Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1005/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: zaminlik müqaviləsi, pretenziya qaydası) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-3340/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 13 dekabr 2022-ci il tarixdə kredit limitinin ayrılmasına dair razılaşma və 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən Cavabdeh3 illik 25 faizlə 24 ay müddətinə 5.000 manat kredit verilmişdir.
2. 13 dekabr 2022-ci il tarixli razılaşmanın təminatı olaraq Cavabdeh2 ilə bank arasında 13 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. Kredit müqaviləsi və zaminlik müqaviləsi tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
4. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 2024-cü ilin mart ayının 13-dək Cavabdeh3 banka 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4.877.13 manat əsas borc, 392.75 manat faiz borcu və 98.1 manat cərimə borcu olmaqla, cəmi 5.367.98 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4.877,13 manat əsas borc, 392,75 manat faiz borcu və 49,05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.318,93 manat borcun və 73,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 13 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 mart 2024-dək Cavabdeh3 banka 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4877.13 manat əsas borc, 392.75 manat faiz borcu və 98.1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5367.98 manat borcu vardır. Cavabdeh3 13 iyun 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 98.1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ı miqdarında olmaqla, yəni 49.05 manat məbləğində tələb olunur.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3340/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4.877 (dörd min səkkiz yüz yetmiş yeddi) manat, 13 (on üç) qəpik, faiz borcu üzrə 392 (üç yüz doxsan iki) manat, 75 (yetmiş beş) qəpik, cərimə borcu üzrə 49 (qırx doqquz) manat, 05 (beş) qəpik olmaqla, cəmi 5.318 (beş min üç yüz on səkkiz) manat, 93 (doxsan üç) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat, 19 (on doqquz) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Qətnamədə istinad olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4.877,13 manat, faiz borcu üzrə 392,75 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq Banka ödənilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, cavabdehin 4.877,13 manat əsas borcuna münasibətdə 49,05 manat məbləğində dəbbə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.
11. Məhkəmə hesab etmişdir ki, dövlət rüsumunun əvəzi olaraq 73,19 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 73,19 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 5.3, 425, 739.1, 741, 470.1, 472.1,472.2, 462.1-ci maddələrini və “Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarını tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3340/2024 nömrəli qətnaməsindən Cavabdeh2 aid hissədə qismən ləğv edərək, işə Cavabdeh2 aid hissədə xitam verilməsini və hüquqi xidmət göstərilməsinə görə 350 manat, apellyasiya şikayəti verilməsinə görə 37 manat dövlət rüsumunun İddiaçı ASC-dən tutulmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC öz iddia ərizəsində Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmasını qeyd etsə də belə bir zaminlik müqaviləsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Qətnamənin qəbul edilməsi üçün əsas olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 6-MCR-1-1378-22/2 saylı xx.xx.2023-cü il tarixli razılaşma ilə bağlı Cavabdeh2 hər hansı zaminlik müqaviləsinə imza etməmişdir. Bundan əlavə İddiaçı ASC müqavilə və qanunun tələblərini tam şəkildə pozaraq məhkəməyədək nizamlanma qaydalarına riayət etməmiş, Cavabdeh2 hər hansı pretenziya yollamamışdır. Sübutlarda xəbərdarlıq məktubu kimi əlavə etdiyi məktub isə, Cavabdeh2 göndərilməmişdir.xx.xx.2022-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan zaminlik müqaviləsinin 6.4-cü bəndinə əsasən yaranmış mübahisə tərəflər arasında qarşılıqlı razılıqla həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə qeyd olunan işə xitam verilməlidir. Belə ki, mövcud tələblə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsinin (Cavabdeh3 münasibətdə) qanuniliyi şübhə doğurmur və bununla bağlı hissədən hər hansı apellyasiya şikayəti verilmədiyindən həmin hissənin qanuni qüvvəyə mindiyini nəzərə alsaq iddiaçı yenidən Cavabdeh2 pretenziya verib yenidən məhkəməyə müraciət etmək imkanını itirmiş olacaqdır. Belə ki, zaminlik öhdəlik hüquq münasibətidir. Zaminlik müqaviləsi üzrə öhdəlik münasibətləri isə borclu tərəfindən kreditorla aralarında bağlanmış olan öhdəliklərin icra edilməməsi nəticəsində yaranır. Deməli, burdan belə bir nəticəyə gəlmək olur ki, zaminə qarşı tələb hüququ və eyni zamanda zaminin öhdəlik hüququ əsas borclu tərəfindən kreditor qarşısında öhdəliklərin icra edilməməsi ilə başlanır. Bu halda məhz kreditorun əsas borcluya, zaminə və ya hər ikisinə qarşı iddia irəli sürmək hüququ yaranır. Burdan belə bir nəticəyə gəlmək olur ki, kreditorun hüququ tələb etmə anı ilə məhdudlaşır. Yəni kreditor əsas borclu tərəfindən öhdəlik icra edilməməsi anında tələb etmə hüququ yaranır. Bu hüququn yarandığı anda məhz kreditorun həm borcluya, həm də zaminə qarşı tələb etmə anı başlayır. Əgər iddiaçı yenidən zaminə qarşı pretenziya versə və iddia tələbi üzrə mülki işə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunacağı təqdirdə qətnamənin icrası əsassız varlanmaya səbəb ola bilər, eyni zamanda belə bir qətnamə “duplicated claim” yəni bir tələb üzrə iki qətnamə qəbulu ilə nəticələnə bilərdi ki, bu isə yolverilməzdir. Bu minvalla hesab edirəm ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydalarına riayət etmədiyindən və yuxarıda əsaslandırdığım hallara görə bu imkanı itirdiyindən qətnamə Cavabdeh2 münasibətdə ləğv olunaraq işə xitam verilməlidir.
b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
15. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
c) Apellyasiya baxışı, izahatlar
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə etmiş və müvafiq qətnamənin qəbul edilməsini xahiş, digər cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
17. İddiaçı məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
21. Maddə 442. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
24. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
25. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
26. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
27. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Maddə 472. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
33. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh müvafiq qətnaməni iddia tələbinin Cavabdeh2 münasibətdə təmin olunan hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh3 isə qətnaməni mübahisələndirmədiyindən qətnamə idda tələbinin ona münasibətdə təmin olunan hissəsində yoxlanılmır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
45. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh3 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
46. Həmçinin kollegiya, apellyatorun tərəflər arasında zaminlik müqaviləsinin olmaması barədə dəlilini əsassız hesab edir.
47. Belə ki, tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Tərəflərin öz növbəsində bu halı rəsmiləşdirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə almaqla, istənilən formada müqavilə bağlamaq azadlıqları var (§ 20, 24- 26).
48. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir, sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.
49. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
50. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, tərəflər arasında sadə yazılı formada zaminlik müqaviləsi bağlanmış, zamin (Cavabdeh2) tərəfindən fiziki olaraq imzalanmış, həmin müqavilə Mülki Məcəllənin 407.2-ci maddəsində qeyd edilən “sadə yazılı müqavilə” şərtini ödədikləri üçün etibarlı müqavilədir.
51. Belə olan halda Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
52. Məhkəmə kollegiyası apellyatorun mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş zərfdən görünür ki, bank tərəfindən Cavabdeh2 xəbərdarlıq göndərilmiş, ancaq qeyd edilən ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır.
53. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər.
54. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formal yanaşma olardı.
55. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
57. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3340/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.