Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1009/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1106/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 65.652 manat məbləğdə vəsaitin onun xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 idarəsindəki hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın qismən təmin edilərək, icarə haqqı məbləğinin 31.10.2019-cu il tarixədək hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, müqavilə şərtlərinə əsasən mövcud torpaq sahəsinin icarə təyinatı qeyd edildiyi kimi yalniz torpaq sahəsi üzərində yaşayış binasının layihələndirilməsi və tikintisi ilə məhdudlaşır, yəni yalnız həmin məqsədlər üçün icarəyə verilmişdir. Müqavilədə göstərildiyi kimi, istifadə məqsədləri yekundur və məqsəd icra edildikdən sonra mövcud icarə müqaviləsinə xitam verilməli idi. Torpaq sahəsinin hər hansı digər məqsədlər üçün isnifadə edilməsi nəzərədə tutulmamışdır və bununla əlaqədar tərəflər arasında razılaşma mövcud deyil. Həmin əsaslarla ƏMDX-nin sədr müavini Nümayəndə 20.02.2020-ci il tarixdə müraciət edilmiş, yaşayiş binasının tikilməsi və 31.10.2019-cu ildə istismara qəbul edildiyi üçün icarə müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Lakin cavab məktubunda Nümayəndə məhkəmənin yekun qərarına uyğun baxılacağını bildirmişdir. Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31.10.2019-cu il tarixli 201 saylı İstismara icazə sənədinə əsasən mövcud müqavilə əsasında icarəyə verilmiş 1.200 kv.m-lik torpaq sahəsində Yasamal rayonu 533-cü məhəllə İ.Qutqaşınlı küçəsində 2 girişli zirzəmili 16 (+texniki) mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi başa çatdırılmış və binanın istismarına 31.10.2019-cu il tarixdən icazə verilmişdir. Bununla da icarə müqaviləsinin məqsədləri başa çatmış, müqavilədə göstərildiyi kimi torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikilməsi məqsədləri üçün verildiyi üçün həmin təyinat icra edildiyinə görə müqaviləyə xitam verilməli idi. Lakin göründüyü kimi, iddiaçıya müraciət etməyinə baxmayaraq müqaviləyə xitam verilməmişdir və məhkəmə mübahisəsi hazıradək davam edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Fərmanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə dövlət xidmətinə keçmişdir. İşdən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 21.12.2018-ci il tarixli 506 nömrəli müqavilə ilə icarəyə verən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 21.12.2018-ci il tarixli 327 nömrəli sərəncamına əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 1 ünvanda yerləşən 1.200 kv.m. torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədləri üçün müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin: 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin aylıq icarə haqqı 2.400 manat, illik icarə haqqı 28.800 manat təşkil edir; 4.1-ci bəndinə görə, icarə müqaviləsinin müddəti 21.12.2018-ci il tarixdən 21.12.2033-cü il tarixədək müəyyən edilmişdir; 7.1-ci bəndinə əsasən, müqavilənin müddəti başa çatdıqda ona xitam verllə bilər; 7.2-ci bəndinə maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə, torpaq sahəsinə dövlətin ehtiyacı olduqda, bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda, tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Cavabdehin şəxsi hesab vərəqəsinə görə, 21.12.2018-ci il tarixli 506 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən icarə haqqı üzrə ödəniş edilməmişdir, 31.03.2021-ci il tarixə həmin müqavilə üzrə icarəçinin icarə haqqı üzrə borcu 65.652 manat təşkil edir. 27.05.2021 və 23.06.2021-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən edilir ki, 21.12.2018-ci il tarixli 506 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən 24.000 və 3.100 manat olmaqla, cəmi 27.100 manat məbləğdə icarə haqqı ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı 22.07.2021-ci il tarixli **********17 nömrəli məktubunda göstərilmişdir ki, 21.12.2018-ci il tarixli 506 nömrəli icarə müqaviləsi ƏMDXnin 21.06.2021-ci il tarixli 98 nömrəli əmrinə əsasən 28.11.2019-cu il tarixdən ləğv edilmişdir. “Torpaq icarəsi haqqında” AR Qanununun: Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12.03.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, cavabdehin iddiaçının 22.07.2021-ci il tarixli **********17 nömrəli məktubuna istinad etməsinin MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun olması iddiaçının işdə olan 27.02.2021-ci il tarixli **********76 məktubu ilə təsdiq olunur. Məhz bu kontekstdə, cavabdeh icarə müqaviləsinə əsasən icarəyə götürdüyü torpaq sahəsinə görə müəyyənləşdirilmiş icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə qüvvədə olan müddətdə icra etməsə də, sonradan borclarını ödədiyi üçün, onun müqavilə üzrə iddiaçıya borcu qalmamışdır. Belə ki, icarə müqaviləsinin qüvvəyə mindiyi 21.12.2018-ci il tarixdən ləğv edildiyi 28.11.2019cu il tarixədək olan dövr 11 ay (11 ay x 2.400 manat = 26.400 manat) və 7 gün (1 gün = 80 manat x 7 = 560 manat) üçün cəmi icarə haqqı borcu 26.960 (26.400 + 560) manat təşkil etdiyi halda, cavabdeh 27.100 manat ödəniş etmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi qanuni və əsaslı olmamışdır (MPM-in 390-cı maddəsi). Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.4-cü maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddia rədd edilməli, icarə haqqı məbləği 31.10.2019-cu il tarixə deyil, 28.11.2019-cu il tarixədək hesablanmalı olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1106/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı 65.652 manat məbləğdə icarə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1009/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1009/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver