Məhkəmə qərarları › İş №2-2(103)-1010/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1010/2021

13.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1010/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2 (113)- 2143/2021 saylı qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02/3-5053 saylı abunə kodu üzrə əsassız hesablanmış 4638,60 manat məbləğində borcun cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 24 mart 2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri 009022 saylı akt tərtib edərək həmin aktda “...sayğac “C” fazasından keçən yükü qeyd etmir. Belə ki, “C” fazası üzərində quraşdırılmış cərəyan transfarmotorundan sayğacın “C” fazasına cərəyan daxil olmur.” kimi qeydlər aparılmışdır. Bundan təxminən 2 gün sonra "xxxx" ASC Enerji Satış Departamenti 26 mart 2021-ci il tarixdə ********* saylı hesab ödəniş vərəqi ilə iddiaçıya müraciət edərək istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 26 mart 2021-ci il tarixədək 4638,60 manat borcun olması bildirilmiş, həmin borcun ödənilməsi qeyd edilmişdir. Sayğaca qeyd edilən müdaxilə iddiaçı hüquqi şəxsin əməkdaşları tərəfindən edilməmişdir, bu barədə cavabdeh təşkilatın nümayəndələri hüquqi şəxsə hər hansı irad bildirməmişlər. Aktda göstərilənlər qüsurlar hər hansı kənar təsir nəticəsində, eyni zamanda sayğacda yaranmış problem nəticəsində mümkün ola bilər. Eyni zamanda həmin ərazidə bu sahəyə bələd olmayan adamın sayğaca müdaxilə etməsi qeyri-mümkündür. Cavabdeh təşkilat tərəfindən hüquqi şəxsə rəsmi olaraq sayğaca müdaxilə etməyi, bunun nəticəsinə hüquqi şəxsə borc və cərimə hesablanması, həmin borc və cərimənin ödənilməsi tələb edilməmiş, yalnız 26 mart 2020- ci il tarixli xəbərdarlıq edilmişdir. Lakin, sayğaca müdaxilə olubsa belə, həmin müdaxilə hüquqi şəxs tərəfindən olmayıb. İstinad edilən aktda hüquqi şəxsdən tələb olunan pulun sənaye və məişət sayğaclarının kalibrləmə laboratoriyasında yoxlanılmasının nəticələr gözlənilmədən hesablandığını bildirmək mümkündür. hüquqi şəxsə hesablanmış borc və yönəlmiş tələb qeyri-mötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğaca müdaxilənin, bunu hüquqi şəxsin qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə, normativ hüquqi aktların tələblərinə əsasən iddiaçının sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehsalçı daşımışdır. Yaranmış vəziyyətdə hüquqi şəxsin istifadəsində olan sayğaca qanunsuz müdaxilə etməyi və bunun nəticəsində aktın tərtib olunmasından bir neçə gün sonra borcun olmamasına baxmayaraq abonent hesabına tələbdə göstərilən həcmdə borcunun hesablanması, sayğacın yoxlanılmasının Qaydalarda müəyyən edilən tələblərə uyğun həyata keçirilməsi və sair bu kimi halları sübut etmək yükü cavabdehin üzərindədir. Bundan başqa 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2 (113)-2143/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 24.03.2021-ci il tarixli NDQ seriyalı 009022 saylı akta əsasən iddiaçıya məxsus daş karxanasında (abunə kodu 02/3-5053) elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir, “C” fazası üzərində quraşdırılmış cərəyan transformatorundan sayğacın “C”fazasına cərəyan daxil olmur. Pfaktiki = 166 kvt olduğu halda. Psayğac = 109 kvt-dır. Akt komissiyasının 26.03.2021- ci il tarixli icra vərəqinə əsasən, faktiki istehlak edilmiş, lakin göstərilən qüsur səbəbindən qeydə alınmamış elektrik enerjisinin dəyərini bərpa etmək üçün (166 kvtx 12 saatx 55 gün) – 58020 kvts = 51540 kvts əlavə sərfiyyat (4.638,60manat əlavə ödəniş) hesablanmışdır. Akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15-ci və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. EEİQ-nin 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizat müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətinndən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. EEİQ-nin 8.17-ci bəndinə əsasən, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hallar EEİQnin 8.15-ci bəndində nəzərdə tutulan elektrik enerjisinin uçotunda səhv aşkar edilməsi və 8.17-ci bəndində nəzərdə tutulan qoşulma sxemlərinın pozulması hallarını ifadə etmişdir. Belə olan halda, məhkəmə mübahisəyə EEİQ-nin 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı bu hissədə də rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan başqa, məhkəmə akta əsasən hesablanmış borcun olmamasının müəyyən edilməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq edərək, öz nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 13.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2 (113)-2143/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan 24.03.2021 tarixli 009022 saylı aktdan görünür ki, 02/3- 5053 saylı abunə kodu üzrə Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasına baxış zamanı sayğacın “C” fazasından keçən yükü qeyd etməməsi, “C” fazası üzərində quraşdırılmış cərəyan transfarmotorundan sayğacın “C” fazasına cərəyanın daxil olmaması müəyyən olunmuşdur. İş materiallarında olan 26 mart 2021-ci il tarixli icra vərəqindən görünür ki, 24.03.2021 tarixli 009022 saylı akta əsasən "xxxx" MMC-yə dəymiş zərərə görə 4638,60 manat borc hesablanmışdır. İş materiallarındakı “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarışdan və iddiaçının nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin "xxxx" MMC-nə qoşulması nəticəsində "xxxx" MMC yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması əsası ilə həmin yoxlama nəticəsində hesablanmış borcun silinməsinə dair iddiaçının tələbini əsaslı hesab etmişdir. İşə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə aradan qalxmış və iddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği ödənilmişdir. Mübahisə məhkəmədən kənar həll edildiyi üçün iddiaçı birinci instansiya məhkəməsinə iddianın baxılmamış saxlanılması barədə 09.06.2021-ci il tarixli ərizə göndərmiş, lakin ərizə məhkəməyə iş üzrə qətnamə qəbul edildikdən sonra 14.06.2021-ci il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi 17.05.2021-ci il tarixli məhkəmə iclasında iddianın əsaslı olduğuna dair nəticəyə gəlmək üçün işdə olan sübutların kifayət etmədiyinə dair qənaətə gələrək əlavə sübutların təqdim edilməsi məqsədi ilə məhkəmə iclasını 11.06.2021-ci il tarixə təxirə salmış, həmin tarixdə isə tərəflərin iştirakı olmadan və hər hansı əlavə sübut təqdim edilmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etmiş, mübahisələndirilən borc məbləği üzrə ödəniş olub-olmadığı araşdırılmamışdır. Mövcud olmayan borcun silinməsi mümkün olmadığından mübahisələndirilən borcların silinməsi ilə bağlı mübahisələrə baxarkən məhkəmələr tərəfindən araşdırılmalı olan mühüm məsələlərdən biri də, işə baxılarkən borcun mövcud olmasıdır. Mübahisələndirilən borc məbləği artıq ödənilmişsə onun silinməsi barədə deyil, geri qaytarılması barədə iddia irəli sürülə bilər. Bakı Kommersiya Məhkəməsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2 (113)-2143/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2 (113)-2143/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar