Məhkəmə qərarları › İş №2-2(103)-1012/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1012/2024

23.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1012/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-3116/2024 saylı qərardadından İddiaçı MMC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan 787.720 manat məbləğində pulun və 1079 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)- 3116/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində açılmış bank hesabı vardır. Bankın fəaliyyət dövründə cəmiyyətə məxsus vəsaitlər həmin hesaba köçürülmüşdür. Hazırda MMC-nin hesabında 787720 manat məbləğində pul vəsaiti vardır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd edilir ki, bankın anidən ləğv edilməsi nəticəsində cəmiyyətin bank hesabındakı məbləği geri almaq mümkün olmamışdır. Pulun geri qaytarılmaması cəmiyyətin maddi problemlər yaşamasına səbəb olmuşdur. Şirkətin işçi sayı 10 nəfərdir. Ümumilikdə işçilərin əmək haqqı 4912 manat təşkil edir. Həmçinin MMC-nin Dövlət Sosial Müdafiə Fonduna, vergi orqanlarına xeyli miqdarda borcu vardır. Bundan əlavə, MMC-nin kreditorları qarşısında müvafiq müqavilələr üzrə külli miqdarda borcu vardır ki, həmin borc da hazırda MMC-nin hesabında olan 787.720 manat məbləğində vəsaitdən çoxdur. Lakin MMC hesabındakı pulu geri ala bilmədiyindən, qeyd olunan ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Hazırda vergi orqanı tərəfindən MMC-nin hesabına sərəncam qoyulmuşdur. MMC-nin hesabındakı pulun qaytarılmaması nəticəsində MMC həm köhnə kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmir, həm də vergi orqanı tərəfindən MMC-nin hesabına sərəncam qoyulması səbəbindən yeni müqavilələr bağlaya bilmir. Bütün bunların nəticəsində MMC müflis olmaq ərəfəsindədir. İddiaçı MMC-nin hesabında qalmış pulun geri qaytarılması üçün Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedici olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmişdir. Müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli, **********672 nömrəli məktubda “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi xx.xx.2023-cü il tarixində 0021 nömrəsi ilə qeydə alındığı və növbəlilik qaydasında ödənişin həyata keçiriləcəyi bildirilmişdir. Göründüyü kimi, aylardır cəmiyyətin hesabında qalan vəsait geri qaytarılmamışdır. Bu da öz növbəsində cəmiyyətin artıq müflisləşməyə doğru getməsinə səbəb olmuşdur. Belə ki, həm işçilərin aylıq əmək haqqı, həm də cəmiyyətin öhdəlikləri üzrə ödəməli olduğu ödənişlərin, kreditor borcların qaytarılması mümkün deyildir. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin müflis elan olunması qərara alınmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1-ci maddəsinə əsasən, bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7-ci maddəsinə əsasən məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9-cu maddəsinə əsasən, ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddia tələbi müflis elan edilmiş bankın bank fəaliyyətindən (bankın müştərisi ilə bağladığı bank hesabı barədə müqavilədən) irəli gələn tələb olmaqla ləğv prosesində olan bankın idarə edilməsinə cavabdeh olan və həmin bankın yeganə qanuni təmsilçisi olan şəxs qismində Əmanətlərin Sığortalanması Fonduna qarşı, yəni faktiki olaraq ləğv prosesində olan banka qarşı yönəldilmişdir. “Banklar haqqında Qanunun: 59.5-ci maddəsinə əsasən bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan: 59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir (banka müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan Mərkəzi Bank tərəfindən xitam verilir); 59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur; 58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir. 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü iddia üzrə tələb mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, müflis banka qarşı bank fəaliyyətindən irəli gələn tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-3116/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar