Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1013/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1871/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 avqust 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Firması cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (“Bank VTB (Azərbaycan)” ASC) cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsi, cavabdehin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" firmasına məxsus Sumqayıt şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın, 05 fevral 2024-cü il tarixli, 08/01 nömrəli hərracın yekunları barədə protokol və 05 fevral 2024-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2-2(113)-1871/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçının nümayəndəsi və vəkili tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2-2(113)-1871/2024 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1871/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1013/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1013/2024
23.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver