Məhkəmə qərarları › İş №2-2(103)-1002/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1002/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1002/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: zaminlik müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-161/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23 saylı Kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23 saylı Kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh4 (ipoteka qoyan, borc alan) arasında ipoteka qoyana məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması ilə bağlı xx.xx.2023-cü il tarixli DA/00051/23 saylı ipoteka müqaviləsi, Cavabdeh3 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/00823/23 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

3. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 kredit verilməsinə dair razılaşma bağlanmış və həmin kredit razılaşmaya əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 200.000 manat kredit verilmişdir.

4. Daha sonra xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə sazişlə dəyişiklik edilərək, ödəniş qaydası annuitet müəyyən edilmişdir.

5. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 168197.15 manat əsas, 11764.73 manat faiz və 89.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180051.20 manat borcun və 470.05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh4 İddiaçı ASC-nin “MXD” filialından 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2023-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh4 İddiaçı ASC-nin “MXD” filialından illik 16%-lə 36 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi xx.xx.2023-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən ödəniş qaydası annuitet müəyyən edilmişdir. 15 mart 2024-cü il tarixədək Cavabdeh4 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 168197.15 manat əsas, 11764.73 manat faiz və 893.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 180855.07 manat borcu vardır.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-161/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, xx.xx.2023-cü il tarixli 6-SME-1- 32-23/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 168.197 (bir yüz altmış səkkiz min yüz doxsan yeddi) manat, 15 (on beş) qəpik, faiz borcu üzrə 11.764 (on bir min yeddi yüz altmış dörd) manat 73 (yetmiş üç) qəpik, cərimə borcu üzrə 89 (səksən doqquz) manat, 32 (otuz iki) qəpik olmaqla, cəmi 180.051 (bir yüz səksən min əlli bir) manat, 20 (iyirmi) qəpik məbləğində pulun Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 282.200 (iki yüz səksən iki min iki yüz) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq 470 (dörd yüz yetmiş) manat 05 (sıfır beş)) qəpik məbləğində pulun Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pulun Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024cü il tarixə Cavabdeh4 banka əsas borc məbləği 168.197,15 manat, faiz borcu 11.764,73 manat, cərimə borcu 893,19 manat, cəmi 180.855,07 manat təşkil edir. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

10. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, əsas borc üzrə 168.197,15 manat, faiz borcu üzrə 11.764,73 manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 89,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

12. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2820/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən “Qiymətləndirmə və Consulting Mərkəzi” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabata əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,50 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 332.000, likvid dəyəri 282.000 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli 6-SME-1-32-23/1 Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 282.200 (iki yüz səksən iki min iki yüz) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 470,05 manat məbləğində pul da, cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

15. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 5.3, 269.5, 317.1, 425, 462.1, 470.1, 472.1, 472.2, , 739.1, 741, 470.1, 472.1,472.2, 462.1-ci maddələrinə və “Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-161/2025 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnaməsinin Cavabdeh3 münasibətdə olan hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ipoteka və zaminlik institutlarını tənzimləyən müddəaların mahiyyətinə əsasən, borcun ödənilməsi ilə bağlı əsas məsuliyyət birbaşa olaraq borcalana və onun təqdim etdiyi təminata düşür. Məhkəmə qətnaməsinə əsasən, ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 112.50 kv.m qeyriyaşayış obyektinin bazar dəyəri 282,200 manat olaraq müəyyən edilmişdir. Bu məbləğ borcun əsas məbləği (168,197.15 manat), faiz borcu (11,764.73 manat), cərimə məbləği (89.32 manat) və digər ödənişləri (dövlət rüsumu və xidmət haqları daxil olmaqla, ümumilikdə 180,051.20 manat) nəzərə almaqla, borcun tam şəkildə ödənilməsi üçün kifayət qədər yüksəkdir. Cavabdeh4 borcun ödənilməsi üçün əsas məsuliyyət daşıyır və bu öhdəliyi yerinə yetirmək üçün təminat olaraq mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 112.50 kv.m sahəsi olan qeyri-yaşayış obyektini ipoteka predmetinə çevirmişdir. Buna görə də, təqdim olunan ipoteka predmetinin kifayət etməsi şəraitində zaminin məsuliyyətə cəlb edilməsi qanunvericilik prinsiplərinə uyğun deyil. Qeyd edilməlidir ki, ipoteka predmetinin kifayət etməsi halda zaminin məsuliyyətə cəlb olunması, həm də mülki hüquq münasibətlərində zaminlik institutunun mahiyyətinə və məqsədinə uyğun deyil. Məhkəmə qətnaməsində ipoteka predmetinin kifayət etməsi kimi faktiki hallar nəzərə alınmamışdır. Cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

15. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

c) Apellyasiya baxışı, izahatlar

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər, digər cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 442. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Maddə 472. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda iddiaçı müvafiq qətnaməni iddianın təmin edilmədiyi hissədə mübahisələndirməmişdir. Cavabdeh3 müvafiq qətnaməni iddia tələbinin ona münasibətdə təmin olunan hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh4 isə qətnaməni mübahisələndirmədiyindən qətnamə idda tələbinin ona münasibətdə təmin olunan hissəsində yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

38. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

39. Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh3 borclu olan Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır.

40. Belə olan halda Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

41. Məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onların məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldıqları aydın olur; məlumatlı olduqları məhkəmə iclasına getməmələrinin məsuliyyətini isə onlar özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

42. Beləliklə, apellyatorların apellyasiya şikayətlərində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-161/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar