Məhkəmə qərarları › İş №2-2(103)-1006/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1006/2025

15.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1006/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə, çəkişmə prinsipi, işgüzar adətlər) hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2174/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (icraçı) Cavabdeh (sifarişçi) arasında 24 may 2023-cü il tarixli, AR/CESİ-01/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı coğrafi məlumat sistemi üzrə ekspert xidmətlərini görülməsini və bu xidmətdən irəli gələn digər öhdəliklərin icra edilməsini və hayata keçirilməsini təmin etməyi öz üzərinə götürmüşdür.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişşi icraçıya müqavilənin 1.1-ci maddəsində qeyd olunan xidmətlərə görə günü 300 manat olmaqla ayın sonunda layihə rəhbərinin və ya layihə koordinatoru təsdiq etdiyi iş cədvəlinə əsasən icraçının təqdim etdiyi e-qaimə əsasında bank köçürülməsi yolu ilə xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür.

4. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 13.200 manat məbləğində bərpa olunan enerji dəyərlərinin zonalaşdırılması xidmətlərinin göstəriılməsi barərə tərəflər arasında xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır.

6. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 3.200 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 10.000 manat borcun və həmin məbləğin 586 gün üçün (pulun ödənilməli olan tarixindən pretenziya ilə müraciət edilən günə qədər) illik 5 faizi olan 802 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat pulun cəmi 10.924 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 May 2023-cü il tarixli AR/CESİ-01/23 xidmət müqaviləsinə əsasən “Azərbaycan elektrik sistemində dəyişən yenilənəbilir enerji tətbiqinin genişlənməsinə dəstək” layihəsi çərçivəsində Coğrafi məlumat sistem üzrə ekspert xidmətlərinin görülməsini İddiaçı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC icraçı İddiaçı görülmüş işlərə görə günü 300 (üç yüz) manat olmaqla (bütün rüsumlar daxil) ayın sonunda layihə rəhbərinin və ya layihə koordinatorunun təsdiq etdiyi iş cədvəlinə uyğun iddiaçının təqdim etdiyi e-qaimə əsasında bank köçürülməsi yolu ilə xidmət haqqı ödəyəcək. Müqavilə müddəti ərzində icraçının 44 iş günü işləməsi nəzərdə tutulub. 5.2. Həmin müqavilə əsasında görülmüş işlər 24 yanvar 2024-cü il tarixli təhvil-təslim aktı əsasında təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qaimə əsasında Cavabdeh MMC-dən 44 gün üçün müəyyən edilmiş 13200 (300x44) manat ödəniş tələb edilmiş, lakin sonuncu yalnız 27 İyun 2024-cü il tarixdə 3200 (üç min iki yüz) manat pul ödəmişdir. Hal-hazıradək isə Cavabdeh MMC-nin ona görülmüş xidmətlərə görə 10000 (on min) manat borcu qalmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2174/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli AR/CESİ- 01/23 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.000 (on min) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, əsas borca illik 5% hesablanmaqla 458 (dörd yüz əlli səkkiz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti ekspert xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır.

11. Məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilib göstərilməməsidir.

13. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli təhviltəslim aktı imzalanmış, İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 3.200 manat məbləğində ödəniş edilmişdir.

14. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 10.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 802 manat tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, təhvil-təslim aktı xx.xx.2024-cü il tarixində, pretenziya məktubu isə təxmini 11 ay sonra yəni, xx.xx.2025-ci il tarixində verilmişdir.

16. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 458 (10.000x5/100=500 (1 il üçün) 500/12=41,66 (1 ay üçün) 41,66x11=458 (11 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pulun tələb olunması ilə bağlı qeyd etmişdir ki, xx.xx.2025-ci il taixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul dövlət büdcəsinə ödənmiş, lakin, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 121,37 manat təşkil edir.

18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 11.1, 390.1, 390.4, 442, 445.7, 777.1, 783.2-ci maddələrini, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2174/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin şikayət olunan qətnaməsində qanunvericiliyin normaları mübahisəyə düzgün tətbiq olunmamışdır. İş materiallarında olan AR/CESİ-01/23 saylı müqavilənin 3.1ci bəndinə əsasən,“Sifarişçi” “İcraçıya” bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan xidmətlərə görə günü 300.00 AZN olmaqla (bütün rüsumlar daxil), ayın sonunda layihə rəhbərinin və ya layihə koordinatoru təsdiq etdiyi iş cədvəlinə əsasən İcraçının təqdim etdiyi e-qaimə əsasında bank köçürülməsi yolu ilə xidmət haqqı ödəyəcək. Müqavilə müddəti ərzində İcraçının cəmi 44 iş günü işləməsi nəzərdə tutulub. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, “İcraçıya ay ərzində Sifarişçi tərəfindən iş sorğusu daxil olmadığı halda ayın sonunda hər hansı ödənişlər Sifarişçi tərəfindən ödənilmir və ödənişlərin İcraçı tərəfindən tələb edilməsinə yol verilmir.” Lakin birinci instansiya məhkəməsi işə baxarkən, icraçı tərəfin müqavilə üzrə öhdəliklərini icra edib-etmədiyini qiymətləndirmək üçün zəruri olan bütün sübutları hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə yalnız iş materiallarında mövcud olan təhvil-təslim aktına istinad etmiş, lakin icraçı tərəfindən sifarişçiyə müqavilənin müvafiq müddəalarına uyğun olaraq elektron qaimənin təqdim edilibedilmədiyi məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki, tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndinə əsasən, ödənişlərin həyata keçirilməsi birbaşa olaraq elektron qaimələrin təqdim edilməsi və sifarişçi tərəfindən təsdiqlənməsi ilə şərtləndirilmişdir. Bu baxımdan, elektron qaimənin təqdim olunub-olunmaması faktı, öhdəliyin icrasının qiymətləndirilməsi üçün əsas hüquqi əhəmiyyət kəsb edən hal hesab olunmalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən aylar üzrə icraçıya sifarişçi tərəfindən iş sorğularının daxil olub-olmaması halları da araşdırılmamışdır. Halbuki, bu hal da müqavilə üzrə icraçının öhdəliklərinin faktiki olaraq yerinə yetirilib-yetirilmədiyinin müəyyən olunması baxımından mühüm sübut əhəmiyyəti daşıyır. Göründüyü kimi, məhkəmə tərəfindən iş üzrə mübahisənin əsasını təşkil edən müqavilə münasibətləri və tərəflərin qarşılıqlı öhdəliklərinin icra vəziyyəti lazımi dərəcədə araşdırılmadan qərar qəbul edilmişdir ki, bu da qətnamənin əsassız və natamam araşdırmaya əsaslanaraq çıxarıldığını göstərir. Məhkəmənin qətnaməsində cavabdeh tərəfin iddiaya etiraz təqdim etmədiyi xüsusilə vurğulanmışdır. Lakin bu yanaşma hüquqi baxımdan əsassızdır, çünki cavabdehin iddiaya yazılı etiraz təqdim etməməsi onun iddianı qəbul etməsi anlamına gəlmir və bu hal iş üzrə yekun qərarın birtərəfli və formal əsasla verilməsinə səbəb ola bilməz. İddia ərizəsinə etiraz təqdim etmək tərəfin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüququ olmaqla, onun icrası məcburi vəzifə deyil. Bu hüquqdan istifadə olunmaması, xüsusilə tərəfin prosesdə iştirak etmədiyi və sübut təqdim etməsinə şərait yaradılmadığı halda, məhkəmənin obyektiv qiymətləndirmə borcunu aradan qaldırmır. Məhkəmə tərəfindən qəbul olunmuş qətnamə cavabdeh tərəfin iştirakı təmin edilmədən qəbul edilmiş, baxmayaraq ki, cavabdeh prosesə nümayəndə vasitəsilə qoşulmuş və məhkəmə iclasının təxirə salınması barədə ərizə təqdim etmişdir. Bu ərizədə göstərilən səbəblərin nəzərə alınmaması, əsaslandırılmadan rədd edilməsi və nəticədə işə tərəfin iştirakı olmadan baxılması cavabdeh tərəfin öz hüquqlarını müdafiə etmək, sübut təqdim etmək və məhkəmə araşdırmasında iştirak etmək imkanlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə tərəflərə iş üzrə sübutlarını təqdim etmək üçün real və obyektiv şərait yaratmalı, həmçinin tərəfin prosesdə fəal iştirakını təmin etməlidir. Qeyd olunan hallarda isə cavabdehə bu imkanlar faktiki olaraq yaradılmamış, formal mülahizələr əsasında iş üzrə qərar çıxarılmışdır. Məhkəmə araşdırmasının hərtərəfli, tam və obyektiv aparılması, sübutların qərəzsiz şəkildə tədqiqi və hüquqi qiymətləndirilməsi prosessual qanunvericiliyin tələblərindəndir. Bu prinsiplərə əməl olunmadan qəbul edilmiş qətnamə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmaqla yanaşı, iş üzrə faktiki halların tam aydınlaşdırılmasına da imkan verməmişdir. Bu cür yanaşma hüquqi baxımdan qəbul edilməzdir və həmin qətnamənin ləğv olunmasını zəruri edir.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

33. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya)

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

37. Maddə 71-1. Həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

48. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

49. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

50. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 29, 30).

52. İşin faktiki hallarından, iddiaçının cavabdehlə 24 may 2023-cü il tarixdə xidmət müqaviləsi bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

53. Mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr olmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

54. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 35,36) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

55. Xidmət müqaviləsi üzrə sifarişin yerinə yetirilməsi işin faktiki halları ilə təsdiq olunur. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 13.200 manat məbləğində bərpa olunan enerji dəyərlərinin zonalaşdırılması xidmətlərinin göstəriılməsi barərə tərəflər arasında xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı imzalanmış və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf)

56. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində, yalnız tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, ödənişlərin həyata keçirilməsi birbaşa olaraq elektron qaimələrin təqdim edilməsi və sifarişçi tərəfindən təsdiqlənməsi ilə şərtləndirilmiş, lakin elektron qaimənin təqdim olunub-olunmaması faktının araşdırılmadığını irəli sürmüşdür.

57. Məhkəmə kollegiyası qeyd edir ki, 24 may 2023-cü il tarixli müqavilə üzrə pul tələbinin yalnız elektron qaimənin təqdim edilmədiyindən rədd edilməsi barədə arqumenti kifayət qədər ağlabatan deyildir.

58. Belə ki, işin hallarından, müəyyən olunur ki, görülmüş xidmətlərin dəyəri elektron qaimə təqdim edilmədən də ödənilir.

59. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 3.200 manat məbləğində ödəniş edilmişdir.

60. Belə olan halda tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşmadığı aydın olur.

61. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

62. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 29, 30) .

63. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

64. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə qiymət verilməsi zəruridir.

65. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

66. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, xidmət haqqlarının ödənilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmamış, lakin, cavabdeh ödənişi həyata keçirmişdir.

67. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz xidmətlərin göstərilmədiyi üçün elektron-qaimə fakturaların təqdim edilmədiyini cavabdeh sübuta yetirməlidir.

68. Cavabdeh isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməyərək Mülki Prosessual Mcəllənin 77.1-ci maddəsilə üzərinə düşən vəzifəni yerinə yetirməmişdir.

69. Kollegiya məhkəmənin, cavabdehdən 458 manat gecikmə faizinin tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

70. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

71. Cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin bir dəlili də məhkəmə iclasında cavabdeh tərəfin iştirakının təmin edilməməsi ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

72. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

73. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

74. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 41).

75. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin nümayəndəsi və vəkilinin AVİS kabinetinə yerləşdirilmişdir.

76. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin iclasın təxirə salınması barədə ərizəsinə əsasən 2 dəfə məhkəmə iclasını təxirə salmışdır.

77. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

78. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2174/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar