Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1013/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadından (hakim Kənan Hüseynov) iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" ASCyə ünvanlanmış olduğu 27/1937 və 27/1938 saylı, 29 iyun 2022-ci il tarixli tələb məktubları əsasında cəmiyyətin cari bank hesabından hər iki tender üzrə silinmiş (2.517,00+2.140,65)= ümumilikdə 4.657,65 manat vəsaitin, dəymiş 25.000 manat məbləğində maddi ziyanın, mediasiya təşkilatına hesabına ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə rəsmi qaydada verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5410/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, mülki işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti və xarakteri məhz sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddiaçı cavabdeh tərəfindən keçirilən tenderin qalibi olmuş, lakin həmin müqavilənin bağlanmasından əsassız olaraq imtina edilmiş, məhz bu səbəbdən cəmiyyətin bank hesabından qarantiya müqaviləsinə əsasən əsassız vəsait silinmişdir. İddiaçı həmin müqavilənin bağlanmaması nəticəsində dəymiş ziyanı və əsassız olaraq hesabından silinmiş vəsaiti və dəymiş ziyanı tələb edir. İkincisi mübahisənin əsasını hər hansı inzibati akt və ya inzibati orqanın hərəkəti təşkil etmir. İddiaçının sahibkarlıq fəaliyyətinə tender müqaviləsinin bağlanmaması nəticəsində ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı dövlət orqanı olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu, iştirakçılar əsasında ən aşağı qiymət təklif etdiyi halda qalib elan edilmədiyini və bu səbəbdən ona ziyan dəydiyini iddia edir. Dövlət satınalmaları ilə bağlı münasibətlər, o cümlədən bu münasibətlərə daxil olan tərəflər arasında müqavilələrin bağlanması proseduru və qaydası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə tənzimləndiyindən xüsusi hüquq münasibətləri hesab edilmir. Belə ki, xüsusi hüquq münasibətinin iştirakçıları mülki dövriyyənin iştirakçıları kimi bu münasibətlərə daxil olarkən tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, hüquq və öhdəliklərini sərbəst müəyyənləşdirmək hüququna malik olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 44-cü bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) inzibati orqandır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddia ərizəsinin məzmunu və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən dövlət tərəfindən ona verilmiş hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan əmlakın əldə edilməsi məqsədi ilə- “Xüsusi geyimlər və ləvazimatın satın alınması” ilə əlaqədar tender elan etmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsində qeyd edilir ki, həmin qanun Qanunun 1.2-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Qanunun 37.3-cü maddəsinə əsasən tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir: 37.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 37.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında; 37.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında; 37.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, tender komissiyası tərəfindən tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi nəticəsində qəbul edilmiş qərar inzibati akt olmaqla həmin qərardan inzibati qaydada müvafiq inzibati orqana və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 55.1-ci maddəsinə əsasən satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Qeyd edilən şikayətin verilməsi qaydası və müddəti isə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci fəslində nəzərdə tutulmuş normalarla tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5410/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1013/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1013/2022
07.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver