Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1007/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, zaminlik müqaviləsi, zaminliyə xitam verilməsi, iddia müddəti, iddia müddətinin axımının kəsilməsi,) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması X1, Cavabdeh2, X5 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh4 (kreditalan) arasında xx.xx.2019-cu il tarixdə 10/0122/KBK saylı kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin:
- 1.1-ci bəndinə əsasən bank, müqavilənin 2.1-ci və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissəhissə kreditalanın mülkiyyətinə verir, kreditalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 15 000 manatdır; 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit dövriyyə vəsaitinin artırılması üçün verilir. - 2.3-cü bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə kredit kreditalana bankın rəyinə əsasən və həmin kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları nəzərə alınmaqla kredit xətti çərçivəsində hissə-hissə verə bilər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, faizi, məqsədli təyinatı və banka qaytarılmasının müddəti tərəflərin yazılı surətdə tərtib etdikləri qarşılıqlı razılaşmalar ilə müəyyən olunur və həmin razılaşmalar bu müqavilənin ayrılmaz tərkib hissələridir. - 2.4-cü bəndinə əsasən, həmin razılaşmalarla verilən kredit hissələrinin faizləri ilə bağlı hesablaşma həmin faizin ilin aylarına (12 ay) və ya günlərinə bölünməsi və həmin müvafiq faizlərin uyğun məbləğə vurulması yolu ilə müəyyən edilir. - 2.5-ci bəndinə əsasən kredit kreditalanın bu müqavilənin 3.1.3-cü bəndində göstərilən hesablaşma hesabına köçürülməklə verilir. Kreditin alınma tarixi onun bu hesaba köçürüldüyü tarix hesab olunur. - 3.2.2-ci bəndinə əsasən, kreditalan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə (əgər kredit, kredit xətti çərçivəsində verilsə, bu zaman bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilmiş məbləğdə) krediti faizi ilə birlikdə banka qaytarmağı oz öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən, kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. - 4.2-ci bəndinə əsasən, kreditdən istifadəyə görə kredit alan tərəfindən banka illik 25% olmaqla faiz ödənlir. - 6.9-cu bəndinə əsasən, bu müqavilə bank tərəfindən kredit alana kreditin verildiyi gündən qüvvəyə minir və tərəflər yalnız bundan sonra bu müqavilənin müddəalarına istinad edə bilərlər. - 6.10-cu bəndinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
3. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
4. Bankla kreditalan, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında xx.xx.2019-cu il tarixdə 10/0122/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır.
5. Həmin müqavilənin:
- 2-ci bəndinə əsasən, müqaviləyə görə zaminlər, borclunun bank qarşısında 28 yanvar 2019-cu il tarixli 10/0122/KBK saylı kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür; - 3.1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə kreditalanın öhdəlikərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə ödəniş və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməsi halları da daxil olmaqla, bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 3.2.-ci bəndinə görə, müqavilədə göstərilən müddətdə kreditin qaytarılmaması, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit üzrə faizlərin ödənilməməsi və kreditdən təyinatı üzrə istifadə edilməməsi zaminin məsuliyyətinin əsaslarıdır. - 4.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur.
6. Müqavilə bankın, kreditalanın və zaminlərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
7. Bankın ləğvedicisi tərəfindən kreditalana və zaminlərə xx.xx.2024-cü il tarixdə **********233 saylı bildiriş (xəbərdarlıq məktubu) ünvanlanmış, bildirişdə kreditalanın banka xx.xx.2019-cu il tarixli 10/0122/KBK saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Bank tərəfindən verilmiş hesabdan çıxarışa əsasən, xx.xx.2019-cu il tarixli 10/0122/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh4 sonuncu dəfə xx.xx.2020-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
9. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 7814,05 manat, faiz borcu 2399,46 manat, cərimə borcu 0 manat, MM-nin 445.7-ci madddəsinə görə gecikdirilmiş vaxt (1099 gün) üçün hesablanan faiz məbləği 1197,91 manat olmaqla, cəmi borcu 11 411,42 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (iddiaçı) Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 7814,05 manat əsas, 2399,46 manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 1197,91 manat faiz borcu olmaqla cəmi 11 411,42 manat borcun və iş üzrə ödənilmiş 124,24 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini işin faktiki hallarına istinadla əsaslandırmış, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixdə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, onların borcun ödənilməsi üçün heç bir tədbir görmədikləri, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulmasının bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyi, cavabdehlərin onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytaracaqları təqdirdə, bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyi, xx.xx.2024cü il tarixinə Cavabdeh4 kredit üzrə cəmi borcunun 11 411,42 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləğinin 1197,91 manat təşkil etdiyi irəli sürülmüşdür.
12. Cavabdeh X3 nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ərizə ünvanlamış, iddia müddətinin ötürülmüş olması səbəbilə iddianın rədd olunması xahiş edilmişdir.
13. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit 24 ay müddətinə verilmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etmiş, lakin iddiaçı sübutları təhrif edərək, guya Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə online payment vasitəsilə 10 manat ödəniş edildiyini bildirmişdir. Qeyd olunan hal onlara elektron sistem vasitəsi ilə məhkəməyə təqdim edilmiş hesabdan çıxarışı təhlil edərkən məlum olmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə (müvafiq dəyişiklikdən əvvəl) əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, iddia müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, iddiaçı məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
14. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, borclu şəxs xx.xx.2023-cü il tarixdə ödəniş etməklə iddia müddətinin axımı kəsilmişdir. Müddətin kəsilməsi tərəfin iradəvi xarakterli hərəkəti ilə bağlı olmuş, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müracət edilərkən iddia müddəti ötürülməmişdir.
15. Cavabdehlər X6 və Cavabdeh3 məhkəməyə ərizələr ünvanlayaraq kredit müqaviləsi üzrə keçən dövr ərzində tərəflərindən heç bir ödəniş edilmədiyini bildirmiş, iddia müddəti və zaminə aid hissədə kəsici müddət tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişlər.
16. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iş materiallarına xx.xx.2023-cü il tarixdə mübahisəli kredit müqaviləsi üzrə 10 manat məbləğində ödənişin edilməsini təsdiq edən hesabdan çıxarış əlavə edilsə də, həmin ödəniş onlayn ödəmə sistemləri vasitəsilə edildiyindən ödənişin həqiqətən də borclu tərəfindən icra edilib-edilməməsi müəyyən olunmur, eyni zamanda iddiaçı həmin ödəmənin borclu tərəfindən aparılmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə həmin ödənişin aparılmasının borclu tərəfindən edilmiş iddia müddətinin kəsilməsinə səbəb olan borcu etirafdici hərəkət kimi nəzərə alınması üçün əsas yoxdur.
18. Məhkəmə vurğulamışdır ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başladığından və iddiaçı iddianı xx.xx.2024-cü il tarixdə verdiyindən, müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmış, əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddəti keçmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas, faiz borcunun və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh4 tutulması hissəsində tələb, iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilmədiyindən və iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən (xx.xx.2021-ci il) bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372, 373, 374, 375, 376, 377, 379, 445.7, 462-ci maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etmədiyini, cavabdeh tərəfiindən xx.xx.2023-cü il tarixdə 10 manat ödəniş olunmaqla iddia müddətinin kəsilmiş olduğunu nəzərə almadığını, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, izahat
23. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh X3 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
30. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
33. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
34. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
35. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
36. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
39. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
42. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
43. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
44. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
45. Maddə 739.1 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 741 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
56. Bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində kredit vəsaitindən istifadə müddətinin xx.xx.2021-ci il tarixdə bitəcəyi razılaşdırılmış, cavabdeh tərəfindən bu tarixdən sonra ödəniş həyata keçirildiyi barədə məhkəməyə sübut təqdim olunmamışdır.
57. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Cavabdeh4 ilə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2021-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyrimüəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir, iddiaçı isə, hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.
61. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
62. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
63. İddiaçı bank kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 10 manat ödəniş edildiyini və bununla iddia müddətinin axımının kəsildiyini irəli sürsə də, həmin ödənişin məhz cavabdehlər tərəfindən həyata keçirildiyini sübuta yetirə bilməmişdir.
64. Kollegiya birinci instansiya məhkəməsinin zaminlərə qarşı yönələn tələb üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə də razılaşır:
65. Bankla zaminlər arasında bağlanmış zaminlik müqaviləsinin 4.3-cü bəndində göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
66. Bu baxımdan müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır.
67. Yuxarıda göstərildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə çatmış, beləliklə iddiaçı bank zaminlərə qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna sahib olmuş, lakin bu hüququndan istifadə etməmişdir.
68. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
69. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3046/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Xəyal Sarıyev