Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1003/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə cavabdeh "xxxx" MMC-yə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs R.Qəniyev) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **- GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 06.04.2021-ci il tarixli 26/01 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.06.2021-ci il tarixli qətnaməsi iddia təmin edilmiş, cavabdeh tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 26/01 nömrəli 06.04.2021-ci il tarixli hərrac protokolu etibarsız hesab edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, hərracın yenidən keçirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, hərracın keçirilməsi yeri və vaxtı haqqında ona düzgün məlumat verilməmiş, hərrac bitdikdən bir müddət sonra bildiriş göndərilmişdir. Nəticədə hərrac iştirakı olmadan keçirilmiş və qiymətləndirmə düzgün aparılmamışdır. Son olaraq, qətnamənin nəticə hissəsi ilə də razı deyil. Belə ki, onun iştirakı olmadan keçirilən hərracda qiymətləndirmə düzgün aparılmadığından, nəticələr yanlışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1509/2018 nömrəli iş üzrə 03.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən, ödəniş gününə qüvvədə olan məzənnə ilə 9.732 ABŞ dolları məbləğdə əsas borc, 3.424,97 ABŞ dolları məbləğdə faiz borcu, cəmi 13.156,97 ABŞ dolları məbləğdə Azərbaycan Respublikası manatı tələbkar İddiaçı QSC-yə ödənilməli, tələb Maraqlı şəxs məxsus “Hyundai Tucson” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılmalı, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 13.156,97 ABŞ dolları məbləğdə Azərbaycan Respublikası manatı İddiaçı QSC-yə ödənilməli, qalan məbləğ isə Maraqlı şəxs qaytarılmalıdır. İcra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən cavabdehə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, "xxxx" MMC-nin 23.02.2021-ci il tarixli 2909 nömrəli qiymətləndirmə hesabatı ilə avtomobilin bazar dəyəri 6.000 manat məbləğdə müəyyən edilmiş, cavabdeh tərəfindən 06.04.2021-ci il tarixdə hərrac keçirilmiş, ipoteka predmetinin ilkin hərrac qiyməti 6.000 manat, satış qiyməti 6.020 manat olmuş, hərracda qalib gəlmiş alıcı X2 ilə həmin tarixdə hərracın yekunları barədə 26/01 nömrəli protokol imzalanmış, protokola əsasən qalib alıcı R.Qəniyev tərəfindən 27.04.2021-ci il tarixdə 6.020 manat məbləğdə pul köçürülmüşdür. İddiaçı hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişin ona göndərilmədiyini və hərracın keçirilməsindən sonradan xəbər tutduğunu bildirir. “İcra haqqında” AR Qanununun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Hərracın keçirilmə yeri və vaxtı barədə bildirişin tələbkara çatdırıldığını təsdiq edən sənəd Məhkəməyə təqdim olunmamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Çünki, üçüncü şəxs də hərracın qanunsuzluğuna, hərracın onun iştirakı olmadan keçirildiyinə və qiymətləndirmənin düzgün aparılmadığına istinad edir, lakin qətnamənin nəticə hissəsi ilə razı olmadığını bildirir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1003/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1003/2021
27.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver