Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-929/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azəbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC-yə qarşı borcun ödənilməsi və obyektin boşaldılması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. ünvan 2 ünvanında yerləşən 0.03956 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 639.6 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə İddiaçı MMC-yə məxsusdur (dövlət reyestrindən 2020-ci il ## ###### tarixli çıxarış).
2. İcarəyə verən İddiaçı MMC ilə icarəçi “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC arasında 2022-ci il ## #### tarixində notariat qaydada təsdiqlənməklə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə görə icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2020-ci il ## ###### tarixli 011013001715-***** reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639.6 kvadratmetr) bir hissəsini (“obyekt”) icarəçinin müddəti istifadəsinə verməyi öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən, tərəflər qəbul edirlər ki, bu müqavilənin 1.1-ci bəndində göstərilən icarəyə verilən obyektin ölçüsü 158,00 kv.metr təşkil edir; - 2.3-cü bəndinə əsasən, obyekt icarəyə verən tərəfindən təhvil-təslim aktına əsasən bu müqavilə imzalandıqdan sonra 3 iş günü müddətində təhvil verilir. Təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur; - 3.3-cü bəndinə əsasən, bu müqavilə üzrə icarəçinin ödəyəcəyi aylıq məbləğ, icarə haqqı (ƏDV daxil) və digər ödənişlər (müqavilənin 3.2-ci bəndində qeyd olunan) daxil olmaqla, ümumi olaraq 2480,6 manat, o cümlədən icarə haqqı (ƏDV daxil) 2.370 manat və xidmət haqqı 110,6 manat təşkil edir; - 10-cu bəndinə əsasən Müqavilənin ləğv olunması halları: - 10.1.1-ci yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə; - 10.1.3-cü bəndinə əsasən qanunvericilikdə göstərilən hallarda. - 10.2-ci bəndinə əsasən İcarəyəverən məhkəmədənkənar qaydada 14 gün qabaqcadan İcarəçiyə yazılı bildiriş göndərməklə aşağıda göstərilən hallarda Bu müqaviləni icra etməkdən birtərəfli imtina edə bilər: - 10.2.1-ci bəndinə əsasən, icarə haqqı və digər ödənişlər il ərzində icarəçi tərəfindən 3 ay ödənilmədikdə; - 11.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin müddəti bitdikdə və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, obyekti təhvil-təslim aktına əsasən icarəyəverənə tam yararlı vəziyyətdə, kommunal borc və üçüncü şəxslər qarşısında öhdəlikdən azad şəkildə geri qaytarmalıdır;
3. İddiaçı MMC tərəfindən “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC-yə ünvanlanmış 2025-ci il ## ###### tarixli pretenziya məktubu ilə icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 32.067,55 manat maddi ziyanın ödənilməsi və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixində icarə müqaviləsinə əsasən, cəmiyyət mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi: 639,6 kvadratmetr) bir hissəsini (158 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 2.480,60 manat, 110,60 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlamışlar. Belə ki, onun müqaviləyə görə 32.067,55 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin (icarə obyekti) təxirə salınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyektdə müqavilə təyinatına uyğun psixoloji, loqopedik, reabilitasiya, məktəbəqədər tədris xidmətləri göstərilir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi müraciətə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. Cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir.
6. 2025-ci il # ##### tarixində iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 29.438,82 manat maddi ziyanın ödənilməsi və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Həmin ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə müəyyən ödənişlər edildiyindən, iddia tələbinin həcmi azaldılmışdır. Belə ki, bu günkü tarixə cavabdehin iddiaçı qarşısında 29.107,02 manat-icarə üzrə, 1.217,38-kommunal, 0,89-elektrik enerjisi sərfiyyatı üzrə olan borc olmaqla, 29.438,82 manat borcu mövcuddur.
8. 2025-ci il ## ### tarixində məhkəmə baxışında iddiaçı yenidən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 31.916,13 manat maddi ziyanın ödənilməsi və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 158 kv.metr hissəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Həmin ərizə onunla əsaslandırılmışdır ki, bu günkü tarixə cavabdehin iddiaçı qarşısında 31.030,55 manat - icarə üzrə, 885,58 - kommunal üzrə olan borc olmaqla, 31.916,13 manat borcu mövcuddur.
10. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 31.916,13 manat borcun tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 639,6 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılması və cavabdehin həmin obyektdən çıxarılması, cavabdehdən 186,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim R.Nəbiyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər obyektin icarəsinə dair müqavilə bağlamışlar. Müqavilə ilə iddiaçı (icarəyə verən) tərəfindən qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsini cavabdehə (icarəçiyə) müddətli icarəyə verilmiş və tərəflər arasında icarə və xidmət haqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
12. Mübahisə predmeti obyektin iddiaçının mülkiyyətində olmasını, həmin obyektin 158 kvadratmetr hissəsinin cavabdehin istifadəsinə (icarəsinə) verilməsi iddiaçı tərəfindən sübut olunmuşdur. Məhkəmə, bu qənaətə gələrkən işin materialları ilə yanaşı, cavabdehin obyektin müqavilənin şərtlərinə müvafiq olaraq onun istifadəsinə verildiyini mübahisələndirməməsini nəzərə almışdır.
13. İddiaçı, cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmiş, cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan sonuncunun mülkiyyətində olan obyektin 158 kvadratmetr hissəsini icarəyə götürsə də, bunun müqabilində iddiaçıya ödəməli olduğu icarə haqqını və xidmət haqqını tam olaraq ödəməmişdir. Bununla da, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunmuşdur.
14. İşin materialları ilə cavabdehin iddiaçıya olan icarə haqqı və xidmət haqqına görə qalıq cəmi borcunun 2025-ci il ## ### tarixinə 31.916,13 manat təşkil etdiyi müəyyən olunmuşdur.
15. Cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabineti” vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə, iddia ərizəsinə olan etirazını və bunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq, cavabdeh iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir.
16. Beləliklə, iddiaçı mübahisə predmeti obyektin mülkiyyətçisi olaraq hazırkı iddianı irəli sürmək və cavabdeh ilə aralarında bağlanmış müqavilədən irəli gələn borcun ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə, cavabdehdən 31.916,13 manat pul tutularaq iddiaçıya ödənilməsinə aid hissədə iddianı əsaslı hesab etmişdir.
17. Məhkəmə iddia tələbini icarə obyekti olan qeyri-yaşayış sahəsinin 158 kvadratmetr hissəsinin boşaldılaraq cavabdehin oradan çıxarılması hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı müvafiq bildiriş göndərməklə cavabdeh ilə aralarında bağlanmış 2022-ci il ## #### tarixli icarə müqaviləsini birtərəfli qaydada imtina edərək məhkəmədən kənar ləğv etdiyindən, həmin müqavilənin və hazırkı iş üzrə mübahisə predmeti olan obyektin cavabdehin sahibliyində və istifadəsində qalması üçün hər hansı bir hüquqi əsas artıq mövcud olmamışdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 152.1, 152.5, 157.2, 386.1, 421.1-421.3, 700.1, 700.2 və 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 8.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 31.916,13 manat borcun tutulması” hissədə ləğv olunmuş və həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən 29.438,82 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Kərimov, hakimlər Q.Əliyev və C.İmanov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı icarə müqaviləsi üzrə ödənişlərin vaxtında və lazımınca edilməməsinə, müqavilə şərtlərinə əsaslanıb müqaviləni birtərəfli qaydada ləğv etməklə, maddi hüquq normaları baxımından mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə tam haqlı olmuşdur.
22. “Yaranan borc məbləğinin müəyyən olunması üçün mühasibatlıq ekspertizasının təyin olunmasının zəruriliyinə” dair apellyasiya şikayətinin dəlilinə qiymət verən məhkəmə kollegiyası növbədə qeyd etmişdir ki, şikayətdə borc məbləğinin düzgün hesablanmasını şübhə altına alan hər hansı dəlil gətirilməmişdir.
23. Bundan başqa, birinci instansiya məhkəməsində keçirilən proseslərdən cavabdeh məlumatlı olmuş, hesablanmış borc məbləğinin həqiqiliyini şübhə altına alan əsaslandırmalar verməmiş, ekspertizanın keçirilməsini tələb etməmişdir. Əksinə ilkin verilən tələb üzrə müəyyən ödənişlər etmişdir ki, sonrakı mərhələdə iddiaçı tələbin həcmini borc məbləği hissədə azaltmışdır.
24. Bununla belə birinci instansiya məhkəməsi icarə haqqı üzrə və kommunal xidmətlərə görə tələbin həcminin məhkəmə baxışı mərhələsində artırılmasını nəzərə almadan, həmin hissədə iddianı baxış mərhələsində artırılan həcmdə təmin etməklə MPMin 53-cü maddəsinin tələblərini pozmuş olmuşdur.
25. Apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından, kollegiya onun qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən 31.916,13 manat borcun tutulması hissəsində ləğv olunaraq, tutulacaq borcun məbləğinin məhkəmə hazırlıq mərhələsində verilən tələbin həcminin azaldılmasına dair ərizəyə uyğun olaraq 29.438,82 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ hissəsinə, MM-in 152.1, 152.5, 157.2, 385.1, 421.1, 421.3, 700.1, 700.2 və 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 8.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il ## #### tarixli Qərarına, MPM-in 4.1, 14.2, 53, 76.1, 76.2, 77.1, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, iddianın rədd olunması, bu mümkün olmadıqda işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, MM-in 700-cü maddəsi üzrə- apellyasiya məhkəməsi həmin normaların tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin mövqeyi şikayətin təmin olunmadığı hissədə qanunvericiliyin maddi və prosessual normalarına, həmçinin tərəflər arasında olan icarə müqaviləsinin tələblərinə ziddir. Belə ki, işdən olan sübutlar qanunun tələblərinə uyğun olaraq təsdiq edilsə və müvafiq ekspertiza təyin olunsa, cavabdehin iddiaçıya qalan borcunun 29.438,82 manat deyil, 11.563 manat olduğu aydın olacaq. Məhkəmənin yalnız iddiaçı tərəfin verdiyi ödəniş cədvəlinə əsasən 29.438,82 manat borcun qaldığını müəyyən etmiş olması, heç bir mühasibatlıq ekspertizasını təyin etməməsi qanunvericiliyin tələblərinə, xüsusilə MPM-in 88 və 217-ci maddələrinə ziddir. Həmin məbləğ mübahisəlidir və mühasibatlıq ekspertizasının müəyyən olunması zəruridir.
29. Bundan başqa aşağı instansiya məhkəmələri əmlakın boşaldılaraq cavabdehin oradan çıxarılması hissəsində də iddianı əsaslı hesab etmişlər. Lakin məhkəmələrin bu yanaşması da qəbul edilən deyil. Belə ki, “bildiriş göndərilməklə tərəflər arasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada imtina olunmaqla məhkəmədən kənar ləğv edilməsi” mülki qanunvericiliyin heç bir qaydası ilə tənzimlənməmişdir.
30. Apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən MM-in 700-cü maddəsinin də tələblərini pozmuşdur.
31. MPM-in 217.1, 218.3 və 418-ci maddələri üzrə - mübahisələndirilən qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri .
32. Etiraz onunla əsaslandırılmışdır ki, kassatorun qanunvericiliyin pozulmasına dair qeyd etdiyi hallar əsassızdır. Belə ki, şikayətdə pozulduğu iddia edilən maddi və prosessual normalara dair faktiki pozulma halları qeyd olunmamışdır. MPM-in 88, 217, 218 və 418-ci maddələri, eyni zamanda MM-in 700-cü maddəsi ilə bağlı məhkəmə prosesinin gedişində və qətnamədə heç bir pozuntu halı olmamışdır. Hər iki instansiya üzrə məhkəmə iclaslar barədə tərəfləri məlumatlandırmaqla, işə baxaraq qərar qəbul etmişdir.
33. Qeyd olunmalıdır ki, cavabdeh hüquqi şəxsdir, “Elektron Məhkəmə” informasiya sistemində ona məxsus elektron kabinet vardır. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, birinci instansiya məhkəməsindəki iclaslarda iştirak etməmiş, iddia ərizəsinə etirazını, bunu təsdiqləyən sübutlarını, eyni zamanda ekspertiza təyin edilməsi barədə vəsatətini məhkəməyə təqdim etməmişdir.
34. Apellyasiya instansiyasında cavabdeh tərəfdən ekspertizanın keçirilməsinə dair verilmiş vəsatətə münasibətdə iddiaçı bildirir ki, hazırkı işdə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə lüzum yoxdur, çünki xüsusi bilik tələb edən hesablaşma mövcud deyil. Belə ki, müqavilənin şərti kimi konkret olaraq hər ay hansı məbləğdə icarə haqqını hansı qaydada ödəyəcəyi cavabdehə (müqavilə imzalanarkən) məlum olmuş, lakin ödənilməli olan icarə və xidmət haqqı aylar üzrə tam ödənilməmişdir. Məhkəmənin ödəniş cədvəlinə uyğun olaraq müəyyən etdiyi məbləği ekspertiza təyin etməklə deyil, elə sadə riyazi üsulla da hesablamaq olar, bunun üçün ekspert rəyinə ehtiyac yoxdur. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu baxımdan da məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə hər hansı zərurət yoxdur.
Kassasiya baxışının hədləri
35. MPM-nin 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız cavabdehin mübahisələndirdiyi hissədə yoxlanılır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. ...”
“Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. ... 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”
“Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
38. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 7. İcarə müqaviləsi
1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. ...”
“Maddə 8. İcarə haqqı
1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. ...”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. ... Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. ...”
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
42. Kassasiya şikayətinin əsas dəlili apellyasiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya müqavilə üzrə borcunun miqdarının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin edilməməsi, bununla da MPM-in 88 və 217-ci maddələrinin pozulması ilə bağlıdır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, MPM-in 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas olan sübutlar təqdim olunmamış, əsaslandırılmış vəsatət verilməmişdir.
45. Kassasiya şikayətinin §29-da qeyd olunan dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmişdir. Cavabdeh isə müqavilə öhdəliklərinin onun tərəfindən icra edilməsini sübuta yetirə bilməmiş, əksinə sadəcə ödənilməli icarə haqqının məbləği ilə razılaşmadığını qeyd etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin müqavilənin birtərəfli qaydada məhkəmədənkənar ləğvinə dair gəldiyi nəticə MM-in 421ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarındakı (bax yuxarıda § 39) hüquqi mövqeyə uyğun olmuşdur.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.