Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-101/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-129/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO QSC “xxxx” KB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 20705,86 (iyirmi min yeddi yüz beş, səksən altı qəpik) ABŞ dolları məbləğində əsas borc, 11158,66 (on bir min bir yüz əlli səkkiz, altmış altı qəpik) ABŞ dolları cərimə üzrə borc, 2246,40 (iki min iki yüz qırx altı, qırx qəpik) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 34110,92 (otuz dörd min bir yüz on, doxsan iki qəpik) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ******* (bir milyon üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623,2 kv.m ümumi, 1272,3 kv.m əsas, 350,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi və açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-129/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx xxx 2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi üzrə 17567,47 (on yeddi min beş yüz altmış yeddi ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas, 324,51 (üç yüz iyirmi dörd ABŞ dolları əlli bir sent) ABŞ dolları faiz borcu, 110 (yüz on) ABŞ dolları cərimə olmaqla, cəmi 18001,98 (on səkkiz min bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq, LPO “xxxx” KB-nin xeyrinə ödənilməsi, cavabdeh “xxxx” MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 60 (altmış) manat pul tutularaq, LPO “xxxx” KB-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi küçəsi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623,2 kv.m ümumi, 1272,3 kv.m əsas, 350,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 1.370.000 (bir milyon üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 200 (iki yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçı LPO QSC “xxxx” KB-dən 150 (yüz əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı LPO QSC “xxxx” KB apellyasiya şikayəti verərək, həmin qətnamənin əsas borc, cərimə borcu və gecikdirilmiş günlər üçün 5 % hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissələrdə tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırkı mübahisədə ekspertiza iş üçün əhəmiyyəti olan heç bir hala aydınlıq gətirmədiyi üçün onun təyin edilməsinə zərurət olmamışdır. Lakin məhkəmə öz təşəbbüsü ilə mühasibatlıq ekspertizası təyin etmişdir. Bununla yanaşı ekspertiza rəyi yalnız sübutlardan biridir. Məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas kredit borcu, cərimə pulu və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması tələblərinə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, QSC “xxxx” KB ilə “xxxx” MMC arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 19 faiz dərəcəsi (faktiki 20,10) ödənilməsi şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/3651/15 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 28-30-cu km-də istifadədə olan 0.12911 ha torpaq sahəsində yerləşən 1623,20 kv.m ümumi, 1272,30 kv.m əsas, 350,90 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 1.370.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə 01 saylı əlavə saziş imzalanmış və müqavilənin 2-ci bəndinin 2.1-ci yarımbəndinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, kreditor borcalana 200.000 (iki yüz min) ABŞ dolları və əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti verməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əlavə saziş imzalanan tarixdə ipoteka müqaviləsinə əlavə saziş imzalanmış və 300.000 ABŞ dolları məbləğində kreditin təminatı olaraq yuxarıda qeyd olunan əmlak kompleksinin ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilməsi razılaşdırılmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 20705,86 ABŞ dolları, cərimə borcu 11158,66 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 2246,40 ABŞ dolları, cəmi borcu 34110,92 ABŞ dolları təşkil edir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iş üzrə 2 dəfə ekspertiza rəyi verilmişdir. Birinci rəyi vermiş ekspert ikinci ilə müqayisədə daha üstün vəzifəlidir və ona görə də, birinci rəyə üstünlük verilməlidir. Kredit borcunun müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 27726 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən “xxxx” MMC-nin banka olan borcu xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 52889,48 ABŞ dolları əsas borc üzrə 49922,18 ABŞ dolları, faiz borcu üzrə 2977,30 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (iddia tarixinə 5 faizlə hesablanmaqla) əsas borc üzrə 17567,47 ABŞ dolları, faiz borcu üzrə 324,51 ABŞ dolları olmaqla ümumilikdə 17891.98 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 9/3253 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən “xxxx” MMC-nin xx.xx.2017ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxxxxxxx 2019-cu il tarixə (iddia ərizəsinin verildiyi tarixə) iddiaçı “xxxx” ASC-yə olan borcu aşağıdakı qaydada müəyyən olunur. xx.xx.2017-ci il tarixə əsas borc üzrə 51833,78 ABŞ dolları, faiz borcu üzrə 3091,31 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 19777,20 ABŞ dolları, faiz borcu üzrə 576,83 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli 27726 saylı ekspert rəyinə uyğun olaraq əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, cərimə borcunu da azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəylərini araşdıraraq və Mülki Məcəllənin 739, 445.7, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki işdə də xüsusi bilik tələb etdiyindən kredit borcunun müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilkin məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur və iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Məhkəmə tərəfindən ilkin ekspertiza rəyinin əsas götürməsi ilə bağlı qeyd olunur ki, hazırki işdə Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsində göstərilən təkrar ekspertizanın təyin edilməsi əsasları ümumiyyətlə mövcud olmamışdır. Dəbbə puluna dair qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 3.7 və 6.2-ci bəndlərinin birgə təfsirindən müəyyən olunur ki, dəbbə pulu kredit müqaviləsi ilə müəyyən edilmiş 24 aylıq müddət bitən xx.xx.2017-ci il tarixinə əsas kredit borcu geri qaytarılmadığı halda hesablanmalıdır. Bu isə dəbbə pulunun müqavilə müddəti bitdiyi tarixdən sonra hesablanması anlamına gəlir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqe ondan ibarətdir ki, kredit müqaviləsi ilə müəyyən edilən ödəmələr öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət çərçivəsində tələb oluna bilər. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin təmin edilməməsi hissəsinə əlavə qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-129/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsas kredit borcu, cərimə pulu və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması tələblərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-101/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-101/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver