Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1015/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tutulması Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-2076/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.xx.xx.2019-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma və stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda 195.017,07 manat cəmi məbləğ hesablanmışdır.
2. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, dəyəri tələb olunan stansiya xidmətləri ilə bağlı cavabdehə 2018-2020-ci illərdə elektron qaimələr göndərilmişdir. 3."xxxx" MMC-nin Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 78 nömrəli məktubunda qeyd olunmuşdur ki, Astara stansiyasına gələn RF-na məxsus olan qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Vaqonların Azərbaycan Respublikasının ərazisində, astara stansiyasında və ya digər stansiyalarda yığılıb qalması, vaqonların məxsus olduqları şirkətləri, yüklərin sahiblərini narahat edir. Artıq bir neçə təşkilatdan vaqonların uzun müddət Azərbaycan Respublikasının ərazisində, yanvar ayından qalmaları səbəbindən, boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarlar vaqonların hansı səbəbdən Astara (eksp) stansiyasına keçirilməməsini bilmək istəyirlər.
4. Qeyd edilən məktuba "xxxx" QSC tərəfindən verilmiş cavabda qeyd olunmuşdur ki, qapalı vaqonların yüklü halda uzun müddət Astara-Export (İran) terminalına keçə bilməməsi və Astara stansiyasında yığılıb qalmış taxta ilə yüklü qapalı vaqonların uzun müddət boşalma əməliyyatına verilməmə səbəbi Cəmiyyətin aidiyyəti qurumu, Astara və Astara-Export (İran) stansiyalarının operatoru olan "xxxx" MMC yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina edirlər. Həmçinin qeyd olunmuşdur ki, sözügedən vaqonların 12 ədədi iyun ayında, 8 ədədi isə iyul ayının ilk dekadasında Astara-Export (İran) terminalına ötürülmüş və 10-16 iyul tarixləri intervalında boşaldılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" MMC-yə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 195 017,07 (bir yüz doxsan beş min on yeddi manat 07 qəpik) manat, 486 (dörd yüz səksən altı) manat ödənilmiş dövlət rüsumu, cəmi 195 503,07 (bir yüz doxsan beş min beş yüz üç manat 07 qəpik) manat vəsaitin cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi stansiya və yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin (ADY) Astara, Hövsan və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə görə "xxxx" MMC-yə stansiya xidmətləri üzrə 194 918,89 manat, yükdaşıma xidməti üzrə isə 98,18 manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh MMC Rusiya Federasiyasının Azərbaycan Respublikasında yeganə rəsmi tərəfdaşı və operatorudur. "xxxx" MMC ilə "xxxx" QSC arasında heç vaxt nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma olmamışdır. Yəni xidmət göstərmələri üçün heç bir qanuni əsaslar olmamışdır. 2020-ci ildə "xxxx" QSC Cavabdeh MMC-yə aid vaqonları qanunsuz olaraq Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. İddiaçı tərəf vaqonları Astara-Export (İran) dəmir yolu stansiyasına ötürməli idi, lakin vaqonları həmin stansiyalarda aylarla qanunsuz saxlamaqla cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmuşdur. "xxxx" QSC tərəfindən tələb olunan məbləğ xidmət haqqı deyil vaqonların qanunsuz saxlanılmasına görə qanunsuz cərimə pullarıdır. Qanunsuz saxlanılan vaqonların buraxılması üçün müraciətlər olmuşdur. İddiaçı tərəf, xx.xx.2020-ci il tarixli, 78 nömrəli müraciətə cavab olaraq bildirmişdir ki, guya yük sahibləri yükü qəbul etməkdən imtina edirlər. Müqavilə əsasında, satıcı Rusiya alıcı İran şirkətləri olmuşdur, 130 (yüz otuz) vaqon yükün Rusiya ərazisində daşınmasını “Rustexsnab”, Azərbaycan ərazisində daşınmasını Cavabdeh MMC icra etmişdir. Alıcı İran şirkətləri yükü yalnız İran ərazisində qəbul edə bilərdilər. Məxfilik qorunduğuna görə Azərbaycan Dəmir Yolları” QSC alıcıların hansı İran şirkətləri olduğunu bilə bilməzdi. İran şirkətlərinin milyonlarla ABŞ dolları dəyərində yükü qəbul etməməsi mümkün deyildir. İddiaçı tərəf yükü İran ərazisinə buraxmadılar ki qəbul etməmiş olsunlar. İran ərazisində yükün qəbul edilib-edilməməsinin "xxxx" QSC-yə heç bir aidiyyəti yoxdur və yalnız vəzifəsi vaqonları operativ şəkildə İran ərazisinə ötürməkdir. Odur ki, müraciətlərə cavab əsassızdır, yalan və cəfəngiyyatdır. Vaqonlar Yalama dəmir yolu stansiyasında, yəni Azərbaycan ərazisinə daxil olduqda bütün dövlət rüsumları ödənilir, ödənilməsə Azərbaycan ərazisinə buraxılmır. Gömrüklə bağlı heç vaxt problem olmayıb, həmişə vaqonları operativ şəkildə yola salmışlar. "xxxx" QSC heç bir səbəb olmadan, əsassız, qanunsuz və qərəzli şəkildə vaqonları Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. Vaqonların qanunsuz saxlanılan Liman, Salyan və Astara dəmir yolu stansiyalarından Astara-Export (İran) dəmir yolu stansiyasına buraxılmasını tələb edən Rusiya Federasiyası “Rustexsnab” tərəfindən xx.xx.2020- ci il tarixli teleqramla müraciət olmuşdur. Bütün müraciətlərə baxmayaraq "xxxx" QSC vaqonların qanunsuz saxlanılmasını davam etdirmişdir. İddiaçı tərəf qanunsuz hərəkətlərilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbə vurmuşdur. Belə ki, iddiaçı tərəfin təqsiri səbəbindən cəmiyyət bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu səbəbdən cəmiyyətə xüsusilə külli miqdarda ziyan dəymişdir. 8.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2076/2022 nömrəli qətnaməsi ilə (Aytən Əliyeva) iddia rədd edilmişdir. 9.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixləri arasında göstərilmiş xidmətlər üzrə yığımlar hesablanmışdır. 10.İddiaçı iddia tələbinin hüquqi əsası kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndi eləcə də öhdəliklərin icra edilməsi barədə Azərbaycan Respublikası MM-nin ümumi normalarını qeyd etmişdir. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğ stansiya xidmətlərinin göstərilməsinə görə yox, iddiaçı tərəfindən qanunsuz olaraq vaqonların Azərbaycan Respublikası ərazisində saxlanılması ilə bağlıdır. 11.Məhkəmə qeyd etmişdir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı tərəf məhkəmə araşdırması zamanı göstərilmiş stansiya xidmətlərinə görə tələb olunan ödənişin cavabdehin və ya iddiaçı tərəfindən bildirildiyi kimi digər tərəfin malı qəbul etməkdən imtinası nəticəsində saxlanılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan xidmətlər üzrə ödənişləri tələb etməkdə haqlı deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2076/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininxx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. ADY-nin Astara, Hövsan və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərəməxsus vaqon istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “boş vaqonun (özəl və icarədə olan) dayanmasına görə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) "xxxx" MMC-yəstansiya xidmətləri üzrə 194 918,89 (bir yüz doxsan dörd min doqquz yüz on səkkiz manat 89 qəpik) manat, yükdaşıma xidməti üzrə isə 98,18 (doxsan səkkiz manat 18 qəpik) manat, ümumilikdə 195 017,07 (bir yüz doxsan beş min on yeddi manat 07 qəpik) manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı, cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ciil tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqaviləyə əsasən ADY öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf "xxxx" MMC xidmətmüqabilində yaranmış borcunu ADY-yə ödəməmişdir. Cavabdeh "xxxx" MMC iddiaya etirazında qeyd edir ki, onlarla ADY arasında heç vaxt nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma olmamışdır. Yəni xidmət göstərilməsi üçün heç bir qanuni əsas olmamışdır. Digər tərəfdən də qeyd edir ki, ADY "xxxx" MMC-yə məxsus vaqonları qanunsuz olaraq Liman, Salyan, Astara dəmiryol stansiyalarında saxlamışdır. Əgər ADY ilə, "xxxx" MMCarasında stansiya xidmətlərinin göstərilməsi ilə bağlı hər hansı bir razılaşma yoxdursa, sonuncuya məxsus vaqonlar ADY-yə məxsus stansiyalara necə daxil olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. ADY-də Nizamnaməsinə uyğun olaraq cavabdehə stansiya xidmətləri göstərmişdir. Stansiya xidmətlərinin göstərilməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 17.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2076/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 19.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının tələbinin əsaslı olduğuna dair iş materiallarında mötəbər sübutlar yoxdur.
20. İddiaçı iddia ərizəsində qeyd edir ki, tələb olunan borc cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətinə görə hesablanmışdır. Belə olanda tərəflər arasında müqavilə bağlandığını və cavabdehin iddiaçının xidmətindən istifadə etmək istədiyinə dair iradə ifadəsi olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.
21. İşin hallarından görünür ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Tərəflər arasındakı yazışmalardan görünür ki, cavabdeh daşıyıcı şirkət olaraq Rusiya Federasiyasından daşınan yüklərin Azərbaycan Respublikası ərazisində daşınmasını həyata keçirməli, yüklər İran İslam Respublikasının Astara stansiyasına daşınmalı idi.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin daşıdığı vaqonlarun Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilə bağlanmamış, vaqonların saxlanılması əsassız olmuşdur. Belə ki, iddiaçının cavabdehə cavab məktubunda qeyd edilir ki, vaqonların iddiaçıya məxsus stansiyada saxlanılmasının səbəbi stansiyanın operatoru olan "xxxx" MMC tərəfindən yükalanlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaq müxtəlif bəhanələrlə yüklərin qəbul edilməsindən imtina edilməsi olmuşdur. Bu yazışmaların məzmunundan aydın olur ki, tələb olunan borc cavabdehin daşıdığı yük dolu vaqonların iddiaçıya məxsus stansiyada uzun müddət qalması ilə əlaqədar boşdayanmaya görə hesablanmışdır. Eyni zamanda aydın olur ki, cavabdehin öz vaqonlarını iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı iradə ifadəsi olmamış, əksinə cavabdeh iddiaçıya müraciət edərək vaqonların Astara-İran marşrutu üzrə sərhəddən geniş-gəlişini təmin etmək üçün göstəriş verilməsini xahiş etmişdir.
23. Cavabdehin daşınmasını həyata keçirdiyi yüklər İran İslam Respublikasına daşındığından və yükalanlara İraz ərazisində təhvil verilməli olduğundan "xxxx" MMC-nin yükalanları yükləri Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada təhvil almağa dəvət etməsi anlaşılan deyil. Bundan əlavə məktubun sonuncu cümləsində qeyd edilir ki, iyun-iyul aylarında artıq vaqonlar Astara-Exsport (İran) terminalına ötürülmüş və boşaldılmışdır. İddiaçı tərəf cavabdehin daşıdığı yükləri Astara-Exsport (İran) terminalına vaxtında ötürmək vəzifəsini hansı səbəbdən icra etmədiyinin və vaqonları hansı səbəbdən Azərbaycan Respublikası ərazisində saxlanıldığının səbəbini izah edə bilməmişdir.
24. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən ona verilən suala cavab olaraq bildirmişdir ki, operator olan "xxxx" MMC-nin nəyə görə yükalanlara Azərbaycan Respublikası ərazisində yükləri təhvil almağı təklif etməsinin səbəbi ona məlum deyil və vaqonların stansiyada hansı səbəbdən dayanmasının səbəbi iddiaçıya maraqlı deyil. Əgər vaqonlar stansiyada hər hansı səbəbdən dayanıbsa boşdayanmaya görə xidmətin dəyəri ödənilməli idi.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus yüklərin "xxxx" QSC-yə məxsus stansiyada müəyyən müddət üçün saxlanılmasında cavabdehin iradə ifadəsi, təqsiri və məsuliyyəti olduğu müəyyən olunmadığından, iddiaçı tərəfindən tələb edilən xidmət haqqı olaraq hesablanmış borc cavabdehdən tutula bilməz.
26. İddiaçı tərəfindən təsdiq edilmiş elektron qaimələrlə bağlı məhkəmə qeyd edir ki, həmin qaimələrdə qaimələrin hansı müqavilə və ya sənəd əsasında tərtib edildiyi qeyd edilmədiyindən (əsas hissəsində “NFDu” qeyd edildiyi nəzərə alınaraq), cavabdehə xidmətin göstərildiyi digər sübutlarla təsdiq olunmadığından, o cümlədən qaimələrə əsasən cavabdeh tərəfindən hər hansı ödəniş edildiyi müəyyən olunmadığından yalnız elektron qaimələr əsasında iddianın əsaslı olduğun təsdiq edilə bilməz. Belə ki, cavabdehə elektron qaimələrin göndərildiyi dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturaların tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndində qeyd edilir ki, elektron qaimənin əsas hissəsində qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s qeyd edilməlidir. Qaydaların 1.3-cü bəndində qeyd edilmişdi ki, bu qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2076/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2076/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.