Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1011/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh MMC-nə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2705/2021 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 15.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş 63487.34 manat məcburi dövlət sosial siğorta haqqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 66000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2705/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə nəzərdə tutulan borcun hansı əsasla hesablanması əsaslandırılmamışdır. Hazırda 63.487,34 manat məbləğində borcun yaranması mübahisəlidir. Buna görə də, yaranan borcun hansı əsasla müəyyən olunmasını aydınlaşdırmaq məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan vəsatət rədd olunmuşdur. Belə ki, məhkəməyə təqdim olunan sənədlər siyahısında yalnız rəqəmlər qeyd olunmuşdur. Halbuki həmin vergi, məcburi dövlət sosial sığorta haqlarının hansı əsasla, kimlərə münasibətdə hesablanması, 4773,17 manat faizin hansı əsasla hesablanması barəsində heç bir sənəd təqdim olunmamışdır. Yuxarıda qeyd olunan vəsatəti təmin etməməklə 1-ci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinin tələblərini pozmuşdur. Əlavə olaraq bildirirəm ki, hazırki iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəblərini qeyd etməmişdir. Belə ki, iddiaçı tərəf Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir və kifayət qədər işçisi vardır. Buna görə həmin qurumun məhkəmədə heç bir işçi ilə təmsil olunmaması iddianın baxılmamış saxlanılması üçün əsasdır. Bu halı məhkəmənin diqqətinə çatdırsaq belə məhkəmə bu hissədə vəsatəti təmin etməmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 13.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi 08.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Bakı şəhərində olmaması əsası ilə, 13.10.2021-ci il tarixli məhkəmə iclasında isə eyni günə təyin edilmiş digər məhkəmə iclasında vəkil kimi iştirak etməsi əsası ilə iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2705/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 22 yanvar 2021-ci il tarixli, **********1 saylı bildirişdən görünür ki, 22.01.2021-ci il tarixə dövlət büdcəsinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 58714,17 manat, maliyyə sanksiyası üzrə 4773,17 manat borcun 5 gün müddətində ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli **********8 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, borc qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 15 mart 2021-ci il tarixli **********8 saylı protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə 22.01.2021-ci il tarixə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin 66000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Siyahı iddia ərizəsinə əlavə edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 15.03.2021-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün hüquqi şəxsin direktoru X2 imza edərək qəbul etmişdir. İş materiallarında olan Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 18.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, tələb olunan borcun məbləğinin düzgün hesablanıb-hesablanmaması üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş şəxsi vərəqədə və digər sənədlərdən cavabdehin məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun hansı məbləğdə olduğu məlum olduğundan və iş materiallarında borcla bağlı hesablanması xüsusi bilik tələb edən sənədlər olmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə hər hansı zərurət yoxdur. Cavabdeh tərəfindən 2021-ci ilin avqust və sentyabr aylarında həyata keçirilmiş ödənişlərlə bağlı məhkəmə qeyd edir ki, həmin ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən mübahisələndirilən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, iş üzrə qətnamə qəbul edildikdən sonra cavabdehin məcburi dövlət sosial sığorta haqqı üzrə borcu üzrə həyata keçirilmiş ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınmalı və ümumi borcdan çıxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin əsaslı olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2705/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2705/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1011/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1011/2021
13.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver