tapşırığını vicdanla yerinə yetirmək məsuliyyətindən azad etmir.

19. Əlavə olaraq, məhkəmə nəzərə almışdır ki, iddiaçının əvvəllər başqa yüklərin daşınması üçün “xxxx” MMC və ya başqa bir şirkətlə yük daşınması müqavilələri bağlaması, onun başqa hüquqi şəxslərlə belə tipli müqavilələr bağlamaq hüququnu məhdudlaşdırmır.

20. Məhkəmə, həmçinin *********** nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində (CMR-də) əks olunan ştampın cavabdehə məxsus olmamasına dair cavabdehin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, işin obyektiv araşdırılması məqsədilə məhkəmənin sorğusu əsasında iş materiallarına daxil edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük Idarəsinin sorğuya cavab məktubuna əlavə olan yükdaşıma üzrə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən, o cümlədən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR-dən) müəyyən olunur ki, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə başqa bir yükün Azərbaycan Respublikasından Rusiya Federasiyasına daşınması zamanı gömrük rəsmiləşdirilməsinə təqdim edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaimələrində də (CMR-də) Cavabdeh LLC” yazıları olan istifadə olunmuşdur. Hansı ki, həmin yükdaşımaların həyata keçirilməsi cavabdehin iddiaçıya məxsus yükü daşımağa qəbul etdiyi və cavabdehin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə verilmiş beynəlxalq yükdaşımalarına dair buraxılış kartının qüvvədə olduğu dövrə düşür. Mülki qanunvericiliyə əsasən, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

21. Beləliklə müəyyən olunmuşdur ki, tərəflərin münasibətlərinin hüquqi əsasını yük daşınması müqaviləsi təşkil edir və sözügedən münasibətlərin mövcudluğu əmtəə nəqliyyat qaiməsi (CMR) ilə tam təsdiq olunur. Buna görə də, yükün daşınmasına dair müqavilə münasibətlərinin olmaması barədə cavabdehin dəlilləri əsassızdır.

22. Məhkəmə iddianın həcmi ilə bağlı əsaslılığına dair qeyd etmişdir ki, iddiaçının satın aldığı malların dəyərinin 1332021,32 Rusiya rublu təşkil etməsi və həmin mallara görə satıcıya qeyd olunan məbləğdə ödəniş etməsi iş materalları ilə təsdiq olunduğundan və bu, işin mübahisə edilməyən halını təşkil etdiyindən, iddiaçı qeyd olunan məbləği cavabdehdən tələb etməkdə haqlıdır.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 86.1, 850.1, 850.2, 851, 852.1, 852.2, 854.1 (854.1.1–854.1.6), 854.7, 859.1, 777.1, 777.2, 779.1, 780.1 (780.1.1–780.1.3), 780.4, 425.1, 427.3, 442, 445.2.1, 448.1 və 448.4-ci maddələrinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9, 4.0.6, 37.1 və 40.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1, 38.6, 39.1, 39.2, 42.1, 42.1.8, 42.1.10, 48.1, 48.2.1, 48.2.2, 48.2.3, 48.3, 48.4, 48.4.1, 48.4.2, 48.4.3, 48.4.4, 48.4.5 və 48.4.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – C.Imanov, Q.Əliyev).

26. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri:

28. MM-in 14-cü maddəsi üzrə - nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri qeyd edilən maddənin tələblərinə əhəmiyyət vermədən, iddiaçı ilə hüquqi və faktiki bağlılığı olmayan cavabdehə qarşı pulun tutulması tələbini təmin etməklə səhvə yol vermişlər. Belə ki, tərəflər arasında yük daşınması ilə bağlı heç bir müqavilə və ya hüquqi münasibət mövcud olmamışdır. Iddiaçı məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, bütün yüklərini “xxxx” MMC daşımış, cavabdehi isə yük itənədək tanımamış və onunla heç vaxt yükdaşımaya dair münasibətdə olmamışdır. Bu hallar iddiaçının öz izahatları ilə də təsdiq olunur. Buna baxmayaraq, məhkəmələr yükü daşıdığı iddia edilən avtomobilin mülkiyyətçisi ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə istinad edərək məsuliyyəti cavabdehin üzərinə qoymuşlar. Halbuki, iş materialları, həmçinin cinayət işi üzrə verilmiş izahatlar göstərir ki, avtomobil faktiki olaraq mülkiyyətçinin istifadəsində olmuş, yükün daşınmasını da məhz mülkiyyətçi öz üzərinə götürmüş və cavabdehlə heç bir əlaqəsi olmayan sürücüyə tapşırmışdır. Bu baxımdan cavabdehin zərərin vurulmasına səbəb olan hər hansı təqsirli hərəkəti mövcud olmamışdır. Eyni zamanda, məhkəmələr sürücünü və avtomobilin mülkiyyətçisini işə cəlb etməmiş, aparılan cinayət işinin nəticələrini gözləmədən və icraatın dayandırılması barədə vəsatətləri əsassız olaraq rədd etməklə işi tam və obyektiv araşdırmamışlar. Nəticədə, zərərin vurulması və təqsirin müəyyən edilməsi məsələləri düzgün qiymətləndirilməmiş, cavabdehin təqsirsizliyi nəzərə alınmadan iddia təmin edilmişdir ki, bu da cavabdehin hüquqlarının və qanunun tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir.

29. MM-in 385.1. 386.1 və 387.3-cü maddələri üzrə - Məhkəmələr qeyd edilən maddi hüquq normalarının da tətbiqində səhvə yol vermişdir. Belə ki, hazırki iş üzrə qeyd edilən hallarla bağlı cavabdehin heç bir öhdəliyi yaranmamışdır. Iddiaçıya faktiki olaraq zərər vuran şəxslər avtomobilin mülkiyyətçisi və sürücüsü olmuşdur ki, onların hərəkətləri ilə bağlı cavabdeh heç bir məsuliyyət daşıya bilməz. Bu bir daha təsdiq edir ki, məhkəmələr səhvə yol vermişdir.

30. MM-in 21.3-cü maddəsi üzrə - Abşeron Rayon Polis Idarəsində istintaqı aparılan cinayət işi üzrə avtomobilin mülkiyyətçisi X1 izahatında yükü daşıyan avtomobilin ona məxsus olduğunu, yükün daşınması barədə sürücü Bəxtiyar Qarayev ilə birbaşa razılaşdığını və yükün sonuncu tərəfindən satıldığını bildirmişdir. Avtomobilin sürücüsü Bəxtiyar Qarayev də yükün götürülməsi tapşırığını məhz Tural Qasımovdan aldığını təsdiq etmişdir. Həm avtomobilin sahibi, həm də sürücü izahatlarında yükün cavabdehin sifarişi, xəbəri və razılığı olmadan götürüldüyünü qəbul etmişlər. Bu isə cavabdehlə yükün daşınması arasında hər hansı müqavilə münasibətinin yaranmadığını, ümumiyyətlə yükdaşıma hüquq münasibətlərinin mövcud olmadığını açıq şəkildə göstərir. Bundan əlavə, MM-in 21.3-cü maddəsinin məzmununa əsasən zərərin əvəzinin tələb edilməsi zamanı zərərçəkənin, onun işçilərinin və ya üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə təsir göstərdiyi nəzərə alınmalıdır. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, avtomobil cavabdehlə icarə müqaviləsi bağlanmasına baxmayaraq faktiki olaraq mülkiyyətçinin istifadəsində olmuş, yükün daşınması barədə göstəriş və tapşırıq cavabdehin işçisi olmayan şəxslərə verilmişdir. Bu hallar cavabdehin zərərin vurulmasına heç bir şərait yaratmadığını təsdiq edir. Lakin məhkəmələr bu mühüm halları nəzərə almadan yanlış hüquqi nəticəyə gəlmiş, maddi hüquq normasını səhv tətbiq etməklə əsassız qətnamə qəbul etmişlər.

31. MPM-in 88, 218.1-ci maddəsi üzrə - Məhkəmə tərəflər arasında hansı hüquqi münasibətlərin mövcud olduğunu araşdırmadan, CMR aktında mövcud olan saxta ştampa istinad etməklə iddianı təmin etmiş, halbuki həmin aktdakı imzanın kimə məxsus olmasını və hüquqi əhəmiyyətini qiymətləndirməmişlər. Qətnamədə istinad edilən maddi hüquq normasına əsasən CMR aktının məhz imza ilə təsdiqlənməsi tələb olunduğu halda, şirkətin işçisi olmayan şəxsin malı qəbul etməsi və saxta ştamp vurması cavabdehin məsuliyyətinə səbəb kimi qiymətləndirilmişdir ki, bu yanaşma hüquqa və məntiqə ziddir. Eyni zamanda, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, əksinə iddiaçı tərəfin əvəzinə sübut toplamaqla çəkişmə prinsipini və ədalətli məhkəmə araşdırması prinsipini pozmuşlar. Verilmiş etirazlar və vəsatətlər, o cümlədən “xxxx” MMC-nin, avtomobilin mülkiyyətçisinin və sürücünün işə tərəf qismində cəlb edilməsi, habelə hadisə ilə bağlı aparılan cinayət işinin nəticələrinin hazırkı işə birbaşa təsir etməsi nəzərə alınmadan icraatın dayandırılması barədə vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Nəticədə, işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin olunmadan qətnamə qəbul edilmiş, bununla da cavabdehin prosessual hüquqları kobud şəkildə pozulmuşdur.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

33. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

“Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. ...”

“Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. ...”

“Maddə 780. Vəkalət alanın şəxsi öhdəlikləri. Üçüncü şəxslər üçün məsuliyyət 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. ... 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.”

“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.”

“Maddə 851. Yük göndərən, yük alan və daşıyıcı 851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.”

“Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin və ya yük alanın hüquq və vəzifələrinə malikdir ...”

“Maddə 854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. ... 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.”

“Maddə 859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. ...”

36. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“38. Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinə dair tələblər 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların ** nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMRin birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. ... 38.6. Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur. ...” “39. Daşımalara görə hesablaşmalar

39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.”

“42. Daşıyıcının vəzifələri

42.1. Daşıyıcının vəzifələri aşağıdakılardır: ... 42.1.8. müqavilə ilə müəyyən edilmiş müddətdə yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmaq; ... 42.1.10. yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək; …”

“48. Daşıyıcının, sifarişçinin və sürücünün avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti

48.1. Yükgöndərən aşağıdakılara görə məsuliyyət daşıyır: 48.1.1. müqavilə ilə müəyyən edilmiş həcmdə, nomenklaturada və ya müddətdə yüklərin daşınma üçün təqdim edilməməsinə; 48.1.2. daşıyıcının təqsiri üzündən baş verən hallar istisna olmaqla, yük yükgöndərənə təhvil verilənədək rəsmiləşdirilməli olan əmtəə-nəqliyyat qaiməsinin düzgün doldurulmaması, o cümlədən gömrük və digər sənədlərin rəsmiləşdirilməsi üçün zəruri olan məlumatların və sənədlərin olmaması və ya düzgün doldurulmaması nəticəsində daşıyıcıya dəymiş zərərə; 48.1.3. yükün gəlməsi zamanı qüsur daşıyıcıya məlum və ya bəlli olmasına baxmayaraq, əmtəə-nəqliyyat qaiməsində onun tərəfindən bu barədə lazımi qeydlər edilmədiyi hallar istisna olmaqla, yükün qüsurlu qablaşdırılmasına görə daşıyıcıya dəymiş zərərə. 48.2. Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1. əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2. yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3. gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. ... 48.3. Avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “Icazə” blankı almış daşıyıcılar, həmin “Icazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər. ... 48.4. Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1. itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2. yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3. yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4. itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5. yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda; 48.4.6. itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə.”

37. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: ... 1.0.9. daşıyıcı – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar; ...”

“Maddə 4. Avtomobil nəqliyyatı ilə daşımaların növləri

4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür: ... 4.0.6. beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları.”

“Maddə 37. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi

37.1. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 40. Avtomobil nəqliyyatı ilə yük daşınmasının rəsmiləşdirilməsi ... 40.6. Beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi və ya elektron əmtəə-nəqliyyat qaiməsi tərtib olunur. ...”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

42. Göründüyü kimi daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.

43. Belə olan halda apellyasiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, yük daşınan nəqliyyat vasitəsi cavabdehin icarəsində olmaqla, məhz cavabdehin müraciəti əsasında Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən beynəlxalq yükdaşımalarına dair buraxılış kartı əsasında cavabdehin adından beynəlxalq yük daşımalarında iştirak etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın əsaslı olması, ona cavab verməli olan şəxsə yönəldilməsi nəticəsinə gəlmişdir.

44. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar