Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1007/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 273240 manat məbləğində icarə haqqının, 60000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 224 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4940/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4940/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********), cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Tərəflərdən iddiaçı və cavabdehlərdən biri vergi ödəyicisi olduğundan, onlar arasında olan mübahisə də kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsini cavabdeh ləğv prosesində olan "xxxx" ASCyə icarəyə verməklə, cavabdeh ləğv prosesində olan "xxxx" ASC isə həmin qeyri-yaşayış sahəsini icarəyə götürməklə orada öz sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etmək niyyətində olmuşlar. Mülki qanunvericiliyin yuxarıda istinad olunan maddi hüquq normalarından da göründüyü kimi, icarə müqaviləsi icarəyə götürənə icarəyə götürdüyü obyektdən gəlir götürmək hüququ da verir. Beləliklə, icarə müqaviləsinin tərəfləri arasında olan hüquq münasibətlərinin kommersiya xarakterli münasibətlər olduğu məhkəmə tərəfindən müəyyənləşdirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Hesab edir ki, bu tələbə kommersiya məhkəməsində baxılmalıdır. Verilmiş iddianın mahiyyəti də kreditor tələb deyil. Göründüyü kimi mənim məhkəməyə müaciət etmək hüququm məhdudlaşdırılmışdır Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, hazırki iddia tələbi üzrə ilk növbədə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişlər, lakin orada tələbə kommersiya fəaliyyətindən irəli gəlməsi ilə əlaqədar geri qaytardılar və Bakı Kommersiya Məhkəməsinə müraciət etmələrini bildirdilər. Daha sonra Bakı Kommersiya Məhkəməsi iddia tələbini icraata götürsə də, sonradan “məhkəmədə baxılmalı deyil” əsası ilə icraata xitam verdi. Tələbləri kreditor tələbi deyil. Müdafiə etdiyi tərəf obyektindən istifadə edə bilmir, mülkiyyət hüquqları pozulur, obyektini icarəyə verə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun qeyd olunan obyekti banka icarəyə verildi, bank fəaliyyət göstərdiyi dövrdə icarə haqqları vaxtlı-vaxtında ödənilirdi. Lakin "xxxx" ASC bağlandıqdan sonra onların əmlakları mübahisəli obyektdə qaldı, tərəfindən dəfələrlə qarşı tərəfə müraciət olunsa da, əmlaklarını oradan götürməkdən imtina etmişlər. Obyektini 3 ildir ki, təhvil vermirlər. Bank bağlana qədər icarə haqqını ödəyiblər. Hazırda tələbi bank bağlandığı gündən sonrakı illər üçün icarə haqqının ödənilməsidir. Hazırda Nəsimi Rayon Məhkəməsində əmlaklarla bağlı məhkəmə çəkişməsi davam edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, hazırki iddia tələbi kommersiya fəaliyyəti ilə məşğul olan tərəflər arasında yaranan mübahisədir, bu səbəbdən kommersiya məhkəməsində baxılmalıdır. Lakin hazırki iddia tələbi üzrə onlar cavabdeh qismində qoyulmamalı idilər, birinci instansiya məhkəməsində cavabdeh əsl cavabdeh "xxxx" ASC ilə əvəz olunmalı idi. Əmanətlərin Sığortalanması Fondu yalnız ləğvetmə prosesini həyata keçirir. Onlara məxsus heç bir əmlak yoxdur. Və əlavə olaraq qeyd edir ki, tərəf icarə haqqını tələb etmir, əmlaklarla bağlı icarəyə verə bilmədiyi üçün dəymiş zərəri tələb edir. Həmçinin, obyekt hazırda iddiaçının özündədir və orada Ata Sığorta fəaliyyət göstərir. "xxxx" ASC-nin əmlakları mübahisəli obyektdə iddiaçının qanunsuz sahibliyində qalması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə qərardadı ilə əmlaklar müvafiq şəxsə saxlanca da verilmişdir. Lakin onlar qətnamədən müəyyən hissədə razı qalmadıqları üçün apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçının ləğv prosesinda olan "xxxx" ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüş və bankla bağlanmış müqavilədən irəli gələn kreditor tələbə kommersiya mübahisəsi kimi mülki iddia icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci maddəsinə əsasən xitam verilmiş, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət növünü “ticarət mərkəzinin icarəyə verilməsi üzrə fəaliyyət” təşkil edir “xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında” 14 aprel 2020-ci il tarixli razılaşmadan görünür ki, icarəyə verən İddiaçı Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155.8 kv.m sahəni icarəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verməyi, icarəçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verən İddiaçı bu Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə cavabdeh qismində Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti deyil, Əmanətlərin Sığortalanması Fondu göstərilmiş və Fonda qarşı tələb irəli sürülmüşdür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddia düzgün cavabdehə qarşı irəlli sürüldüyü halda isə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakıların nəzərə alınması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 yanvar 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, “Banklar haqqında” Qanunun müraciətdə şərh edilməsi xahiş edilən 72.1.3-cü maddəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2017-ci il 13 iyun tarixli Qərarı ilə aydınlıq gətirilmişdir. X2 Məhkəməsinin Plenumu göstərmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ləğvetmə prosesində olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblərin (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə onların mahiyyəti baxımından “Banklar haqqında” Qanun ilə tənzimlənən tələblərə aid olub-olmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, bu cür tələblərə (ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Bank fəaliyyəti - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsi üzrə fəaliyyətdir. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti isə bankın fiziki və hüquqi şəxslərin müxtəlif mülki-hüquqi əsaslar (bank fəaliyyəti ilə əlaqədar olmayan) üzrə tələblərinin icrasına yönəlmiş fəaliyyəti nəzərdə tutur. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Bununla yanaşı, hazırkı işdə iddiaçının tələbinin nədən ibarət olduğu müəyyən edilmir. Hazırda iddiaçının tutulmasını tələb etdiyi məbləğin ödənilməmiş icarə haqqı və ya obyektdən istifadə edə bilmədiyi dövr üçün əldən çıxmış fayda olması aydın deyil. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məsələlər müəyyən edildikdən sonra iddia tələbinin müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4940/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin İş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova